Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-1717/2023 12.05.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Natavan Tağı qızının sədrliyi, Quluzadə Sevil Zakir qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı "alimentin artırılması" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2015-ci il tarixində anadan olmuş X2 və xx.xx.2018-ci il tarixində anadan olmuş X1 yetkinlik yaşına çatana qədər hər birinin saxlanılması üçün aliment miqdarının yaşayış minimumuna uyğun müəyyən edilərək hər birinə 220 manat olmaqla iki uşaq üçün 440 manat məbləğində alimentin Cavabdeh tutularaq hər ay ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək izahatında qeyd etmişdir ki, iş üzrə Cavabdeh ilə ailə qurmuşdur. Nikahlarını xx.xx.2014-cü il tarixdə rəsmiləşdirmişdir. xx.xx.2015-ci ildə Fərid və xx.xx.2018-ci ildə Nazim adlı iki uşaqları anadan olmuşdur. Cavabdehin ailəsinə laqeyid münasibət bəsləməsi onların nikahlarının pozulmasına gətirib çıxardı. Ağstafa Rayon Məhkəməsinin 01 sentyabr 2020-ci il tarixli, 2(015)-179/2020 saylı qətnaməsinə əsasən nikahları pozulmuşdur. Ağstafa Rayon Məhkəməsinin 29 avqust 2019-cu il tarixli qətnaməsi ilə cavabdehdən hər ay hər uşaq üçün 160 manat alimentin tutulması qət edilmişdir. Sonradan yeni qətnamə çıxarılaraq hər uşaq üçün 170 manat aliment tutulması müəyyən edilmişdir. Hal-hazırda Fərid adlı uşaqlarının 8 yaşı, Nazim adlı uşaqlarının isə 5 yaşı vardır. Ağstafa Rayon Məhkəməsinin çıxarmış olduğu qətnamədə qeyd olunmuş aliment məbləği uşaqlarının heç bir tələbatını ödəmir. Uşaqların məsrəfləri yetərincə artmışdır. Bundan başqa, ölkədə yetkinlik yaşına çatmamışlar üçün yaşayış minimumu da dəyişdirilmiş və 2023-cü ildə hər uşaq üçün 220 manat müəyyən edilmişdir. Uşaqlarının maddi tələbatlarını ödəmək tək qadın olaraq ona çox çətindir. Buna görə də aliment miqdarının artırılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilənləri nəzərə alaraq, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Mülki iş üzrə Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməklə iclasa çağrılmış, lakin qabaqcadan heç bir məlumat vermədən məhkəmə baxış iclasında iştirak etməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan Ağstafa Rayon Məhkəməsinin 2(015)-179/2020 saylı, 01 sentyabr 2020-ci il tarixli qətnaməsinə əsasən Cavabdeh və Novruzova Mehparə arasında bağlanmış nikah pozulmuş, nikah pozulduqdan sonra xx.xx.2015-ci il təvəllüdlü Novruzov Fərid və xx.xx.2018-ci il təvəllüdlü Novruzov Nazim anaları Novruzova Mehparənin yanında saxlanılmışdır. İş materiallarında olan Abşeron rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-T № 103316 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X2 xx.xx.2015-ci il tarixdə Abşeron rayonu, Xırdalan şəhərində doğulmuş, atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarında olan Sumqayıt “ASAN Xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-T № 090715 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X3 xx.xx.2018-ci il tarixdə Abşeron rayonu, Xırdalan şəhərində doğulmuş, atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarında olan Ağstafa Rayon Məhkəməsinin 2(015)-875/2019 saylı, 29 avqust 2019-cu il tarixli qətnaməsinə əsasən Cavabdeh 01 avqust 2019-cu il tarixindən başlayaraq xx.xx.2015-ci il təvəllüdlü Novruzov Fərid və xx.xx.2018-ci il təvəllüdlü Novruzov Nazimin yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər uşağa 160 manat olmaqla, cəmi 320 manat sabit pul məbləğində alimentin tutulub Novruzova Mehparəyə ödənilməsi qət edilmişdir. İş materiallarında olan Ağstafa Rayon Məhkəməsinin 2(015)-295/2020 saylı, 21 may 2020-ci il tarixli qətnaməsinə əsasən Ağstafa Rayon Məhkəməsinin 29 avqust 2019cu il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilmiş, birgə nikahdan doğulmuş uşaqların saxlanılması üçün hər ay hər uşaq üçün 170 manat olmaqla cəmi 340 manat məbləğində aliment tutularaq Novruzova Mehparəyə ödənilməsi qət edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli “ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” Arayışdan görünür ki, xx.xx.2023-cü il tarixdə, saat14:30-da keçirilən ilkin medasiya sessiyasında Cavabdeh iştirak etməmiş, lakin İddiaçı iştirak edərək 50 manat məbləğində mediasiyaya dair xərci ödəmişdir (Mediator:G.İsmayılov). İş materiallarında olan “AZEMİS” Elektron Məhkəmə informasiya sistemindən edilən çıxarışdan görünür ki, Cavabdeh "xxxx" MMC-də mütəxəssis vəzifəsində çalışır və aylıq əmək haqqı 1170.95 manatdır. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin 2-ci hissəsinə görə uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının qanununun 5-cı maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdır. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 19-cu maddəsinə əsasən uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizə edilməsi valideynlərin vəzifələridir. “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinə əsasən hər bir uşaq özünün fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsi hüququna malikdir. Lazımi həyat səviyyəsinin təmin edilməsi üçün əsas məsuliyyəti valideyinlər daşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 233.4-cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. "Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında" Azərbaycan Respublikası Qanununa uyğun olaraq 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə tərəfindən müəyyən edildi ki, iddiaçı ilə cavabdehin birgə nikah münasibətlərində iki övladları anadan olmuşdur. Ağstafa Rayon Məhkəməsinin 29 avqust 2019-cu il tarixli, 2(015)-875/2019 saylı qətnaməsi ilə birgə nikahdan doğulmuş uşaqların saxlanılması üçün 160 manat məbləğində aliment təyin edilmiş, məhkəmənin 01 sentyabr 2020-ci il tarixli, 2(015)-179/2020 saylı qətnaməsi ilə isə tərəflərin nikahları pozulmuşdur. Sonradan həmin məhkəmənin 21 may 2020-ci il tarixli, 2(015)-295/2020 saylı qətnaməsi ilə təyin edilmiş alimentin miqdarı dəyişdirilərək 170 manat məbləğində müəyyən edilmişdir. Hazırda həmin məbləğ uşaqların saxlanılması üçün kifayət etmədiyindən iddiaçı alimentin artırılması və aylıq 220 (iki yüz iyirmi) manat olmaqla, cəmi 440 (dörd yüz qırx) sabit pul məbləğində alimentin tutulması ilə bağlı məhkəməyə müraciət etmişdir. Məhkəmə işdə olan sübutlara məcmu halda qiymət verərək belə nəticəyə gəlir ki, cavabdehdən hər ay 170 manat sabit pul məbləğində alimentin tutulması haqqında Ağstafa rayon Məhkəməsinin qətnaməsinin qəbul edilməsindən 2 il müddət keçdiyindən ödəmələrin miqdarını müəyyənləşdirən hallar artıq dəyişmişdir və alimentin ödənilməsinin əvvəlki qaydada davam etməsi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması üçün yetərli deyildir. Ona görə də məhkəmə tərəflərin birgə nikahından olan uşağın ananın himayəsində olmasını, uşaq üçün qanunvericiliklə müəyyən edilmiş yaşayış minimumunun həddini, uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasının zəruriliyini nəzərə alaraq hesab edir ki, Ağstafa rayon Məhkəməsinin 21 may 2020-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği artırılaraq 14 mart 2015-ci il təvəllüdlü X2 və 22 mart 2018-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər uşağa hər ay 220 manat, cəmi 440 manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin edilməli, tərəflərin birgə nikahlarından anadan olmuş 14 mart 2015-ci il təvəllüdlü X2 və 22 mart 2018-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay hər uşaq üçün 220 (iki yüz iyirmi) manat olmaqla cəmi 440 (dörd yüz qırx) manat sabit pul məbləğində aliment alınaraq İddiaçı verilməli, miqdarı dəyişdirilmiş alimentin tutulması bu barədə qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Tərəflərin birgə nikahlarından anadan olmuş 14 mart 2015-ci il təvəllüdlü X2 və 22 mart 2018-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh Ağstafa Rayon Məhkəməsinin 2(015)-295/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə tutulan alimentin miqdarı artırılaraq, hər ay hər uşaq üçün 220 (iki yüz iyirmi) manat olmaqla, ümumilikdə 440 (dörd yüz qırx) manat sabit pul məbləğində müəyyən edilsin və həmin pul vəsaiti bu qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla Cavabdeh hər ay sabit pul məbləğində tutularaq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Natavan Tağıyeva
Məhkəmə qərarları › İş №e-2(006)-1717/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-1717/2023
12.05.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver