Məhkəmə qərarları › İş №e-2(006)-1807/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-1807/2023

06.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-1807/2023 06.11.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, X1 oğlunun katibliyi, Cavabdeh iştirakı ilə İddiaçı LPO QSC “Bank Standard” KB-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı "xxxx" tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı LPO QSC “Bank Standard” KB-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Cavabdeh qarşı "xxxx" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, QSC “Bank Standard” KB ilə Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli 1xx/xx/114698/15 saylı kredit müqaviləsi üzrə cavabdehdən 304.90 (üç yüz dörd manat, 90 qəpik) manat məbləğində əsas borc, 209.26 (iki yüz doqquz manat, 26 qəpik) manat müqavilə müddəti üçün hesablanmış və tələb olunan faizlər, 1153.96 (min yüz əlli üç manat, 96 qəpik) manat məbləğində cərimə borcu, 96.80 (doxsan altı manat, 80 qəpik) manat gecikdirilmiş vaxt üçün hesablanan faiz məbləği, ümumilikdə isə 1764.92 (min yeddi yüz altmış dörd manat, 92 qəpik) manat məbləğində pulun, 37.65 (otuz yeddi manat, 65 qəpik) manat dövlət rüsumunun ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti “Bank Standard” Kommersiya Bankının xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, QSC “Bank Standard” KB ilə Cavabdeh arasında xx.xx.2015-ci il tarixində kredit verilməsi haqqında 1xx/xx/114698/15 saylı müqavilə bağlanmış, həmin sənədlərə əsasən bank tərəfindən cavabdehə illik 24 (iyirmi dörd) faiz ödənilməsi şərti ilə 12 (on iki) ay müddətinə 500 (beş yüz) manat məbləğində kredit verilmişdir. Lakin cavabdeh öz üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca icra etməmiş və bunun nəticəsində banka 304.90 (üç yüz dörd manat, 90 qəpik) manat məbləğində əsas borc, 209.26 (iki yüz doqquz manat, 26 qəpik) manat müqavilə müddəti üçün hesablanmış və tələb olunan faizlər, 1153.96 (min yüz əlli üç manat, 96 qəpik) manat məbləğində cərimə borcu, 96.80 (doxsan altı manat, 80 qəpik) manat gecikdirilmiş vaxt üçün hesablanan faiz məbləği, ümumilikdə isə 1764.92 (min yeddi yüz altmış dörd manat, 92 qəpik) manat məbləğində borcu qalmışdır. Tərəflər arasında münasibətləri məhkəmədən kənar qaydada həll etmək məqsədi ilə iddiaçı tərəfindən cavabdehə yazılı xəbərdarlıq edilmiş, lakin bundan sonra da kredit müqaviləsi üzrə öhdəliklər onun tərəfindən lazımınca icra edilməmişdir. Cavabdeh kredit borcu üzrə iddia ərizəsi ilə xx.xx.2019-cu il tarixdə məhkəməyə müraciət edilmiş, Nəsimi Rayon Məhkəməsi tərəfindən iddia tələbi təmin edilmiş, lakin Bakı Apellyasiya Məhkəməsi tərəfindən Nəsimi Rayon Məhkəməsinin 2(006)-4574/2019 saylı iş üzrə xx.xx.2019-cu il tarixli qətnaməsi ləğv edilmiş və iddia ərizəsi baxılmamış saxlanılmışdır. Bu səbəbdən məhkəməyə yenidən müraciət etmək zərurəti yaranmışdır. Cavabdeh iddia ərizəsinə etiraz təqdim edərək, iddia ərizəsinə baxılmasının mümkünsüz hesab edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddia əsassız, qanuna, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanına ziddir. Belə ki, mübahisəyə dair Nəsimi Rayon Məhkəməsi tərəfindən xx.xx.2019-cu il tarixli qətnamə qəbul edilmiş, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə həmin qətnamə ləğv edilmişdir (xx.xx.2020). Apellyasiya instansiya məhkəməsi belə qənaətə gəlmişdir ki, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanından irəli gələn tələblərə iddiaçı tərəfindən əməl edilmədiyindən qeyd edilən məhkəmə qətnaməsi ləğv edilmişdir. Göstərilənlərin, iddia müddətinin ötürülməsinin və digər sadalanan halların nəzərə alınması məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, iddiaçı LPO QSC “Bank Standard” KB-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi Nümayəndə məhkəməyə gəlməmiş, “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemi” vasitəsi ilə ərizə təqdim edərək, iş yükünün çoxluğu səbəbindən məhkəmə baxış iclasının onların iştirakı olmadan keçirilməsini və iddianın tam təmin edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyib, etirazın məzmununa uyğun izahat verərək, iddia müddətinin tətbiq edilməsini və iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsinin ərizəsini nəzərdən keçirib, cavabdehin izahatını dinləyib, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, mülki işin materiallarında olan: QSC “Bank Standard” KB (kreditor) ilə Cavabdeh (borc alan) arasında bağlanmış xx.xx.2015-ci il tarixli 1xx/xx/114698/15 nömrəli kredit müqaviləsindən görünür ki, kreditor borc alana bu müqavilənin 1.1-ci bəndində göstərilən 500,00 (beş yüz) manat kredit xətti açmış, borc alan həmin məbləğdə kredit üzrə pul vəsaitlərini qəbul etmiş və həmin kreditə görə bu müqavilənin 1.1-ci bəndində göstərilən 24 % ödəməyi öhdəsinə götürmüşdür. Kredit mənzilin təmiri məqsədilə xx.xx.2016-cı ildə qaytarılmaq şərtilə verilmiş, yəni kreditin müddətinin 12 ay olması, cərimə məbləğinin gündəlik faiz dərəcəsinin 1 % olması razılaşdırılmışdır. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2-1(81)-4498/2016 nömrəli qərarından görünür ki, QSC “Bank Standard” Kommersiya Bankı müflis elan edilmiş və iflas proseduruna başlanılmış, Əmanətlərin Sığortalanması Fondu QSC “Bank Standard” Kommersiya Bankının ləğvedicisi təyin edilmişdir. xx.xx.2019-cu il tarixli bildirişdən görünür ki, Cavabdeh xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə öhdəliklərin icrası edilməsi məqsədilə ləğv prosesində olan QSC “Bank Standard” KB-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən xəbərdar edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-4574/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsindən görünür ki, iddia təmin edilmiş, QSC “Bank Standard” KB ilə Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli 1xx/xx/114698/15 saylı kredit müqaviləsi üzrə 304 manat 90 qəpik əsas borc, 31 manat 91 qəpik faiz, 1.142 manat 17 qəpik cərimə, 43 manat 36 qəpik gecikdirilmiş vaxt üçün hesablanmış illik faiz dərəcəsi olmaqla, cəmi 1.522 manat 34 qəpik pul vəsaitinin və ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh tutularaq iddiaçı LPO QSC “Bank Standard” KByə ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(103)-983/2020 nömrəli qərardadından görünür ki, Cavabdeh apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-4574/2019 saylı iş üzrə xx.xx.2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, iddia ərizəsi baxılmamış saxlanmış, iddiaçıya ümumi qaydada məhkəməyə iddia vermək hüququ izah edilmişdir. Qərardadda mübahisənin məhkəmədən kənar həll edilməsinə dair yeni əsasların yaranması qeyd edilmiş, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli 551 saylı Fərmanında nəzərdə tutulan məsələlərə aydınlıq gətirilməsinin zəruri olduğu bildirilmişdir. Cavabdeh QSC “Bank Standard” Kommersiya Bankında olan hesabından xx.xx.2013xx.xx.2023-cü il tarixləri əhatə edən çıxarışdan görünür ki, kreditin verilməsi təyinatı ilə 500 manat məbləğində pul xx.xx.2015-ci ildə hesaba mədaxil edilmiş, xx.xx.2019-cu ildə fərmanla bağlı gecikdirilmiş əsas məbləğin silinməsi və fərmanla bağlı daxilolma təyinatları üzrə 41.44 manat məbləğində pul hesabdan silinmiş və həmin məbləğ hesaba mədaxil edilmişdir. xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Cavabdeh xx.xx.2015-ci il tarixli 1xx/xx/114698/15 saylı kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixinə QSC “Bank Standard” KB-yə 304,90 manat əsas, 209,26 manat faiz, 1153,96 manat cərimə, 96,80 manat gecikdirilmiş vaxt üçün hesablanan faiz borcu olmaqla, cəmi 1764.92 manat borcu vardır. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş, ekspertizanın keçirilməsi Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmiş, ekspert qarşısında cavabdehin müqavilə müddətinin bitdiyi xx.xx.2016-cı il tarixə borcunun olub-olmaması, olduğu təqdirdə əsas və faiz borcunun məbləğinin müəyyən edilməsi ilə əlaqədar suallar qoyulmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 18 sentyabr 2023-cü il tarixli 9/6019 saylı ekspert rəyində qeyd edilmişdir ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan hesabdan çıxarış məlumatları, xx.xx.2015-ci il tarixdə bağlanmış 1xx/xx/114698/15 nömrəli kredit müqaviləsində qeyd olunan şərtlər nəzərə alınmaqla Cavabdeh iddiaçı QSC “Bank Standard” KB-yə borcu xx.xx.2016-cı il tarixinə borcu 367,16 manat, əsas borc üzrə 332.07 manat, faiz borcu üzrə 35.09 manat müəyyən edilir. Ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 100 manat təşkil edir. İddia ərizəsinin "xxxx" bölməsindən görünür ki, Qapalı Səhmdar Cəmiyyəti “Bank Standard” Kommersiya Bankı (Ləğv prosesindədir) tərəfindən iddia ərizəsinin verilməsinə görə 37.65 manat rüsum ödənilmişdir. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, hazırda ləğv prosesində olan QSC “Bank Standard” KB ilə Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əsasən, bank tərəfindən cavabdehə 12 ay müddətinə 24 % ödəmək şərtilə 500 manat məbləğində kredit xətti açılmışdır. Cavabdeh müqavilə üzrə öhdəliyini lazımınca icra etmədiyindən müqavilə müddətinin bitdiyi xx.xx.2016-cı il tarixinə banka 332,07 manat əsas və 35,09 manat faiz borcu olmaqla, cəmi 367,16 manat məbləğində borcu yaranmışdır. Bank xx.xx.2016-cı il tarixdə qəbul edilmiş 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarı ilə müflis elan edilərək barəsində iflas proseduruna başlanılmış, Əmanətlərin Sığortalanması Fondu bankın ləğvedicisi təyin edilmişdir. Bundan sonra Fond tərəfindən cavabdehə xx.xx.2019-cu il tarixli bildiriş göndərilərək, müqavilə üzrə borcun ödənilməsi tələb edilmiş, cavabdeh öhdəliyini icra etmədiyindən bankın ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu xx.xx.2019-cu ildə (“AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş məlumata görə) məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, lakin həmin qətnamədən cavabdeh şikayət vermiş və Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli 551 saylı Fərmanında nəzərdə tutulan məsələlərə aydınlıq gətirilməsi məqsədilə iddia ərizəsi baxılmamış saxlanmışdır. Məhkəmə araşdırmasına təqdim edilmiş hesabdan çıxarışdan (xx.xx.2019-cu ildə aparılmış əməliyyatlar) cavabdehlə bağlanmış müqavilə üzrə verilmiş kreditin Fərmanın təsir dairəsinə aid olması müəyyən edilmişdir. İddiaçı xx.xx.2023-cü ildə hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə 304.90 manat məbləğində əsas borc, 209.26 manat müqavilə müddəti üçün hesablanmış faizlər, 1153.96 manat məbləğində cərimə borcu, 96.80 manat gecikdirilmiş vaxt üçün hesablanan faiz məbləği olmaqla, ümumilikdə 1764.92 manat məbləğində pulun və iş üzrə ödənilmiş dövlət rüsumunun LPO bankın xeyrinə tutulmasını; cavabdeh isə Bakı Apellyasiya Məhkəməsinin qərardadına istinadən və iddia müddətinin ötürülməsi səbəbindən iddia ərizəsinin baxılmasının mümkünsüz hesab edilməsini məhkəmədən xahiş etmişlər. Məhkəmə iddia tələbinin “304.90 manat məbləğində əsas borcun cavabdehdən tutulması” hissəsinə münasibətdə qeyd edir ki, məhkəmə tərəfindən təyin edilmiş ekspertiza tədqiqatı nəticəsində cavabdehin xx.xx.2015-ci il tarixli müqavilə üzrə müqavilənin müddətinin bitdiyi xx.xx.2016-cı il tarixinə hazırda ləğv prosesində olan banka 332,07 manat əsas borcunun olması təsdiq edilmişdir. Müqavilə müddəti bitdikdən sonra cavabdehin əsas borcundan Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli 551 saylı Fərmanı ilə əlaqədar xx.xx.2019-cu ildə 41.44 manat məbləğində pul silinmişdir (ekspert rəyində nəzərə alınmayıb). Beləliklə, cavabdehin iddiaçıya olan əsas borcunun məbləği 290.63 manat təşkil etmişdir. Bununla da, bankın əsas borcla əlaqədar 304.90 manat məbləğində olan tələbinin 14.27 manat hissədə əsassız olması, 290.63 manat hissədə isə əsaslı olması məhkəmə tərəfindən müəyyən edilmişdir. Lakin cavabdeh tərəfindən iddia müddətinin tətbiqi barədə ərizə verildiyindən, tələb üzrə müddətin ötürülübötürülməməsinə dair aparılan məhkəmə araşdırmaları nəticəsində müəyyən edilmişdir ki, bu tələb üzrə iddia müddəti ötürülmüşdür. Belə ki, bankla cavabdeh arasında xx.xx.2015-ci ildə bağlanmış kredit müqaviləsinin müddətinin xx.xx.2016-cı ildə bitməsi, bankın iddia ərizəsi ilə xx.xx.2019-cu ildə məhkəməyə müraciət etməsi, xx.xx.2020-ci ildə iddiaçıya ümumi qaydada iddia ilə məhkəməyə müraciət etmək hüququ izah olunmaqla həmin iddia ərizəsinin baxılmamış saxlanılması işin mübahisəsiz halıdır. Deməli, müqavilə üzrə iddia müddətinin axımı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 368-ci maddəsinə müvafiq olaraq xx.xx.2016-cı ildə başlamış, 2 il 11 ay 28 gün keçdikdən sonra – xx.xx.2019-cu ildə məhkəməyə müraciət edilməsi ilə iddia müddətin axımı dayandırılmış, iddia ərizəsinin baxılmamış saxlanılması barədə qərardad qəbul edildikdən sonra xx.xx.2020-ci ildən iddia müddətinin axımı davam etmiş və iddia müddəti xx.xx.2020-ci ildə bitmişdir. Fiziki şəxslərin kredit borclarının restrukturizasiyası məqsədilə yeni güzəştli kredit müqaviləsinin bağlanması ilə bağlı müraciətlərinin qəbulu 2019-cu ilin dekabrın 31-də başa çatmasına baxmayaraq, tövsiyə edilən tədbirlər bank tərəfindən təmin edildiyi halda, bu günədək cavabdeh tərəfindən bankla Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” fərmanın icrası ilə bağlı yeni müqavilə bağlanması üçün müraciət olunmamış və güzəştli şərtlərlə restrukturizasiya müqaviləsi imzalanmamışdır. Göründüyü kimi, kredit borclarının restrukturizasiyası məqsədilə yeni güzəştli kredit müqaviləsinin bağlanması ilə bağlı müraciətlərinin qəbulu xx.xx.2019-cu il tarixdə başa çatmış və iddiaçı öz hüququnun pozulmasının davam etdiyini artıq Bakı Apellyasiya Məhkəməsinin qərardadının qəbul edildiyi xx.xx.2020-ci il tarixdən bildiyi və cavabdehə qarşı müqavilədən irəli gələn tələblə məkhəməyə ən geci xx.xx.2020-ci ildə müraciət etməli olduğu halda, yalnız xx.xx.2023-cü il tarixdə, yəni hüququnun pozulduğunu bildiyi andan 6 il 1 ay 22 gün keçdikdən sonra hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, bununla da, müqavilə üzrə tələblər üçün qanunvericiliklə müəyyən edilmiş 3 il müddətini ötürmüşdür. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi iddia müddəti ötürüldüyündən təmin edilməməlidir. Əsas borc ilə əlaqədar o da qeyd edilməlidir ki, aparılmış ekspertiza tədqiqatı nəticəsində ekspert tərəfindən cavabdehin məhz müqavilə müddətinin bitdiyi xx.xx.2016-cı il tarixə olan əsas borcu hesablanıb məhkəməyə təqdim edilmiş, buna görə də Fərmanın təsir dairəsinə düşməsi səbəbindən əsas borcdan aparılmış silinmə nüansı ekspert tərəfindən verilən rəydə nəzərə alınmamışdır. Məhkəmə iddia tələbinin “209.26 manat müqavilə müddəti üçün hesablanmış faizlərin və 1153.96 manat məbləğində cərimə borcunun cavabdehdən tutulması” hissəsinə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, hesabdan çıxarışa əsasən cavabdehlə bağlanmış müqavilənin Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” xx.xx.2019-cu il tarixli 551 nömrəli Fərmanının təsir dairəsinə düşməsi müəyyən edilərək hazırki işin mübahisəsiz halını təşkil edir. Fərmana əsasən banklara bir ay müddətində vaxtı keçmiş kreditlərə hesablanmış faizlərin (eyni zamanda, cərimənin (dəbbə pulunun, penyanın)) silinməsini təmin edən tədbirlər görülməsi tövsiyə edilmişdir. İddiaçı dövlətin problemli kredit müqavilələri üzrə banklara maliyyə dəstəyi göstərilməsi barədə Fərmanda nəzərdə tutulan təklifi qəbul etdiyindən məhkəmə hesab edir ki, Fərmanda irəli sürülən tövsiyələrin icrası, o cümlədən, vaxtı keçmiş kredit borcu üzrə hesablanmış faizlərin və dəbbə pulunun (cərimə, penya) silinməsi həmin bank üçün məcburi olduğu halda, həmin məbləğlər silinməmiş, əksinə hazırki tələbin predmetini təşkil etmişdir. Lakin məhkəmə hesab edir ki, bank tərəfindən Fərmandan irəli gələn vəzifələrin yerinə yetirilməyərək faiz və cərimə borcları silinmədiyindən, tələb bu hissədə əsassızdır və buna görə də təmin edilməməlidir. İddia tələbinin “96.80 manat gecikdirilmiş vaxt üçün hesablanan faiz məbləğinin cavabdehdən tutulması” hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, hazırki tələb də əsaslı olmasına baxmayaraq, cavabdeh tərəfindən iddia müddətinin tətbiqi barədə ərizə verildiyindən, bu tələbə münasibətdə də iddia müddəti tətbiq edilərək təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 368-ci maddəsinə əsasən, vaxt dövrü ilə müəyyənləşdirilmiş müddətin axımı təqvim tarixindən və ya müddətin başlanması üçün müəyyənləşdirilmiş hadisənin baş verməsindən sonrakı gün başlanır. 372-ci maddəsinə görə, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. 373.2-ci maddəsinə əsasən, müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. 374-cü maddəsinə görə, əgər müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətləri və onların hesablanması qaydası bu Məcəllə ilə müəyyənləşdirilir. İddia müddətləri axımının dayandırılması və kəsilməsi əsasları bu Məcəllə ilə müəyyənləşdirilir. 375-ci maddəsinə əsasən, hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. 376-cı maddəsinə görə, əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər (girov, dəbbə pulu, saxlama, zaminlik, beh) üzrə də iddia müddəti keçir. 377.1-377.2-ci maddələrinə əsasən, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. 381.1-ci maddəsinə görə, əgər iddia məhkəmə tərəfindən baxılmamış saxlanmışdırsa, iddia irəli sürülənədək başlanmış iddia müddətinin axımı ümumi qaydada davam edir. 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. 427.3-cü maddəsinə görə, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.1-445.2, 445.7-ci maddələrinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. 460.1-ci maddəsinə əsasən, öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. 462.1-ci maddəsinə görə, dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 741-ci maddəsinə görə, əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Konstitusiya Məhkəməsi Plenumunun L.İ.Binnətovanın şikayəti üzrə 2008-ci il 8 may tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, iddia etmək hüququ iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarından ibarətdir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. Bu hüququn həyata keçirilməsi hər hansı iddia müddətinin keçməsindən asılı deyil. Buna görə də, iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəməyə iddianı təqdim etmək mümkündür. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. İddia müddətinin keçməsi məhz bu mümkünlüyün qarşısını alır və məhkəmə tərəfindən iddiadan imtina edilməsinə əsas kimi götürülür. İddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. İddia müddəti pozulmuş hüququn müdafiəsinin müddəti kimi bu müddətin axımının başlanmasına səbəb olan subyektiv hüququn pozulması ilə ayrılmaz surətdə bağlıdır. Buna görə, məhkəmə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələlərini araşdırmadan iddia müddətinin keçməsinə görə iddianı rədd etməkdə haqlı deyil. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassızdır, çünki iddia müddətinin keçməsinə görə məhkəmənin gəldiyi nəticə lazımi əsasa söykənmir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03 iyun 2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, kredit müqaviləsində yalnız bu hüquq münasibətlərinə xas olan ayrı-ayrılıqda kredit müqaviləsinin qüvvədə olma müddəti və kreditin (əsas məbləğ və hesablanmış faizlərin) qaytarılması müddəti müəyyənləşdirilə bilər. Göstərilən müddətlər müqavilə üzrə müvafiq hüquqi nəticələrin yaranmasına səbəb olduğundan nəzərə alınmalıdır ki, kredit müqaviləsinin qüvvədə olma müddəti belə müqavilənin bağlanma və öhdəliklərin tam icra edilməsi anını, kreditin (əsas məbləğ və hesablanmış faizlər) müddəti isə kreditin alınmasını və müvafiq ödənişlərin müddətini əhatə edir. Hüquqi təbiətinə görə kredit müqaviləsinin müddəti tərəflərin hüquq və vəzifələrinin yaranmasının, dəyişdirilməsinin və ona xitam verilməsinin vaxtını tənzimlədiyi halda, kredit müddəti kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklərin icra edilməsinin vaxtını tənzimləyir. Kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1, 373.1, 373.3, 551.1, 551.2.1 və 553.1.1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından şərh olunmasına dair” xx.xx.2023-cü il tarixli Qərarında qeyd edilmişdir ki: Məhkəmə müdafiəsi hüququ mütləq hüquq olmadığına görə müəyyən şərtlərin mövcudluğunda konkret məhdudiyyətlərə məruz qala bilər. Lakin yalnız qanunvericilik səviyyəsində müəyyən oluna biləcək belə məhdudiyyətlər Konstitusiyada təsbit olunmuş hüquq və azadlıqları ləğv edə bilməz. Bu məhdudiyyətlər məhkəmələr tərəfindən özbaşına deyil, hüququn təbiətinə uyğunlaşa bilən, müvafiq hüquqa mütənasib şəkildə və eyni zamanda, bu hüququn hüdudları kimi düzgün tətbiq edilməlidir. Məhkəmə müdafiəsi hüququ ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş məhdudiyyətlərdən biri də iddia müddətidir. İddia müddəti ilə bağlı məhdudiyyətlər bir neçə vacib məqsədə xidmət edir. Yəni hüquqi müəyyənliyi və qətiliyi təmin edir, cavabdehi “köhnəlmiş” tələblərdən müdafiə edir və məhkəmənin uzaq keçmişdə baş verən hadisələr ilə bağlı, zaman keçdiyindən natamam və etibar doğurmayan sübutlar əsasında qərar qəbul edəcəyi təqdirdə yarana bilən ədalətsizliyin qarşısını alır. İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qeyd edilməlidir ki, iddia müddəti öhdəliklərin icrası ilə bağlı tələblərə şamil olunmaqla, kreditorun öz tələbini məhkəmə qaydasında məcburi icra etdirmək imkanına qoyulmuş bir məhdudiyyətdir. İddia müddəti öhdəliyin aradan qalxması üçün hüquqi əsas deyildir, iddia müddətinin keçməsi öz-özlüyündə kreditorun tələb hüququnu aradan qaldırmır. Odur ki, iddia müddəti keçmiş olsa da, tələb məhkəmədə baxılmağa qəbul edilir və məhkəmənin öz təşəbbüsü ilə deyil, yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. İddia müddətinin ötürülməsi öhdəliyə xitam vermir, onu mahiyyətcə fərqli hüquq təbiətli öhdəliyə çevirir. Belə ki, hüquq nəzəriyyəsində öhdəliklərin bir növü kimi Roma hüququndan qaynaqlanan, məhkəmə müdafiəsi ilə təmin olunmayan, yəni icrası məcburi qaydada tələb edilə bilməyən natural öhdəliklər növü fərqləndirilir. Natural öhdəliklər pozitiv hüquqa deyil, təbii hüquqa (lex naturalis) əsaslanır. Bu cür öhdəliklərin icra edilməsi vicdanlılıq, ədalət və əxlaq tələblərindən irəli gəlir. Hüquq ədəbiyyatında belə öhdəliklər üzrə borc bəzən “şərəf borcu” da adlandırılır. Natural öhdəliklər üzrə icranı qəbul etmiş kreditor əsassız varlanmış hesab olunmur və müvafiq icranı özündə saxlamağa haqlıdır. Belə icra borclu tərəfindən hətta icranın təqdim edildiyi zaman kreditorun iddia hüququna malik olmadığını bilməsə belə geri tələb edilə bilməz. Mülki hüquq nəzəriyyəsində məhz iddia müddəti ötürülmüş və mərc oyunları ilə bağlı yaranan öhdəliklər natural öhdəliklərin nümunələri kimi göstərilir. Göründüyü kimi, natural öhdəliklərin iki əsas əlaməti mövcuddur:

1. borclu tərəfindən öhdəliklərin icra edilməməsi halında kreditorun tələbinin məhkəmə müdafiəsi (iddia qaldırmaq hüququ) ilə təmin edilməməsi;

2. borclu tərəfindən icra edilmişlərin geri tələb edilməsinin yolverilməzliyi. Beləliklə, natural öhdəliyin icrası öhdəliyin mövcudluğu, etibarlılığı və icra edən tərəfin onu tanıması prezumpsiyasını yaradır ki, borclunun həmin öhdəliyin hüquqi təbiətini (artıq iddia ilə təmin olunmamasını) bilmədiyi təqdirdə də icra edilənləri geri istəyə bilməməsi məhz bundan irəli gəlir. Bu hüquq münasibətlərinin məhkəmə tərəfindən araşdırılması qeyri-mümkün olduğundan, həmin prezumpsiya təkzibedilməz xarakter daşıyır. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 48.1.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2022-ci il 11 fevral tarixli Qərarında göstərilmişdir ki: İddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” xx.xx.2019-cu il tarixli 551 nömrəli Fərmanının: 6, 6.2-ci bəndlərinə görə, fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiya olunacağını nəzərə alaraq, banklara bir ay müddətində həmin kreditlərə hesablanmış faizlərin silinməsini və məhkəmədə olan işlərin geri çağırılmasını təmin edən tədbirlər görmələri tövsiyə edilmişdir. 8, 8.9-cu bəndlərinə əsasən, bu Fərmanın məqsədləri üçün faizlərin silinməsi dedikdə vaxtı keçmiş kredit borcları üzrə hesablanmış faizlərin və dəbbə pulunun (cərimə, penya) silinməsi nəzərdə tutulur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-76.2-ci maddələrinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 88-ci maddəsinə görə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 89.1-ci maddəsinə əsasən, yazılı sübutlar—iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. 101.7-ci maddəsinə görə, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. 103-cü maddəsinə əsasən, ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə və ya qərardadda əsaslandırılmalıdır. Qeyd olunanları ümumiləşdirərək məhkəmə belə qənaətə gəlir ki, iddiaçı LPO QSC “Bank Standard” KB-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı "xxxx" tələbinə dair iddiası təmin edilməməlidir. Məhkəmə xərcləri ilə bağlı məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilmədiyindən, iddia ərizəsinin məhkəməyə verilməsinə görə ödənilmiş 37.65 (otuz yeddi manat altmış beş) manat dövlət rüsumu iddiaçıya aid edilməli, iş üzrə keçirilmiş məhkəmə ekspertizasının tədqiqat dəyəri olan 100 (bir yüz) manat məbləğində pul iddiaçı LPO QSC “Bank Standard” KB-dən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; 115.0 və 115.0.1-ci maddəsinə əsasən ekspertlərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir; 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddiaçı LPO QSC “Bank Standard” KB-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı "xxxx" tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. İş üzrə keçirilmiş məhkəmə ekspertizasının tədqiqat dəyəri olan 100 (bir yüz) manat məbləğində pul iddiaçı LPO QSC “Bank Standard” KB-dən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN: **********, Hesab: AZ34CTRE********************, Büdcə təsnifatının kodu: 142595, Büdcə səviyyəsinin kodu: 3, Dövlət xəzinədarlığı Agentliyi, Kod: 210005, VÖEN: **********, Müxbir hesab: AZ41NABZ013601**********3944, SWİFT BİK: CTREAZ22) köçürülsün. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Günay Abidova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar