Məhkəmə qərarları › İş №e-2(006)-1810/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-1810/2023

27.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-1810/2023 27.04.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Cəfərova Gülhanə Coşqun qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Ləğv Prosesində olan "xxxx" KB Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİM : Təsviri hissə:

1. İddiaçı Ləğv Prosesində olan "xxxx" KB Qapalı Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “pul” tələbinə dair dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Ləğv Prosesində olan "xxxx" KB Qapalı Səhmdar Cəmiyyəti ilə cavabdeh arasında 25 yanvar 2013-cü il tarixində kredit verilməsi haqqında 1xx/xx/36820/13 saylı müqavilə bağlanmış, həmin sənədlərə əsasən Bank tərəfindən cavabdehə illik 25 faiz ödənilməsi şərti ilə 24 ay müddətinə 4500 manat məbləğində kredit verilmişdir. Lakin cavabdeh öz üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca icra etməmiş və bunun nəticəsində cavabdehin banka3057,30 manat məbləğində əsas borc, 14,44 manat müqavilə müddəti üçün hesablanmış və tələb olunan faizlər, 2836 manat məbləğində cərimə borcu, 1236,90 manat gecikdirilmiş vaxt üçün hesablanan faiz məbləği, ümumilikdə isə 7144,95 manat məbləğində borc qalmışdır. Bildirir ki, Cavabdeh kredit borcu üzrə iddia ərizəsi ilə xx.xx.2019-cu il tarixdə məhkəməyə müraciət edilmiş, Nəsimi rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərardadı ilə mülki iş Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında fərmanla əlaqədar baxılmamış saxlanmışdır. Lakin fiziki şəxslərin kredit borclarının restrukturizasiyası məqsədilə yeni güzəştli kredit müqaviləsinin bağlanması ilə bağlı müraciətlərinin qəbulu 2019-cu ilin dekabrın 31-də başa çatmasına baxmayaraq tövsiyə edilən tədbirlər tərəflərindən təmin edildiyi halda, bugünədək cavabdeh tərəfindən banka sözügedən Fərmanın icrası ilə bağlı yeni müqavilə bağlanması üçün müraciət olunmamış və güzəştli şərtlərlə restrukturizasiya müqaviləsi imzalanmamışdır. Göstərilənlərə əsasən iddiaçı LPO "xxxx" KB Qapalı Səhmdar Cəmiyyəti ilə cavabdeh arasında bağlanmış 25 yanvar 2013-cü il tarixində kredit verilməsi haqqında 1xx/xx/36820/13 saylı kredit müqaviləsi üzrə cavabdehdən 3057,30 manat məbləğində əsas borc, 14,44 manat müqavilə müddəti üçün hesablanmış və tələb olunan faizlər, 2836,31 manat məbləğində cərimə borcu, 1236,90 manat gecikdirilmiş vaxt üçün hesablanan faiz məbləği, ümumilikdə 7144,95 manat məbləğində pulun, 91,45 manat dövlət rüsumunun ləğv prosesində olan LPO "xxxx" KB QSC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.

a) Məhkəmə icraatı iştirakçılarının izahatları:

3. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 yuxarıda göstərilən məzmunda izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.

4. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş Cavabdeh məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir.

5. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Əsaslandırıcı hissə: a) Mülki işin materialları:

6. LPO "xxxx" KB QSC ilə Cavabdeh arasında bağlanmış 25 yanvar 2013-cü il tarixli 1xx/xx/26820/13 saylı kredit müqaviləsinə əsasən bank borc alana 24 ay müddətinə, illik 25 % olmaqla 4500 manat məbləğində borc verməyi, borc alan isə borcu qəbul etmək, müqavilədə göstərilən müddətdə və qaydada krediti və faizləri borc verənə qaytarmağı öhdəsinə götürmüşdür.

7. LPO "xxxx" KB QSC tərəfindən təqdim edilən 28 fevral 2023-cü il tarixli, maliyyə arayışına əsasən Cavabdeh oğluna 25 yanvar 2013-cü il tarixli 1xx/xx/26820/13 saylı kredit müqaviləsi üzrə 17 fevral 2023-cü il tarixinə 3057,30 manat əsas, 14,44 manat faiz, 2836,31 manat cərimə, 1236,90 manat gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 1236,90 manat borc, ümumilikdə 7144 manat məbləğində kredit borcu hesablanmışdır.

8. LPO "xxxx" KB QSC-nin Cavabdeh ünvanladığı 28 noyabr 2017-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, borcluya kredit müqaviləsi üzrə yaranmış borc məbləği barəsində məlumat verilməklə, ondan yaranmış borcun 3 gün müddətində ödənilməsi tələb edilmiş, öhdəliklərin yerinə yetirilmədiyi təqdirdə kredit borcunun ödənilməsi üçün qanuna müvafiq tədbirlərin görülməsi və məhkəməyə müraciət edilməsi barədə xəbərdarlıq edilmişdir.

9. İş materiallarında olan xx.xx.2011-ci il tarixli Bəyanat və Zəmanət məktubunun surətindən görünür ki, Cavabdeh müqavilə üzrə öhdəliklərinin məsuliyyəti barədə bəyanat və zəmanət vermiş və bunu imzası ilə təsdiq etmişdir.

10. İş materiallarında olan xx.xx.2013-cü il tarixli qəbzin surətindən görünür ki, "xxxx" KB QSC-nin Elmlər filialından 4320 manat məbləğində pul verilib.

11. İş materiallarında olan ərizənin surətindən görünür ki, Cavabdeh tərəfindən "xxxx" KB QSC-yə ərizə ilə müraciət edilərək ona 4500 manat məbləğində kredit ayrılmasını xahiş etmişdir.

12. İş materiallarında olan xx.xx.2019-cu il 17496 saylı Ekspet rəyindən görünür ki, Cavabdeh xx.xx.2015-ci il tarixə 2794,21 manat əsas, 58,21 manat faiz; xx.xx.2019-cu il tarixə banka 2758,24 manat əsas, 2922,18 manat faiz, 4250,75 manat cərimə borcunun olduğu müəyyən olunmuşdur.

b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

13. LPO "xxxx" KB Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında 25 yanvar 2013-cü il tarixli 1xx/xx/26820/13 nömrəli kredit müqaviləsi bağlanmış və Cavabdeh 24 ay müddətinə illik 25 faiz dərəcəsi ilə 4500 manat məbləğində kredit verilmişdir.

14. Kredit müqaviləsinin 2.2-cı bəndinə əsasən Cavabdeh müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, o, bu öhdəliyi yerinə yetirməmişdir.

15. İddiaçı ilk əvvəl xx.xx.2019-cu il tarixdə cavabdehə qarşı iddia qaldırmış, ekspertiza keçirilmiş, xx.xx.2019-cu il tarixli, 17496 saylı ekspert rəyi verilmiş, lakin Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin e-(006)-1/2019 saylı, xx.xx.2019-cu il tarixli qərardadı ilə mülki iş baxılmamış saxlanılmışdır. Daha sonra iddiaçı xx.xx.2023-cü il tarixdə yenidən məhkəməyə müraciət etmişdir. Cavabdeh müqavilə üzrə üzərinə düşən öhdəliyi lazımınca icra etməmiş, iddiaçı tərəfindən ona 25 yanvar 2013-cü il tarixli 1xx/xx/26820/13 saylı kredit müqaviləsi üzrə ümumilikdə 7144,95 manat borc hesablanmışdır.

16. Hazırda iddiaçı cəmi 7144,95 manat olmaqla, 3057,30 manat əsas, 14,44 manat faiz, 2836,31 manat cərimə borcunun kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 1236,90 manat faiz borcunun və iş üzrə ödənilmiş 91,45 manat dövlət rüsumunun Cavabdeh tutulması barədə qətnamə qəbul edilməsini xahiş edir. Odur ki, iddia tələbi qismən təmin edilməlidir.

c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:

17. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

18. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır;

19. Eyni Məcəllənin 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir;

20. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

21. Eyni Məcəllənin 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur;

22. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir;

23. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.

24. Göründüyü kimi, Cavabdeh kredit müqaviləsi ilə götürdüyü öhdəliyi lazımınca icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Ona görə də məhkəmə hesab edir ki, Cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, müqavilə üzrə yaranmış borcunu müqavilədə razılaşdırıldığı kimi iddiaçıya ödəməlidir.

25. Məhkəmə, iddiaçı tərəfindən tələb edilən əsas və faiz borcu məbləğlərini nəzərdən keçirib, iddiaçı tərəfindən təqdim edilmiş mühasibat sənədlərini ekspert rəyi ilə müqayisəli şəkildə təhlil edib, hesab edir ki, iddia tələbi əsas və cərimə borcun tutulması hissəsində qismən təmin edilməli, Cavabdeh 25 yanvar 2013-cü il tarixli 1xx/xx/26820/13 saylı saylı kredit müqaviləsi üzrə əsas borc üzrə 2758,24 manat, faiz borcu üzrə 14.44 manat müəyyən edilməlidir. Əsas borcun tutulması hissəsinin qismən təmin edilməsində səbəb olaraq 07 avqust 2019-cu il tarixində Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən müəyyən edilmiş məbləğin olmasıdır. Faiz borcu isə ekspert rəyi ilə uyğunluq təşkil etməsədə, iddia tələbində aşağı məbləğ müəyyən edildiyindən qeyd olunan 14,44 manat faiz məbləğinin tutulmasını düzgün hesab edilir (tələbdən kənara çıxılmamalıdır) .

26. Belə ki, Mülki-Prosessual Məcəllənin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

27. Cərimə borcu ilə bağlı isə məhkəmə qeyd edir ki, iddia bu hissədə qismən təmin edilməlidir.

28. Belə ki, Cavabdeh ilə Bank arasında bağlanmış kredit müqaviləsində cərimə haqqında yazılı razılaşmanın mövcudluğu öz əksini tapmışdır.

29. Lakin məhkəmə 25 yanvar 2013-cü il tarixli 1xx/xx/26820/13 saylı kredit müqaviləsi üzrə 2836,31 manat məbləğində dəbbə pulunun hesablanmasını əsaslı hesab etmir.

30. Belə ki, Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.

31. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.

32. Buna görə də məhkəmə əsas borcun məbləğini nəzərə alaraq hesab edir ki, cavabdehin maddi vəziyyətini nəzərə alıb, 25 yanvar 2013-cü il tarixli 1xx/xx/26820/13 saylı kredit müqaviləsi üzrə hesablanmış dəbbə pulu məbləğinin azaldılaraq 300 manat məbləğində (əsas borca mütənasib hesablanmaqla) müəyyən edilməlidir.

33. İddia tələbinin gecikdirilmiş vaxt üçün hesablanan faiz borcu ilə bağlı məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə əsaslıdır.

34. Belə ki, Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir.

35. Kredit müqaviləsinin müddətinin xx.xx.2015-ci il tarixdən bitməsini, maliyyə arayışının 23 fevral avqust 2023-cü il tarixə tərtib edilməsini, həmin vaxtda əsas borcun 3000 manata yaxın olmasını nəzərə alındıqda, gecikdirilmiş vaxt üçün tələb olunan 1236,90 manat miqdarda pulun tutulması əsaslı hesab edilməlidir.

36. Belə ki, məhkəmə hesab edir ki, 25 yanvar 2013-cü il tarixli 1xx/xx/26820/13 saylı kredit müqaviləsi üzrə əsas borca görə 2758,24 manat, faiz borcuna görə 14.44 manat, cərimə borcuna görə 300 manat, gecikdirilmiş vaxt üçün hesablanan faiz borcuna görə 1236,90 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

37. Beləliklə məhkəmə işin faktiki hallarını şərh olunan hüquq normaları əsasında qiymətləndirərək hesab edir ki, iddia qismən təmin olunmalı 25 yanvar 2013-cü il tarixli 1xx/xx/26820/13 saylı kredit müqaviləsi üzrə əsas borca görə 2758,24 (iki min yeddi yüz əlli səkkiz manat, iyirmi dörd qəpik) manat, faiz borcuna görə 14,44 (on dörd manat, qırx dörd qəpik) manat, cərimə borcuna görə 300 (üç yüz) manat, gecikdirilmiş vaxt üçün hesablanan faiz borcuna görə 1236,90 (bir min iki yüz otuz altı manat, doxsan qəpik) manat olmaqla, ümumilikdə 4309,58 (dörd min üç yüz doqquz manat, əlli səkkiz qəpik) manat məbləğində pul vəsaiti və 91,45 (doxsan bir manat, qırx beş qəpik) manat ödənilmiş dövlət rüsumu Cavabdeh tutularaq LPO "xxxx" KB Qapalı Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir.

38. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;

39. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;

40. Eyni Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

41. Həmin Məcəllənin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

42. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

43. Həmçinin, MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

44. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia qismən təmin edilsin. 25 yanvar 2013-cü il tarixli 1xx/xx/26820/13 saylı kredit müqaviləsi üzrə əsas borca görə 2758,24 (iki min yeddi yüz əlli səkkiz manat, iyirmi dörd qəpik) manat, faiz borcuna görə 14.44 (on dörd manat, qırx dörd qəpik) manat, cərimə borcuna görə 300 (üç yüz) manat, gecikdirilmiş vaxt üçün hesablanan faiz borcuna görə 1236,90 (bir min iki yüz otuz altı manat, doxsan qəpik) manat olmaqla, ümumilikdə 4309,58 (dörd min üç yüz doqquz manat, əlli səkkiz qəpik) manat məbləğində pul vəsaiti və 91,45 (doxsan bir manat, qırx beş qəpik) manat ödənilmiş dövlət rüsumu Cavabdeh tutularaq LPO "xxxx" KB Qapalı Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim: Ramin Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar