Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-1793/2024 17.12.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasov Nail İbad oğlunun sədrliyi, Tağıyev Emil Ağaveys oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh3 iştirakları ilə, İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcunun qaytarılması tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı ləğv prosesində olan İddiaçı ASC cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcunun qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cəmi borcu 8127.24 manat-bundan 2893.23 manat əsas, 2873.67 manat faiz, 1947.94 manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 412.40 manat faiz borcu və iş üzrə ödənilmiş 101.28 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq, ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin İçərişəhər filialı ilə Cavabdeh3 arasında bağlanmış ********* nömrəli, xx.xx.2014-cü il tarixli Kredit müqaviləsinə əsasən Şəxsi istehlak məqsədilə cavabdehə illik 28% dərəcəsi ilə, 24 ay müddətinə 10.000 manat məbləğində kredit verilmişdir. Cavabdeh3 kredit verilərkən Cavabdeh1 və Cavabdeh2 ilə Bank arasında ZM-330004223 nömrəli, xx.xx.2014-cü il tarixli Zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilənin 4.2-ci bəndinə əsasən faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və Borcalanın öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində Kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin və ya zaminlər Kreditor qarşısında borcalan ilə eyni həcmdə məsuliyyət daşıyır. Kredit və zaminlik müqavilələri üzrə bağlanmış 02 saylı, xx.xx.2017-ci il tarixli Əlavə Sazişlərə əsasən Borcalanın Kreditor qarşısındakı kredit öhdəliyinin qalığı olan 4803.31 manat təşkil etmişdir. Kreditin müddəti xx.xx.2021-ci il tarixədək uzadılmışdır. Kredit üzrə borcalan tərəfindən bu Əlavə Saziş imzalandığı tarixdən etibarən illik 22% ödənilməli idi. Müqavilənin müvafiq bəndinə əsasən borcalan ödəniş qrafikində nəzərdə tutulmuş müddətlərdə kredit üzrə hesablanmış faizləri və cərimələri, habelə tariflərə uyğun olaraq komissiya haqlarını, çıxarış və arayışların borcalana verilməsi və ya borcalanın adından göndərilməsi üzrə xərcləri kreditora vaxtında və tam olaraq ödəməyi öhdəliyinə götürmüşdür. Müqavilədən irəli gələn öhdəliyin vaxtında və lazımi qaydada icra edilməməsi ilə əlaqədar krediti hesablanmış faizlər, cərimə və bu müqavilə əsasən ödənilməsi nəzərdə tutulan digər məbləğlər ilə birlikdə qaytarılmasını, dəymiş zərərin, o cümlədən əldən çıxmış faydanın ödənilməsini tələb etməyə bankın hüququ vardır. xx.xx.2023-cü il tarixə Cavabdeh3 cəmi borcu 8127.24 manat təşkil edir. Bundan 2893.23 manat əsas, 2873.67 manat faiz, 1947.94 manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 412.40 manat faiz borcu təşkil edir. Müqavilənin müvafiq bəndlərinə əsasən borcalan kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və ya yerinə yetirə bilmədikdə, kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə bankın hüququ vardır. Müqavilənin şərtlərinin kobud şəkildə pozulması ilə əlaqədar bank tərəfindən cavabdehə borcun ödənilməsi barədə dəfələrlə şifahi müraciətlər olunmasına və **********380 nömrəli, xx.xx.2023-cü il tarixli bildiriş məktubunun göndərilməsinə baxmayaraq, cavabdehlər banka heç bir cavab verməmiş və kredit borcunun banka qaytarılmasını təmin etməmişlər. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavabdeh tərəfindən ödəniş cədvəlinin pozulması bank lisenziyasının ləğvindən əvvəl, yəni bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdeh ona verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydı, bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. Cavabdeh3 iddiaya etiraz təqdim edərək, zaminlər Cavabdeh1 və Cavabdeh2 cavabdehlər siyahısından çıxarılmaqla iddia tələbini "əsas borc", yəni 2893.23 manat hissəsində təmin olunması, iddia tələbinin qalan hissədə rədd olunmasını xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddia ərizəsindən göründüyü kimi xx.xx.2014-cü ildə iddiaçı "xxxx" ASC ilə Cavabdeh3 arasında ********* saylı Kredit Müqaviləsi bağlanılmış, müqavilə əsasında şəxsi istehlak məqsədilə ona 24 ay müddətinə illik 28 faiz dərəcəsi ilə 10000 manat kredit verilmişdir. Cavabdeh3 kredit verilərkən digər cavabdehlər Cavabdeh1, Cavabdeh2 ilə zaminlik müqavilələri bağlanılmışdır. Kredit və zaminlik müqavilələri üzrə bağlanmış 02 saylı, xx.xx.2017-ci il tarixli əlavə sazişlərə əsasən onunla kreditor qarşısında kredit öhdəliyinin qalığı 4303.31 manat təşkil etmiş və müqavilə bağlanarkən əsas borc 2893.23 manat olmuşdur. Hal-hazırda isə ondan 8127.24 manat tələb edilir ki, bu da qanunsuzdur. Bundan başqa kredit götürən şəxs üçün həmin məbləği geri ödəmədiyi təqdirdə, bankın onu məhkəməyə vermə müddəti 3 ildir. Yəni əgər 3 il ərzində, borcalan kredit borcunu geri ödəmədiyi halda belə bank həmin şəxsi məhkəməyə verməyibsə 3 il bitdikdən sonra artıq borcalanın məhkəməyə verilməsi mümkünsüzləşir. Zamin isə bu müddət 1 ildir. Eyni qayda ilə 1 il bitdikdən sonra zaminin məhkəməyə vermə müddəti bitir. Həmin müddət isə kredit borcunu son ödəmə tarixindən hesablanır. Bu səbəbdən zaminlərin, Cavabdeh1 və Cavabdeh2 cavabdeh qismində cəlb olunmasını əsassız hesab etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 iddia tələbini müdafiə edərək, onun təmin olunmasını xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Məhkəmə iclasında Cavabdeh3 iddia tələbini qismən etiraf edərək, kredit borcu üzrə əsas məbləğin ondan tutulmasına etiraz etmədiyi bildirdi. Qalan məbləğin şişirdildiyini qeyd etməklə, həmin hissədə iddianın rədd edilməsini xahiş etdi. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının yeri və vaxtı barəsində lazımi qaydada xəbərdar edilsələr də, onlar məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat daxil olmamışdır. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehləin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını, işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2014-cü il tarixli ********* saylı kredit müqaviləsindən görünür ki, İddiaçı ASC ilə Cavabdeh3 arasında kredit müqaviləsi imzalanmışdır. Bu müqaviləyə görə Bank kredit alana 24 ay müddətinə, illik 28% hesabı ilə 10000 manat məbləğində kredit vermişdir. İş materiallarında olan xx.xx.2017-ci il tarixli kredit müqaviləsi üzrə əlavə saziş №02dən görünür ki, kreditorun borcalan verdiyi kreditin qalıq məbləği 4803.31 manat təşkil edir. Kreditin müddəti xx.xx.2021-ci il tarixinədək uzadılmışdır. İş materiallarında olan İddiaçı ASC ilə zaminlər Cavabdeh1 və Cavabdeh2 və borcalan Cavabdeh3 arasında xx.xx.2014-cü il tarixdə bağlanmış 330004223/ZM saylı zaminlik müqaviləsindən görünür ki, həmin müqavilə xx.xx.2014-cü il tarixli ********* saylı kredit müqaviləsi ilə borcalanın kreditor qarşısında öhdəliklərinin tamamilə və ya hissəhissə icra etməsi üçün məsuliyyətin zaminin öz üzərinə götürməsi haqqında bağlanmışdır. İş materiallarında olan İddiaçı ASC ilə zaminlər Cavabdeh1 və Cavabdeh2 və borcalan Cavabdeh3 arasında xx.xx.2017-ci il tarixdə bağlanmış xx.xx.2014-cü il tarixli zaminlik müqaviləsi üzrə əlavə saziş № 02-dən görünür ki, zaminlər əlavə saziş üzrə də öhdəliklərin icra edilməsi üçün məsuliyyəti öz üzərlərinə götürmüşlər. Kreditin müddəti xx.xx.2021-ci il tarixinədək uzadlır. İş materiallarında olan maliyyə arayışından görünür ki, Cavabdeh3 xx.xx.2023-cü il tarixə 2893.23 manat əsas, 2873.67 manat faiz, 1947.94 manat cərimə, illik 5%lə hesablanmış 412.4 faiz məbləği borcu vardır. İş materiallarında olan LPO İddiaçı ASC tərəfindən cavabdehlərə ünvanlanmış xx.xx.2023-cü il tarixli bildirişdən görünür ki, 3 gün ərzində borcun ödənilməsinin təmin edilmədiyi təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. İş materiallarından görünür ki, iddiaçı tərəfindən 101.28 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli rəyinə əsasən rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, İddiaçı ASC ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2014-cü il tarixli kredit müqaviləsinin şərtləri üzrə 22 fevral 2021-ci il tarixə (müqavilə müddətinin bitdiyi tarixə) və xx.xx.2023-cü il tarixə (maliyyə arayışında tələb olunan tarixə) banka olan borcu xx.xx.2021-ci il tarixə əsas borc üzrə 2899.08 mnat, faiz borcu üzrə 3231.01 manat, xx.xx.2023-cü il tarixə əsas borc üzrə 2899.08 manat, faiz borcu üzrə 3231.01 manat, əldən çıxmış fayda borcu üzrə illik 5 faizlə hesablanmaqla 412.31 manat müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 100 manatdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli əlavə rəyinə əsasən rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, İddiaçı ASC ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2014-cü il tarixli kredit müqaviləsinin şərtləri üzrə 22 fevral 2021-ci il tarixə (sualda soruşulan tarixə) əsas borc üzrə 2899.08 manat, faiz borcu üzrə 3231.01 manat, xx.xx.2021-ci il tarixə (bütün ödənişlər faiz borcuna silinməklə sualda soruşulan tarixə) əsas borc ürə 4803.31 manat, fai borcu üzə 2322.68 manat. Kredit müqaviləsi üzrə cərimə hesabı və cərimənin hesablanması ilə bağlı hər hansı məlumat olmadığından, hazırki ekspertiza tədqiqatı ilə Cavabdeh3 cərimə hesablanmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 100 manatdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə hesab edir ki, Cavabdeh3 kredit müqaviləsi üzrə öz riski ilə müqaviləni bağladığından həmin müqavilə üzrə öhdəliklərə görə məsuliyyət daşıyır. Göstərilənlərə əsasən məhkəmə həmçinin hesab edir ki, cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, həmin kreditdən yaranan borclarını ödəməli olmasına dair vəzifəsini isə lazımınca icra etməyərək, pul öhdəliyini lazımınca yerinə yetirməmişdir. Məhkəmə həmçinin hesab edir ki, iddiaçının eyni zamanda iddia tələbində borcun zaminlər Cavabdeh1 və Cavabdeh2 kredit müqaviləsi üzrə yaranmış öhdəliklərin yerinə yetirilməsini tələb edilməsində haqlı olmamışdır və onlara aid hissədə iddia tələbi təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinə əsasən zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə, habelə zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda zaminliyə xitam verilir. Həmin Məcəllənin 477.0.4-cü maddəsinə əsasən zaminliyə zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2018-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin “onun məsuliyyətinin artması və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olması” müddəası kredit xətti müqaviləsində nəzərdə tutulan kreditin məbləğinin, müddətinin, faiz dərəcəsinin bağlanan kredit müqavilələrində artırılmasını, kreditin valyutasının zaminin razılığı olmadan dəyişdirilməsini və digər halları nəzərdə tutur. İşin araşdırılmış hallarından görünür ki, kreditor İddiaçı ASC ilə zaminlər Cavabdeh1 və Cavabdeh2 arasında bağlanmış xx.xx.2017-ci il tarixli zaminlik müqaviləsi üzrə əlavə sazişdən görünür ki, həmin müqavilənin müddəti xx.xx.2021-ci il tarixdə bitmişdir. Odur ki, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.4-cü maddəsində nəzərdə tutulmuş müddətdə ona qarşı iddia irəli sürülməmişdir. Qeyd olunan hallar isə Cavabdeh1 və Cavabdeh2 zaminliyə xitam verilməsi üçün əsasdır. Odur ki məhkəmə hesab edir ki, iddia tələbi zaminlər Cavabdeh1 və Cavabdeh2 hissədə təmin edilməməlidir. Məhkəmə cavabdehdən tutulmalı olan əsas və faiz borcunun məbləğini müəyyən edərkən ekspert rəyinə iş üzrə tədqiq edilmiş digər sübutlarla yanaşı qiymət verərək hesab edir ki, ekspert rəyində hesablanmış əsas və faiz borcu tələb edilən borcdan yüksək olduğundan əsas və faiz borcu iddiaçı tərəfindən tələb edilən miqdarda tutulmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia qeyd edilən hissədə təmin edilməklə, Cavabdeh3 2893.23 manat əsas, faiz borcuna görə 2873.67 manat iddiaçının xeyrinə tutulmalıdır. İddia tələbinin dəbbə pulu hissəsinə münasibətdə məhkəmə nəzərə alır ki, Mülki Məcəllənin 466-cı maddəsinə müvafiq olaraq əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi üçün dəbbə pulu müəyyənləşdirilmişsə, zərərin dəbbə pulu çatmamış hissəsinin əvəzi ödənilir. Qanunda və ya müqavilədə aşağıdakı hallar nəzərdə tutula bilər: zərərin deyil, yalnız dəbbə pulunun tutulmasına yol verilə bilər; dəbbə pulundan artıq zərər tam məbləğdə tutula bilər; kreditorun seçiminə uyğun, ya dəbbə pulu, ya da zərər tutula bilər. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən isə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Hər bir konkret iş üzrə dəbbə pulunun azaldılması meyarları kimi dəbbə pulunun qeyri-mütənasib olması, öhdəliyin pozulması nəticəsində yarana biləcək mümkün zərərin həcmindən əhəmiyyətli dərəcədə artıq olması, öhdəliklərin yerinə yetirilməsindən yayınma müddətləri və s. çıxış edə bilər. Məhkəmə nəzərə alır ki, dəbbə pulunun göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə əsaslı xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, kreditor borc verərkən dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Qeyd edilənləri rəhbər tutmaqla məhkəmə belə qənaətə gəlir ki, kredit müqaviləsi üzrə 2893.23 manat məbləğində əsas borca münasibətdə 1947.94 manat dəbbə (cərimə) pununun tutulması əsaslı hesab edilə bilməz tənasübsüz yüksək olduğundan azaldılmalıdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehlərdən iddiaçının xeyrinə 150 manat dolları dəbbə (cərimə) pulu tutulmalıdır. Məhkəmə iddia tələbinin əsas borca illik 5 faizlə hesablanmış 412.40 manat faiz borcunun tutulmasına münasibətdə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 445.1-ci və 445.2-ci maddələrinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi, icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi halları borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 445.7-ci maddəsinə əsasən bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 448.1 və 448.2-ci maddələrinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Qeyd olunan mülki qanunvericiliyin müddəalarından görünür ki, borclu vəzifələrini icra edərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etməli, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Eyni zamanda borclu tərəfindən pul məbləğinin ödənilməsini gecikdirilməsi halında, əgər digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, kreditorun borcludan gecikdirilmiş vaxt üçün illik beş faiz tələb etmək hüququ nəzərdə tutulmuşdur. Odur ki, qeyd edilən hissədə də iddia qismən təmin edilməklə, cavabdehdən gecikdirilmiş vaxt üçün ekspert rəyi ilə müəyyən edilən məbləğdə-412.31 manat faiz borcu tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin iddianın dövlət rüsumunun alınmasına dair hissəsini araşdıraraq hesab edir ki, cavabdeh iddiaçı qarşısında aralarındakı müqavilədən irəli gələn vəzifələrini icra etməməsi nəticəsində, iddiaçı məhkəmədə iddia qaldırması üçün dövlət rüsumunu ödəməsi ilə ona əlavə zərər vurmuşdur. Odur ki, ödənilmiş dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə müvafiq olaraq Cavabdeh3 tutularaq iddiaçıya ödənilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh3 2893.23 manat əsas, 2873.67 manat faiz, 150 manat cərimə, müqavilə müddəti bitdikdən sonra hesablanmış 412.31 manat faiz borcu, cəmi 6329.21 və dövlət rüsumuna görə ödənilmiş 83.29 manat tutularaq ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan cəmi 200 manat Cavabdeh3 alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. Qeyd olunanlara və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh3 2893.23 manat əsas, 2873.67 manat faiz, 150 manat cərimə, müqavilə müddəti bitdikdən sonra hesablanmış 412.31 manat faiz borcu, cəmi 6329.21 və dövlət rüsumuna görə ödənilmiş 83.29 manat tutularaq ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumunun qalan hissəsi iddiaçının özünə aid edilsin. İş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertiza tədqiqatlarının dəyəri olan cəmi 200 manat Cavabdeh3 alınaraq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin (VÖEN **********, müxbir hesab AZ41NABZ********************). Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nail Abbasov
Məhkəmə qərarları › İş №e-2(006)-1793/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-1793/2024
17.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver