Məhkəmə qərarları › İş №e-2(006)-1719/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-1719/2024

16.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-1719/2024 16.04.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Cəfərova Gülhanə Coşqun qızının katibliyi İddiaçının nümayəndəsi Nümayəndə3 iştirakı ilə İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı «ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsələrdən tutulması» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı «ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsələrdən tutulması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ilə X7 arasında xx.xx.2018-ci il tarixli, BPM**********44 nömrəli kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinə əsasən X6 illik 27 %-lə, 53 ay müddətinə 2100 manat kredit verilmişdir. Tərəflər arasında bağlanmış Kredit müqaviləsi ilə müəyyən edilmişdir ki, borcalan bu Müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. 121988 nömrəli ölüm haqqında şəhadətnaməyə əsasən, X7 xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. Bakı şəhəri 29 saylı Notariat ofisi tərəfindən verilmiş 2321 nömrəli məktubdan görünür ki, X5 mirası qəbul etmiş vərəsəsi Cavabdeh Bakı şəhəri 29 saylı Notariat ofisinə müraciət etmiş və notariat ofisi tərəfindən Cavabdeh xx.xx.2021-ci il tarixində 2V-80 və xx.xx.2021-ci il tarixində 2V -110 reyestr nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr” verilmişdir. Bankın Nəsimi filialı tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasən, X5 xx.xx.2024-cü ilədək kredit üzrə Banka ödənilməmiş 1511.13 manat əsas borcu, vəfat etdiyi tarixə 33.11 manat faiz borcu olmaqla, cəmi 1544.24 manat borcu qalmışdır. Cavabdehin mərhum X2mış mirası qəbul etmələrinə baxmayaraq ona çatan miras payı həcmində miras qoyanın "xxxx" ASC qarşısında olan öhdəliyini icra etməmişdir. Mübahisənin məhkəmədən kənar həlli üçün cavabdehə xx.xx.2023-cü il tarixində 6-2-22/2-32049/2023 nömrəli xəbərdarlıq məktubu göndərilməsinə baxmayaraq cavabdeh öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdir. Göstərilənlərə əsasən, X5 vərəsəsi Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə Banka ödənilməmiş 1511.13 manat əsas borcu, vəfat etdiyi tarixə 33.11 manat faiz borcu olmaqla, cəmi 1544.24 manat borcun və ödənilmiş 35.45 manat dövlət rüsumunun və 0,4 manat bank xidmət haqqının tutulması barədə qətnamə çıxarılması məhkəmədən xahiş edilmişdir.

3. Daha sonra Cavabdeh iddiaya qarşı etiraz təqdim edərək bildirmişdir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Bank öz iddia əizəsini onunla əsaslandırdı ki, mərhum atası X8 kredit götürmüş və onun 1544 manat, 24 qəpik borcu qalmışdır. Mərhum atası kredit məbləğinin bir hissəsini ödəmişdir. Onun banka borcu hesablama nəticəsində 588 manat 87 qəpik təşkil edir. Göstərilənlərə əsasən "xxxx" ASC-nin ona qarşı olan iddiasının qismən təmin edilməsini və ondan "xxxx" ASC-nin xeyrinə 588.87 manat məbləğində pulun tutulmasını xahiş etmişdir.

a) Məhkəmə icraatı iştirakçılarının izahatları:

4. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə3 iddia tələbini müdafiə edərək bildirmişdir ki, "xxxx" ASC ilə X7 arasında xx.xx.2018-ci il tarixli kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinə əsasən X6 illik 27 %-lə, 53 ay müddətinə 2100 manat kredit verilmişdir. Tərəflər arasında bağlanmış Kredit müqaviləsi ilə müəyyən edilmişdir ki, borcalan bu Müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. 121988 nömrəli ölüm haqqında şəhadətnaməyə əsasən, X7 xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. Bakı şəhəri 29 saylı Notariat ofisi tərəfindən verilmiş 2321 nömrəli məktubdan görünür ki, X5 mirası qəbul etmiş vərəsəsi Cavabdeh Bakı şəhəri 29 saylı Notariat ofisinə müraciət etmiş və notariat ofisi tərəfindən Cavabdeh xx.xx.2021-ci il tarixində “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr” verilmişdir. Bankın Nəsimi filialı tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasən, X5 xx.xx.2024-cü ilədək kredit üzrə Banka ödənilməmiş 1511.13 manat əsas borcu, vəfat etdiyi tarixə 33.11 manat faiz borcu olmaqla, cəmi 1544.24 manat borcu qalmışdır. Cavabdehin mərhum X2mış mirası qəbul etmələrinə baxmayaraq ona çatan miras payı həcmində miras qoyanın "xxxx" ASC qarşısında olan öhdəliyini icra etməmişdir. Mübahisənin məhkəmədən kənar həlli üçün cavabdehə xx.xx.2023-cü il tarixində xəbərdarlıq məktubu göndərilməsinə baxmayaraq cavabdeh öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdir. Odur ki, qeyd edilənləri nəzərə alaraq iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

5. Əvvəlki məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etmədiyini bildirərək izahatında qeyd etmişdir ki, mərhum atası Bankdan 2100 manat kredit götürmüş və onun 1500 manatını ödəmişdir. Daha sonra o, xx.xx.2020-ci il tarixdə vəfat etmiş və onun vəfatından sonra o, bütün zəruri sənədləri topladı və banka yaxınlaşaraq bununla bağlı məlumat verdi. Oradan ona bildirildi ki, öz müştəriləri ilə bağlı məlumat verə bilməzlər. O anlamır ki, bu qədər müddət keçdikdən sonra hazırki iddia ilə nə üçün müraciət ediblər. O, yerdə qalan 600 manat pulu ödəməyə hazırdır. Lakin daha artıq pul ödəməyə maddi imkanı yoxdur. Belə ki, o, rəsmi olaraq işləmir. Ayrı-ayrı vaxtlarda özəl sektorda çalışır ki, oradan aldığı maaş da çox aşağıdır. Ona görə də bu halların nəzərə alınmasını xahiş etmişdir.

6. Hazırki məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

7. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir.

Əsaslandırıcı hissə: a) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

8. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı "xxxx" ASC ilə cavabdehin atası X7 arasında xx.xx.2018-ci il tarixli, BPM**********44 nömrəli kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən X6 illik 27 %-lə, 53 ay müddətinə 2100 manat kredit verilmişdir. Daha sonra X7 xx.xx.2020-ci il tarixdə vəfat etmiş, Cavabdeh onun vərəsəsi qismində tanınmışdır. Hazırda iddiaçı "xxxx" ASC mərhum X1 borcunun onun vərəsəsi, yəni hazırki iş üzrə Cavabdeh tutulmasını tələb edir, cavabdeh iddia tələbi ilə qismən razıdır.

b) Mülki işin materialları:

9. Mülki işin materiallarında olan "xxxx" ASC ilə X7 arasında bağlanan xx.xx.2018-ci il tarixli, BPM**********44 nömrəli kredit müqaviləsindən görünür ki, Bank X6 53 ay müddətinə illik 27% ödəmək şərtilə 2100 manat məbləğində kredit verməyi, X7 isə müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada krediti qaytarmağı və ona hesablanmış faizləri Banka ödəməyi, habelə kreditdən 1.2-ci bəndində göstərilmiş təyinatı üzrə istifadə etməyi öhdəsinə götürmüşdür.

10. Mülki işin materiallarında olan "xxxx" ASC tərəfindən tərtib edilən maliyyə arayışından görünür ki, X5 xx.xx.2024-cü il tarixə 1511.13 manat məbləğində ödənilməmiş əsas borcu, vəfat etdiyi tarixə 33.11 manat məbləğində faiz borcu vardır.

11. Mülki işin materiallarında olan Bakı şəhəri 29 saylı Notariat Ofisi tərəfindən "xxxx" ASC-nin Problemli kreditlərlə iş departamentinə ünvanlanan 2321 nömrəli, xx.xx.2023-cü il tarixli sorğuya cavab məktubundan görünür ki, xx.xx.2020-ci il tarixdə vəfat etmiş-X4 miras qalmış əmlaka dair Azərbaycan Respublikasının vətəndaşı Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsi, ev 10, mənzil 10-da qeydiyyatda olan oğlu-Cavabdeh notariat ofisinə müraciət edərək, 22 oktyabr 2020-ci ildə tərəflərindən vərəsəlik işi açılmışdır. Vərəsə Cavabdeh miras əmlakdan tam hissədə paya 20 may 2021-ci ildə 2V-80 və 07 iyul 2021-ci ildə 2V- 110 reyestr nömrəsi ilə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr notarius tərəfindən verilmişdir.

12. Mülki işin materiallarında olan Nərimanov rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2020-ci il tarixdə verilən AZ-İİ seriyalı, 121988 nömrəli ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, X7 xx.xx.2020-ci il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında haqqında akt qeydləri kitabında xx.xx.2020-ci il tarixdə 700 nömrə ilə qeyd edilmişdir.

c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:

13. Hazırki iddia tələbi ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

14. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

15. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Müqavilə öhdəlik hüquq münasibətlərinin yaranmasını şərtləndirən mühüm hüquqi faktlardan biridir.

16. Həmin Məcəllənin 389.1-ci maddəsinə görə, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Beləliklə, tərəflər müqavilə bağlamaqla maraqlarına, mənafelərinə uyğun hüquq və vəzifələr müəyyən edirlər. Müqavilənin məqsədini isə tərəflərin öz vəzifəsini, yəni öhdəliyini icra etməsi təşkil edir.

17. Həmin Məcəllənin 399.3-cü maddəsinə əsasən, müqavilədə nəzərdə tutula bilər ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur. Belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır.

18. Həmin Məcəllənin 462.1-ci maddəsinə müvafiq olaraq, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin İcra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.

19. Müqavilədən yaranan öhdəliklərin növlərindən biri borc müqaviləsindən əmələ gələn öhdəliklərdir. Mülki Məcəllənin 739-cu maddəsinə müvafiq olaraq, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.

20. Kredit müqaviləsinə əsasən, kreditor müqavilə ilə nəzərdə tutulmuş həcmdə və şərtlərdə pulun (kreditin) borcluya verilməsi öhdəliyini, borclu isə bu məbləğin qaytarılması və faizlərin ödənilməsi öhdəliyini öz üzərinə götürür.

21. Mülki Məcəllənin 1306-cı maddəsinə əsasən, vərəsələr miras qoyanın mövcud olan və onun ölümü ilə xitam olunmayan bütün öhdəlikləri üzrə qəbul etdikləri miras əmlakdakı paylarına mütənasib surətdə birgə borclu kimi məsuliyyət daşıyırlar.

22. Həmin Məcəllənin 1146-cı maddəsi miras qoyanın öldüyü günün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi günün mirasın açıldığı vaxt sayıldığını müəyyən edir.

23. Həmin Məcəllənin 1255-ci maddəsinə əsasən isə qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır.

24. Həmin Məcəllənin 1306.1-ci maddəsinə əsasən, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar.

25. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-ci və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2018-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. Vərəsələr və zamin borclu öldükdən sonra əsas borcdan əlavə, faiz borcuna görə də məsuliyyət daşıyırlar. Borclunun təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi halda hesablanmış dəbbə pulunun ödənilməsi ilə bağlı tələb kreditor tərəfindən bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş qaydada vərəsələr və ya zaminə qarşı irəli sürülə bilər. Vərəsələr və ya zaminin təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi təqdirdə kreditor dəbbə pulunun ödənilməsini bu hərəkətləri törətmiş şəxsdən tələb edə bilər.

26. Odur ki, məhkəmə qanunvericiliyin tələblərini və hal-hazırda borcalanın Banka borcunun olmasını nəzərə alaraq hesab edir ki, iddia tələbi təmin edilməli və mərhum X5 iddiaçı "xxxx" ASC-yə olan 1511.13 AZN (min beş yüz on bir manat, on üç qəpik) əsas borcu, vəfat etdiyi tarixə 33.11 AZN (otuz üç manat, on bir qəpik) faiz borcu olmaqla, cəmi 1544.24 AZN (min beş yüz qırx dörd manat, iyirmi dörd qəpik) məbləğində borcu onun vərəsəsi Cavabdeh alınaraq iddiaçı "xxxx" ASC-yə ödənilməlidir.

27. Bundan əlavə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

28. Belə olan halda, iddia tələbi tam təmin edildiyindən, iddiaçı tərəfindən ödənilmiş 35.45 AZN (otuz beş manat, qırx beş qəpik) dövlət rüsumu və 0.40 AZN (qırx qəpik) bank xidmət haqqı da cavabdehə aid edilməlidir.

29. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, X5 vərəsəsi Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə 1511.13 AZN (min beş yüz on bir manat, on üç qəpik) əsas borc, 33.11 AZN (otuz üç manat, on bir qəpik) faiz borcu olmaqla, cəmi 1544.24 AZN (min beş yüz qırx dörd manat, iyirmi dörd qəpik) məbləğində borc və ödənilmiş 35.45 AZN (otuz beş manat, qırx beş qəpik) dövlət rüsumu və 0.40 AZN (qırx qəpik) bank xidmət haqqı tutulmalıdır.

30. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

31. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

32. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

33. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

34. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

35. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

36. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə,

QƏT ETDİ:

İddia tələbi təmin edilsin. X5 vərəsəsi Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə 1511.13 AZN (min beş yüz on bir manat, on üç qəpik) əsas borc, 33.11 AZN (otuz üç manat, on bir qəpik) faiz borcu olmaqla, cəmi 1544.24 AZN (min beş yüz qırx dörd manat, iyirmi dörd qəpik) məbləğində borc və ödənilmiş 35.45 AZN (otuz beş manat, qırx beş qəpik) dövlət rüsumu və 0.40 AZN (qırx qəpik) bank xidmət haqqı tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar