Məhkəmə qərarları › İş №e-2(006)-1721/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-1721/2022

14.03.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-1721/2022 14.03.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Tağıyeva Natavan Tağı qızının sədrliyi, məhkəmə iclas katibi Quluzadə Sevil Zakir qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, Sabirabad Rayon Məhkəməsinin 2(056)-72/2017 saylı, 01.03.2017-ci il tarixli qətnaməsilə müəyyən edilmiş aliment məbləğinin dəyişdirilməsi, Cavabdeh 22.11.2011-ci il təvəllüdlü X3 və 20.07.2014-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər bir uşaq üçün 193 (yüz doxsan üç) manat olmaqla, cəmi 386 (üç yüz səksən altı) manat sabit pul məbləğində alimentin tutularaq, İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh arasında olan nikah Sabirabad Rayon Məhkəməsinin 2(056)-72/2017 saylı, 01.03.2017-ci il tarixli qətnaməsinə əsasən pozulmuş, 22.11.2011-ci il təvəllüdlü X3 və 20.07.2014-cü il təvəllüdlü X2 İddiaçı yanında saxlanılmış, onların yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay bir uşaq üçün 100 manat olmaqla, cəmi 200 manat sabit pul məbləğində alimentin cavabdehdən alınaraqiddiaçının xeyrinə tutulması qət edilmişdir. Tərəflərin arasında olan nikaha xitam verildikdən sonra uşaqlar anası ilə birlikdə ünvan 1 ünvanında yaşamağa davam etmiş, bu müddətdə uşaqların bütün ehtiyacları iddiaçı tərəfindən qarşılanmışdır. Hazırda uşaqların ikisi də məktəbdə təhsil alır, müxtəlif məşğələlərə gedirlər. Qeyd olunanlarla bağlı bütün xərcləri isə iddiaçı tək başına qarşılayır. Beləliklə, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra iddiaçının maddi vəziyyətində dəyişiklik olmuşdur. İddiaçı hazırda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra iddiaçının maddi vəziyyətində dəyişiklik olmuşdur. İddiaçı hazırda məhkəmə tərəfindən müəyyən edilmiş aliment məbləği ilə uşaqları saxlamaqda əziyyət çəkir. Bundan başqa, iddiaçı 28 yanvar 2022-ci il tarixdə mediasiya prosesində iştirak etmiş, cavabdeh tərəf iştirak etmədiyindən təşkilat tərəfindən müvafiq arayış verilmişdir. Qeyd olunanları nəzərə alaraq, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, tərəflər məhkəmə baxış iclasında iştirak etməmiş və qabaqcadan məhkəməyə heç bir üzrlü səbəblərinin olmasını bildirməmişlər. Məhkəmə iddia ərizəsini, işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən İddiaçı iddiası təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Sabirabad Rayon Məhkəməsinin 2(056)-72/2017 saylı, 01.03.2017-ci il tarixli qətnaməsindən görünür ki, iddia tələbi qismən təmin edilmiş, Cavabdeh ilə X8 arasında 10 fevral 2011-ci il tarixdə Sabirabad rayon Qeydiyyat Şöbəsində bağlanmış 45 saylı nikah qeydinin pozulması, tərəflərin birgə nikahından 22.11.2011-ci il təvəllüdlü X3 və 20.07.2014-cü il təvəllüdlü X2 İddiaçı yanında saxlanılması, uşaqların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər bir uşaq üçün 100 manat olmaqla, ayda cəmi 200 manat miqdarında sabit pul məbləğində alimentin tutularaq, iddiaçı X8na ödənilməsi, alimentin 24 oktyabr 2016-cı il tarixdən hesablanması, iddia tələbinin qalan hissədə rədd edilməsi qət edilmişdir. İş materiallarında olan AZ-T 036977№-li doğum haqqında şəhadətnamənin qanunla müəyyən olunmuş qaydada təsdiq olunmuş surətindən görünür ki, X3 22.11.2011-ci il tarixdə Sabirabad rayonunda anadan olmuş, atası Cavabdeh, anası X6r. İş materiallarında olan AZ-T 001546№-li doğum haqqında şəhadətnamənin qanunla müəyyən olunmuş qaydada təsdiq olunmuş surətindən görünür ki, X2 20.07.2014-cü il tarixdə Sabirabad rayonunda anadan olmuş, atası Cavabdeh, anası X6r. İş materiallarında olan 28.01.2022-ci il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə Arayışdan görünür ki, 28.01.2022-ci il tarixində saat 11:30-12:30 saatlarında keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında Cavabdeh ilkin mediasiya sessiyasının tarixi, saatı və yeri barədə 7 gün əvvəlcədən poçt vasitəsilə məlumatlandırılmasına baxmayaraq, ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İddiaçı səlahiyyətli nümayəndəsi Vəkil ilkin mediasiya sessiyasında iştirak etmiş və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 manat məbləğində mediasiyaya dair xərci ödəmişdir. İş materiallarında olan Sabirabad Rayon İcra və Probasiya Şöbəsinin 12.04.2021-ci il tarixli, 222№-li məktubundan görünür ki, iddiaçı Əliyeva X7 Rayon Məhkəməsinin 01.04.2017-ci il tarixli 2(056)-72/2017 saylı icra vərəqəsinə əsasən, Cavabdeh iki uşağın saxlanılması üçün hər ay 200 manat məbləğində aliment almalıdır. İş üzrə borclu Cavabdeh barəsində axtarış verildiyindən tələbkar İddiaçı aliment pulu almır. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin 2-ci hissəsinə görə uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 19-cu maddəsinə əsasən uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi təlabatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizə edilməsi valideynlərin vəzifələridir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar; 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur; 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir; 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. «Uşaq hüquqları bəyənnaməsi»nin (BMT Baş Assambleyasının 20.11.1959-cu il tarixli 1386 ( XİV) saylı qətnaməsi ilə elan edilmişdir) 2 saylı prinsipinə görə «Uşaq qanunla və digər vasitələrlə sosial müdafiə ilə təmin olunmalı, onun fiziki, əqli, mənəvi, ruhi və sosial baxımdan sağlam və normal yolla azadlıq və ləyaqət şəraitində inkişaf etməsinə imkan verən əlverişli şəraitlə təmin edilməlidir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin tələbinə görə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüquq vardır. Həmin Qanunun 19-cu maddəsinə əsasən uşağın qabiliyyətini inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valedeyinlərin əsas vəzifələridir. “Azərbaycan Respublikasında 2022-ci il üçün “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa görə 2022-ci il üçün yaşayış minimumu uşaqlar üçün 193 (yüz doxsan üç) manat məbləğində müəyyən edilmişdir. Qeyd olunan qanunlardan göründüyü kimi uşaqların saxlanılması və onların maddi tələbatlarının təmin edilməsi valideynlərin mübahisəsiz və şərtsiz vəzifəsidir. Valideynlər bu vəzifəni yerinə yetirmədikdə isə, qanunverici uşaqın saxlanılması üçün lazım olan vəsaiti, yəni alimenti məhkəmə qaydasında tutulmasını müəyyən edilməlidir. Məhkəmə sabit pul məbləğində alimentin miqdarını müəyyənləşdirərkən tərəflərin maddi və ailə vəziyyətini nəzərə almalıdır. Lakin, bu məbləğ elə müəyyənləşdirilməlidir ki, uşaqların lazımi səviyyədə saxlanılmasını təmin etsin. Beləliklə, məhkəmə hesab edir ki, Cavabdeh 2022-ci il üçün “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsaslanaraq, 22.11.2011-ci il təvəllüdlü X3 və 20.07.2014cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay 193 (yüz doxsan üç) manat, cəmi 386 (üç yüz səksən altı) manat sabit pul məbləğində aliment tutularaq, İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə yuxarıda qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tuturaq, qət etdi: İddia tələbi qismən təmin edilsin. Sabirabad Rayon Məhkəməsinin 2(056)-72/2017 saylı, 01.03.2017-ci il tarixli qətnaməsilə müəyyən edilmiş aliment məbləği dəyişdirilsin. Cavabdeh 22.11.2011-ci il təvəllüdlü X3 və 20.07.2014-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər bir uşaq üçün 193 (yüz doxsan üç) manat olmaqla, cəmi 386 (üç yüz səksən altı) manat sabit pul məbləğində aliment tutularaq, İddiaçı xeyrinə ödənilsin. Aliment 08.02.2022-ci il tarixdən tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Natavan Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar