Məhkəmə qərarları › İş №e-2(006)-1797/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-1797/2022

04.05.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-1797/2022 04.05.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Mirzəyeva Sevinc Ərəstun qızının katibliyi, İddiaçının nümayəndəsi X3 iştirakı ilə İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 MMC-yə və Cavabdeh2 qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh1 MMC-yə və Cavabdeh2 qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. 2.İddia tələbi onunla əsaslandırılır ki, "xxxx" ASC-də 06.02.2021-ci il tarixli sığorta müqaviləsinə əsasən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığortalanmış «Ravon Nexia» markalı, **-PN-*** dövlət qeydiyyat nişanlı avtomobil sığorta müddətində 05.10.2021-ci il tarixdə Bakı şəhərində baş vermiş yolnəqliyyat hadisəsi nəticəsində X2 tərəfindən idarə olunan «Opel Astra» markalı ** TL *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq onu zədələmişdir. Binəqədi DYPŞ-nin qərarı ilə Cavabdeh2 qeyd olunan yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli bilinmişdir. Hadisə baş verərkən Cavabdeh2 avtomobili etibarnamə olmadan idarə etmişdir. Zərərçəkənin avtomobilinin zədələnməsi ilə bağlı cəmi 680 manat məbləğində sığorta ödənişi verilmişdir. Hesab edirlər ki, zərərçəkənin avtomobilinin yol-nəqliyyat hadisəsi zamanı zədələnməsi nəticəsində üçüncü şəxsə sığorta ödənişini alan şəxs faydalanan şəxs sayılır) ödənilmiş sığorta ödənişinin məbləği cavabdehdən tutularaq iddiaçıya verilməlidir. «Ravon Nexia» markalı ** PN *** dövlət qeydiyyat nişanlı avtomobil mülkiyyət hüququ əsasında Cavabdeh1 MMC-yə məxsus olduğundan, avtomobil etibarnamə olmadan Cavabdeh2 idarə etdiyindən, zərərin əvəzi onların hər ikisindən tutulmalıdır. Göstərilənlərə əsasən Cavabdeh1 MMC və Cavabdeh2 680 manat manat məbləğində verilmiş sığorta ödənişinin və 30,40 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzinin "xxxx" ASC-nin xyerinə tutulması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.

a) Məhkəmə icraatı iştirakçılarının izahatları:

3. Məhkəmə iclasında iddiaçı "xxxx" ASC-nin nümayəndəsi X6 iddianı müdafiə etdi, iddia ərizəsində göstərilənləri təsdiq edərək tələbin təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi.

4. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, Cavabdeh1 MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə ünvanladığı ərizədə göndərilmiş etirazı nəzərə alaraq Cavabdeh1 MMC-yə aid hissəni təmin etməməsini və işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə Cavabdeh1 MMC-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

5. Cavabdeh1 MMC tərəfindən məhkəməyə ünvanlanmış yazılı etirazdan görünür ki, Cavabdeh1 MMC ilə "xxxx" MMC arasında 06.02.2018-ci il tarixli AL-177 saylı «Daxili Lizinq» müqaviləsinə əsasən 07.06.2019-cu il tarixli Aİ-177 saylı «Öhdəliklərin ötürülməsi» müqaviləsi bağlanmış və Cavabdeh1 MMC-nin mülkiyyətində olan «Ravon-Nexia R3» markalı, **-PN-*** dövlət qeydiyyat nişanlı avtomobil lizinq alan "xxxx" MMC-nin müvəqqəti istifadəsinə verilmişdir. 06.02.2018-ci il tarixli AL-177 saylı «Daxili Lizinq» müqaviləsinin 6cı bəndinə əsasən "xxxx" MMC-nin xahişi əsasında Cavabdeh1 MMC-nin mülkiyyətində olan «Ravon-Nexia R3» markalı, **-PN-*** dövlət qeydiyyat nişanlı avtomobilin idarə olunmasına dair Cavabdeh2 etibarnamə verilmiş və həmin etibarnamənin müddəti 04.10.2021-ci il tarixdə bitmişdir. Lizinq obyektindən istifadə edilməsi şirkət tərəfindən verilmiş etibarnamə əsasında həyata keçirilir. Lakin Cavabdeh2 hüquqa zidd hərəkət edərək mülkiyyətçinin iradəsindən kənar avtomobili idarə etmişdir. Daxili lizinq müqaviləsi imzalandığı andan müqavilənin müddəti sona çatana və ya müqavilə ləğv olunan kimi lizinq obyekti olan avtomobilin müvəqqəti sahiblik və istifadə hüququ lizinq alana tam həcmdə keçir. Daxili Lizinq müqaviləsinin 3.1-ci bəndinə əsasən bu müqavilənin qüvvədə olduğu müddət ərzində lizinq obyektinə mülkiyyət hüququ lizinq verəndə qalır. Lizinq obyektindən müvəqqəti sahiblik və istifadə hüququ lizinq alana tam həcmdə keçir. «Daxili Lizinq» müqaviləsinin 11.2-ci bəndinə uyğun olaraq müqavilənin qüvvədə olduğu bütün müddət ərzində lizinq obyektindən istifadə edilməsi zamanı yaranmış üçüncü şəxslərə dəymiş zərərə görə (maddi və mənəvi ziyan, həmçinin səhhətə dəymiş ziyan da daxil olmaqla) məsuliyyəti lizinq alan daşıyır. Göstərilənlərə əsasən "xxxx" ASC cavabdehlər Cavabdeh2 və Cavabdeh1 MMC-dən 680 manat məbləğin iddiaçıya ödənilməsi tələbinin Cavabdeh1 MMC-dən tutulması hissəsi əsassızdır və iddianın Cavabdeh1 MMC-yə aid hissəsinin təmin edilməməsi məhkəmədən xahiş edilmişdir.

6. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, Cavabdeh2 məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.

7. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

8. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir.

Əsaslandırıcı hissə: a) Mülki işin materialları:

9. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BDYPİ Qİİ tərəfindən verilmiş AD №131812 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, «Ravon Nexia R3» minik markalı, **-PN-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh1 MMC-yə məxsusdur.

10. İş materiallarında olan Cavabdeh1 MMC ilə "xxxx" MMC arasında bağlanılmış 06.02.2018-ci il tarixli AL-177 saylı daxili lizinq müqaviləsinə əsasən Cavabdeh1 MMC-nin mülkiyyətində olan «Ravon-Nexia R3» markalı, **-PN-*** dövlət qeydiyyat nişanlı avtomobil lizinq alan "xxxx" MMC-nin müvəqqəti istifadəsinə verilmişdir. Müqavilənin 6-cı bəndinə əsasən lizinq obyektindən istifadə edilməsi şirkət tərəfindən verilmiş etibarnamə əsasında həyata keçirilir. Daxili lizinq müqaviləsi imzalandığı andan müqavilənin müddəti sona çatana və ya müqavilə ləğv olunan kimi lizinq obyekti olan avtomobilin müvəqqəti sahiblik və istifadə hüququ lizinq alana tam həcmdə keçir. Bu müqavilənin qüvvədə olduğu müddət ərzində lizinq obyektinə mülkiyyət hüququ lizinq verəndə qalır. Lizinq obyektindən müvəqqəti sahiblik və istifadə hüququ lizinq alana tam həcmdə keçir (bənd 3.1). Müqavilənin qüvvədə olduğu bütün müddət ərzində lizinq obyektindən istifadə edilməsi zamanı yaranmış üçüncü şəxslərə dəymiş zərərə görə (maddi və mənəvi ziyan, həmçinin səhhətə dəymiş ziyan da daxil olmaqla) məsuliyyəti lizinq alan daşıyır (bənd 11.2).

11. İş materiallarında olan Cavabdeh1 MMC ilə "xxxx" MMC arasında bağlanılmış Öhdəliklərin ötürülməsi 07.06.2019-cu il tarixli MAS-177 saylı müqaviləsinin surətinə əsasən Cavabdeh1 MMC «Öhdəlikləri Ötürən» "xxxx" MMC arasında bağlanmış 06.02.2018-ci il tarixdə MAS-177 saylı Daxili Lizinq müqaviləsi üzrə «Öhdəlikləri Ötürən» Cavabdeh1 MMC qarşısında götürdüyü bütün öhdəlikləri «X9» "xxxx" MMC-yə ötürmüşdür. «X9» isə bu öhdəlikləri «Öhdəlikəri Ötürən» Cavabdeh1 MMC-yə qarşı heç bir tələb irəli sürmədən tam həcmdə qəbul edir və bu öhdəlikləri lizinq müqaviləsində göstərilən müddətdə, şərtlərlə və qaydada Cavabdeh1 MMC qarşısında tam həcmdə və lazımınca yerinə yetirəcəyinə dair öhdəlik götürmüşdür. Müqavilənin 2.1.1-ci və 2.4.1-ci bəndlərinə əsasən Cavabdeh1 MMC bu müqavilə və lizinq müqaviləsinin bütün şərtlərinin "xxxx" MMC tərəfindən tam həcmdə və lazımınca icra edilməsinə nəzarət və tələb etməsi, bu müqavilə və lizinq müqaviləsi üzrə bütün öhdəliklərin yerinə yetirilməsi ilə bağlı üzərinə düşən vəzifələri yetirə yetirməsi hüquqları vardır.

12. İşin materiallarında olan icbari sığorta müqaviləsinə dair məlumatın təsdiq olunmuş surətindən görünür ki, "xxxx" ASC ilə Cavabdeh1 MMC arasında 06.02.2021-ci il tarixdə sığorta müqaviləsi bağlanmış və «Ravon Nexia R3» minik markalı, **-PN-*** dövlət qeydiyyat nişanlı avtomaşını 12 ay müddətinə sığortalanmışdır. 13.İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin arayışına əsasən «Ravon Nexia R3» minik markalı, **-PN-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi Cavabdeh1 MMC-nin mülkiyyətindədir.

14. İş üzrə AR DİN BDYPİ Qİİ tərəfindən verilmiş 19.06.2019-cu il tarixli AB seriyalı 524546 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin kserosurətindən görünür ki, ** TL *** qeydiyyat nişanlı «Opel Astra» minik markalı nəqliyyat vasitəsi X4 adına qeydiyyata alınmışdır.

15. İş üzrə X7 tərəfindən verilmiş 02.06.2020-ci il tarixli etibarnamənin kserosurətinə əsasən F.Hacıyevə məxsus «Opel Astra» markalı ** TL *** dövlət nömrə nişanlı avtomaşını idarə edilməsi X1 21.09.2025-ci il tarixədək etibar edilmişdir.

16. İş üzrə Binəqədi rayon DYPŞ tərəfindən tərtib edilmiş 06.10.2021-ci il tarixli inzibati xəta haqqında protokola və həmin protokol əsasında inzibati tənbeh vermə haqqında qərara əsasən, Cavabdeh2 05.10.2021-ci il tarixdə «Ravon-Nexia R3» markalı, ** PN *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən yolayrıcının keçmə qaydalarının pozulması, nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə görə Azərbaycan Respublikası İXM-nın 327.2-ci, 332.1-ci maddələri ilə təqsirli bilinib 60 manat cərimə edilmişdir.

17. İş materiallarında olan "xxxx" ASC tərəfindən tərtib olunmuş 13.10.2021-ci il tarixli dəymiş zərərin hesablanmasmına dair aktın surətindən görünür ki, «Opel Astra» markalı, ** TL *** dövlət qeydiyyat nişanlı avtomobilə ümumilikdə 680 manat məbləğində ziyan dəymişdir.

18. İş materiallarında olan sığorta ödənişi ilə bağlı aktın surətindən görünür ki, 05.10.2021-ci il tarixdə Cavabdeh2 Cavabdeh1 MMC-yə məxsus olmuş və sığortalanmış «Ravon Nexia R3» minik markalı, **-PN-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən X5 məxsus «Opel Astra» markalı, ** TL *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur və nəticədə sığorta hadisəsi baş vermişdir. Həmin aktdan görünür ki, 05.10.2021-ci il tarixdə baş vermiş sığorta hadisəsi nəticəsində X5 məxsus «Opel Astra» markalı, ** TL *** dövlət qeydiyyat nişanlı avtomaşına dəymiş ziyanın məbləği 680 manat təşkil etmişdir.

19. İş materiallarında olan 27.10.2021-ci il tarixli, 104774 saylı ödəniş tapşırığın surətindən görünür ki, "xxxx" ASC tərəfindən X4 hesabına 680 manat PGU-213459 saylı sığorta aktına əsasən icbari zərər ödənişi köçürülmüşdür.

b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

20. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, Cavabdeh1 MMC-nin mülkiyyətində olan və "xxxx" ASC tərəfindən sığortalanmış «Ravon Nexia R3» markalı, **- PN-*** dövlət nömrə nişanlı avtomobili etibarnamə olmadan idarə edərkən yol hərəkəti qaydalarını pozaraq, X5 məxsus olan və X2 idarə olunan «Opel Astra» markalı, ** TL *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Sığorta aktına əsasən sığorta şirkəti tərəfindən Fuad Hacıyevə dəymiş zərər ödənilərək sığorta ödənişləri həyata keçirilmiş, hazırda isə sığorta şirkəti sığorta aktına əsasən ödədiyi 680 manat məbləğində pulu subroqasiya qaydasında cavabdehlərdən tutulması barədə iddia ilə məhkəməyə müraciət etmişdir.

c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:

21. Məhkəmə iddianın hüquqi əsaslılığı ilə bağlı qeyd edir ki,Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsində göstərilir ki, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 22.Həmin Məcəllənin 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. 23.Qeyd olunan Məcəllənin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur.

24. Həmçinin, Mülki Məcəllənin 1108.1-ci maddəsinin tələbinə görə ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur.

25. Həmin Məcəllənin 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər.

26. Habelə, “İcbari Sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.3-cü maddəsinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi halında sığortaçının sığortalıya və (və ya) sığorta olunana qarşı subroqasiya hüququ yaranır. Bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır.

27. “İcbari Sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 14.1-ci maddəsinə əsasən fərdi qəza sığortası üzrə sığorta olunanın və ya mülki məsuliyyət sığortası üzrə üçüncü şəxsin sağlamlığına dəyən zərər bu Qanunun məqsədləri üçün şəxsin yüngül, az ağır və ya ağır xəsarət alması kimi müəyyən edilmişdir.

28. Həmin Qanunun 14.2.5-ci bəndinə əsasən yüngül xəsarət almasına görə isə dəyən ziyanın miqdarı 15 faiz müəyyən edilmişdir.

29. Göründüyü kimi yol-nəqliyyat hadisəsi vaxtı Cavabdeh2 yüksək təhlükə mənbəyi olan «Ravon Nexia R3» markalı, ** PN *** dövlət nömrə nişanlı avtomobili etibarnamə olmadan idarə etmişdir. Məhkəmə qeyd edir ki, digər cavabdeh olan Cavabdeh1 MMC-nin hazırki tələb üzrə cavabdehlik daşıması məhkəmə tərəfindən müəyyən edilməmişdir.

30. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2020-ci il tarixli 4 nömrəli bülletendən görünür ki, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.3-cü maddəsində göstərilən “hüququ olmayan şəxs” ifadəsi nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxsi nəzərdə tutur. Belə ki, nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs avtomobilin idarə edilməsi ilə bağlı nəzəri və təcrübi biliklərə malik olmur. Belə şəxsin avtomobili idarə etməsi sığorta hadisəsinin baş verməsi riskini artırır. Sığorta hadisəsi baş verdikdə isə sığortaçı sığorta ödənişi verməli olur və son nəticədə sığortaçının əsaslı mənafeləri pozulmuş olur. Göründüyü kimi, qanunverici sığotaçının əsaslı mənafeyinin müdafiəsini təmin etmək üçün belə bir normanı qanuna daxil etmişdir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 13.4-cü maddəsinə əsasən sığorta şəhadətnaməsinin kimin adına verilməsindən asılı olmayaraq, fərdi qəza və ya mülki məsuliyyət üzrə sığorta təminatı, müvafiq sığorta müqaviləsində göstərilmiş əmlakı qanuni əsaslarla təyinatına uyğun istismar edən istənilən şəxsin hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş vermiş müvafiq hadisələrə, hallara şamil olunur. Sözügedən maddədə “qanuni əsaslar” dedikdə yalnız etibarnaməni və ya digər yazılı sənədi deyil, avtomobilin istismar edilməsi üçün mülkiyyətçinin şifahi razılığını da nəzərdə tutur. İradənin yazılı və ya şifahi formada ifadə edilməsindən asılı olmayaraq avtomobilin istismarı mülkiyyətçinin iradəsinə uyğun olması kifayətdir ki, qanuni əsas mövcud olsun. …Nəzərə almaq lazımdır ki, avtomobili idarə etmək hüququ olmayan şəxs tərəfindən idarə edilməsinə görə məsuliyyəti inzibati xətalar qanunverciliyi müəyyən etmişdir (İXM-nin 332-ci maddəsi). Bu məsuliyyəti müəyyən etməkdə inzibati xətalarqanunverciliyinin iki məqsədi vardır: birincisi, avtomobil mülkiyyətçilərinin mənafeyi müdafiə olunsun və başqa şəxslər mülkiyyətçinin iradəsi olmadan avtomobilə sahiblənə bilməsinlər; ikincisi, yol hərəkəti sahəsində hüquqpozmalara qarşı mübarizə imkanları gücləndirilsin, yəni qayda pozuntusu zamanı avtomobili idarə edən şəxsin (sürücünün) şəxsiyyətinin müəyyən edilməsi və məsuliyyətə cəlb olunması mümkün olsun. Göründüyü kimi, bu normanın sığortaçıların mənafeyinin qorunması ilə bağlı məqsədi yoxdur və ola da bilməz. Belə ki, əvvəla, sığorta münasibəti inzibati xətalarla bağlı münasibət deyil, mülki münasibətdir və mülki hüquqa aid qanunlarla tənzimlənir. Mülki hüququn tələbi isə ondan ibarətdir ki, əşyanın başqasının sahibliyinə verilməsi üçün istifadə müqaviləsi bağlanmalıdır. Mülki hüquqa görə avtomobil əşyadır və onun idarə edilməsi əşyadan istifadə edilməsi kimi qəbul olunur. Əgər avtomobilin başqa şəxs tərəfindən idarə edilməsi mülkiyyətçinin razılığına əsasən həyata keçirilirsə, bu o deməkdir ki, mülkiyyətçi ilə həmin şəxsin arasında istifadə müqaviləsi mövcuddur. Eyni zamanda mülki hüquq inzibati hüququn müəyyən etdiyi avtomobilin idarə edilməsinə dair etibarnaməni tanımır. Belə ki, mülki hüquqda etibarnamə təmsilçilik münasibətlərinin yaranması üçün əsasdır (MM-nin 362-ci maddəsi). Avtomobilin idarə edilməsi isə mülki hüquqda əşyadan istifadə etmək kimi qəbul olunur. Mülki hüquqda “əşyadan istifadə etmək” deyəndə əşyanın faydalı təbii xassələrinin hasil edilməsi başa düşülür, avtomobilin təbii xassəsini nəqletməkdir, çünki o, nəqliyyat vasitəsidir. Ona görə də, şəxs avtomobildən istifadə edərkən onun nəqletmə imkanlarından yararlanır, nəqletmə zamanı təmsilçiliyin yaranması (avtomobil mülkiyyətçisinin üçüncü şəxs qarşısında təmsil edilməsi) mümkün deyil. Təmsilçilik avtomobil üzərində sərəncam verilməsi və üsüncü şəxslərlə əlaqədar digər bu kimi hərəkətlərin həyata keçirilməsi zamanı mümkündür. Bundan başqa yol hərəkəti münasibətlərində avtomobilin idarə edilməsi ilə bağlı təmçsilçilik münasibətinin yaranması mümkün deyil. Çünki avtomobili idarə edən şəxs yol hərəkəti 23 Ali Məhkəmənin bülleteni 2020 iştirakçısına çevrilir və bu münasibətdə başqa şəxsin nümayəndəsi kimi deyil, “sürücü” kimi iştirak edir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 1ci maddəsinin 33-cü bəndində yol hərəkəti iştirakçılarının anlayışı verilib və orada “sürücü”nün nümayəndəsi anlayışı yoxdur və ümumiyyətlə “sürücü”nün nümayəndəsi institutu nəzərdə tutulmamışdır. … Nəqliyyat vasitəsini etibarnamə olmadan, lakin mülkiyyətçinin razılığı və iradə ifadəsinə uyğun olaraq idarə edən şəxs “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanunun 25.1.3-cü maddəsində göstərilən “hüquqi olmayan şəxs” kimi qəbul edilə bilməz. Həmin şəxslərə yalnız sürücülük hüququ olmayan şəxslər və nəqliyyat vasitəsini mülkiyyətçinin razılığı olmadan və onun iradəsinə zidd olaraq idarə edən şəxslər aiddir.

31. Məhkəmə Cavabdeh2 tərəfindən nəqliyyat vasitəsini qanuni əsaslar olmadan idarə edərək yol-nəqliyyat hadisəsi törətməsini, avtomaşının digər Cavabdeh1 ASC-nin sahibliyindən Cavabdeh2 hüquqa zidd götürülməsi ilə bağlı sübutların olmamasını nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, zərərin əvəzi yalnız Cavabdeh2 tutulmalıdır.

32. Məhkəmə iddia tələbinə qeyd olunan maddi hüquq normalarını tətbiq edərək, belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilərək, Cavabdeh2 subroqasiya hüququ əsasında 680 (altı yüz səksən) manat məbləğində sığorta ödənişinin, məhkəməyə müraciət edilərkən ödənilmiş 30,40 (otuz manat qırx qəpik) manat dövlət rüsumunun əvəzi, cəmi 710,40 (yeddi yüz on manat, qırx qəpik) manat məbləğində pul tutularaq iddiaçıya ödənilməli, iddia tələbi Cavabdeh1 MMC-yə münasibətdə təmin edilməməlidir.

33. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

34. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

35. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

36. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

37. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

38. Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

39. Belə olan halda məhkəmə hesab edir ki, hazırkı halda məhkəmə xərcləri Cavabdeh2 aid edilməlidir.

40. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia tələbi qismən təmin edilsin. Cavabdeh2 subroqasiya hüququ əsasında 680 (altı yüz səksən) manat məbləğində sığorta ödənişinin, məhkəməyə müraciət edilərkən ödənilmiş 30,40 (otuz manat qırx qəpik) manat dövlət rüsumunun əvəzi, cəmi 710,40 (yeddi yüz on manat, qırx qəpik) manat məbləğində pul tutularaq iddiaçıya ödənilsin. İddia tələbi Cavabdeh1 MMC-yə münasibətdə təmin edilməsin Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim: Ramin Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar