Məhkəmə qərarları › İş №e-2(006)-1790/2020

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-1790/2020

17.09.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-1790/2020 17.09.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, məhkəmə iclas katibi Fərəcova Təranə Aydın qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı "maddi və mənəvi zərərin ödənilməsi" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh onun xeyrinə 20.000 ABŞ dollarının (ödəniş gününə olan məzənnəsinə uyğun milli manatla) maddi zərər, 10.000 manat mənəvi zərər, həmçinin ödədiyi 100 manat qüsur aktı xərci və 30 manat dövlət rüsumu tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, Yasamal Rayon Polis İdarəsinin Təhqiqat Şöbəsinin baş təhqiqatçısı, polis mayoru Əli Məmmədovun xx xxxxxx 2019-cu il tarixli qərarına əsasən xx xxxxxxxx 2019-cu il tarixində, saat 18:30 radələrində Cavabdeh tərəfindən idarə olunan ** HM *** dövlət nömrə nişanlı Hyundai Accent markalı avtomobil "Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 60-cı maddəsinin 2-ci hissəsinin, 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin və Azərbaycan Respublikası İXM-nin 332.3-cü maddəsinin tələblərini pozaraq, Yasamal rayonu, İsmayıl bəy Qutqaşınlı küçəsi ilə Qurban Xəlilov küçələrinin kəsişməsində onun tərəfindən idarə olunan ** SZ *** dövlət nömrə nişanlı, Audi A6 markalı avtomobilə ciddi ziyan vurmuşdur. Audi Servis Bakı Mərkəzinin (“xxxxxxxxxx” MMC) qüsur aktına əsasən onun avtomobilinə 61,555 manat məbləğində ziyan dəlmişdir. Dəyən ziyan bilavasitə cavabdehin “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun yuxarıda sadalanan müddəalarının və Azərbaycan Respublikası İXM-nin 332.3-cü maddəsinin tələblərinin pozulması nəticəsində yaranmışdır. Cavabdehə yazılı pretenziya ilə müraciət etsə də, cavabdeh ona dəymiş zərəri könüllü ödəməkdən yayınmışdır. Odur ki, məsələnin məhkəmə yolu ilə həlli zərurəti yaranmışdır. Cavabdehin qanunsuz hərəkətləri nəticəsində xx xxxxxxxx 2019-cu ildən bəri ona maddi zərər vurulmuşdur. Belə ki, Audi Servis Bakı mərkəzinə qüsur aktı üçün 100 manat və hər ay taksi xidməti üçün 100-150 manat ödəmişdir. Qeyd etdiyi xərclərlə yanaşı, qəzanın həmçinin mənəvi ziyanları da olmuşdur. Belə ki, maşını satıb qardaşının təhsilini maliyyələşdirmək üzrə planlarımızın pozulması nəticəsində onu və ailə üzvlərinin təcili formada alternativ maliyyə mənbələrini axtarması xeyli gərginlik yaratmışdır. Əlavə olaraq, onun evlilik ərəfəsində olduğunu nəzərə alaraq, cavabdehin səhlənkarlığı nəticəsində baş vermiş qəza ona və ailəsinə ciddi maddi və mənəvi zərbə olmuşdur. Qəzadan əvvəl avtomobili 20,000 ABŞ dolları məbləğində satmaq ərəfəsində idi. Bu barədə avtomobil elan saytlarında da müvafiq elan yerləşdirmiş və artıq ciddi şəkildə maraqlananlar ilə yekun danışıqlar aparırmış və bu hadisə ona çox mənfi təsir etmişdir. Odur ki, ona dəymiş mənəvi zərəri 10,000 manat məbləğində qiymətləndirir. Sığorta şirkəti tərəfindən ona 5000 manat ödəniş edilmişdir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb, məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan AC seriyalı 552873 nömrəli Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Audio A6” markalı ** SZ *** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı məxsusdur. İş materiallarında olan inzibati xəta haqqında İXP № ******* saylı, xx.xx.2019-cu il tarixli protokolun və inzibati təhbeh vermə haqqında qərarın surətindən görünür ki, xx.xx.2019-cu il tarixdə saat 18:28-də Cavabdeh idarə etdiyi “Hyundai Accent” markalı ** HM *** dövlət qeydiyyat nişanlı avtomobillə inzibati Xətalar Məcəlləsinin 332.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş, barəsində 200 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir. İş materiallarında olan “xxxxxxxxxx” MMC tərəfindən tərtib edilmiş xx.xx.2019-cu il tarixli qüsur aktının surətindən görünür ki, “Audi A6 minik” markalı ** SZ ***dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin məbləği dəyişdirilməli hissələr və görülən işlər daxil olmaqla 61555 manat müəyyən edilmişdir. İş materiallarında olan “xxxxxxxxxx” MMC tərəfindən tərtib edilmiş ********** №-li təmir aktından görünür ki, “Audi A6 minik” markalı ** SZ ***dövlət qeydiyyat nişanlı avtomobilə keçirilmiş texniki baxışın xərci 100 manat təşkil edir. İş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2020-ci il tarixli qərardan görünür ki, aparılmış araşdırma ilə müəyyən edilmişdir ki, Cavabdeh idarə etdiyi “Hyundai Accent” markalı ** HM *** dövlət nömrə nişanlı avtomobili ilə işıqforun qırmızı işığından dayanmadan keçərək, hərəkət yolunun soluna, İ.Qutqaşınlı küçəsinə dönmə əməliyyatı apararaq sürücü İddiaçı idarə etdiyi «Audi A6” minik markalı 90SZ431 dövlət qeydiyyat nömrə nişanlı avtomobilin hərəkət yoluna çıxmış və nəqliyyat vasitələri «Audi A6” minik markalı 90SZ431 dövlət qeydiyyat nömrə nişanlı avtomobilin yolunda toqquşmuşdular. Materiala əlavə edilmiş məhkəmə-yol-nəqliyyat hadisələri ekspertizasının xx xxxxxxx 2019-cu il tarixli 25805 nömrəli rəyində göstərilir ki, “Hyundai Accent” markalı 99HM263 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh hərəkətlərində tədqiq olunan şəraitdə “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 60-cı maddəsinin 2-ci hissəsinin, 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Həmin rəydə göstərilir ki, hərəkət üçün təhlükə yaranan anda “Audi A6” markalı 90 SZ431 dövlət nömrə nişanlı avtomobilin toqquşma yerindən 50 metrdən kiçik məsafədə olmasının təhqiqat tərəfindən müəyyən edilməsi şəraitində sürücü İddiaçı hadisənin qarşısını almağa texniki imkanı olmamış və onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun tələblərinə uyğunsuzluq müəyyən edilməmişdir. İş materiallarında olan xx xxxxxxxx 2020-ci il tarixli hesab haqqında məlumatdan görünür ki, “xxxxxxxxxxxxxxx” ASC vasitəsi ilə İddiaçı hesabına 5000 manat məbləğində ödəniş edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxx 2020-ci il tarixli 9/1062 nömrəli rəyindən görünür ki, tədqiq edilən 2013-cü il buraxılışlı, “Audi A6 minik” markalı ** SZ ***dövlət qeydiyyat nişanlı avtomobilin hazırki vəziyyətdə əksər hissələri dəyişilməklə əsaslı təmir olunması rentabelli hesab olunmur və zərərçəkmişə dəymiş maddi ziyanın məbləği salamat qalan yararlı hissələrin dəyəri çıxılmaqla təxminən 23800 manat müəyyən edilmişdir. Aparılmış tədqiqatın dəyəri 120 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur; 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur Məhkəmə araşdırması zamanı müəyyən edildi ki,Cavabdeh idarə etdiyi “Hyundai Accent” markalı 99HM263 dövlət nömrə nişanlı avtomobili ilə işıqforun qırmızı işığından dayanmadan keçərək, hərəkət yolunun soluna, İ.Qutqaşınlı küçəsinə dönmə əməliyyatı apararaq sürücü İddiaçı idarə etdiyi «Audi A6” minik markalı 90SZ431 dövlət qeydiyyat nömrə nişanlı avtomobilin hərəkət yoluna çıxmış və nəqliyyat vasitələri «Audi A6” minik markalı, 90SZ431 dövlət qeydiyyat nömrə nişanlı avtomobilin yolunda toqquşmuşlar. Məhkəmə tərəfindən təyin olunmuş ekspertiza nəticəsində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində “Audi A6 minik” markalı ** SZ *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş maddi ziyanın məbləği salamat qalan yararlı hissələrin dəyəri çıxılmaqla təxminən 23800 manat müəyyən edilmişdir. Hadisə nəticəsində İddiaçı dəymiş zərərin 5000 manat məbləğində hissəsi sığorta çirkəti tərəfindən tərəfindən iddiaçıya ödənilmişdir. Məhkəmə iddia ilə bağlı qeyd edir ki, törədilmiş mülki hüquq pozuntusuna görə cavabdeh iddiaçı qarşısında mülki məsuliyyət daşıyır və iddiaçıya dəymiş zərərin əvəzini ödəməyə borcludur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən edilməli, yəni Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxx 2020-ci il tarixli 9/1062 nömrəli rəyi əsas götürülməklə ekspertiza tərəfindən müəyyən edilmiş 23800 manatdan sığorta şirkəti tərəfindən iddiaçıya ödənilmiş 5000 manat çıxılmaqla, dəymiş maddi zərərə görə 18800 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, iddia tələbinin hüquqi əsası dedikdə qanunun elə bir müddəası başa düşülür ki, o, qanunda göstərilən müəyyən dispozisiya şərtlərinin mövcudluğu halında, bir tərəfə digər tərəfdən icranı, yəni nəyi isə etməyi və ya etməməyi tələb etməyə imkan verir. Tələbin mənəvi zərərin ödənilməsi hissəsinə münasibətdə isə məhkəmə aşağıdakıları bildirir: “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli Qərarına əsasən məhkəmələr mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X1 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə X2 Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. “İnsan Hüquqlarının və X1 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və X2 Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Plenum izah etmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X1 Haqqında Konvensiya”nın müddəaları və X2 Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. Məhkəmə iddia tələbinin mənəvi zərərin ödənilməsi hissəsi ilə əlaqədar qeyd edir ki, iddiaçı məhkəmə araşdırması zamanı fiziki və mənəvi sarsıntılar keçirməsini və bunun nədə ifadə olunması ilə bağlı hər hansı bir sübut təqdim edə bilməmişdir. Bu səbəbdən də iddia tələbi iddiaçıya vurulmuş 10000 mənəvi ziyanın tutulması hissəsində əsassızdır və təmin edilməməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddiaçı tərəfindən qüsur aktına görə çəkilmiş 100 manat xərc cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə ekspertizasının tədqiqat dəyəri olan 120 manatın 100 manatı Cavabdeh, 20 manatı isə İddiaçı alınaraq dövlət büdcəsinə ödənilməlidir, iddia qismən təmin edildiyindən İddiaçıməhkəməyə iddia ərizəsi verərkən dövlət rüsumu kimi ödədiyi 30 manat məbləğində pul vəsaitinin 25 manat məbləğində hissəsi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh dəymiş maddi zərərə görə 18800 manat məbləğində pul və qüsur aktına görə çəkilmiş xərcin əvəzi olaraq 100 manat məbləğində pul tutularaq İddiaçı ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməli, ekspertiza tədqiqatının dəyəri olan 120 manatın 100 manatı Cavabdeh, 20 manatı isə İddiaçı alınaraq dövlət büdcəsinə ödənilməli, dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pul vəsaitinin 25 manat məbləğində hissəsi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh iddiaçıya dəymiş maddi zərərə görə 18800 (on səkkiz min səkkiz yüz) manat və qüsur aktına görə çəkilmiş xərcin əvəzi olaraq 100 (yüz) manat , cəmi 18900 (on səkkiz min doqquz yüz) manat məbləğində pul vəsaiti alınaraq İddiaçı ödənilsin. Dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) manat məbləğində pul vəsaitinin 25 (iyirmi beş) manat məbləğində hissəsi Cavabdeh alınaraq İddiaçı ödənilsin. İddia digər hissədə təmin edilməsin. Ekspertiza tədqiqatının dəyəri olan 120 (yüz iyirmi) manatın 100 (yüz) manatı Cavabdeh, 20 (iyirmi) manatı isə İddiaçı alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Solmaz Mustafayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar