Məhkəmə qərarları › İş №e-2(006)-176/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-176/2025

24.06.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-176/2025 24.06.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Vüsalə Vahid qızının sədrliyi, məhkəmə iclasının katibi Cəfərova Şəmsiyyə Abdulla qızının katibliyi ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Mərkəzi Bankına və LPO "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Mərkəzi Bankı, üçüncü şəxs "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Respublikası Mərkəzi Bankından ona dəymiş maddi ziyana görə 4.604 (dörd min altı yüz dörd) manat məbləğində maddi ziyanın və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 67 (altmış yeddi) manat məbləğində pulun alınıb iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 02 sentyabr 2022-ci il tarixdə Şəmkir şəhəri, R.Rəhimov küçəsində baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində ona məxsus olan **- BR-*** dövlət qeydiyyat nişanlı Toyota Camry minik markalı avtomaşına 4.604 (dörd min altı yüz dörd) manat məbləğində maddi ziyan dəymişdir. Baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində ona dəymiş ziyanın ödənilməsi üçün avtomaşının icbari sığortaçısı Günay Sığortaya müraciət etsə də, ona verilən cavabda maddi ziyanın məbləğinin 960 (doqquz yüz altmış) manat olaraq hesablandığı bildirilmişdir. Lakin o, avtomaşının təmiri ilə əlaqədar ehtiyyat hissələri və servis xidmətinə ümumilikdə 4.604 (dörd min altı yüz dörd) manat məbləğində vəsait sərf etmişdir. Dəfələrlə sığortaçı Günay Sığorta şirkətinə müraciət etsə də, ona dəymiş ziyanın məbləği ödənilməmişdir. Buna görə də iddiaçı məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Hazırda "xxxx" ASC-nin lisenziyası Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən ləğv edildiyi üçün cavabdeh qismində Azərbaycan Respublikası Mərkəzi Bankı cəlb etmişdir. Dəymiş maddi ziyanın məbləğinin 960 (doqquz yüz altmış) manat olması iddia ərizəsinə əlavə edilmiş sənədlərlə tam sübuta yetirilir. Sonradan iddiaçının vəsatətinə əsasən LPO "xxxx" ASC cavabdeh qismində cəlb edilmişdir. Tərəflərin iştirakı və izahatları: İddiaçının nümayəndəsi (vəkili) Nümayəndə xx.xx.2025-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, mülki işə onun iştirakı olmadan baxılması və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə qeyd edilən ərizəni nəzərə alaraq, mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehlər Azərbaycan Respublikası Mərkəzi Bankının və LPO "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndələri məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehlərin nümayəndələrinin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. İş materialları: Təqdim edilmiş fotoşəkillərdən görünür ki, “Toyota Camry minik” markalı, **-BR-*** dövlət qeydiyyat nişanlı avtomobilin ön hissəsinə ziyan dəymiş və sonradan avtomobil təmir etdirilmişdir. LPO "xxxx" ASC tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2022-ci il tarixli HD-781/22 nömrəli məktubun surətindən görünür ki, "xxxx" ASC-də “Avtonəqliyyat vasitəsi sahibinin mülki məsuliyyətinin icbarı sığortası" üzrə sığortalanmış “Vaz 21074" markalı **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobil və “Toyota Camry” markalı **-BR-*** dövlət qeydiyyat nişanlı avtomobilin iştirakı ilə xx.xx.2022-ci il tarixində yol-nəqliyyat hadisəsi baş vermişdir. xx.xx.2022-ci il tarixində tərtib edilmiş akta əsasən “Toyota Camry” markalı **-BR-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin məbləği 960 manat müəyyən edilmişdir. Tovuz rayon 10 saylı RQİB tərəfindən verilmiş AB seriyalı 417285 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Toyota Camry minik” markalı, **-BR-*** dövlət qeydiyyat nişanlı avtomobil X1 adına qeydiyyata alınmışdır. ƏN-İİ seriyalı 027357 nömrəli etibarnamənin surətindən görünür ki, X3 ona məxsus “Toyota Camry minik” markalı, **-BR-*** dövlət qeydiyyat nişanlı avtomobilin qeydiyyatdan çıxarılması, qeydiyyata alınması və satılmasına dair sərəncam hüquqlarını, o cümlədən nəqliyyat vasitəsinin idarə edilməsini X4 və İddiaçı etibar etmişdir. “X10” MMC tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli təhvil-təslim aktının və həmin tarixli 2889 nömrəli ödəniş qəbzinin surətlərindən görünür ki, “Toyota Camry minik” markalı, **-BR-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa işləri üçün ümumilikdə 2.700 manat məbləğində pul vəsaiti ödənilmişdir. xx.xx.2022-ci il tarixli TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, X8 xx.xx.2023-cü il tarixdə saat 19:50-də idarə etdiyi «VAZ-21074 minik» markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobillə Şəmkir şəhəri R.Rəhimov küçəsində hərəkətdə olarkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun tələblərini pozmuş, yol nişanlarının tələblərinə riayət etməmiş və bu səbəbdən, X8 Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsinə əsasən 40 manat inzibati cərimə edilmişdir. "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli dəymiş zərərin hesablanmasına dair aktın surətindən görünür ki, «Toyota Camry minik» markalı **-BR-*** qeydiyyat nişanlı minik avtomobilinə qəza nəticəsində dəymiş zərər 680 manat təşkil edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 9/3703 saylı ekspert rəyindən görünür ki, nəzəri hesablama yolu ilə iş materiallarında olan 23-cü səhifədəki xx.xx.2022-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2007-ci il buraxılışlı “Toyota Camry” markalı **-BR-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 2284,00 manat (dəyişilməli hissələrin qiyməti - 1684 manat; təmir-bərpa işlərinin qiyməti - 600,00 manat) müəyyən edilmişdir. Aparılmış tədqiqatın dəyəri 50 manat təşkil etmişdir. Cavabdeh Azərbaycan Respublikasının Mərkəzi Bankı xx.xx.2024-cü il tarixdə iddia tələbinə etiraz təqdim edərək bildirmişdir ki, “İcbari sığortalar haqqında” qanunun 8.1-ci maddəsinə əsasən icbari sığorta müqaviləsi icbari sığortanın təmin edilməsi üçün sığortaçı ilə sığortalı arasında, müvafiq icbari sığorta şəhadətnaməsinin sığortalıya (müvafiq hallarda sığorta olunanlara) verilməsi yolu ilə bağlanan müqavilədir. Sığorta şirkəti xx.xx.2008-ci il tarixli müddətsiz lisenziya əsasında sığorta fəaliyyəti ilə məşğul olmuşdur. Sığorta fəaliyyəti ilə məşğul olduğu dövrdə "xxxx" ASC ilə İddiaçı arasında nəqliyyat vasitəsinin icbari sığortası haqqında müqavilə bağlanmışdır. Müqavilənin qüvvədə olduğu müddət ərzində baş vermiş sığorta hadisəsi nəticəsində nəqliyyat vasitəsinə maddi ziyan dəymişdir. Hazırda iddiaçı nəqliyyat vasitəsinin dəymiş maddi ziyanın aradan qaldırılmasına çəkdiyi xərcin ödənilməsini tələb edir. Məhkəmənin nəzərinə çatdırmaq istəyirlər ki, Sığorta şirkətinin lisenziyası könüllü müraciəti əsasında Mərkəzi Bankın xx.xx.2023-cü il tarixli 32 saylı qərarı ilə ləğv edilmişdir və hazırda sığorta şirkətinin ləğvi prosesi, o cümlədən kreditorlar və digər müştərilər qarşısında öhdəlikləri üzrə hesablaşmalar ləğvetmə komissiyası tərəfindən həyata keçirilir. “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikası Qanununun 46.4-cü maddəsinə əsasən, nəzarət subyektləri Mərkəzi Bankın öhdəlikləri üçün, Mərkəzi Bank isə nəzarət subyektlərinin öhdəlikləri üçün məsuliyyət daşımır. Qeyd olunanlara əsasən iddiaçı tərəfindən Sığorta şirkətinin lisenziyasının Mərkəzi Bank tərəfindən ləğv edilməsi əsas göstərilərək iddia tələbi üzrə nəqliyyat vasitəsinə dəymiş maddi ziyanın Mərkəzi Bankdan tutulmasının tələb olunması tamamilə əsassızdır. Qeyd edilənlərin nəzərə alınaraq iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsi xahiş olunmuşdur. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 18/0405 saylı qiymətləndirmə hesabatından görünür ki, xx.xx.2022-ci il tarixdə Şəmkir şəhərində baş vermiş yolnəqliyyat hadisəsi nəticəsində İddiaçı idarə etdiyi “Toyota Camry” markalı, **-BR-*** dövlət qeydiyyat nişanlı avtomobilin zədələnmiş hissələrinin təmir-bərpa işləri üçün 1.585 manat vəsait tələb olunur. Qiymətləndirmə xərci 300 manat təşkil etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3-cü maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. 884.1-ci maddəsinə əsasən sığorta münasibətləri sığortalının və ya sığorta olunanın əmlakı, həyatı, sağlamlığı, mülki məsuliyyəti, qanunla qadağan olunmayan fəaliyyəti, o cümlədən sahibkarlıq fəaliyyəti ilə bağlı olan əmlak mənafelərinin müdafiəsi sahəsində risklərin ötürülməsinə və ya bölüşdürülməsinə əsaslanır. 897.1-ci maddəsinə əsasən icbari sığortanın həyata keçirilməsi icbari sığorta qanunları ilə tələb olunur. 922.1-ci maddəsinə əsasən sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. 925-1.1-ci maddəsinə əsasən “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 16.2-ci maddəsinə və bu Məcəllənin 925.2-ci maddəsinə uyğun olaraq sığorta hadisəsi nəticəsində dəyən zərərin sığortaçı tərəfindən qiymətləndirilməsi, habelə miqdarı barədə tərəflər arasında razılıq əldə edilmədikdə zərərin miqdarının qiymətləndirilməsi “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbləri nəzərə alınmaqla müstəqil ekspert fəaliyyətini həyata keçirən şəxs tərəfindən aparılır. 925-1.2-ci maddəsinə əsasən müstəqil ekspert sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin təklif etdiyi üç müstəqil ekspertin sırasından seçilərək 3 (üç) iş günü ərzində sığortaçı tərəfindən təyin edilir. 925-1.3-cü maddəsinə əsasən sığortaçı bu Məcəllənin 925-1.2-ci maddəsində müəyyən edilmiş müddət ərzində müstəqil eksperti təyin etmədikdə sığortalı, sığorta olunan və ya faydalanan şəxs zərərin qiymətləndirilməsi üçün özünün seçdiyi müstəqil ekspertə müraciət etmək hüququna malikdir. 925-1.4-cü maddəsinə əsasən müvafiq hallarda sığortalı, sığorta olunan və ya faydalanan şəxs bu Məcəllənin 925-1.2-ci maddəsinə uyğun olaraq zərərin müstəqil ekspert tərəfindən qiymətləndirilməsinin nəticələrini qəbul etmədikdə həmin maddədə nəzərdə tutulmuş qaydada zərərin təkrar qiymətləndirilməsini tələb edə bilər. 925-1.5-ci maddəsinə əsasən müstəqil ekspert zərərin qiymətləndirilməsinin nəticələrini sığortaçıya, həmçinin müvafiq hallarda sığortalıya, sığorta olunana və ya faydalanan şəxsə təqdim etməlidir. 933.1-ci maddəsinə əsasən sığorta ödənişi aşağıdakılardan hər birinin mövcud olduğu halda həyata keçirilir: 933.1.1. sığorta hadisəsi baş verdikdə, sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin sığortaçıya ünvanladığı sığorta tələbi; 933.1.2. sığorta hadisəsi hesab edilə bilən hadisə ilə bağlı hər hansı dövlət orqanına məlumat verilməlidirsə, həmin orqanın hadisə barədə təqdim etdiyi müvafiq sənəd; 933.1.3. icbari sığorta qanunlarında və müvafiq sığorta qaydalarında nəzərdə tutulan, sığorta ödənişinin verilməsi üçün tələb olunan digər sənədlər. 934.1-ci maddəsinə əsasən bu Məcəllənin 933.1-ci maddəsində nəzərdə tutulan sənədlərdən sonuncusunun (bu Məcəllənin 933.3-cü maddəsi nəzərə alınmaqla) sığortaçıya daxil olduğu tarixdən 7 iş günündən gec olmayaraq sığortaçı sığorta ödənişini verməli, yaxud sığortalıya, sığorta olunana və ya faydalanan şəxsə sığorta ödənişinin verilməsindən imtina haqqında yazılı şəkildə əsaslandırılmış bildiriş təqdim etməlidir. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. «İcbari sığortalar haqqında» Qanunun: 16.2-ci maddəsinə əsasən sığortaçı sığorta hadisəsi nəticəsində dəymiş zərərin məbləğini bilavasitə özü və ya “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbini nəzərə almaqla təyin etdiyi sığorta sahəsində yardımçı fəaliyyət göstərən müvafiq şəxs vasitəsilə müəyyən edir. Zərərin sığortaçı tərəfindən müəyyən edilmiş həcmi barədə tərəflər arasında razılıq əldə edilmədikdə, zərərin miqdarının qiymətləndirilməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 925-1ci maddəsinə uyğun olaraq bu Qanunun 34-1-ci maddəsində nəzərdə tutulmuş informasiya sistemi üzərindən təyin olunan müstəqil ekspert tərəfindən aparılır. 16.3-cü maddəsinə əsasən sığortalı və ya sığorta olunan zərər məbləğinin sığortaçı tərəfindən və ya onun razılığı ilə bu Qanunun 16.4-cü maddəsində nəzərdə tutulmuş müddətdə qiymətləndirilməsinin başladığı anadək Azərbaycan Respublikası Mülki Məcəlləsinin 925.5-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, zərər dəymiş əmlakı sığorta hadisəsindən dərhal sonrakı vəziyyətində saxlamadıqda və ya dəymiş zərərin qiymətləndirilməsi üçün şərait yaratmadıqda, zərərin sığortaçı tərəfindən müvafiq şəkildə qiymətləndirilməsinin nəticələrini qəbul etməlidir. 16.4-cü maddəsinə əsasən sığortaçı sığorta hadisəsinin baş verməsi barədə məlumatlandırıldığı tarixdən 7 iş günü müddətində əmlaka dəymiş zərərin məbləğinin qiymətləndirilməsini təşkil etmədikdə sığortalı və sığorta olunan, həmçinin zərər çəkmiş üçüncü şəxs təyin etdiyi qiymətləndirmə fəaliyyəti ilə məşğul olan müstəqil ekspert və ya mütəxəssis vasitəsilə əmlaka dəymiş zərərin ədalətli şəkildə qiymətləndirilməsinə və aradan qaldırılmasına başlaya bilər. Bu halda əgər sığortaçı əmlaka dəymiş zərərin vaxtında qiymətləndirilməməsini əmlak sahibinin ölümü və ya xəstəliyi, həmçinin sığortalının, sığorta olunanın və ya zərər çəkmiş üçüncü şəxsin əmlakın qiymətləndirilməsi üçün şərait yaratmaması nəticəsində baş verdiyini sübut edə bilməsə, o, zərər çəkmiş üçüncü şəxs tərəfindən bu maddədə nəzərdə tutulmuş qaydada həyata keçirilmiş qiymətləndirmənin nəticələrini qəbul etməlidir. Bu maddədə müəyyən edilmiş zərərin qiymətləndirilməsinə çəkilən xərclər sığortaçı tərəfindən ödənilir. 18.1-ci maddəsinə əsasən Qanunun 17.1-ci maddəsində göstərilən sənədlərdən sonuncusunun sığortaçıya təqdim edildiyi və (və ya) alındığı tarixdən 7 iş günündən gec olmayaraq sığortaçı sığorta ödənişini verməli, müvafiq hallarda zərərin qiymətləndirilməsi, əmlakın təmiri, bərpası və ya yenisi ilə əvəz edilməsi üçün yazılı qaydada təsdiqlənən tədbir görməli, yaxud sığortalıya, sığorta olunana və ya faydalanan şəxsə sığorta ödənişinin verilməsindən imtina haqqında yazılı şəkildə əsaslandırılmış bildiriş verməlidir. 52–1.1-ci maddəsinə əsasən aşağıdakı şərtlərin hər birinin mövcud olduğu halda yol-nəqliyyat hadisəsində zərərçəkən zərərin əvəzinin ödənilməsini onun idarə etdiyi avtonəqliyyat vasitəsilə bağlı mülki məsuliyyətini icbari formada sığortalamış sığortaçıdan tələb edir: 52–1.1.1. zərər yalnız hadisədə iştirak edən avtonəqliyyat vasitələrinə (birinə və ya hər ikisinə) dəydikdə; 52–1.1.2. yol-nəqliyyat hadisəsində hər biri ilə bağlı bu Fəsildə nəzərdə tutulmuş mülki məsuliyyətin icbari sığorta müqaviləsi qüvvədə olan iki avtonəqliyyat vasitəsi iştirak etdikdə. 52–1.2-ci maddəsinə əsasən zərərçəkənin bu Qanunun 52–1.1-ci maddəsində nəzərdə tutulmuş qaydada tələb irəli sürməsi onu zərərvurana qarşı zərərin sığorta məbləğindən artıq hissəsinin ödənilməsi tələbi ilə çıxış etmək hüququndan məhrum etmir. 52–1.3-cü maddəsinə əsasən yol-nəqliyyat hadisəsində zərərçəkənin idarə etdiyi avtonəqliyyat vasitəsinə dəyən zərərin həmin avtonəqliyyat vasitəsilə bağlı mülki məsuliyyəti icbari formada sığortalamış sığortaçı tərəfindən ödənilməsi zamanı həmin sığortaçı ilə zərərvuranın mülki məsuliyyətinə görə öhdəlik daşıyan sığortaçı arasında qarşılıqlı ödəmələrin tənzimlənməsinə dair qaydalar Mərkəzi Bank tərəfindən müəyyən edilir. 56.1-ci maddəsinə əsasə üçüncü şəxsə dəyə bilən zərərə görə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasına dair standart və sərhəd sığorta müqavilələri üzrə sığorta məbləğləri aşağıdakı kimi müəyyən edilir: 56.1.1. fiziki şəxslərin sağlamlığına dəyən zərərə görə sığorta məbləği bir hadisə üzrə 50.000 manatdan çox olmamaq şərtilə, bir fiziki şəxsin sağlamlığına dəyən zərər üzrə 5000 manat; 56.1.2. üçüncü şəxslərin əmlakına dəyən zərər üzrə 5000 manat. “Azərbaycan Respublikasının Mərkəzi Bankı” haqqında Azərbaycan Respublikası qanununun: 46.1-ci maddəsinə əsasən Mərkəzi Bank maliyyə bazarlarının fəaliyyətinin sabitliyi və dayanıqlığını təmin etmək məqsədilə banklar, bank olmayan kredit təşkilatları, sığorta bazarının peşəkar iştirakçıları, investisiya şirkətləri və qiymətli kağızlar bazarında digər lisenziyalaşdırılan şəxslər, investisiya fondları, investisiya fondunun idarəçiləri, ödəniş təşkilatları, elektron pul təşkilatları, ödəniş sistemləri operatorları, klirinq (prosessinq) fəaliyyətini həyata keçirən şəxslər, kredit büroları və maliyyə bazarlarını tənzimləyən qanunlarla Mərkəzi Bankın nəzarət etdiyi subyektlər kimi müəyyən edilən digər şəxslərin (nəzarət subyektlərinin) fəaliyyətinin lisenziyalaşdırılmasını, tənzimlənməsini və fəaliyyətləri üzərində nəzarəti həyata keçirir. 46.3-cü maddəsinə əsasən Mərkəzi Bank maliyyə bazarlarını tənzimləyən qanunlarla əhatə olunan sahələr, habelə istehlakçıların və investorların hüquqlarının qorunmasından irəli gələn hallar istisna olmaqla, nəzarət subyektlərinin cari fəaliyyətinə qarışmır. 46.4-cü maddəsinə əsasən nəzarət subyektləri Mərkəzi Bankın öhdəlikləri üçün, Mərkəzi Bank isə nəzarət subyektlərinin öhdəlikləri üçün məsuliyyət daşımır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı idarə etdiyi avtomobil digər sürücü X5 idarə etdiyi avtomobillə törətdiyi yol nəqliyyat hadisəsi nəticəsində zərər çəkmişdir. Yol nəqliyyat hadisəsinin baş verməsində təqsirli şəxs X8 müəyyən edilmiş və həmin şəxsin məsuliyyəti icbari sığorta qanunvericiliyinə əsasən iş üzrə cavabdeh LPO "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən sığortalanmışdır. Hazırda iddiaçı onun avtomobilinə dəymiş zərərin sığorta şirkətinin müstəqil qiymətləndiricinin qiymətləndirməsinə əsasən düzgün müəyyən edilmədiyini və onun avtomobilinə dəymiş zərərin həcminin rəsmi servisdə qiymətləndirilməsini əsas gətirməklə ona dəymiş zərərə görə 4.604 manat məbləğində pulun icbari sığortanı həyata keçirən sığorta şirkətindən və həmin sığorta şirkətinə maliyyə nəzarətini həyata keçirən Mərkəzi Bankdan onun xeyrinə tutulmasını tələb edir. Məhkəmə tərəfindən təyin edilmiş ilkin məhkəmə-əmtəəşünaslıq və məhkəmə avtomobil-texniki ekspertizasının rəyi ilə iddiaçı razı olmadığından məhkəmə tərəfindən qeyd edilən mübahisə ilə bağlı əlavə rəy verilməsi qiymətləndirmə fəaliyyətini həyata keçirən özəl qiymətləndiriciyə həvalə edilmiş və həmin ekspert qarşısında iddiaçının avtomobilinə dəymiş zərərlə bağlı qiymətləndirmə aparmışdır. Lakin məhkəmə vurğulayır ki, ilkin ekspert rəyində iddiaçıya vurulmuş zərərin məbləği hesablanarkən iddiaçının təqdim etdiyi təhvil-təslim aktında göstərilən ehtiyat hissələri və görülməli işlərin siyahısı tam şəkildə öz əksini tapmış və ekspert dəymiş ziyanı 2.284 manat qiymətləndirmişdir. Belə ki, iddiaçının təqdim etdiyi təhvil-təslim aktında görülmüş işlər: mühərrikin demontajı, montajı, dəmirçi işi, rəngsaz işi və PowerSteering, LLCEL Premix, Brake Fluid 11 ehtiyat orijinal ehtiyat hissələrinə dair ödəniş öz əksini tapmışdır. İddiaçının dəlilərinə əsasən o, 2.700 manat məbləğində xərci məhz bu təhviltəslim aktında göstərilən təmir-bərpa işlərinə görə ödəmiş, bundan əlavə isə avtomobilin ehtiyat hissələrinə görə də əlavə 1.784 manat xərci tələb edir. Məhkəmə bir məqamı qeyd edir ki, iddiaçının ehtiyat hissələrinə tələb edilən xərcə görə 1.784 manat pul tələbi ilkin ekspert rəyində müəyyən edilmiş 1684 manat məbləğə yaxın məbləğ olduğundan məhkəmə bu hissədə tələbi əsaslı hesab edir. Həmçinin ilkin ekspert rəyində görülməli işlərə görə xərc 600 manat və əlavə ekspert rəyində görülməli işlərin məbləği 870 manat qeyd edilmişdir. Lakin əlavə ekspert rəyində ehtiyat hissələrinin məbləği ilkin ekspert rəyində müəyyən edilmiş 1.684 manat məbləğdən təxminən 2 dəfə aşağı göstərilmişdir. Bir məqamı da qeyd etmək lazımdır ki, iddiaçının təqdim etdiyi ödəniş qəbzində dəmirçi işinin miqdarının 3 və rəngsaz işinin miqdarının isə 4 sayda göstərilməsinin açıqlanması mövcud deyildir. Məhkəmə təqdim edilmiş sübutları, ilkin və əlavə ekspert rəyini təhlil edərək bu qənaətə gəlir ki, avtomobilin bərpası məqsədilə zədələnmiş ehtiyat hissələrinin və görüləcək əl işlərinin məbləği ilkin ekspert rəyində müəyyən edilmiş məbləğlər əsas götürülməklə müəyyən edilməlidir. Həmçinin məhkəmə qeyd edir ki, iddia tələbi yalnız icbari sığortanı həyata keçirən cavabdeh LPO "xxxx" ASC-yə münasibətdə əsaslı hesab edilməlidir. Müəyyən edildiyi kimi cavabdeh LPO "xxxx" ASC-nin ləğvedicisi funksiyalarını hüquqi şəxsin ümumi yığıncağında yaradılmış ləğvetmə komissiyası həyata keçirir. Bu baxımdan hüquqi şəxsin prosessual hüquqları özü tərəfindən həyata keçirildiyindən tələb də ona münasibətdə əsaslı hesab edilməlidir. Lakin məhkəmə qeyd edir ki, Mərkəzi Bank yalnız nəzarət subyektlərinin lisenziyalaşdırılmasını, tənzimlənməsini və fəaliyyətləri üzərində nəzarəti həyata keçirdiyindən sığorta şirkətinin öz fəalliyətindən irəli gələn öhdəliklərinə görə Mərkəzi Bank üzərinə hər hansı öhdəlik qoyula bilməz. Beləliklə məhkəmənin gəldiyi qənaətə görə cavabdeh LPO "xxxx" ASC-dən iddiaçıya vurulmuş zərərə görə 2.284 manat pul vəsaiti tutularaq ödənilməlidir. İddia tələbinin təmin edilmiş hissəsinə uyğun olaraq ödənilmiş dövlət rüsumunun 42,84 manat hissəsi cavabdeh LPO "xxxx" Açıq Səhmdar Cəmiyyətindən tutularaq İddiaçı ödənilməlidir. Dövlət rüsumunun qalan hissəsi iddiaçıya aid edilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Aparılmış ekspertiza tədqiqatlarına görə 300 manat xərc cavabdeh LPO "xxxx" Açıq Səhmdar Cəmiyyətindən tutularaq "xxxx" MMC-nin xeyrinə, 50 manat xərc isə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesaba ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. İddiaçı avtomobilinə vurulmuş maddi ziyana görə 2.284 (iki min iki yüz səksən dörd) manat cavabdeh LPO "xxxx" Açıq Səhmdar Cəmiyyətindən tutularaq iddiaçı X2 ödənilsin. İddia tələbinin təmin edilmiş hissəsinə uyğun olaraq ödənilmiş dövlət rüsumunun 42,84 (qırx iki manat, səksən dörd qəpik) manat hissəsi cavabdeh LPO "xxxx" Açıq Səhmdar Cəmiyyətindən tutularaq İddiaçı ödənilsin. Dövlət rüsumunun qalan hissəsi iddiaçıya aid edilsin. İddia qalan hissədə təmin edilməsin. Aparılmış ekspertiza tədqiqatlarına görə cavabdeh LPO "xxxx" Açıq Səhmdar Cəmiyyətindən 300 (üç yüz) manat xərc tutularaq "xxxx" MMC-nin təqdim etdiyi hesaba ("xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti, VÖEN: ********** H/h: № AZ33İBAZ******************** "xxxx" ASC Yasamal filialı Kodu: 805562 VÖEN: ********** Müxbir hesab: AZ03NABZ******************** S.W.İ.F.T BİK: İBAZAZ2X) və 50 (əlli) manat xərc tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesaba (Dövlət xəzinədarlığı Agentliyi, Kod: 21005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ********************, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN: **********, hesab: AZ34CTRE********************) ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüsalə Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar