Məhkəmə qərarları › İş №e-2(006)-1805/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-1805/2025

05.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-1805/2025 05.03.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi X1, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə bağlı mülki işə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. İddiaçı "xxxx" MMC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC ilə Cavabdeh1 arasında 23 iyun 2023-cü il tarixli BAKU1-24108-22930 saylı kredit Müqaviləsinə əsasən illik faiz dərəcəsi 25% olmaqla 18 (on səkkiz) ay müddətinə 5000 (beş min) manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsindən irəli gələn öhdəliklərin lazımi qaydada icrasını təmin etmək məqsədilə "xxxx" MMC, Cavabdeh1 və Cavabdeh2 arasında 23 iyun 2023-cü il tarixdə BAKU1-24108-22930+BAKU1-73258 saylı zaminlik müqaviləsi bağlanmışdır. Tərəflər arasında imzalanmış ödəniş qrafiki ilə kreditin qaytarılması günləri və annuitet məbləği müəyyən edilmişdir. Borclu ödəniş qrafikinə əsasən hər ay 338 (üç yüz otuz səkkiz) manat ödəniş etməli idi. Lakin, borclu kreditor qarşısında ödəniş qrafikində nəzərdə tutulmuş ödəniş müddətlərini və məbləğlərini pozmuşdur. Kredit müqaviləsinin 3.1.4.1 və 3.1.4.2-ci maddələrinə əsasən müqavilə üzrə öhdəliklərin pozulması hallarında “kredit verən” birtərəfli qaydada müqaviləyə vaxtından əvvəl xitam verərək hesablanmış faiz ilə birlikdə geri ödənilməsini tələb edə bilər. Beləliklə, xx.xx.2025-ci il tarixi üçün Cavabdeh1 verilmiş kredit üzrə 1169,51 manat əsas, 71,44 manat faiz borcu və 30,00 manat dəbbə borcu olmaqla, cəmi 1270,95 manat borcu mövcuddur. Göstərilənlərə əsasən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 birgə qaydada iddiaçı "xxxx" MMC-nin xeyrinə 1169,51 manat əsas borc, 71,44 manat faiz borcu və 30 manat dəbbə borcu olmaqla, cəmi 1270,95 manat məbləğində borcun və işə məhkəmədə baxılması üçün ödənilmiş 33,40 manat dövlət rüsumunun əvəzinin tutulması barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir.

3. Məhkəmə iddia ərizəsinə dair mülki işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfindən mülki prosessual qanunvericiliyə əsasən, iddia ərizəsi, qərardad və bildiriş cavabdehlər Cavabdeh1 və Cavabdeh2 rəsmi qaydada – poçt vasitəsilə göndərilmiş, lakin cavabdehlər iddiaya qarşı əsaslandırılmış etirazlarını məhkəməyə göndərməmişdir.

4. Mülki Prosessual Məcəllənin: 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.2-ci maddəsinin tələblərinə görə, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. 135.2-ci maddəsinə əsasən, məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış məhkəmə sənədləri müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi məhkəmədə də həyata keçirilə bilər. 135.5-ci maddəsinə müvafiq olaraq, bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir.

5. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir.

Əsaslandırıcı hissə: a) İş materialları:

6. "xxxx" MMC (kredit verən) ilə Cavabdeh1 (borcalan) arasında bağlanmış xx.xx.2023-cü il tarixli, BAKU1-24108-22930 nömrəli kredit müqaviləsindən və ödəniş qrafikindən görünür ki, “kredit verən” bu müqavilənin şərtlərinə uyğun olaraq “borcalana” məqsədli istifadə (şəxsi istifadə məqsədilə), qaytarılmaq, müəyyən müddətə, faizlər ödənilmək və təminatlılıq əsasında 5.000 (beş min) manat məbləğində 18 ay müddətinə, illik 25 % olmaqla kredit verməyi, “Borcalan” isə kredit üzrə əsas borcun və hesablanmış faizlərin ödənilməsini bu müqavilədə göstərilmiş qaydada həyata keçirməyi öhdəsinə götürür. “Borcalan”ın götürdüyü kredit məbləğinə görə faktiki illik faiz dərəcəsi 27,14%-ə bərabərdir.

7. "xxxx" MMC (kreditor), Cavabdeh1 (borclu) və Cavabdeh2 (zamin) arasında bağlanmış xx.xx.2023-cü il tarixli, BAKU1-24108-22930+BAKU1-73258 nömrəli zaminlik müqaviləsindən görünür ki, bu müqavilə “borclu”nun “kreditor” qarşısında bu müqavilənin 1.2ci bəndində göstərilən kredit müqaviləsindən irəli gələn öhdəliyinin tamamilə icra edilməsi üçün “zamin” və “borclu”nun “kreditor” qarşısında birgə məsuliyyətinin əsaslarını müəyyən edir.

8. "xxxx" MMC tərəfindən Cavabdeh1 və Cavabdeh2 ünvanlanmış xx.xx.2024-cü il tarixli pretenziyadan görünür ki, onlara müvafiq müqavilələr üzrə yaranmış borcun ödənilməsi ilə bağlı xəbərdarlıq edilmişdir.

9. xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 iddiaçıya əsas borc üzrə 1169.51 manat, faiz borcu üzrə 71.44 manat, dəbbə borcu üzrə 30 manat olmaqla, cəmi 1270.95 manat borcu mövcuddur.

10. xx.xx.2025-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən 33 (otuz üç) manat dövlət rüsumu, 0.4 (40 qəpik) manat xidmət haqqı ödənilmişdir.

b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

11. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2023-cü il tarixli krеdit müqaviləsinə əsasən, iddiaçı tərəfindən cavabdehə şəxsi istifadə məqsədilə 18 (on səkkiz) ay müddətinə, illik 25 faiz (faktiki illik faiz dərəcəsi – 27.14%) ödəmək şərtilə 5000 (beş min) manat məbləğində krеdit vеrilmişdir. Həmin müqavilənin təminatı olaraq eyni tarixdə "xxxx" MMC (kreditor), Cavabdeh1 (borclu) və Cavabdeh2 (zamin) arasında zaminlik müqaviləsi bağlanmışdır.

12. Hazırda iddiaçı "xxxx" ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 birgə qaydada iddiaçı "xxxx" MMC-nin xeyrinə 1169,51 manat əsas borc, 71,44 manat faiz borcu və 30manat dəbbə borcu olmaqla, cəmi 1270,95 manat məbləğində borcun və işə məhkəmədə baxılması üçün ödənilmiş 33,40 manat dövlət rüsumunun əvəzinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş edir.

c) Məhkəmənin mövqeyi:

13. Göründüyü kimi, iddiaçı ilə Cavabdeh1 arasında kredit müqaviləsinə əsasən, digər Cavabdeh2 arasında isə zaminlik müqaviləsinə əsasən öhdəlik münasibətləri mövcud olmuşdur.

14. İddiaçı müqavilə ilə öz üzərinə götürdüyü öhdəlikləri icra etmiş, lakin Cavabdeh1 və zaminlik müqaviləsinə əsasən sonuncu ilə birgə məsuliyyət daşıyan digər Cavabdeh2 öz öhdəliklərini (kredit üzrə əsas borcun və faiz borcunun razılaşdırılmış qaydada ödənilməsi) lazımi qaydada icra etməmişdir. Mülki qanunvericiliyin normaları baxımından cavabdehlərin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilir.

15. Məhkəmə hesab edir ki, iddia tələbi müqavilə üzrə əsas və cərimə borcuna münasibətdə təmin edilməli, faiz borcuna gəldikdə isə qismən təmin edilməlidir.

16. Belə ki, iddia tələbinin “faizin ödənilməsi” hissəsi ilə əlaqədar qeyd edilməlidir ki, xx.xx.2024-cü il tarixdə iddiaçı tərəfindən cavabdehlərə xəbərdarlıq məktubu göndərilmişdir. Həmin xəbərdarlıq məktubunda Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2, 421.3 və 472-ci maddələrinə istinad edilmiş və müqavilə üzrə əsas borcun (1169,51 manat), faiz borcunun (43,01 manat) və dəbbə borcunun (175,62 manat) xx.xx.2024-cü il tarixədək ödənilməsi xahiş edilmişdir. Yəni, iddiaçı müqaviləndən cavabdehlərin öhdəliklərini yerinə yetirməməsi səbəbindən (müqavilənin 3.1.4, 3.1.4.6-cı maddələrinə və MM-nin 421.3-cü maddəsinə əsasən) xəbərdarlıq məktubunda göstərdiyi xx.xx.2024-cü il tarixdə birtərəfli qaydada imtina etmişdir. Hazırda isə iddiaçı xx.xx.2025-ci il tarixinə hesablanan maliyyə arayışı təqdim edərək, 74,44 manat faiz borcu tələb edir. Göründüyü kimi, iddiaçı müqavilədən imtinadan sonrakı dövr üçün müqaviləyə əsaslanaraq borcluya faiz hesablamışdır. Bu isə qanunvericiliyin tələblərinə uyğun deyildir. Buna görə də məhkəmə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli qərarını nəzərə alaraq hesab edir ki, xx.xx.2023-cü il tarixli krеdit müqaviləsi üzrə tələb edilən faiz miqdarı 43,01 manat hissəsində təmin edilməlidir.

17. Məhkəmə xərcləri ilə bağlı məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi qismən təmin edildiyindən ödənilmiş dövlət rüsumunun 32,43 manat hissəsi cavabdehlərdən tutularaq iddiaçıya verilməlidir.

d) Tətbiq edilən hüquq və iş üzrə məhkəmənin gəldiyi nəticə:

18. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 385.1-ci maddə. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddə. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 421.1-ci maddə. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. 421.2-ci maddə. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 421.3-cü maddə. Müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. 425.1-ci maddə. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 427.3-cü maddə. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 442-ci maddə. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazıminca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddə. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 462.1-ci maddə. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazıminca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; 465.2-ci maddə. Əgər borclu öhdəliyin lazıminca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər; 470.1-ci maddə. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür; 472.1-ci maddə. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazıminca icra etmədikdə, əgər bu Məcəllənin və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar; 472.2-ci maddə. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazıminca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır; 739.1-739.2-ci maddə. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır;

19. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair xx.xx.2023-cü il tarixli qərarı: Müqavilənin bağlanması və qüvvədə qalması tərəflərin birgə iradəsinə əsaslandığı üçün, onların qabaqcadan xüsusi ləğvetmə əsaslarını müəyyən etmək hüququna malik olması da mülki qanunvericiliyin tələblərindən irəli gəlir. Bu səbəbdən də Mülki Məcəllənin 421.2-ci maddəsində “müqavilədə nəzərdə tutulan digər hallarda” və Məcəllənin 421.3-cü maddəsində “tərəflərin razılaşması ilə yol verildikdə” ifadələri ilə tərəflərin müqaviləni birtərəfli qaydada aradan qaldırmaq imkanı tanınmışdır; Burada “tərəflərin razılaşması ilə yol verildikdə” müddəasının “əvvəlcədən müqavilədə nəzərdə tutulan hallarda” mənasını ehtiva etdiyi xüsusilə qeyd edilməlidir. Belə ki, Mülki Məcəllənin 421.3-cü maddəsinin dispozisiyasından göründüyü kimi, burada hüquqi tənzimetmə qarşılıqlı razılaşma ilə deyil, məhz müqavilənin bilavasitə birtərəfli qaydada ləğv edilməsi (maddədə “imtina” olaraq ifadə edilib) ilə bağlıdır; Mülki Məcəllənin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. Kredit müqaviləsi üzrə öhdəliyin pozulması səbəbindən kreditorun Mülki Məcəllənin 447.1-ci maddəsinə əsasən müqavilədən imtina etdiyi təqdirdə, həmin anadək gecikdirilmiş annuitet ödənişlərinə (əsas məbləğ və hesablanmış faizlərin) yaranmış tələb müqavilənin ləğvindən sonra da qüvvədə qalır. Bu öhdəlik müqavilənin ləğv edilməsindən əvvəl yarandığı üçün kreditor onun ödənilməsini tələb etməkdə haqlıdır. Həmçinin, bir tərəfin müqavilə öhdəliyini əhəmiyyətli dərəcədə pozmaqla qarşı tərəfə zərər vurması halında qarşı tərəfin (kontragentin) müqaviləni ləğv etməsi onun məruz qaldığı zərərin ödənilməsini tələb etmək hüququndan məhrum olunması, hüquqa zidd hərəkət edən şəxsin isə mülki məsuliyyətdən azad edilməsi kimi qiymətləndirilə bilməz. Bu halda kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş əlavə müddət bitənədək (ləğv anınadək) pul vəsaitindən istifadə haqqını (faizləri), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Qeyd olunmalıdır ki, kredit müqavilələri vaxtaşırı icra edilməli olan öhdəlik münasibətlərini ifadə etdiyindən, kredit müqaviləsindən imtina olunması ilə onun ləğv edilməsi arasında hüquqi nəticə baxımından fərq mövcud deyildir. Odur ki, kredit müqaviləsi kimi icrası davamlı olan öhdəlik münasibətlərində müqavilədən imtina ləğvetmədə olduğu kimi, ancaq imtinadan sonrakı dövr üçün öhdəlikləri aradan qaldırır.

20. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

21. Beləliklə, məhkəmə mülki qanunvericiliyin yuxarıda qeyd edilən normalarını nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 birgə qaydada 1169,51 (bir min yüz altmış doqquz manat, əlli bir qəpik) manat əsas borc, 43,01 (qırx üç manat, bir qəpik) faiz borcu, 30 (otuz) manat cərimə borcu olmaqla, cəmi 1242,52 (bir min iki yüz qırx iki manat, əlli iki qəpik) manat borc və 32,43 (otuz iki manat, qırx üç qəpik) manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, ümumilikdə 1274,95 (bir min iki yüz yetmiş dörd manat, doxsan beş qəpik) manat məbləğində pul alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə verilməli, iddia qalan hissədə təmin edilməməlidir.

Nəticə:

22. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia tələbi qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 birgə qaydada 1169,51 (bir min yüz altmış doqquz manat, əlli bir qəpik) manat əsas borc, 43,01 (qırx üç manat, bir qəpik) faiz borcu, 30 (otuz) manat cərimə borcu olmaqla, cəmi 1242,52 (bir min iki yüz qırx iki manat, əlli iki qəpik) manat borc və 32,43 (otuz iki manat, qırx üç qəpik) manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, ümumilikdə 1274,95 (bir min iki yüz yetmiş dörd manat, doxsan beş qəpik) manat məbləğində pul alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

X3

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar