Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-1777/2024 27.06.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Əfsanə Elbrus qızının sədrliyi, məhkəmə iclasının katibi Qiyasova Səbinə Ağacan qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı (X1 üçüncü şəxs qismində cəlb edilməklə) "icarə müqaviləsi üzrə öhdəliklərin icrasının təmini, cavabdehə əmlakdan istifadə və sahiblik hüququndan məhrumetmənin qadağan edilməsi tələbinə dair" iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı "icarə müqaviləsi üzrə öhdəliklərin icrasının təmini, cavabdehə əmlakdan istifadə və sahiblik hüququndan məhrumetmənin qadağan edilməsi tələbinə dair" " iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2023-cü il tarixli icarə müqaviləsi üzrə öhdəliklərin icrasının təmini barədə öhdəliklərin cavabdehin üzərinə qoyulması, Bakı şəhəri, Nəsimi rayonu, Keykab xanım Səfərəliyeva 12 ünvanında yerləşən, ümumi sahəsi 266 kv/m olan qeyri-yaşayış sahəsindən istifadə və sahiblik hüququndan məhrumetmənin cavabdehə qadağan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, onunla Cavabdeh arasında bağlanılan xx.xx.2023-cü il tarixli icarə müqaviləsinə əsasən o özünə məxsus Bakı şəhəri, Nəsimi rayonu, Keykab xanım Səfərəliyeva 12 ünvanında yerləşən, ümumi sahəsi 266 kv/m olan qeyri-yaşayış sahəsinini aylıq 3.000 manat ödəməyi qarşılığında ona 10 il müddətinə, yəni xx.xx.2033-cü il tarixədən icarəyə vermişdir. Müqavilə rəsmi olaraq Cavabdeh adına bağlanılsa da, həmin vaxt onu etibarnamə əsasında təmsil edən şəxslə - Araz Hüseynov və onun qardaşı, cavabdehin oğlu Anar Hüseynovla bütün razılaşmalar aparılmışdır. O, cəmi 1 ay ödənişini edə bilməmiş və icarəyə verəndən möhlət istəmişdir. O isə ona qarşı zor tətbiq etməklə obyektdən çıxarmış və onu mülkiyyət üzərində qanuni sahibliyindən məhrum etmişdir. Aşağıdaklara əsasən hesab edir ki, icarə müqaviləsi üzrə öhdəliklərin icrasının təmini barədə öhdəliklərin cavabdehin üzərinə qoyulması, əmlakdan istifadə və sahiblik hüququndan məhrumetmənin cavabdehə qadağan edilməsi barədə qətnamə qəbul edilməlidir. Qarşı tərəfin təklifi ilə vergiyə tutulmaların az olması məqsədi ilə şifahi olaraq aylıq 8000 manata razılığa gəlsək də, icarə müqaviləsində aylıq 3000 manat qeyd edilmiş və biz yuxarıda göstərilən müqaviləni bağlamışlar. Lakin sonradan işinin zəifləməsi səbəbindən ödənişi etməkdə çətinlik çəkmiş və cəmi 1 ay ödənişi edə bilməmişdir. Bunu qarşı tərəfə bildirərək ona 1 ay möhlət verilməsini xahiş etmişdir. Anar isə ondan əşyalarını yığaraq obyekti tərk etməyini tələb etmişdi. Əks halda gəlib qolundan tutaraq onu məcbur çıxaracağını bildirmişdi. O, da ondan xahiş etdi ki, ona bir neçə ay möhlət versin, yavaşyavaş götürdüyü işləri tamamlayaraq obyektdən çıxıb, ola bilsin sonradan işləri düzələr ümumiyyətlə obyektdən çıxmaq məcburiyyətində qalmaz. Bunun üçün xx.xx.2023-cü il tarixdə əşylarının bir qismini çıxarmaq istəyirdi. Bu zaman Araz və Anar adlı şəxslər ora gəldi və onun ümumiyyətlə obyektdən çıxmağını tələb etdi və hətta ona qarşı zor tətbiq etməkdən belə çəkinmədi. Hazırda göstərilən qanunsuz hərəkətləri ilə bağlı Bakı şəhəri Nəsimi rayon polis idarəsində araşdırma aparılır. O, isə ona obyektdən çıxmaq istəmədiyini, sifarişlərinin olduğunu bildirmişdi. O dediklərinə əhəmiyyət verməmiş və onu çölə ataraq, qapının açarını dəyişdirdi və onu əmlak üzərində olan qanuni sahiblik hüququndan məhrum etmişdi. Göründüyü kimi, cavabdeh yalnız onda müqaviləni ləğv edə və onun obeyktədən çıxmağını tələb edə bilər ki, o, iki ay icarə haqqını ödəməmiş olsun. İndiki halda isə o, cəmi bircə ay ödənişi etməmişdir. Bununla bərabər hətta o iki aydan çox ödəməmiş olsaydı belə, ona bildiriş təqdim etməli və qanunvercilikdə nəzərdə tutulmuş prosedurları yerinə yetirməliydi ki, müqavilənin ləğvini tələb edə bilsin. İndiki halda isə ona hər hansı bildiriş təqdim etməmişdir. Beləliklə, göründüyü kimi faktiki halda cavabdeh ona icarə obeykti üzərində olan sahiblik hüququndan qanunsuz məhrum edir və əmlakdan istfadə etməyinə qanunsuz məhdudiyyətlər yaradır. Göründüyü kimi, icarə müqaviləsi daşınmaz əmlak üzərində sərəncam hüququnun realizəsi hesab olunmaqla mütləq notariat qaydada təsdiq edilməlidir. Şübhəsizdir ki, qanunvercilik daşınmaz əmlakın mülki hüquq münasibətləri üzrə əhəmiyyətli obyekt olması səbəbindən qeyd edilən impertiv tələbi müəyyən etmişdir və bu belə mühüm məsələdə yarana biləcək mübahisələrin önlənməsi məqsədi ilə edilmişdir. Bu məsələlərdən ən mühümü isə şübhəsizdir ki, müqavilənin qiymətidir və mübahisələr çox halda məhz buna görə yarana bilər. Qeyd edilənlərə əsasən qəbul edilməlidir ki, müqavilənin qiyməti bilavasitə müqavilənin tərkib hissəsi hesab olunur. Onda şübhəsizdir ki, qiymət barədə müqavilənin notariat qaydasında təsdiq edilməməsi həmin hissədə müqavilənin etibarsız sayılması kimi qiymətləndirilməlidir. Belə olan halda qəbul edilməlidir ki, faktiki halda tərəfimdən cavabdehə yalnız 3000 manat ödənilməli idi və onun öhdəliyi bu həddə məhdudlaşır. Artıq ödədikləri ilə qarşı tərəf əsassız varlanmışdır ki, bu ödənişlərlə də o, əslində öhdəliyini vaxtından əvvəl icra etmiş sayılmalıdır. Göstərilənlərdən belə bir nəticə hasil olur ki, cavabdeh hər hansı hüquqi əsas olmadan müqavilə üzrə öhdəliyinin icrasından yayınmış, onu icarə obyekti üzərində olan qanuni sahiblik və istifadə hüquqlarından məhrum etmişdir. Cavabdeh vəkili Vəkil2 "icarə müqaviləsi üzrə öhdəliklərin icrasının təmini, cavabdehə əmlakdan istifadə və sahiblik hüququndan məhrumetmənin qadağan edilməsi tələbinə dair" iddia ərizəsinə etiraz ilə məhkəməyə müraciət etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, ilkin olaraq bildirir ki, ərizədə yazılanlar həqiqəti əks etdirmir. Belə ki, iddiaçı qeyri-yaşayış sahəsinin onun icarəsində olduğu 1 il müddət ərzində cəmi 6 ay icarə haqqı ödəmişdir. İlk 3 ayın icarə haqqı aralarında olan razılaşmaya əsasən, gələcəkdə mağazada olan əşyaların orada qalması şərtilə, əşyaların əvəzində ondan alınmamışdır. Daha sonrakı 6 ay ərzində icarə haqqı gecikdirmələrlə, hissə-hissə olmaqla ödənilmişdir. Bunu onların arasında olan Whatsap telefon proqramı vasitəsilə aparılmış yazışmalar da təsdiq edir. Son 3 (üç) ayın icarə haqqı isə tamamilə ödənilməmişdir. Bundan əlavə, əşyaların bir qismini çıxarmaq istədiyini qeyd etsə də, fəaliyyəti ilə bağlı (gəlinlik paltarlarının satışı və kirayəsi) ilə əlaqədar olan bütün əşyaları və geyimləri mağazadan çıxarmışdır. Həmçinin, mağazaya bağlı olan kod Vergi Xidmətləri İdarəsinə iddiaçının şəxsən təqdim etdiyi ərizə əsasında ləğv olunmuşdur. İddiaçının günahi ucbatından-yığılmış icarə haqqını ödəməməsi səbəbindən, eləcə də qeyri-yaşayış sahəsi uzun müddət bağlı qalması səbəbindən yeganə dolanışıq yeri icarə haqqı olan Cavabdeh xeyli miqdarda maddi ziyan dəymişdir. Yuxarıda göstərilənlərə əsasən iddia ərizəsinin rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra İddiaçı nümayəndəsi və vəkili Vəkil1 cavabdehin mövqeyinə etiraz ilə məhkəməyə müraciət etmişdir. Cavabdehin mövqeyinə etiraz onunla əsaslandırılmışdır ki, aşağıdakılara əsasən hesab edir ki, qarşı tərəfin etirazda göstərdiyi, habelə iclas zamanı səsləndirdiyi fikirlər tamamilə yanlışdır və həqiqəti əks etdirmir. Cavabdeh bildirir ki, İddiaçı ona 3 aylıq borcu olmuşdur. Cavabdehin məhkəməyə təqdim etmiş olduğu "WhatsApp" sosial şəbəkəsində İddiaçı rəfiqəsi Lalə Məcidova ilə aparıldığını iddia etdiyi yazışmada Anar Hüseynov sonuncu xx.xx.2023-cü il tarixdəki mesajda özü etiraf etmişdir ki, cəmi 1(bir) ayın ödənişi ona ödənilməmişdir. Yəni, həmin ay üçün İddiaçı 1 aya uyğun vəsaiti ona borclu olmuşdur. İddiaçı həmin obyektdən dekabr ayında məcburi qaydada çıxarıldığını nəzərə alsaq deyə bilərik ki, nəticədə onun borcu 3 ay deyil, maksimum 2 aya görə ola bilərdi. Bu qeyd olunanlar qarşı tərəfin etirafidır, İddiaçı ümumiyyətlə cəmi bircə aylıq ödənişi ödəyə bilmədiyini bildirir. Bu isə icarə müqaviləsinin birtərəfli xitamı əsası kimi çıxış edə bilməz. Bundan başqa iddia ərizəsində də qeyd edildiyi kimi, iddiaçı müqavilə üzrə cavabdehə hər ay cəmi 3.000 manat ödəmə öhdəliyi olsa da, o hər ay 8.000 manat ödəmişdir ki, bu da ikidən artıq ayın ödənişi hesab edilir. Nəzərə alsaq ki, icarə müqaviləsi, yəni daşınmaz əmlakla bağlı əqdlər şifahi bağlana bilməz və bağlanması əqdin etibarıslığına səbəb olur, onda demək mümkündür ki, iddiaçı hesablamalara əsasən öhdəliyini hətta vaxtından əvvəl icra etmişdir. Cavabdeh güya İddiaçı könüllü olaraq obyekti tərk etmək istədiyini bildirmiş və sonuncunun Vergi Orqanına ünvanladığı məktubu dediklərinin təsdiqi kimi göstərmişdir. Halbuki, yuxarıdakı sosial şəbəkə üzərində aparılan yazışmada, hansıki bunu cavabdeh tərəfi sübut kimi məhkəməyə təqdim etmişdir, cavabdehin özünun əgər ödənişi etməyəcəyi halda obyekti tərk etməsini tələb kimi qoyduğunu görmək mümkündür. Başqa sözlə desək, cavabdeh özü İddiaçı cəmi 1 ay ödənişi etmədiyinə görə obyekti tərk etməsini istəmişdir. Bu halda necə könüllü çıxmadan söhbət gedə bilər? Bundan başqa Vergi Xidmətinə İddiaçı tərəfindən məktub 2024-cü ilin fevral ayında cavabdehin zorla obyektdən çıxarılmasından, yəni obyektin işini dayandırmasından 2 ay sonra yazılması onu göstərir ki, İddiaçı həmin obyektdə fəaliyyətini davam etdirmək niyyətində olmuş, sadəcə zorla obyektdən çıxarıldığı üçün hüquqi yollarla oraya qayıtmaq istəmiş, lakin bunun uzun vaxt alacağını, həmin vaxtda "icarə haqqından vergi" ödəməli olmasını nəzərə alaraq göstərilən məktubu yazmışdır. Bu isə onun oyektdən çıxma niyyətini deyil, əksinə fəaliyyətini davam etdirmə niyyətinin olmasının təsdiqi hesab olunmalıdır. Bundan başqa mütləq nəzərə alınmalıdır ki, qanunverciliyə və tərəflərin razılaşmasına əsasən cavabdeh icarəçini obektdən yalnız müvafiq hərəkətləri etdikdən sonra çıxara bilərdi. Faktiki halda o, hüquqi olaraq hər hansı müraciəti (bildiriş və.s) iddiaçıya təqdim etməmişdir ki, bu da müqavilənin hüquqi olaraq qüvvədə olduğunu və K. Vəliyevanın müqavilə üzrə öhdəliklərin icrasını qarşı tərəfdən tələb etmək hüququnun olduğunu göstərir. Odur ki, göstərilən etirazın məhkəmə tərəfindən nəzərə alınmasını xahiş edir. Əvvəlki məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdi. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdi. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, mülki işin materiallarında olan 09 mart 2023-cü il tarixli icarə müqaviləsindən görünür ki, Cavabdeh (nümayəndəsi X3 vasitəsi ilə) ilə İddiaçı arasında Bakı şəhəri, Nəsimi rayonu, Keykab xanım Səfərəliyeva 12 ünvanında yerləşən, ümumi sahəsi 266 kv/m olan qeyri-yaşayış sahəsinin icarəyə verilməsi barədə icarə müqaviləsinin 4-cü bəndində məbləğinin aylıq 3.000 manat təşkil edəcəyi qeyd olunmuşdur. Həmin icarə müqaviləsindən görünür ki, - icarə müddəti xx.xx.2033 il tarixədək müəyyən edilir və onun bitməsinə 1 (bir) ay qalmış tərəflər həmin müqavilənin pozulmasına dair heç bir təklif irəli sürməzlərsə icarə müddəti daha 1(bir) il müddətinə uzadılmış hesab edilir. - icarəyə verilən sahənin istifadəsinə görə: "İcarəyə götürən" VƏLİYEVA KƏMA İSA QİZİ "İcarəyə verən" Cavabdeh QİZİ aylıq 3000 manat 00 qəpik (üç min manat sıfır qəpik) icarə haqqı ödəyir; - Fors-major hadisəsindən sığortalanma "İcarəçi"(lər)-in vəzifəsidir. - "İcarəçi" icarəyə götürdüyü əmlakı ikinci əldən icarəyə verə bilməz. - Müqavilənin ləğv edilməsi tərəflərin bir ay qabaqdan yazılı ərizəsinə müvafiq olaraq həyata keçirilir. - "İcarəçi"lər "İcarəyə verən"(lər)-in razılığı olmadan icarəyə götürülən sahədə təmirtikintişləri apara bilməz. - Tərəflərin razılığına əsasən "İcarəçi"(lər) hər ay aylıq icarə haqqından qanunla müəyyən edilmiş məbləğdə vergi ödəyir. - İcarə obyektində texniki təhlükəsizlik qaydalarına əməl olunması vəzifələri "İcarəçi" tərəfindən həyata keçirilir. - Kommunal xidmətlərdən (elektrik, qaz, su, islik, kanalizasiya və telefon abunə) istifadə edilməsinə görə haqqlar, habelə şəhərlərarası və ödənişli telefon danışıqları haqqı, o cümlədən əlavə vergi haqqları "icarəçi"(lər) tərəfindən ödənilir. - Həmin müqavilə dörd nüsxədən ibarət Azərbaycan dilində tərtib edildi. Onlardan biri notariat ofisində saxlanılır, digər nüsxələri isə tərəflərə verilir. Mülki işin materiallarında olan xx.xx.2024-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi” barədə qərardan görünür ki, toplanmış material üzrə qərarın təsviri hissəsində göstərilənlərə əsasən Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən toplanmış material üzrə cinayət işi başlanması rədd edilməsi, qərarın təsviri hissəsində göstərilənlərə əsasən, X4 Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması məqsədi ilə qəbul edilmiş qərar icra olunması üçün Nəsimi RPİ-nin 22-ci Polis şöbəsinin aidiyyəti əməkdaşına həvalə edilməsi, qərarın təsviri hissəsində göstərilənlərə əsasən, tərəflər arasında bağlanmış icarə müqaviləsinin ləğvi və icarə haqqının ödənilməsi ilə bağlı mübahisə mülki xarakter daşıdığından mülki qaydada məhkəməyə müraciət etmək hüququ izah edilməsi qərara alınmışdır. Mülki işin materiallarında olan vergi ödəyicisinin filialının, nümayəndəliyinin və digər təsərrüfat subyektinin (obyektinin) uçotdan çıxarılması barədə məktubdan görünür ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X2 üzrə Baş İdarəsi bildirir ki, xx.xx.2024 tarixli ərizənizə əsasən onlara məxsus olan **********-14001 kodlu təsərrüfat subyekti (obyekti) qeydiyyatdan çıxarılmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.2-ci maddəsinə əsasən sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Eyni Məcəllənin 152.3-cü maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Eyni Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 700-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. İcarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. Əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. Eyni Məcəllənin 685.1-ci maddəsinə əsasən əgər kirayəçi və ya onun kirayəyə götürdüyü əşyanı istifadəyə verdiyi hər hansı digər şəxs kirayəyə verənin xəbərdarlığına baxmayaraq müqaviləyə uyğun olmayan və kirayəyə verənin hüquqlarını əhəmiyyətli dərəcədə pozan istifadəni davam etdirirsə, o cümlədən əşyanı üçüncü şəxsin qeyri-hüquqi istifadəsində saxlayırsa və ya təhlükəyə məruz qoyursa, bununla da özünün vicdanlı kirayəçi vəzifələrini pozursa, kirayəyə verən kirayə müqaviləsini xəbərdarlıq müddətini gözləmədən ləğv edə bilər. Kirayəçi müqavilənin ləğvinə dair bildiriş vermək əvəzinə neqator iddiası da irəli sürə bilər. Həmin Məcəllənin 685.2-ci maddəsinə əsasən kirayəyə verən xəbərdarlıq müddətini gözləmədən kirayə müqaviləsini aşağıdakı hallarda ləğv edə bilər: kirayəçi iki ardıcıl müddət üçün kirayə haqqının və ya onun xeyli hissəsinin ödənilməsini gecikdirdikdə; ikidən çox müddət üçün iki aylıq əmlak kirayəsi haqqının məbləğinə çatan məbləğdə əmlak kirayəsi haqqının ödənilməsini gecikdirdikdə. Eyni Məcəllənin 685.3-cü maddəsinə əsasən bu Məcəllənin 685.2-ci maddəsinə uyğun olaraq müqavilə ləğv edilənədək kirayəyə verən təmin edilərsə, müqavilənin ləğvi istisna edilir. Əgər kirayəçi qarşılıqlı əvəzləşdirmə çərçivəsində öz borcundan azad edilərsə və müqavilənin ləğvi bəyan edildikdən dərhal sonra borcunun ləğvini elan edərsə, müqavilənin ləğvi etibarsız olur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 690-cı maddəsinə əsasən əmlak kirayəsi müqaviləsinin ləğvinə dair bildiriş yazılı formada verilməlidir. Əmlak kirayəsi müqaviləsinin ləğvinə dair bildirişdə müqavilənin ləğvi üçün əsaslar göstərilməlidir. Yaşayış otağını kirayəyə verən bu Məcəllənin 696-cı maddəsinə uyğun etirazvermə imkanını, habelə etirazın verilməsi formasını və müddətini kirayəçiyə vaxtında göstərməlidir. Məhkəmə iddiaçının iddia tələbinin dəlili ilə razılaşmır. Belə ki, iddiaçı “icarə müqaviləsi üzrə öhdəliklərin icrasının təmini, cavabdehə əmlakdan istifadə və sahiblik hüququndan məhrumetmənin qadağan edilməsi” tələbinin əsaslığı ilə bağlı iki məqamı vurğulamışdır. Birincisi iddiaçı bildirir ki, işinin zəifləməsi səbəbindən ödənişi etməkdə çətinlik çəkmiş və bunu qarşı tərəfə bildirərək ona 1 ay möhlət verilməsini xahiş etmişdir. Anar isə ondan əşyalarını yığaraq obyekti tərk etməyini tələb etmişdir. İddiaçı xahiş etmişdir ki, ona bir neçə ay möhlət verilsin, yavaş-yavaş götürdüyü işləri tamamlayaraq obyektdən çıxsın və ya ümumiyyətlə ola bilsin sonradan işləri düzəldərək obyektdən çıxmaq məcburiyyətində qalmaz. İddiaçı obyektdən çıxmaq istəmədiyini, sifarişlərinin olduğunu bildirmişdi. Lakin onun dediklərinə əhəmiyyət verilməmiş və onu çölə ataraq, qapının açarı dəyişdirilmiş və o, əmlak üzərində olan qanuni sahiblik hüququndan məhrum etmişdi. Bununla bağlı məhkəmə ilk olaraq onu qeyd edir ki, İddiaçı iddia ərizəsində obyektdən çıxmaq istəmədiyini, sifarişlərinin olduğunu, lakin onun dediklərinə əhəmiyyət verilmədiyini və onu çölə ataraq, qapının açarı dəyişdirildiyini, onun zorla obyektdən çıxarılaraq, üzərində olan qanuni sahiblik hüququndan məhrum edildiyini bildirsə də, mülki işin materiallarında olan xx.xx.2024-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi” barədə qərarda və məhkəmənin sorğusu əsasında əldə edilmiş vergi ödəyicisinin filialının, nümayəndəliyinin və digər təsərrüfat subyektinin (obyektinin) uçotdan çıxarılması barədə məktubda tam tərsi əks olunmuşdur. İlk olaraq məhkəmə qeyd edir ki, xx.xx.2024-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi” barədə qərardaki İddiaçı izahatından görünür ki, İddiaçı hazırda alveri olmadığından və icarə pulunu verə bilmədiyindən, iddiaçı özü obyektdən çıxmaq istəməyi barədə Anar Hüseynova demişdir. İkincisi mülki iş materiallarında olan vergi ödəyicisinin filialının, nümayəndəliyinin və digər təsərrüfat subyektinin (obyektinin) uçotdan çıxarılması barədə məktubdan görünür ki, iddiaçının xx.xx.2024 tarixli ərizənizə əsasən onlara məxsus olan **********-14001 kodlu təsərrüfat subyekti (obyekti) qeydiyyatdan çıxarılmışdır. Həmçinin məhkəmə onu da qeyd edir ki, mülki iş materiallarına əlavə edilmiş flaş kartdaki xx.xx.2023-cü il tarixli görüntülərdən da görünür ki, iddiaçının fəaliyyəti ilə bağlı (gəlinlik paltarlarının satışı və kirayəsi) ilə əlaqədar olan bütün əşyaları və geyimləri mağazadan çıxarılmışdır. Beləliklə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçı əmlak üzərində olan qanuni sahiblik hüququndan məhrum edildiyini bildirərək hazırda məhkəməyə müraciət etsə də, o, icarə pulunu verə bilmədiyindən, öz arzusu ilə həmin obyektdən çıxmışdır. İkincisi, iddiaçı tələbində qeyd edir ki, iddiaçı Mülkü Məcəllənin 685.2-ci maddəsinə əsaslanaraq, (kirayəçi iki ardıcıl müddət üçün kirayə haqqının və ya onun xeyli hissəsinin ödənilməsini gecikdirdikdə kirayəyə verən xəbərdarlıq müddətini gözləmədən kirayə müqaviləsini ləğv edə bilər) Bununla bağlı məhkəmə onu qeyd edir ki, iddiaçı yalnız 1 ayın ödənişini etmədiyini bildirsədə, mülki iş materiallarına əlavə edilmiş “Whatsapp” telefon proqramı vasitəsilə aparılmış yazışmalar da görünür ki, 6 ay ərzində icarə haqqı gecikdirmələrlə, hissə-hissə olmaqla ödənilmiş, son 2 ayın icarə haqqı isə tamamilə ödənilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Beləliklə, məhkəmə işin bütün hallarının məcmusuna, hərtərəfli, tam və obyektiv baxaraq, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı "icarə müqaviləsi üzrə öhdəliklərin icrasının təmini, cavabdehə əmlakdan istifadə və sahiblik hüququndan məhrumetmənin qadağan edilməsi tələbinə dair" iddiası rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırki halda iddia tələbi təmin edilmədiyindən, məhkəməyə müraciət edilməsi üçün çəkilmiş xərclər iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı (X1 üçüncü şəxs qismində cəlb edilməklə) "icarə müqaviləsi üzrə öhdəliklərin icrasının təmini, cavabdehə əmlakdan istifadə və sahiblik hüququndan məhrumetmənin qadağan edilməsi tələbinə dair" iddiası rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №e-2(006)-1777/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-1777/2024
27.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver