Məhkəmə qərarları › İş №e-2(006)-1668/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-1668/2023

17.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-1668/2023 17.04.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Abidova Günay Çingiz qızı, İddiaçı ASCnin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə borcalan Cavabdeh arasında bağlanmış 24 dekabr 2020-ci il tariхli, 103893-PC********** nömrəli istehlak krеditi müqaviləsinə əsasən borcluya 36 ay müddətinə, illik 0% dərəcəsi ilə maksimal limiti 1000 (bir min) manat olan kredit xətti ayrılmışdır. Borcalan əsas öhdəliyi lazımınca icra etməmiş və krеditin təsdiq оlunmuş hissə-hissə ödəmə qrafikini pоzmuşdur. Cavabdeh dəfələrlə şifahi və yazılı хəbərdarlıq olunsa da, o banka olan borcunu ödəməmişdir. 03 fevral 2023-cü il tarixinə cavabdehin kredit müqaviləsi üzrə 847.72 manat məbləğində əsas bоrcu və 179 manat cərimə borcu оlmaqla, ümumilikdə 1026.72 (bir min iyirmi altı manat yetmiş iki qəpik) manat məbləğində kredit bоrcu yaranmışdır. İstehlak krеditi müqaviləsinin şərtlərinə əsasən borcalan müqavilə ilə müəyyən olunmuş şərtlərlə və qaydada kreditin qaytarılmasını, kredit və dəbbə pulu üzrə hesablanmış faizlərin, habelə bankın xidmət tarifləri və şərtlərindən irəli gələn xidmət haqlarının banka ödənilməsini öhdəsinə götürür. Eyni zamanda, həmin müqaviləyə əsasən ödəniş cədvəlində müəyyən edilən hissə-hissə ödəniş (icra) müddətlərində, habelə kredit müddətində öhdəliklər vaxtında tamamən icra edilmədikdə gecikdirilmiş kredit yaranır. Belə ki, borcalan krediti vaxtında ödəməmiş və nəticədə gecikdirilmiş kredit yaranmışdır. Göstərilənlərə əsasən, iddiaçı cavabdehdən 847.72 manat məbləğində əsas bоrc və 179 manat cərimə borcu оlmaqla, ümumilikdə 1026.72 (bir min iyirmi altı manat yetmiş iki qəpik) manat məbləğində borc və dövlət rüsumu olaraq ödənilmiş 30.67 (otuz manat altmış yeddi qəpik) manat məbləğində vəsaitin tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iddia ərizəsinə dair mülki işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - Mülki Prosessual Məcəllənin) 284-1-ci maddəsinə əsasən, kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfindən mülki prosessual qanunvericiliyə əsasən, cavabdehə rəsmi qaydada bildiriş göndərilsə də, cavabdeh iddiaya qarşı əsaslandırılmış etirazını məhkəməyə göndərməmişdir. Mülki Prosessual Məcəllənin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Mülki Prosessual Məcəllənin 284-5.2-ci maddəsinin tələblərinə görə, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan 24 dekabr 2020-ci il tariхli, 103893-PC********** nömrəli “Smile kredit xətti müqaviləsi”ndən görünür ki, İddiaçı ASC borcalan Cavabdeh şəxsi istehlak məqsədilə 36 (otuz altı) ay müddətinə (kredit xəttindən istifadəyə görə faiz ödənişi nəzərdə tutulmur) 1000 (bir min) manat məbləğində bərpa olunan kredit xətti açmış, borcalan Cavabdeh isə bu Müqavilə şərtləri çərçivəsində açılmış kredit xətti üzrə məbləği komissiya haqqı ilə birlikdə İddiaçı ASC-yə qartarmağı öhdəsinə götürmüşdür. Mülki işin materiallarında olan xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 24 dekabr 2020-ci il tariхli, 103893-PC********** nömrəli kredit xətti müqaviləsi üzrə İddiaçı ASC-yə xx.xx.2023-cü il tarixinə 847.72 manat əsas borc, 179 manat cərimə borcu olmaqla, cəmi 1026.72 (bir min iyirmi altı manat yetmiş iki qəpik) manat məbləğində borcu mövcuddur. Mülki işin materiallarında olan İddiaçı ASC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2022-ci il tarixli 103/103/0631/2022 saylı xəbərdarlıqdan görünür ki, cavabdehə kredit xətti müqaviləsi üzrə yaranmış borcun ödənilməsi ilə bağlı xəbərdarlıq edilmişdir. Mülki işin materiallarında olan xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, iddia ərizəsinin məhkəməyə verilməsinə görə 30.27 (otuz manat iyirmi yeddi qəpik) manat məbləğində dövlət rüsumu ödənilmiş, 0,40 (qırx qəpik) manat bank xidmət haqqı tutulmuşdur. Beləliklə, məhkəmə tərəfindən müəyyən edilən mübahisəsiz hallar ondan ibarət olmuşdur ki, İddiaçı ASC tərəfindən Cavabdeh 24 dekabr 2020-ci il tariхli, 103893-PC********** “Smile kredit xətti” müqaviləsinə əsasən, şəxsi istehlak məqsədilə 36 (otuz altı) ay müddətinə faizsiz olmaq şərti ilə 1000 (bir min) manat məbləğində bərpa olunan kredit xətti açılmışdır. Lakin cavabdeh müqavilənin şərtlərini pozaraq, bank tərəfindən xəbərdarlıq edilməsinə baxmayaraq, müqavilə üzrə ödəniş cədvəlinə əsasən ödənişlərini həyata keçirmir. Nəticədə cavabdehin iddiaçıya müqavilə üzrə 847.72 (səkkiz yüz qırx yeddi manat yetmiş iki qəpik) manat əsas borc, 179 (bir yüz yetmiş doqquz) manat cərimə borcu olmaqla, cəmi 1026.72 (bir min iyirmi altı manat yetmiş iki qəpik) manat borcu yaranmışdır. Göründüyü kimi, iddiaçı ilə cavabdeh arasında kredit müqaviləsindən irəli gələn öhdəlik münasibətləri mövcud olmuşdur. İddiaçı müqavilə ilə öz üzərinə götürdüyü öhdəliyi icra etmiş, cavabdeh isə öz öhdəliyini tam icra etməmişdir. Mülki qanunvericiliyin normaları baxımından cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Buna görə də məhkəkə hesab edir ki, iddiaçı hazırki tələblə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. İddia tələbinə münasibətdə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, tələb əsas borca münasibətdə təmin edilməli, cərimə borcu hissəsində isə qismən təmin edilməlidir. Belə ki, məhkəmənin qənaətinə görə, 179 manat məbləğində cərimə borcu tənasübsüz surətdə yüksəkdir, buna görə də 45 manat məbləğinədək azaldılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 847.72 manat əsas borc, 45 manat cərimə borcu olmaqla, cəmi 892.72 manat məbləğində pul alınaraq İddiaçı ASC-yə verilməli, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllənin) 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Mülki Məcəllənin 467-ci maddəsinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Mülki Məcəllənin 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Beləliklə, məhkəmə mülki qanunvericiliyin yuxarıda qeyd edilən normalarını nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 24 dekabr 2020-ci il tarixli “Smile kredit xətti” müqaviləsi üzrə 847.72 manat əsas borc, 45 manat cərimə borcu olmaqla, cəmi 892.72 manat məbləğində pul alınaraq İddiaçı ASC-yə verilməli, iddia qalan hissədə təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinin tələblərinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə bağlı məhkəmə belə qənaətə gəlir ki, iddia qismən təmin edildiyindən, ödənilmiş 30.27 manat dövlət rüsumunun 27 manat hissəsi və 0.40 manat bank xidmət haqqı Cavabdeh alınaraq İddiaçı ASC-yə ödənilməli, rüsumun qalan 3.27 hissəsi İddiaçı ASC-yə aid edilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 847.72 (səkkiz yüz qırx yeddi manat yetmiş iki qəpik) manat əsas borc, 45 (qırx beş) manat cərimə borcu olmaqla, cəmi 892.72 (səkkiz yüz doxsan iki manat yetmiş iki qəpik) manat məbləğində pul alınaraq İddiaçı ASC-yə verilsin. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş 30.27 (otuz manat iyirmi yeddi qəpik) manat dövlət rüsumunun 27 (iyirmi yeddi) manat hissəsi və 0.40 (qırx qəpik) manat bank xidmət haqqı Cavabdeh alınaraq İddiaçı ASC-yə ödənilsin, rüsumun qalan 3.27 (üç manat iyirmi yeddi qəpik) hissəsi İddiaçı ASC-yə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Günay Abidova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar