Məhkəmə qərarları › İş №e-2(006)-1697/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-1697/2025

18.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-1697/2025 18.03.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Vüsalə Vahid qızının sədrliyi, məhkəmə iclasının katibi Cəfərova Şəmsiyyə Abdulla qızının katibliyi, iddiaçının nümayəndəsi (vəkili) Vəkil, cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh ləğv prosesində olan "xxxx" QSC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı “gecikmiş günlərin silinməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi: İddiaçı cavabdeh “Əmanətlərin Sığortalanması Fonduna qarşı “ümidsiz borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı Zeynallı (Zeynalova) Aytən Çingiz qızı ilə ləğv prosesində olan QSC "Bank Standard" KB arasında tərtib olunmuş xx.xx.2009-cu il tarixli 130/01/879/09 saylı kredit müqaviləsinə görə 1.106,22 (bir min yüz altı) manat qalıq borcun və ona hesablanmış faizlərin iddiaçı Zeynallı (Zeynalova) Aytən Çingiz qızının hesabından silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, təxminən 2009-cu ildə mobil telefon almaq məqsədilə istehlak kreditinin götürülməsi üçün "Bank Standard" KB-yə müraciət etmişdir. Bu məsələ təxminən 2009-cu ildə baş vermişdir. Bu məqsədlə müqavilə bağlandı, ona xatırlamadığı məbləğdə pulun verilməsi rəsmiləşdirildi, mobil telefonu götürüb işlətməyə başladı, eyni zamanda, bankın kreditini faizlərlə birlikdə vaxtlı-vaxtında ödəməyə başlamışdır. Xatırlayır ki, heç bir problem olmadan həmin krediti ödəyib başa çatdırmışdır. Lakin, hazırda kredit götürülməsi ilə əlaqədar banklardan birinə müraciət etdikdə məlum oldu ki, onunla QSC "Bank Standard" KB arasında həmin vaxt daha bir kredit müqaviləsi tərtib olunmuşdur. Belə ki, Kredit bürosu və ləğv prosesində olan QSC "Bank Standard" KB-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən sorğulara əsasən təqdim olunmuş sənədlərdən görünür ki, xx.xx.2009-cu il tarixli 130/01/879/09 saylı kredit müqaviləsinə görə guya Zeynallı (Zeynalova) Aytən Çingiz qızına 18 aya 25 % illik faizlə 1754 manat kredit verilmişdir. Lakin qeyd etdiyi kimi, onun həmin puldan ümumiyyətlə xəbəri olmamışdır. Həmin müqavilədən görünür ki, kredit 18 aya verilməklə bitmə tarixi xx.xx.2010-cu il tarix olmuşdur. Başqa sözlə, müqavilənin başa çatdığı müddətdən artıq 14 ildən çox keçmişdir (iddia müddəti isə 3 ildir). Eyni zamanda, Kredit bürosundan alınmış arayışdan görünür ki, 1.106,22 manat əsas qalıq borcun gecikdirildiyi günlərin sayı 4894 gündür. Bu qədər müddət ərzində bir dəfə də olsun bankdan bildiriş, zəng və sair formada məlumat daxil olmamışdır. Xatırladır ki, həmin müddət ərzində o nə ünvanını, nə də ki, telefon nömrəsini dəyişməmişdir. Göründüyü kimi, onun adına kredit müqaviləsi rəsmiləşdirilsə də, həmin müqavilə üzrə kredit vəsaiti verilməmişdir. Belə olan halda, hazırda yaranmış borc ümidsiz borc kimi silinməlidir. Daha sonra iddiaçının nümayəndəsi (vəkil) Vəkil Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddia tələbinə dəqiqləşmə barədə ərizə ilə müraciət edərək, iddiаçı Zеynаllı (Zеynаlоvа) Аytən Çingiz qızının ləğv prоsеsində оlаn QSC “Bаnk Stаndаrd” KB qаrşısındа xx.xx.2009-cu il tаriхli 130/01/879/09 sаylı krеdit müqаviləsi üzrə bоrc öhdəliyi mövcud оlmаdığındаn, habelə krеdit ödənilməsinin gеcikməsi tехniki səbəblərdən yаrаndığındаn üzrlü hеsаb оlunub gеcikmiş günlərin silinməsinin cаvаbdеhə həvаlə еdilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkil) Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 öz izahatında bildirdi ki, iddia tələbinin gecikmə günlərinin silinməsi hissəsinə etiraz edir. Çünki, iddiaçı əsas borcunu və faiz borcunun da bir qismini ödəməklə borcu bağlamışdır. Hazırda da borc sistemdə görünmür. Lakin, gecikmə günlərinin silinməsi onların səlahiyyətində deyil. İddiaçının da bildirdiyi kimi, məişət əşyası almış və əşyanı aldığı yerin təqsiri ucbatından gecikmə günləri hesablanmışdır. İddianın təmin edilməməsini xahiş etmişdir. İş materialları: xx.xx.2009-cu il tarixli 130/01/879/09 nömrəli kredit müqaviləsinin surətindən və həmin kreditin verilməsi haqqında müqaviləyə əlavə olunan ödəniş cədvəlinin surətindən görünür ki, müqavilənin predmetini X3 "xxxx" QSC tərəfindən 18 ay müddətinə, illik 25 faiz ödənilməsi şərti ilə 1.754 manat kredit verilmişdir. Əmanətlərin Sığortalanması Fondu tərəfindən Zeynallı (Zeynalova) Aytən Çingiz qızına ünvanlanmış xx.xx.2024-cü il tarixli 12-5/2-Z-15xx-xx-3306/2024 nömrəli məktubdan görünür ki, QSC “Bank Standard” KB ilə Zeynallı (Zeynalova) Aytən Çingiz qızı bağlanılmış xx.xx.2009-cu il tarixli 130/01/879/09 nömrəli kredit müqaviləsinə əsasən X3 18 ay müddətinə qaytarılmaq şərti ilə, 1.754 manat məbləğində kredit verilmişdir. xx.xx.2024-cü il tarixinə xx.xx.2009-cu il tarixli 130/01/879/09 nömrəli kredit müqaviləsi üzrə ləğv prosesində olan QSC “Bank Standard” KB qarşısında 1.106,22 manat əsas borc və 3.116,90 manat faiz borc öhdəliyi mövcuddur. "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli çıxarışından görünür ki, İddiaçı aktiv öhdəlikləri kimi QSC “Bank Standard” KB ilə bağladığı xx.xx.2009-cu tarixli kredit müqaviləsi üzrə 1.106,22 manat əsas borc və 3.116,90 manat faiz borcunun mövcud olduğu qeyd edilmişdir. Gecikmə günləri sayı 4894 gün təşkil edir. İddiaçı nümayəndəsi (vəkili) Vəkil tərəfindən LPO "xxxx" QSC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun rəhbərliyinə ünvanladığı ərizənin surətindən görünür ki, xx.xx.2009-cu il tarixli ******* nömrəli kredit üzrə borc 4223 manat (əsas borc 1106 manat) təşkil edir. 1300 manat birdəfəlik ödəniş etməklə kreditin tam bağlanmasına, faizlərin güzəştinə və borcun olmaması haqqında məktubun verilməsinə köməklik göstərilməsini xahiş etmişdir. Əmanətlərin Sığortalanması Fondu tərəfindən iddiaçı Zeynallı (Zeynalova) Aytən Çingiz qızının nümayəndəsi (vəkili) Vəkil ünvanlanmış xx.xx.2025-ci il tarixli 12-5/2-Z-9xxxx-3171/2025 nömrəli məktubdan (borc öhdəliyinin olub-olmaması barədə) və İddiaçı məxsus **********21041101 nömrəli hesabdan çıxarışın surətindən görünür ki, QSC “Bank Standard" KB ilə Zeynallı (Zeynalova) Aytən Çingiz qızı bağlanılmış xx.xx.2009-cu il tarixli 130/01/879/09 nömrəli kredit müqaviləsinə əsasən Zeynallı (Zeynalova) Aytən Çingiz qızına 18 (on səkkiz) ay müddətinə qaytarılmaq şərti ilə, 1.754 (bir min yeddi yüz əlli dörd) manat məbləğində kredit verilmişdir. xx.xx.2025-ci il tarixinə yuxarıda qeyd olunan kredit müqaviləsi üzrə Zeynallı (Zeynalova) Aytən Çingiz qızının ləğv prosesində olan QSC “Bank Standard” KB qarşısında borc öhdəliyi mövcud deyildir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 527.1-ci maddəsinə əsasən öhdəliyə icra, depozitə qoyma, qarşılıqlı əvəzləşdirmə, borcu bağışlama, müddətin keçməsi nəticəsində və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər əsaslar üzrə tamamilə və ya qismən xitam verilir. 527.2-ci maddəsinə əsasən öhdəliyə tərəflərdən birinin tələbi ilə xitam verilməsinə yalnız bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan hallarda yol verilir. 551.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, bütün tələblər on il (adi müddət) keçdikdən sonra qüvvəsini itirir. 551.2, 551.2.1-ci maddəsinə əsasən kirayə haqqı, icarə haqqı, kapital üçün faizlər və digər vaxtaşırı ödənişlər haqqında tələblər beş il keçdikdən sonra qüvvəsini itirir. 554.3-cü maddəsinə əsasən əsas tələblə birlikdə ondan asılı olan əlavə öhdəliklərin icrasına dair tələb də müddətin keçməsinə görə qüvvəsini itirir. 554.4-cü maddəsinə əsasən müddətin keçməsi tərəflərin razılaşması ilə istisna edilə və ya çətinləşdirilə bilməz. Tərəflər müddətin keçməsinin sadələşdirilməsi, o cümlədən onun qısaldılması barədə razılaşa bilərlər. Azərbaycan Respublikası Mərkəzi X5 xx.xx.2021-ci il tarixli № 32/1 qərarı ilə təsdiq edilmiş “Kredit təşkilatlarının borcalanları haqqında məlumatın Mərkəzləşdirilmiş Kredit Reyestrinə verilməsi Qaydası”nın: 2.1.1-ci bəndinə əsasən kredit - hesabat tarixinə istənilən valyutada borc verilmiş pul vəsaiti, açılmış kredit xətləri, verilmiş qarantiya və zaminliklər, faktorinq və lizinq əməliyyatları, habelə balansdan silinmiş kreditlər (banklararası kreditlər və bankların xarici filiallarının verdikləri kreditlər istisna olmaqla) anlayışını ehtiva edir. 2.1.2-ci bəndinə əsasən məlumat təchizatçısı - MKR-ə kredit haqqında məlumatı təqdim edən kredit təşkilatı, o cümlədən ləğvetmə prosesində olan kredit təşkilatı anlayışını ehtiva edir. 3.5-ci bəndinə əsasən kredit öhdəliyinin tam icra edilməsi haqqında məlumatlar MKR-ə kreditin tam ödənildiyi tarixdən 2 (iki) iş günü ərzində təqdim edilir. 3.6-cı bəndində əsasən məlumat elektron formada MKR-in avtomatlaşdırılmış sisteminin tələblərinə uyğun olaraq təqdim edilir.3.9-cu bəndinə əsasən məlumat təchizatçıları MKR-ə təqdim edilən məlumatların dəqiqliyini təmin etməlidirlər. 3.10-cu bəndinə əsasən MKR-də olan məlumatlara hər hansı düzəliş məlumat təchizatçılarının yazılı müraciəti və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarına əsasən aparılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Konstitusiya Məhkəməsi Plenumunun M.Bağırovun şikayəti üzrə 2008-ci il 30 iyul tarixli Qərarında ifadə etdiyi hüquqi mövqeyinə əsasən, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Məhkəmə araşdırması zamanı müəyyən edildiyi kimi, tərəflər arasında bağlanması ehtimal edilən müqavilə üzrə hər bir halda hazırki tarixdə iddiaçının aktiv borcu mövcud deyildir. Belə olan təqdirdə şəxs barəsində onun öhdəlikləri barədə məlumatların toplandığı müvafiq reyestrdə onun təqsiri olmadan qeyd edilmiş öhdəliyin icrası günlərinin gecikdirilməsi barədə məlumat əsassızdır. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış məktubla da, iddiaçının həqiqətən də kredit müqaviləsi üzrə borcunun olmaması məhkəmə tərəfindən müəyyən edilmişdir. Belə olan təqdirdə isə iddiaçının sanki neqativ kredit tarixçəsinin hesab edilməsinə əsas verən məlumatlarda onun hüquqlarının əsassız pozulmasına səbəb olan məlumatlarda düzəlişlər edilməli, gecikmə günləri silinməlidir. Hazırda cavabdeh bank ləğvetmə prosesində olduğundan onun tərəfindən müvafiq qeydlərin aparılması məhdudlaşdırıldığından şəxsin məhkəmə qaydasında məsələnin həllinə dair tələbi əsaslı hesab edilməlidir. Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddia təmin edilməli, iddiaçı Zеynаllı (Zеynаlоvа) Аytən Çingiz qızının ləğv prоsеsində оlаn QSC “Bаnk Stаndаrd” KB qаrşısındа xx.xx.2009-cu il tаriхli 130/01/879/09 sаylı krеdit müqаviləsi üzrə bоrc öhdəliyi mövcud оlmаdığındаn, habelə krеdit ödənilməsinin gеcikməsi tехniki səbəblərdən yаrаndığındаn üzrlü hеsаb оlunmalı və gеcikmiş günlərin silinməsi cаvаbdеh QSC “Bаnk Stаndаrd” KB-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna həvalə edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. İddiаçı Zеynаllı (Zеynаlоvа) Аytən Çingiz qızının ləğv prоsеsində оlаn QSC “Bаnk Stаndаrd” KB qаrşısındа xx.xx.2009-cu il tаriхli 130/01/879/09 sаylı krеdit müqаviləsi üzrə faizlərin gеcikdirildiyi günlərin sayının silinməsi və buna dair məlumatların "xxxx" MMC-yə və Mərkəzləşdirilmiş Kredit Reyestrinə verilməsi vəzifəsi cavabdeh QSC “Bаnk Stаndаrd” KB-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüsalə Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar