Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-171/2022 10.11.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Giriş hissə: Nəsimi Rayon Məhkəməsi Hakim Səmədov Rəşid Əfraim oğlunun sədrliyi, X8 oğlunun katibliyi, Cavabdeh iştirakı ilə İddiaçı Alkhateeb X1 Cavabdeh qarşı "mənzilə dəymiş maddi ziyanın ödənilməsi tələbi"nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Alkhateeb X3 Cavabdeh qarşı "mənzilə dəymiş maddi ziyanın ödənilməsi tələbi"nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nəsimi rayonu, 2-ci mikrorayon, Hüseynbala Əliyev küçəsi, 17 saylı binanın 3-cü blokunun, 2-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 41,3 kv metr olan 64 saylı mənzili mülkiyyət hüququ ilə iddiaçıya məxsusdur. İddiaçı 2020-ci ilin iyul ayında mənzili tam təmir etdirərək, evlərin divarlarına oboy divar kağızı, tavanları alçipandan asma tavan düzəltdirmiş, həmçinin mətbəxə yeni mebel yığdırmışdır. 2021-ci il fevral ayının əvvəlində iddiaçıya məxsus mənzilin üstündə, yəni 3-cü mərtəbədə yerləşən 67 saylı mənzilin sanitar qovşağından çirkli su iddiaçıya məxsus evə, mətbəxə və koridora tökülməyə başladı və mənzili yararsız hala saldı. Evdə olan həyat yoldaşı X2 67 saylı mənzilin qapısını döymüş və evdə yaşayan kirayəçilər qapını açaraq bildirmişlər ki, ev sahibi, iş üzrə Cavabdeh dəfələrlə müraciət etsələr də, gəlib kanalizasiyanı düzəltmir. Bundan bir neçə gün sonra isə, yəni 2-ci dəfə, 67 saylı mənzilin mətbəxindəki su borusu partlamış və nəticədə iddiaçıya məxsus mənzili tamamilə su basmış, evin tavanları, divar kağızları, döşəmələr yararsız hala düşmüş, mətbəx mebeli yararsız hala düşmüşdür. Cavabdehin təqsiri ucbatından iddiaçının mənzilinə 3500 manat məbləğində maddi ziyan dəymişdir. Mənzildə nəmişlik əmələ gələrək, yaşanmaz hala düşmüşdür. Buna görə də onlar ailəlikcə evdən köçmüşlər və halhazırda başqa ünvanda kirayədə yaşamağa məcbur olmuşlar. Beləliklə cavabdehin təqsiri ucbatından iddiaçının mənzilinə 3500 manat maddi ziyan dəymişdir. Onlar dəfələrlə Cavabdeh ilə əlaqə saxlamaq istəsələr də, o, telefonla danışmaqdan imtina etmiş, evə su axıdılmasının qarşısını almamış, dəymiş zərərin ödənilməsindən yayınmışdır. Cavabdehin səhlənkarlığı nəticəsində iddiaçıya məxsus Bakı şəhəri, Nəsimi rayonu, 2-ci mikrorayon, Hüseynbala Əliyev küçəsi, 17 saylı binanın 3-cü blokunun, 3-cü mərtəbəsində yerləşən, 67 saylı mənzilindən axan çirkli suyun iddiaçının mənzilinə axması nəticəsində mənzilə dəymiş 3500 (üç min beş yüz) manat maddi ziyanın, iddiaçıya və ailə üzvlərinə dəymiş mənəvi ziyanın əvəzi olaraq 1000 (bir min) manat mənəvi ziyanın, məhkəməyə ödənilmiş 30 manat dövlət rüsumunun və hüquqlarının müdafiəsi üçün vəkilə ödənilmiş 200 manat xidmət haqqının cavabdehdən alınıb iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməlidir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş iddiaçı Alkhateeb X1 nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək, tələbin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Sonuncu məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbinə etiraz edərək, bildirmişdir ki, iddiaçı tərəfindən təqdim edilmiş xx.xx.2021 tarixli nömrəsiz 51 saylı MKİS-nin aktı saxtadır. Həmin aktın sonuncu cümləsində Cavabdeh mənzilin mülkiyyətçisi olduğu göstərilsə də, onun imzası aktda yoxdur. Onun mülkiyyətçi kimi iştirakı olmadan mənzilində tərtib etdikləri akt şübhə doğurur. O, iddiaçını və onun həyat yoldaşını heç tanımır və görməmiş, 51 saylı MKİS-nin işçilərini xx.xx.2021-ci il tarixində görməmişdir. Odur ki, tərtib edilən xx.xx.2021 tarixli nömrəsiz 51 saylı MKİS-nin aktı saxtadır. Qeyd olunanlara əsasən iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Eyni zamanda, ərizə təqdim edərək, işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli, RX seriyalı, ******* №-li Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, 2-ci mkr., Hüseynbala Əliyev küçəsi, ev 17, mənzil 64 Alkhateeb X1 adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmiş və bu barədə 1233 saylı reyestr kitabının 112189 nömrəli vərəqində, ********** nömrə ilə qeydiyyat aparılmışdır. İş materiallarında olan xx.xx.2021-ci il tarixli aktdan görünür ki, H.B.Əliyev küçəsi, ev 17, mənzil 64-ün sahibinin müraciətinə əsasən mənzilə baxış keçirilmişdir. Baxış zamanı müəyyən olunmuşdur ki, H.B.Əliyev küçəsi, ev 17, mənzil 67-nin sanitar qovşağının baxımsızlığı nəticəsində həmin binanın 64 saylı mənzilinə su axıdılmışdır. Mənzilin təmiri və ev əşyaları yararsız hala düşmüşdür. H.B.Əliyev küçəsi, ev 17, mənzil 67-nin sahibi Cavabdehdır. İş materiallarında olan Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2021-ci il tarixli, 10/2872 saylı, xx.xx.2022-ci il, 10/6983 saylı, xx.xx.2022-ci il tarixli, 10/2990 saylı məlumatlarından görünür ki, məhkəmə tərəfindən tədqiqat obyektinə baxış keçirilməsi təyin edilmiş, lakin tərəflər məhkəmə binasına gəlmədiyindən, tədqiq olunan mənzilə baxış keçirilməsi və qərardadla ekspert qarşısında qoyulmuş sualların cavablandırılması mümkün olmamışdır. Əsaslandırıcı hissə: Hazırki iddia tələbi ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Qeyd olunan Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Məhkəmə qeyd edir ki, Bakı şəhəri, Nəsimi rayonu, 2-ci mikrorayon, Hüseynbala Əliyev küçəsi, 17 saylı binanın 3-cü blokunun, 2-ci mərtəbəsində yerləşən, 64 saylı mənzilə su sızmasının texniki səbəbini müəyyən etmək mümkün olmamışdır. Göründüyü kimi iddiaçı ona məxsus mənzilə məhz cavabdehə məxsus mənzildən su axıdılmasını təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Halbuki, Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-in 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. Öz növbəsində, yazılı sübutlar iddianın və ya ona qarşı verilmiş etirazın əsaslarını təşkil edən halları təsdiq edən sübutetmə vasitələridir. Yazılı sübutlar hər hansı bir nəticəyə gəlmək üçün zəruri olan məlumatları özündə əks etdirir. Bununla əlaqədar qanunverici yazılı sübutların əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edir (Azərbaycan Respublikası MPM-in 89.3-cü maddəsi). Qanunun qeyd olunan tələblərinə uyğun gəlməyən yazılı sübutlar Azərbaycan Respublikası MPM-in 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran hallar kimi qəbul edilə bilməz. «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı tərəfindən cavabdehə məxsus mənzildən su axıdılmasını təsdiq edə biləcək mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. İddiaçı tərəfin bununla bağlı təqdim etdiyi onun mənafeyinə uyğun yeganə sübut tərtib olunmuş aktdır. Əlyazma üsulu ilə tərtib edilmiş xx.xx.2021-ci il tarixli akt qüsurlu olduğundan qanuni hesab edilə bilməz. Belə ki, aktın tərtibi zamanı cavabdehə məxsus mənzilə baxış keçirilməmişdir. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçı Alkhateeb X1 Cavabdeh qarşı "mənzilə dəymiş maddi ziyanın ödənilməsi tələbi"nə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Nəticə hissəsi: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Alkhateeb X1 Cavabdeh qarşı "mənzilə dəymiş maddi ziyanın ödənilməsi tələbi"nə dair iddiası təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Rəşid Səmədov
Məhkəmə qərarları › İş №e-2(006)-171/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-171/2022
10.11.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver