Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-17/2025 07.02.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Şəmmədova Şəhla Eynur qızının katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 iştirakı ilə İddiaçı ASC-nin Cavabdeh qarşı («X4» MMC mübahisə predmeti barədə müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) «borcun ödənilməsi» tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı «borcun ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, gecikdirilmiş vaxt üçün hesablanmış əldən çıxmış fayda olaraq (əsas borca hesablanmış 5 %) 19.278,09 manat məbləğində borcun Cavabdeh İddiaçı ASC-nin xeyrinə tutulması; 2021-ci ilin mart ayından 2022-ci ilin mart ayınadək bankın mülkiyyətində olan qeyri-yaşayış sahəsindən istifadə etdiyi üçün 18.000 manat məbləğində dəymiş ziyanın və 202 manat məbləğində ödənilmiş dövlət rüsumunun Cavabdeh İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ASC iddia ərizəsini onunla əsaslandırmışdır ki, 2016-cı il 24 fevral tarixli əsas kredit müqaviləsinə əsasən Cavabdeh 20.000 manat məbləğində və ya həmin məbləğin digər valyutalarda ekvivalenti məbləğində 120 ay müddətinə kredit limiti ayrılmışdır. 2016-ci il 24 fevral tarixli kredit müqaviləsinə əsasən Cavabdeh "xxxx" İKB ASC-nin «1 saylı» filialından illik 7 %-lə 60 ay müddətinə 180.000 manat məbləğində kredit götürmüşdür. Borcun təminatı olaraq, Cavabdeh mülkiyyətindəki Bakı şəhəri, Nərimanov rayonu, X6 küçəsində yerləşən, 97.9 kv.m ümumi sahədən ibarət 103 №-li qeyri-yaşayış sahəsi 2016-ci il 24 fevral tarixli ipoteka müqaviləsilə yüklü edilmişdir. İpoteka müqaviləsi notarial qaydada təsdiq edilmiş, dövlət reyestrində qeydə alınmışdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 10 may 2019-cu il tarixli qətnaməsi ilə Bankın iddia tələbi qismən təmin edilmiş, Cavabdeh ümumilikdə cəmi 200522.79 manat məbləğində borc tutulmuş, tutma ipoteka ilə yüklü edilmiş Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, X6 küçəsində yerləşən, 97.9 kv.m ümumi sahədən ibarət 103 №li qeyri-yaşayış sahəsinə yönəldilmiş, həmin qeyri-yaşayış sahəsinin boşaldılması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 07 oktyabr 2019-cu il tarixli qətnaməsi ilə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 10 may 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 18 mart 2020ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 07 oktyabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh Banka 07 oktyabr 2019-cu il tarixdən 07 yanvar 2022-ci il tarixinədək 24 fevral 2016-ci il tarixli kredit müqaviləsi üzrə gecikdirilmiş vaxt üçün hesablanmış əldən çıxmış fayda olmaqla (əsas borca hesablanmış 5 %) 19.278,09 AZN borc vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə görə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin 21-ci maddəsinə görə hüququ pozulmuş şəxsin ona vurulmuş zərərin (real zərər və əldən çıxmış faydanın) əvəzinin tam ödənilməsini tələb etmək hüququ vardır. Bu Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməsi üçün cərimə ödədiyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 dekabr 2014-cü il tarixli, «Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh olunmasına dair» Plenumunun Qərarına əsasən Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bundan əlavə, Konstitusiya Məhkəməsinin Plenumu həmin Qərarda qeyd edir ki, azad sahibkarlıq və bazar iqtisadiyyatı şəraitində əmlak və əmlakla bağlı qeyri-əmlak münasibətlərindən əmələ gələn öhdəliklərin icrasının böyük iqtisadi-sosial əhəmiyyəti vardır. Müqavilələrdən irəli gələn öhdəliklərin vicdanla yerinə yetirilməsi, ilk növbədə, tərəflərin qanuni maraqlarına və mülki dövriyyənin sabitliyinə xidmət edir. Eyni zamanda, kredit müqaviləsi üzrə öhdəliklərin vaxtında icra edilməsi göstərilən məqsədlərlə yanaşı, dövlətin iqtisadi-maliyyə vəziyyətinin stabilliyinə və inkişafına yönəlir, bu isə banklara əmanətçilər tərəfindən göstərilən etimada müsbət təsir göstərməklə, ölkənin iqtisadi təhlükəsizliyinin qorunması və əhalinin daha da yüksək yaşayış səviyyəsinin təmin edilməsi ilə nəticələnir. Mülki dövriyyənin inkişafı və fəaliyyət göstərməsi üçün əsas şərtlərdən biri mülki hüquq subyektlərinin öz vəzifə və öhdəliklərini vicdanla, lazımınca yerinə yetirmələrindən ibarətdir. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Mülki Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər (MM-in 425-ci maddəsi). Qeyd olunanları nəzərə alaraq, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin vaxtında icra edilməməsi hüquqi nəticələrə səbəb olan öhdəliyin pozulması hallarından biridir. Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Qeyd olunmalıdır ki, banklar əsasən bağladıqları kredit müqavilələri ilə faizlər əldə etmək üçün fəaliyyət göstərirlər və nəticə etibarilə verilən əsas borcla yanaşı, kredit müqaviləsində nəzərdə tutulan faizlərin əldə edilməməsi bankları ödənilməyən bu məbləği dəyərləndirmək imkanlarından məhrum edir. Buna görə də, kredit borcunu vaxtında ödəməməklə borclu kreditora faktiki olaraq əldən çıxmış fayda şəklində zərər vurmuş olur. Bununla yanaşı, icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinin tələblərinə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Göründüyü kimi, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinə görə faizlərin tutulması pul öhdəliyinin icra edilməməsi üçün tətbiq olunan sanksiya olmaqla mülki-hüquqi məsuliyyət tədbiridir.Məsuliyyət isə tərəflərin münasibətləri çərçivəsində bir tərəfin öz öhdəliklərinə əməl etməməsi və müəyyən olunmuş razılaşmanı pozması, yəni təqsirli hərəkətə (hərəkətsizliyə) yol verməsi nəticəsində əmələ gələ bilər. Bundan başqa bildiririk ki, məhkəmə qərarı əsasında Bankın xeyrinə ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Nərimanov rayonu, X6 küçəsində yerləşən, 97.9 kv.m ümumi sahədən ibarət 103 №-li qeyri-yaşayış sahəsinə yönəldilmiş, həmin qeyriyaşayış sahəsinə tutma yönəldilmiş və qeyri-yaşayış sahəsinin boşaldılaraq Banka təhvil verilməsi qət edilmişdir. Lakin buna baxmayaraq 2021-ci ilin mart ayından 2022-ci ilin mart ayınadək cavabdeh Bankın mülkiyyətində olan qeyri-yaşayış sahəsini icarəyə verməyə davam etmişdir. Həmin dövr üçün bir aylıq icarə haqqı 1.500 AZN olmasını nəzərə alaraq Banka 18.000 AZN məbləğində ziyan vurulmuşdur. Azərbaycan Respublikası "xxxx" MMC tərəfindən tərtib edilmiş 001-18/AL/04-2022 nömrəli qiymətləndirmə hesabatından görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, X6 küçəsində yerləşən, 97.9 kv.m ümumi sahədən ibarət 103 №-li qeyri-yaşayış sahəsinin 2021-ci ilin mart ayından 2022-ci ilin mart ayınadək orta aylıq icarə haqqı 1.500 AZN təşkil edir. 31 mart 2021-ci il tarixli çıxarışdan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, X6 küçəsində yerləşən, 97.9 kv.m ümumi sahədən ibarət 103 №-li qeyri-yaşayış sahəsi "xxxx" İKB Açıq Səhmdar Cəmiyyətinin (hazırki adı İddiaçı Açıq Səhmdar Cəmiyyəti) mülkiyyətində olmuşdur. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdehlər tələb olunan borc məbləğini ödəməkdən boyun qaçırırlar. Qeyd olunanlara əsasən hesab edirik ki, 07 oktyabr 2019-cu il tarixdən 07 yanvar 2022-ci il tarixinədək 24 fevral 2016-ci il tarixli kredit müqaviləsi üzrə gecikdirilmiş vaxt üçün hesablanmış əldən çıxmış fayda olmaqla (əsas borca hesablanmış 5 %) 19.278,09 AZN məbləğində borcun və 2021-ci ilin mart ayından 2022-ci ilin mart ayınadək cavabdehin Bankın mülkiyyətində olan qeyri-yaşayış sahəsini icarəyə verdiyi və istifadə etdiyi üçün 18.000 AZN məbləğində dəymiş ziyanın Cavabdeh tutulması barədə qətnamə çıxarılmalıdır. Sonradan, xx.xx.2022-ci il tarixdə İddiaçı ASC Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, 18 mart 2020-ci il tarixdən 15 sentyabr 2022-ci il tarixədək gecikdirilmiş vaxt üçün hesablanmış əldən çıxmış fayda olaraq (əsas borca hesablanmış 5 %) 10.987,13 manat məbləğində borcun Cavabdeh İddiaçı ASC-nin xeyrinə tutulması; 2021-ci ilin mart ayından 2022-ci ilin mart ayınadək bankın mülkiyyətində olan qeyri-yaşayış sahəsindən istifadə etdiyi üçün 18.000 manat məbləğində dəymiş ziyanın və 202 manat məbləğində ödənilmiş dövlət rüsumunun Cavabdeh İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan, xx.xx.2022-ci il tarixdə İddiaçı ASC Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, 18 mart 2020-ci il tarixdən 30 noyabr 2022-ci il tarixədək gecikdirilmiş vaxt üçün hesablanmış əldən çıxmış fayda olaraq (əsas borca hesablanmış 5 %) 11.073,13 manat məbləğində borcun Cavabdeh İddiaçı ASC-nin xeyrinə tutulması; 01 aprel 2021-ci il tarixdən 01 dekabr 2022ci il tarixədək bankın mülkiyyətində olan qeyri-yaşayış sahəsindən istifadə etdiyi üçün 30.000 manat məbləğində dəymiş ziyanın və 202 manat məbləğində ödənilmiş dövlət rüsumunun Cavabdeh İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi X3 məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 məhkəmə iclasında iddia tələbini qəbul etmədi və məhkəmədən iddia ərizəsinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, mübahisə predmeti barədə müstəqil tələblər irəli sürməyən üçüncü şəxs "xxxx" MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə mübahisə predmeti barədə müstəqil tələblər irəli sürməyən üçüncü şəxs "xxxx" MMC-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş və məhkəmə baxışı zamanı tədqiq edilmiş: - Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 10 may 2019-cu il tarixli 2(006)- 1221/2019 saylı qətnaməsindən görünür ki, iddiaçı "xxxx" İKB ASC-nin Cavabdeh qarşı iddiası qismən təmin edilmiş, cavabdehdən əsas borc üzrə 180.000 manat, faiz üzrə 16.435 manat, cərimə üzrə 4.027 manat məbləğində pulun alınaraq iddiaçıya verilməsi, tutmanın ipotekaya qoyulmuş cavabdehə məxsus Bakı şəhəri Nərimanov rayonu X6 küçəsində yerləşən qeyri-yaşayış sahəsinə yönəldilməsi, həmin qeyri-yaşayış sahəsinin ilkin satış qiymətinin 301.500 manat müəyyən edilməklə açıq hərracda satılması, satışdan əldə olunan pul vəsaiti artıq olduqda isə qalan pul vəsaitinin cavabdehə qaytarılması, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda, qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, ipoteka predmeti olan qeyriyaşayış sahəsi satıldıqdan bir ay sonra boşaldılması, iddiaçı ilə cavabdeh arasında bağlanmış 16 yanvar 2015-ci il tarixli əsas kredit müqaviləsinin ləğv edilməsi qət edilmiş, iddia qalan hissədə rədd edilmişdir. - Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli 2(103)- 12526/2019 saylı qətnaməsindən görünür ki, cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 10 may 2019-cu il tarixli 2(006)-1221/2019 saylı qətnaməsi dəyişiklik edilmədən saxlanılmışdır. - Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli 2(102)-1760/2020 saylı qərarından görünür ki, cavabdehin kassasiya şikayəti təmin edilməmiş, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli 2(103)-12526/2019 saylı qətnaməsi dəyişiklik edilmədən saxlanılmışdır. - "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, açıq hərracın keçirilməsinə dair 01 saylı bildirişdən; xx.xx.2020-ci il tarixli, açıq hərracın keçirilməsinə dair 02 saylı bildirişdən; xx.xx.2020-ci il tarixli ipoteka predmetinin əldə olunmasına dair təklifdən; KİVdə olan elandan; 23 dekabr 2020-ci il tarixli 55/08 saylı hərracın yekunları barədə protokoldan görünür ki, ipoteka predmeti olan Bakı şəhəri Nərimanov rayonu X6 küçəsi ev 103 ünvanda yerləşən 97,90 m2 sahəsi olan qeyri-yaşayış sahəsi 192.206,25 manata Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(006)-1221/2019 saylı icra vərəqəsi üzrə tələbkar İddiaçı ASC-yə satılmışdır. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri Nərimanov rayonu X6 küçəsi ev 103 ünvanda yerləşən 97,90 m2 sahəsi olan qeyri-yaşayış sahəsi xx.xx.2021-ci il tarixdə İddiaçı ASC-nin adına qeydiyyatdan keçmişdir. - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X5 üzrə Baş İdarəsinin xx.xx.2022-ci il tarixli **********213700 saylı, xx.xx.2022-ci il tarixli **********049600 saylı və xx.xx.2022-ci il tarixli **********391100 saylı məktublarından görünür ki, vergi ödəyicisinin dövlət reyestrində olan məlumatlara əsasən Cavabdeh (VÖEN: **********) məxsus Bakı şəhəri Nərimanov rayonu X6 küçəsi 103 ünvanda yerləşən təsərrüfat subyektinin (obyektinin) üçüncü şəxslərə icarəyə verilməsi barədə məlumat müəyyən edilməmişdir. - "xxxx" MMC tərəfindən tərtib olunmuş 15 aprel 2022-ci il tarixli 001-15/AL/04-2022 saylı qiymətləndirmə hesabatında qeyd olunmuşdur ki, daşınmaz əmlakın 31 mart 2021-ci il tarixdən 31 mart 2022-ci il tarixədək icarə haqqının müəyyən edilməsi üçün müqayisəli yanaşma metodları əsas qiymətləndirmə yanaşması kimi qəbul edilmişdir. Qiymətləndirmə icarə haqqı hər ay üzrə 1.500 manat, yəni ümumilikdə 18.000 manat həcmində müəyyən edilmişdir. - Azərbaycan Respublikası ƏMDX DƏDK və Reyestri PHŞ tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri Nərimanov rayonu X6 küçəsi ev 103 ünvanda yerləşən 97,90 m2 sahəsi olan qeyri-yaşayış sahəsi xüsusi mülkiyyət kimi tam payda X2 adına daşınmaz əmlakın dövlət reyestrində ********** nömrəsi ilə qeydiyyata alınmışdır. - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDK və Reyestri PHŞ 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Bakı şəhəri Nərimanov rayonu X6 küçəsi 103 ünvanda yerləşən, 103 saylı qeyri-yaşayış sahəsi ilə bağlı X2 adına hazırlanmış xx.xx.2023-cü il tarixli ********** qeydiyyat nömrəli çıxarış Bakı şəhəri 53 saylı notariat ofisinin 4ə-713 reyestr saylı xx.xx.2023-cü il tarixli alğı-satqı müqaviləsi əsasında tərtib edilmişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 05 iyun 2024-cü il tarixli 9/1874 saylı ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərildiyi kimi, hazırki ekspertiza tədqiqatı ilə məhkəmə qətnaməsi ilə müəyyən edilmiş 200.462 manat borc məbləği üzrə xx.xx.2020-ci il tarixdən xx.xx.2022-ci il tarixədək illik 5 %-lə hesablanmaqla faiz 27.062,37 manat məbləğində müəyyən edilir. Aparılmış tədqiqatın dəyəri 50 manat təşkil edir. - "xxxx" MMC-nin 17 oktyabr 2024-cü il tarixli 4385/10 saylı məktubundan, eləcə də Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X5 üzrə Baş İdarəsinin xx.xx.2022-ci il tarixli məktubu ilə məhkəməyə təqdim olunmuş icarə müqavilələrindən görünür ki, MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2016-cı il tarixli icarə müqaviləsi üzrə icarə müddəti xx.xx.2020-ci il tarixədək – yeni icarə müqaviləsi (icarə müddəti xx.xx.2021-ci il tarixədək müəyyən edilən) bağlananadək davam etmişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 06 dekabr 2024-cü il tarixli 9/7944 saylı ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərildiyi kimi, hazırki ekspertiza tədqiqatı ilə məhkəmə qətnaməsi ilə müəyyən edilmiş 180.000 manat borc məbləği üzrə xx.xx.2020-ci il tarixdən (Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarının qəbul edildiyi vaxtdan) xx.xx.2020-ci il tarixədək (əmlakın hərracdan satıldığı vaxtadək) illik 5 %-lə hesablanmaqla faiz 6.875,00 manat məbləğində müəyyən edilir. Aparılmış tədqiqatın dəyəri 100 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: Maddə 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2 Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Maddə 443.2. Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Maddə 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Maddə 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Maddə 445.7. Bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. Maddə 448.4. Borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. Borclu maneədən xəbərdardırsa və ya xəbərdar olmalıdırsa, həmin maneə və icra qabiliyyətinə onun təsiri barədə kreditora dərhal məlumat verməlidir. Əgər kreditor məlumatı dərhal almazsa, borclu məlumatın vaxtında alınmaması ilə əlaqədar kreditorun düşdüyü zərər üçün məsuliyyət daşıyır. Maddə 449.1. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Maddə 449.2-ci maddəsinə əsasən, bank uçot dərəcəsini Azərbaycan Respublikasının Mərkəzi Bankı müəyyənləşdirir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 09 iyul 2009-cu il tarixli Qərarı öhdəliyin lazımınca icrasının, ilk növbədə, onun şərtlərinə və qanunvericiliyin tələblərinə riayət olunmasından asılı olduğunu nəzərə alaraq, “Məhkəmə qərarlarının icrası haqqında” Azərbaycan Respublikasının Qanunu ilə məhkəmə qərarının icrası ilə bağlı üzərinə düşən vəzifələrin qərəzli olaraq boyun qaçırmamaqla, onları könüllü yerinə yetirərək girov əmlakı təhvil vermiş şəxs borc və faizlərin girov əmlaka yönəldiyi andan kredit müqaviləsi üzrə öhdəliyini icra etmiş hesab olunur və buna görə də, tərəflər arasındakı müqavilə münasibətlərinə xitam verdiyi üçün, o, MM-nin 449.1-ci maddəsi üzrə məsuliyyətə cəlb oluna bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli «Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh olunmasına dair» Qərarında təsbit olunmuş hüquqi mövqeyə görə, kreditor (borc verən) və borclu arasında bağlanmış kredit müqaviləsində öhdəliklərin xitamı ilə bağlı digər şərt nəzərdə tutulmadığı halda, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin ikinci cümləsinə əsasən öhdəliyin icrasının qurtarmasının müqavilədə müəyyənləşdirilmiş anına qədər müqavilə qüvvədə sayılır. Hüquqi müəyyənlik prinsipi baxımından tərəflər arasında bağlanılan kredit müqaviləsinin şərtləri və hüquqi nəticələri elə dəqiqliklə təsvir olunmalıdır ki, müqavilə tərəfinin kənar yardım olmadan mümkün qədər aydın və sadə şəkildə öz hüquq və vəzifələrini müəyyənləşdirə bilməsi mümkün olsun. Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Həmin qərarda daha sonra göstərilmişdir ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Borclunun icranı gecikdirməsi hər bir hüquq pozuntusu kimi onun məsuliyyətinə səbəb olur. İcranın borclu tərəfindən gecikdirilməsi ona görə yolverilməzdir ki, bunun nəticəsində kreditora zərər dəyir. Pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin hüquqi nəticələri mülki qanunvericilikdə müəyyən edilmişdir. Həmin Qərarda həmçinin qeyd olunmuşdur ki, banklar əsasən bağladıqları kredit müqavilələri ilə faizlər əldə etmək üçün fəaliyyət göstərirlər və nəticə etibarilə verilən əsas borcla yanaşı, kredit müqaviləsində nəzərdə tutulan faizlərin əldə edilməməsi bankları ödənilməyən bu məbləği dəyərləndirmək imkanlarından məhrum edir. Buna görə də, kredit borcunu vaxtında ödəməməklə borclu kreditora faktiki olaraq əldən çıxmış fayda şəklində zərər vurmuş olur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair» 29 mart 2023-cü il tarixli Qərarına əsasən bir tərəfin müqavilə öhdəliyini əhəmiyyətli dərəcədə pozmaqla qarşı tərəfə zərər vurması halında qarşı tərəfin (kontragentin) müqaviləni ləğv etməsi onun məruz qaldığı zərərin ödənilməsini tələb etmək hüququndan məhrum olunması, hüquqa zidd hərəkət edən şəxsin isə mülki məsuliyyətdən azad edilməsi kimi qiymətləndirilə bilməz. Bu halda kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş əlavə müddət bitənədək (ləğv anınadək) pul vəsaitindən istifadə haqqını (faizləri), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. İş materiallarından görünür ki, iddiaçı Bank Cavabdeh özünun xeyrinə 07 oktyabr 2019-cu il tarixdən 07 yanvar 2022-ci il tarixinədək 24 fevral 2016-ci il tarixli kredit müqaviləsi üzrə gecikdirilmiş vaxt üçün hesablanmış əldən çıxmış fayda olaraq əsas borca hesablanmış 5 % olaraq əvvəl 19.278,09 manat, sonra 10.987,13 manat, daha sonra isə 11.073,13 manat məbləğində borcun tutulmasını iddia etmiş və tələbinin əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinə görə faizlərin tutulması pul öhdəliyinin icra edilməməsi üçün tətbiq olunan sanksiya olmaqla mülki-hüquqi məsuliyyət tədbiri olmasına, məsuliyyətin isə tərəflərin münasibətləri çərçivəsində bir tərəfin öz öhdəliklərinə əməl etməməsi və müəyyən olunmuş razılaşmanı pozması, yəni təqsirli hərəkətə (hərəkətsizliyə) yol verməsi nəticəsində əmələ gələ bilməsinə istinad etmişdir. İşin hallarından da görünür ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 10 may 2019-cu il tarixli qətnaməsi üzrə verilmiş icra sənədi üzrə əsas borc tam olaraq xx.xx.2020-ci il tarixdə (əmlakın hərracdan satıldığı vaxt) icra edilmişdir. Məhkəmə qeyd edir ki, sadalanan maddi hüquq normaları, eləcə də həmin normaların izahı ilə bağlı Konstitusiya Məhkəməsinin qərarları gecikmə olduğu halda, analoji iddiaların təmin edilməsini istisna etmir. Belə ki, Mülki Məcəllənin 445.7-ci maddəsinin hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan redaksiyasına görə borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. (hazırda həmin norma 24 fevral 2023-cü il tarixli, 822-VİQD №-li Qanunla eyni məzmunda başqa redaksiyada tətbiq edilir.) Qeyd edilən normanın dispozisiyasına görə borclunun gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməli olmasının əsas şərt onun pul məbləğinin ödənilməsini gecikdirməsidir. Həmçinin Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda göstərilən 2023-cü il 29 mart tarixli Qərarında formalaşdırılmış hüquqi mövqelərə istinadən hesab edir ki, burada önəmli olan məsələlərdən biri əvvəlki mübahisə üzrə qəbul edilmiş məhkəmə qətnaməsinin icrasının vaxtında həyata keçirilməsi prosesinə cavabdeh tərəfindən hər hansı süni əngəllərin, maneələrin törədilib-törədilməməsi, o cümlədən ipoteka predmetini aidiyyəti icra qurumuna təhvil verib-verməməsi, yəni icranın ləngiməsində cavabdehin hər hansı təqsirinin olub-olmamasının düzgün müəyyən edilməsidir. Məhkəmə hazırki iş üzrə qeyd edir ki, Mülki Məcəllənin 445.7-ci maddəsinin tətbiqi üçün borclunun (hazırki işdə cavabdehin) icranı gecikdirməsində təqsirli olub-olmamasının hər hansı hüquqi əhəmiyyəti yoxdur və bu normanın tətbiqinin cavabdehin icranı gecikdirməsində təqsirli olub-olmaması ilə əlaqələndirməyi zəruri saymır. Belə ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 24 dekabr 2014-cu il tarixli Qərarında qeyd edilmişdir ki, ... kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər... Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Kreditorla borclu arasında kredit münasibətləri müqavilə ilə tənzimləndiyindən, kreditin peşəkarlıq qaydasında verilməsi ilə kredit təşkilatları məşğul olduğundan və kreditin predmeti kimi xüsusi likvid aktiv (pul) çıxış etdiyindən, kreditin vaxtında qaytarılmaması ilə bağlı borclunun gecikdirmə faizlərinin ödənilməsi üzrə öhdəlikləri kredit müqaviləsində nəzərdə tutula bilər. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3 və 425.1-ci maddələrinə uyğun olaraq vicdanla həyata keçirməli, öhdəlikləri şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə icra etməlidirlər. Kreditor vəsaitdən yenidən istifadə edə bilməməsi ilə bağlı ona daha böyük ziyanın vurulduğunu sübut etdikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsi və müvafiq hallarda həmin Məcəllənin 449.3-cü maddəsinə əsasən onun zərərin əvəzinin ödənilməsini tələb etməyə dair əlavə hüququ yaranır. Həmin qərarda Konstitusiya Məhkəməsi izah etmişdir ki, icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı MM-in 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. ... Lakin bu müddəa kreditorun hər hansı digər əsaslar üzrə borcludan daha böyük məbləğ tələb etmək hüququnu istisna etmir. Belə nəticə MM-in 445.7, 443.1 və 443.2-ci maddələrinin əlaqəli şəkildə təhlilindən irəli gəlir. ... MM-in 449.1-ci maddəsinə görə faizlərin tutulması pul öhdəliyinin icra edilməməsi üçün tətbiq olunan sanksiya olmaqla mülki-hüquqi məsuliyyət tədbiridir. Məsuliyyət isə tərəflərin münasibətləri çərçivəsində bir tərəfin öz öhdəliklərinə əməl etməməsi və müəyyən olunmuş razılaşmanı pozması, yəni təqsirli hərəkətə (hərəkətsizliyə) yol verməsi nəticəsində əmələ gələ bilər. Şərh olunan maddənin mənasına görə, bu maliyyə sanksiyası pul öhdəliyi üzrə borc məbləğinə hesablanır və bu halda həmin məbləğin üstünə gəlmiş faiz məbləği nəzərə alınmır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” Konstitusiya Məhkəməsinin Plenumunun 09 iyul 2009-cu il tarixli qərarında isə göstərilmişdir ki, MM-in 445.7-ci maddəsi də borclu tərəfindən pulun gecikdirilməsi halında müəyyən şərtlə ondan faizin tutulmasının mümkünlüyünü təsbit edir. Lakin nəzərə alınmalıdır ki, sözügedən norma MM-in 449.1-ci maddəsindən fərqli olaraq pulun ödənilməsinin gecikdirilməsini ondan faydalanmaqla əlaqələndirməyərək, yalnız zərər və ya digər əsaslarla daha böyük məbləğin tələb edilməsinin mümkün olmadığı təqdirdə, bu faizi tələb etmək hüququnu əks etdirir. Məhkəmə daha sonra qeyd edir ki, istənilən bankın əsas fəaliyyəti məhz ayrı-ayrı şəxslərə kreditlərin verilməsidir. Hər hansı kredit müqaviləsi üzrə isə borclu kredit öhdəliklərini vaxtında icra etməyərək nəzərdə tutulan pul vəsaitlərini banka ödəmədikcə, eləcə də bankla həmin borclu arasında yaranan kredit mübahisəsi üzrə məhkəmə və icra icraatı uzun müddət ərzində davam etdikcə, bank həmin vəsaitləri ona müraciət edən digər müştərilərə kredit verərək gəlir götürmək imkanından məhrum olur ki, bu da nəticə etibarilə banka əldən çıxmış zərər formasında zərərin dəyməsi ilə nəticələnir. Pul öhdəliyi icra olunaraq borcun tam qaytarılmaması nəticəsində kreditora vurulan zərərin həcmi günbəgün artmaqda davam edir. Bu baxımdan, tərəflər arasında yaranmış kredit borcunun, vəsaitdən istifadə faizinin, cərimənin tutulması və tələbin ipoteka predmetinə yönəldilməsi barədə əvvəlki mübahisə üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin mövcud olması kreditorun yenidən iddia qaldıraraq eyni kredit müqaviləsi üzrə həmin qətnamədən sonrakı dövr üçün əldən çıxmış fayda formasında ona dəyən zərərin əvəzini, yəni ən azından, gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğin ödənilməsini MM-in 21.2, 443.1, 443.2 və 445.7-ci maddələrinə uyğun olaraq, tələb etməsi üçün maneə deyildir. Göründüyü kimi, iddiaçı cavabdehdən gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Lakin müəyyən edilmişdir ki, cavabdehdən gecikdirilmiş vaxt üçün illik beş faizlə tələb edilən pul vəsaitinin məbləği çoxdur. Belə ki, yuxarıda qeyd olunan ekspert rəyindən göründüyü kimi, məhkəmə qətnaməsi ilə müəyyən edilmiş 180.000 manat borc məbləği üzrə xx.xx.2020-ci il tarixdən (Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarının qəbul edildiyi vaxtdan) xx.xx.2020ci il tarixədək (əmlakın hərracdan satıldığı vaxtadək) illik 5 %-lə hesablanmaqla faiz 6.875,00 manat təşkil edir. Azərbaycan Republikası MPM-nin 101.7 və 206.1-ci maddələrinə əsasən ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 №li Qərarının 3.3-cü bəndinə əsasən digər sübutlar kimi ekspert rəyinin də əvvəlcədən müəyyən edilmiş heç bir məcburi qüvvəsi yoxdur. Ona görə ekspert rəyinə də digər sübutlarla barəbər qiymət verilməli, ekspert rəyinin məhkəmə tərəfindən qəbul edilib-edilməməsi səbəbləri qətnamədə öz əksini tapmalıdır. Azərbaycan Respublikası MPM-nin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Məhkəmə qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Digər tərəfdən araşdırma zamanı hazırkı ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyindən, ekspert rəyinin sübut növü kimi qəbul edilməməsinə dair dəlillər ehtimal xarakterli olduğundan, həmin rəy hazırkı iş üzrə mötəbər sübut növü kimi qəbul edilməlidir. Bu səbəbdən, məhkəmə hesab edir ki, iddia bu hissədə qismən təmin edilməklə cavabdehdən iddiaçının xeyrinə 6.875,00 manat pul vəsaiti tutulmalıdır. Məhkəmə iddianın «xx.xx.2021-xx.xx.2022-ci il tarixədək bankın mülkiyyətində olan qeyri-yaşayış sahəsindən istifadə etdiyi üçün 30.000 manat məbləğində dəymiş ziyanın tutulması» tələbi ilə bağlı qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin 18 mart 2019-cu il tarixli Qərarındakı hüquqi mövqeyə görə: “Sübutların qiymətləndirilməsi məhkəmə tərəfindən ilkin (məhkəmə araşdırmasının sonunda) və yekun (müşavirə otağında məhkəmə qətnaməsi qəbul edilərkən) qiymətləndirməni nəzərdə tutur. İlkin qiymətləndirmə ayrı-ayrı faktların müəyyən edilməsi üçün hər bir sübutun aid edilməsi, mümkünlüyü, mötəbərliyi və yetərliliyi nöqteyinəzərindən onun predmetinin keyfiyyətinə dair keçirilir. Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyi-nəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil.” Məhkəmə iddiaçı tərəfin xx.xx.2021-xx.xx.2022-ci il tarixədək cavabdehin Bankın mülkiyyətində olan qeyri-yaşayış sahəsini icarəyə verdiyi və istifadə etdiyi üçün 30.000 AZN məbləğində dəymiş ziyanla bağlı iddiaçı tərəfin izahatının özü-özlüyündə iddianın bu hissədə əsaslı olması üçün yetərli sübut kimi qəbul edilə bilməz. Belə ki, MPM-in 106.1-ci maddəsinin tələbinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş üzrə tərəflərin izahatlarının xüsusiyyəti ondan ibarətdir ki, həmin məlumatlar işin nəticəsində maraqlı olan şəxslər tərəfindən verilir, bu isə məhkəməni onlara kifayət qədər ehtiyatlı yanaşmağa məcbur edir. Mülki Prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud subutlarla təsdiq edilib əsaslandırılmalıdır. Azərbaycan Respublikasının MPM-nin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Hər bir kəs pozulmuş və ya pozulmasını iddia etdiyi hüququnun məhkəmədə müdafiəsini tələb edərkən həmin tələbi əsaslandıran faktları, sübutları təqdim etməli, məhkəmə də həmin tələbə onu əsaslandıran sübutlar və faktlar əsasında hüquqi qiymət verməlidir. Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı). Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Avropa Məhkəməsinin istifadə etdiyi standart və prinsipləri, habelə mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırkı işə tətbiqi baxımından iddiaçı cavabdehin xx.xx.2021-xx.xx.2022-ci il tarixədək bankın mülkiyyətində olan qeyri-yaşayış sahəsindən təyinatı üzrə istifadə etməsi, həmin əmlakın digər şəxslərə icarəyə verməsi və hər hansı şəkildə gəlir əldə etməsi, faydalanmasına dair mötəbər və tutarlı sübutlar təqdim etməmişdir, başqa sözlə, qeyd edilən hissə üzrə öz hüquqi mövqeyini sübut edilə bilməmişdir. Ödəniş qəbzindən görünür ki, məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 202 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, əldən çıxmış faydaya görə əsas borc üzrə illik 5 % dərəcəsi ilə hesablanmış 6.875 manat faiz və ödənilmiş dövlət rüsumunun 34 manatı Cavabdeh İddiaçı ASC-nin xeyrinə tutulmalı, aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 manat Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesaba ödənilməli, iddia qalan hissədə rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Əldən çıxmış faydaya görə əsas borc üzrə illik 5 % dərəcəsi ilə hesablanmış 6.875 manat faiz və ödənilmiş dövlət rüsumunun 34 manatı Cavabdeh İddiaçı ASC-nin xeyrinə tutulsun. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 manat Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesaba ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə («Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev
Məhkəmə qərarları › İş №e-2(006)-17/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-17/2025
07.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver