Məhkəmə qərarları › İş №e-2(006)-1783/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-1783/2023

04.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-1783/2023 04.05.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi ilə İddiaçı "xxxx" X1 Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı «kreditin və kredit faizlərinin ödənilməsi» tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyənetdi: İddiaçı Ləğv Prosesində olan "xxxx" KB Qapalı Səhmdar Cəmiyyəti Cavabdeh qarşı «kreditin və kredit faizlərinin ödənilməsi» tələbinə dair dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, banl ilə Cavabdeh arasında xx.xx.2014-cü il tarixində kredit verilməsi haqqında 1xx/xx/119131/14 saylı müqavilə üzrə bağlanmış, həmin sənədlərə əsasən bank tərəfindən cavabdehə illik 25 % ödənilməsi şərti ilə 24 ay müddətinə 780 manat məbləğində kredit verilmişdir. Lakin cavabdeh öz üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca icra etməmiş və bunun nəticəsində cavabdehin banka 268,97 manat məbləğində əsas borc, 188,70 manat müqavilə müddəti üçün hesablanmış və tələb olunan faizlər, 275,90 manat məbləğində cərimə borcu, 96,84 manat gecikdirilmiş vaxt üçün hesablanan faiz məbləği ümumilikdə isə 830,41 manat məbləğində borcu qalmışdır. Tərəflər arasında münasibətləri məhkəmədən kənar qaydada həll etmək məqsədi ilə tərəflərindən cavabdehə yazılı xəbərdarlıq edilmiş, lakin bundan sonra da kredit müqaviləsi üzrə öhdəliklər onun tərəfindən lazımınca icra edilməmişdir. Cavabdehin kredit borcu üzrə iddia ərizəsi ilə xx.xx.2019-cu il tarixdə məhkəməyə müraciət edilmiş, lakin Nəsimi rayon Məhkəməsi tərəfindən iddia icraata qəbul edilməmişdir. Bu səbədən məhkəməyə yenidən müraciət etmək zərurəti yaranmışdır. Göstərilənlərə əsasən, bank ilə Cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixli 1xx/xx/119131/14 saylı kredit müqaviləsi üzrə cavabdehdən 268,97 manat məbləğində əsas borc, 188,70 manat müqavilə müddəti üçün hesablanmış və tələb olunan faizlər, 275,90 mana məbləğində cərimə borcu, 96,84 manat gecikdirilmiş vaxt üçün hesablanan faiz məbləği, ümumilikdə isə 830,41 manat məbləğində pulun, və 30 manat dövlət rüsumunun LPO QSC “Bank Standart” KB-nin xeyrinə tutulması barədə qətnamə çıxarılması məhkəmədən xahiş edilmişdir. Məhkəmə iddia tələbinin qiyməti beş min manatdan az olduğuna görə iddia ərizəsinə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinin tələblərinə görə, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə tərəfindən Mülki-Prosessual qanunvericiliyə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilmiş, lakin məhkəməyə hər hansısa bir etiraz daxil olmamışdır. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan LPO "xxxx" KB QSC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixli 1xx/xx/119131/14 saylı kredit müqaviləsinə əsasən bank borc alana 24 ay müddətinə, illik 25 % olmaqla 780 manat məbləğində borc verməyi, borc alan isə borcu qəbul etmək, müqavilədə göstərilən müddətdə və qaydada krediti və faizləri borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarında olan LPO "xxxx" KB QSC tərəfindən təqdim edilən 28 fevral 2023cü il tarixli, maliyyə arayışına əsasən Cavabdeh xx.xx.2014-cü il tarixli 1xx/xx/119131/14 saylı kredit müqaviləsi üzrə 17 fevral 2023-cü il tarixinə 268,97 manat əsas, 188,70 manat faiz, 275,90 manat cərimə, 96,84 manat gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla, ümumilikdə 830,41 manat məbləğində kredit borcu hesablanmışdır. İş materiallarında olan LPO "xxxx" KB QSC-nin Cavabdeh ünvanladığı bildirişdən görünür ki, borcluya kredit müqaviləsi üzrə yaranmış borc məbləği barəsində məlumat verilməklə, ondan yaranmış borcun 3 gün müddətində ödənilməsi tələb edilmiş, öhdəliklərin yerinə yetirilmədiyi təqdirdə kredit borcunun ödənilməsi üçün qanuna müvafiq tədbirlərin görülməsi və məhkəməyə müraciət edilməsi barədə xəbərdarlıq edilmişdir. Beləliklə, məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, LPO "xxxx" KB Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixli 1xx/xx/119131/14 nömrəli kredit müqaviləsinə əsasən Cavabdeh 24 ay müddətinə illik 25 faiz dərəcəsi ilə 780 manat məbləğində kredit verilmiş, cavabdeh üzərinə düşən öhdəlikləri tam icra etməmişdir. İddiaçı ilk əvvəl xx.xx.2019-cu il tarixdə cavabdehə qarşı iddia qaldırmış, lakin iddia Bakı şəhəri Nəsimi rayon Məhkəməsi tərəfindən icraata qəbul edilməmişdir. Daha sonra iddiaçı xx.xx.2023-cü il tarixdə yenidən məhkəməyə müraciət etmişdir. Hazırda iddiaçı cəmi 830,41 manat olmaqla, 268,97 (iki yüz altmış səkkiz manat, doxsan yeddi qəpik) manat əsas borc, 188,70 (bir yüz səksən səkkiz manat, yetmiş qəpik) manat faiz borcu, 275,90 (iki yüz yetmiş beş manat, doxsan qəpik) manat cərimə borcunun kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 96,84 (doxsan altı manat, səksən dörd qəpik) manat gecikdirilmiş vaxt üçün hesablanan faiz məbləğini və iş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh tutulması barədə qətnamə qəbul edilməsini xahiş edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; Eyni Məcəllənin 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; Eyni Məcəllənin 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddiaçı tərəfindən ödənilmiş 30 AZN (otuz) dövlət rüsumu da cavabdehə aid edilməlidir. Göründüyü kimi, Cavabdeh kredit müqaviləsi ilə götürdüyü öhdəliyi lazımınca icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Ona görə də məhkəmə hesab edir ki, Cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, müqavilə üzrə yaranmış borcunu müqavilədə razılaşdırıldığı kimi iddiaçıya ödəməlidir. Məhkəmə, iddiaçı tərəfindən tələb edilən əsas və faiz borcu məbləğlərini nəzərdən keçirib hesab edir ki, iddia tələbi əsas və faiz borcunun tutulması hissəsində təmin edilməli, Cavabdeh xx.xx.2014-cü il tarixli 1xx/xx/119131/14 saylı saylı kredit müqaviləsi üzrə əsas borc üzrə 268,97 manat, faiz borcu üzrə 188,70 manat müəyyən edilməlidir. Əsas borcun və faiz borcunun müəyyən edilmiş məbləği təqdim edilmiş maliyyə arayışı ilə təsdiq olunur. Məhkəmə kredit münasibətləri üzrə borcun mövcudluğunu təsdiq edən maliyyə arayışına mötəbər sübut kimi qiymət verir. Belə ki, Mülki-Prosessual Məcəllənin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Cərimə borcu ilə bağlı isə məhkəmə qeyd edir ki, iddia bu hissədə qismən təmin edilməlidir. Belə ki, Cavabdeh ilə Bank arasında bağlanmış kredit müqaviləsində cərimə haqqında yazılı razılaşmanın mövcudluğu öz əksini tapmışdır. Lakin məhkəmə xx.xx.2014-cü il tarixli 1xx/xx/119131/14 saylı kredit müqaviləsi üzrə 275,90 manat məbləğində dəbbə pulunun hesablanmasını əsaslı hesab etmir. Belə ki, Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Buna görə də məhkəmə əsas borcun məbləğini nəzərə alaraq hesab edir ki, cavabdehin maddi vəziyyətini nəzərə alıb, xx.xx.2014-cü il tarixli 1xx/xx/119131/14 saylı kredit müqaviləsi üzrə hesablanmış dəbbə pulu məbləğinin azaldılaraq 20 manat məbləğində müəyyən edilməlidir. İddia tələbinin gecikdirilmiş vaxt üçün hesablanan faiz borcu ilə bağlı məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə əsaslıdır. Belə ki, Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Kredit müqaviləsinin müddətinin xx.xx.2016-cı il tarixdən bitməsini, maliyyə arayışının 23 fevral 2023-cü il tarixə tərtib edilməsini, həmin vaxtda əsas borcun 268,97 manat olmasını nəzərə alaraq, gecikdirilmiş vaxt üçün tələb olunan 96,84 manat miqdarda pulun tutulması əsaslı hesab edilməlidir. Belə ki, məhkəmə hesab edir ki, xx.xx.2014-cü il tarixli 1xx/xx/119131/14 saylı kredit müqaviləsi üzrə əsas borca görə 268,97 manat, faiz borcuna görə 188,70 manat, cərimə borcuna görə 20 manat, gecikdirilmiş vaxt üçün hesablanan faiz borcuna görə 96,84 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Beləliklə məhkəmə işin faktiki hallarını şərh olunan hüquq normaları əsasında qiymətləndirərək hesab edir ki, iddia qismən təmin olunmalı xx.xx.2014-cü il tarixli 1xx/xx/119131/14 saylı kredit müqaviləsi üzrə əsas borca görə 268,97 (iki yüz altmış səkkiz manat, doxsan yeddi qəpik) manat, faiz borcuna görə 188,70 (bir yüz səksən səkkiz manat, yetmiş qəpik) manat, cərimə borcuna görə 20 (iyirmi) manat, gecikdirilmiş vaxt üçün hesablanan faiz borcuna görə 96,84 (doxsan altı manat, səksən dörd qəpik) manat olmaqla, ümumilikdə 574,51 (beş yüz yetmiş dörd manat, əlli bir qəpik) manat məbləğində pul vəsaiti və 91,45 (doxsan bir manat, qırx beş qəpik) manat ödənilmiş dövlət rüsumu Cavabdeh LPO "xxxx" KB Qapalı Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsində qeyd edilir ki, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-230 və 284-5.3-cü maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia qismən təmin edilsin. xx.xx.2014-cü il tarixli 1xx/xx/119131/14 saylı kredit müqaviləsi üzrə əsas borca görə 268,97 (iki yüz altmış səkkiz manat, doxsan yeddi qəpik) manat, faiz borcuna görə 188,70 (bir yüz səksən səkkiz manat, yetmiş qəpik) manat, cərimə borcuna görə 20 (iyirmi) manat, gecikdirilmiş vaxt üçün hesablanan faiz borcuna görə 96,84 (doxsan altı manat, səksən dörd qəpik) manat olmaqla, ümumilikdə 574,51 (beş yüz yetmiş dörd manat, əlli bir qəpik) manat məbləğində pul vəsaiti və 91,45 (doxsan bir manat, qırx beş qəpik) manat ödənilmiş dövlət rüsumu Cavabdeh tutularaq LPO "xxxx" KB Qapalı Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Ramin Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar