Məhkəmə qərarları › İş №e-2(006)-1816/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-1816/2023

07.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-1816/2023 07.06.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasov Nail İbad oğlunun sədrliyi, Tağıyev Emil Ağaveys oğlunun katibliyi, Cavabdehin nümayəndəsi X1 ilə İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı müqaviləyə xitam verilməsi və qanunsuz tutulmuş məbləğin qaytarılması tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı müqaviləyə xitam verilməsi və qanunsuz tutulmuş məbləğin qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Beynəlxalq Bankı Açıq Səhmdar Cəmiyyətinin Ağdaş filialından xx.xx.2014-cü il tarixli müqavilə üzrə öhdəliyə xitam verilməsi, qanunsuz tutulmuş 1409.90 manat pul vəsaitin və ödənilmiş 100 manat dövlət rüsumunun ona geri qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Azərbaycan Beynəlxalq Bankı Açıq Səhmdar Cəmiyyətinin Ağdaş filialından xx.xx.2014-cü il tarixli müqaviləsinə əsasən 24 ay müddətinə 2000 manat məbləğində kredit xəttinin açılmasını öhdəsinə götürmüşdür. Həmin müqavilənin müddəti isə xx.xx.2016-cı il tarixdə bitmişdir. xx.xx.2015-ci il tarixdə sonuncu ödənişini etməklə borcunu tam olaraq bağlamışdır. Bundan sonra xx.xx.2023-cü il tarixdə onun əmək haqqından 1409.90 manat tutulma olmuş, həmin tutulmanı araşdıran zaman ona məlum olmuşdur ki, ABB ASC-nin Ağdaş filialından həmin vəsaiti heç bir məhkəmənin heç bir qərarı olmadan tutmuşlar. Halbu ki, bu illərdə onun banka borcunun olması barədə ona heç bir xəbərdarlıq gəlməmişdir. Azərbaycan Beynəlxalq Bankı Açıq Səhmdar Cəmiyyətinin hərəkətləri qanuna ziddir, onun Konstitusiya və digər qanunvericilik aktlarla qorunan hüquqlarının pozulmasına yönəldilmiş hərəkətlərdir. Hesab etmişdir ki, Azərbaycan Beynəlxalq Bankı Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları tərəfindən qanunla müəyyən edilmiş hüquqlardan istifadə edilməmiş, əgər banka borcu var idisə ona xəbərdarlıq göndərməmiş, borc tələbinə dair məhkəmədə iddia qaldırmamışdırlar. Buna görə də, Azərbaycan Beynəlxalq Bankı Açıq Səhmdar Cəmiyyətinin Ağdaş filialı ilə bağlanmış xx.xx.2014-cü il tarixli müqavilə üzrə öhdəliyə xitam verilməli və qanunsuz olaraq bank tərəfindən tutulmuş 1409.90 manat pul vəsaiti ona geri qaytarılmalıdır. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, mülki işə onu iştirakı olmadan baxılmaqla iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Cavabdehin nümayəndəsi iddia ərizəsinə etirazla məhkəməyə müraciət edərək, iddianın rədd edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmılşdır ki, İddiaçı ilə "xxxx" ASC arasında xx.xx.2014-cü il tarixində kredit xətti müqaviləsi bağlanmışdır. Bu müqavilənin 1.2-ci bəndinə əsasən borc verən borc alana 24 ay müddətinə 2000 manat məbləğində kredit xətti ayırmağı, borc alan isə müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada kredit vəsaitini qaytarmağı, əgər möhlət müddəti başa çatdıqdan sonra istifadə edilmiş kredit vəsaitini qaytarmadığı təqdirdə həmin məbləğə istifadə edilən günlərin sayına mütənasib olaraq illik 18% həcmində hesablanmış faizləri borc verənə ödəməyi öhdəsinə götürmüşdür. Bu müqavilənin 10.1-ci bəndinə əsasən borc verənin kredit üzrə ödəniş müddəti çatmış əsas borcun qaytarılmasını və faizlərin ödənilməsini müvafiq məbləğdə pul vəsaitlərinin borc alanın borc verəndəki bütün bank hesablarından akseptsiz qaydada silməklə təmin etmək hüququ var. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, o, xx.xx.2015-ci il tarixində sonuncu ödənişini etməklə borcunu tam olaraq bağlamasına baxmayaraq xx.xx.2023-cü il tarixdə onun əmək haqqından 1409.90 manat məbləğində pul tutulmuşdur və heç bir məhkəmə qərarı olmadan bu tutulmanın aparılması qanunsuzdur. O həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 551.2.1-ci maddəsinə əsaslanaraq kapital üçün faizlər və digər vaxtaşırı ödənişlər haqqında tələblərin beş il keçdikdən sonra qüvvəsini itirməsi və beləliklə, onunla bağlanan müqavilənin vaxtının bitməsindən 7 il keçdiyini nəzərə alaraq tutulmanın qanun hesab olunmasını tələb etmişdir. Aşağıda göstərilənlərə əsasən iddiaçının iddia tələbi qanunsuz və əsassızdır. Belə ki, iddiaçı xx.xx.2015-ci il tarixdə müqavilə üzrə son ödənişi həyata keçirdiyini və borcu tam olaraq bağladığını bildirmişdir. Halbuki borclunun müqavilə üzrə borcu heç də həmin ödənişlə bitməmiş, həmin tarixdən sonra ödənişlər həyata keçirmədiyindən faiz borcları da artmışdır və iddiaçının həmin müqavilə üzrə bugünkü tarixə olan borcu 2942.64 manat təşkil edir. İddiaçı müqavilə müddətinin bitməsindən 7 il sonra Bank tərəfindən tutulmanın aparılmasını qanunsuz hesab etməklə bununla bağlı heç bir məhkəmə qərarının olmamasını əsas gətirir. Bildirmək istərdik ki, iddiaçı ilə bank arasında bağlanan sözügedən xx.xx.2014-cü il tarixli müqavilənin 10.1-ci bəndinə əsasən borc verənin kredit üzrə ödəniş müddəti çatmış əsas borcun qaytarılmasını və faizlərin ödənilməsini müvafiq məbləğdə pul vəsaitlərinin borc alanın borc verəndəki bütün bank hesablarından akseptsiz qaydada silməklə təmin etmək hüququ vardır. Bu da onu deməyə əsas verir ki, müqavilədə göstərilən şərt iddiaçının özü tərəfindən də imzası ilə təsdiq olunmuşdur və hazırki halda borc verənin, yəni Bankın bu tutulmanı aparması üçün hansısa məhkəmə qərarına zərurət duymaması ilə birlikdə bu hüququ birbaşa olaraq müqavilə ilə tənzimlənmişdir. Həmçinin məhkəmənin diqqətinə çatdırmaq istərmişdir ki, iddiaçının bankda içərisində tutulmanın yönəldilə biləcəyi məbləğ olan hər hansı hesabı olmaması, həmçinin əmək haqqı kartının "xxxx" ASC-yə yalnız 2022-ci ilin dekabr ayında keçməsi səbəbindən borc verən artıq həmin kart hesabına gələn ilk əmək haqqından aksepsiz silinmələri aparmışdır. İddiaçı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 551.2.1-ci maddəsinə əsaslanaraq kapital üçün faizlər və digər vaxtaşırı ödənişlər haqqında tələblərin beş il keçdikdən sonra qüvvəsini itirməsi və beləliklə, onunla bağlanan müqavilənin vaxtının bitməsindən 7 il keçdiyini nəzərə alaraq tutulmanın qanun hesab olunmasını tələb etmişdir. Halbuki Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27-ci fəslinin 5-ci paraqrafı qanunverici orqan tərəfindən təkmilləşdirilənədək, öhdəliklərdən, o cümlədən vaxtaşırı ödəmələrdən irəli gələn tələblərə münasibətdə həmin Məcəllənin 18-ci fəsli ilə nəzərdə tutulmuş iddia müddətləri tətbiq edilməlidir. Qeyd olunan 18-ci fəslə nəzər yetirsək, orada da məhz məhkəməyə iddia vermək müddəti İlə bağlı normalar qeyd olunmuşdur. Hazırki halda Bankın iddiaçıya qarşı məhkəmə qaydasında hər hansı iddia tələbi yoxdur və iddiaçıdan ödənilməmiş borcun tələb edilməsi müqaviləyə uyğun olaraq həyata keçirilməkdədir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X2 iddia tələbini etiraf etməyərək onun rədd edilməsini xahiş etdi və etiraza uyğun izahat verdi. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyib, cavabdehin etirazını, məhkəmə iclasında araşdırılmış sübutları, iş materiallarında olan və təqdim edilən sənədləri tədqiq edərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan borc verən "xxxx" ASC-nin Ağdaş filialı ilə borc alan İddiaçı arasında xx.xx.2014-cü il tarixdə bağlanılmış Visa İnternational və MasterCard İnternational ödəniş sistemlərinə aid güzəştli müddətlə kredit kartından istifadəyə dair müqavilənin surətindən görünür ki, həmin müqavilə borc verən tərəfindən borc alana 24 ay müddətinə 2000 manat məbləğində kredit xəttinin açılması haqqında bağlanmışdır. İş materiallarında olan maliyyə arayışından görünür ki, xx.xx.2023-cü il tarixinədək İddiaçı xx.xx.2014-cü il tarixli müqavilə üzrə olan borcu 1888.16 manat təşkil edir. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, tərəflər arasında xx.xx.2014-cü il tarixdə "xxxx" ASC tərəfindən İddiaçı 24 ay müddətinə 2000 manat məbləğində kredit xəttinin açılması haqqında müqavilə bağlanmışdır. xx.xx.2023-cü il tarixdə İddiaçı əmək haqqından 1409.90 manat tutulma olmuşdur. İddiaçı müqavilə üzrə öhdəliyi tamamilə yerinə yetirdiyini iddia edərək, müqavilə üzrə öhdəliyə xitam verilməsini xahiş etmişdir. Cavabdeh isə bunun əksinə olaraq, iddiaçının öhdəliyinin bitməməsi barədə maliyyə arayışı təqdim etmişdir. Belə ki, Azərbaycan Respublikası MM-nin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Göstərilən Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Qeyd edilən Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmə iddia tələbinin müqavilə üzrə öhdəliyə xitam verilməsi hissəsinə münasibətdə qeyd edir ki, iddiaşı müqavilə üzrə öhdəliyə xitam verilməsini tələb etsə də, buna dair sübutu məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsaəsn hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MM-nin 527.2-ci maddəsinə əsasən öhdəliyə tərəflərdən birinin tələbi ilə xitam verilməsinə yalnız bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan hallarda yol verilir. "xxxx" ASC-nin Ağdaş filialı ilə borc alan İddiaçı arasında xx.xx.2014-cü il tarixdə bağlanılmış Visa İnternational və MasterCard İnternational ödəniş sistemlərinə aid güzəştli müddətlə kredit kartından istifadəyə dair müqavilənin 13.2-ci bəndində göstərilmişdir ki, müqaviləyə müqavilə üzrə borc alanın öz üzərinə götürdüyü öhdəliklər borc alan və ya üçüncü şəxs tərəfindən vaxtında tam həcmdə yerinə yetirildikdə; müqavilə üzrə borc alanın öz üzərinə götürdüyü öhdəliklər borc alan və ya üçüncü şəxs tərəfindən vaxtından əvvəl tam həcmdə yerinə yetirildikdə xitam verilir. Göründüyü kimi müqavilə üzrə öhdəliyin icrası iddiaçı tərəfindən sübut edilmədiyindən, həmin hissədə iddia tələbi təmin edilə bilməz. Həmçinin qeyd olunmalıdır ki, "xxxx" ASC tərəfindən təqdim edilmiş maliyyə arayışına əsasən İddiaçı xx.xx.2014-cü il tarixli müqavilə üzrə 1888.16 manat öhdəliyi vardır. Məhkəmə iddia tələbinin iddiaçının əmək haqqından tutulan 1409.9 manat pulun ona qaytarılması hissəsinə münasibətdə aşağıdakıları qeyd edir: "xxxx" ASC-nin Ağdaş filialı ilə borc alan İddiaçı arasında xx.xx.2014-cü il tarixdə bağlanılmış Visa İnternational və MasterCard İnternational ödəniş sistemlərinə aid güzəştli müddətlə kredit kartından istifadəyə dair müqavilənin 7.3-cü bəndinə əsasən borc verənə hüquq verilir ki, borc alanın sərəncamı olmadan ona yazılı bildiriş göndərilməklə gecikdirilmiş borcun məbləğini borc alanın hesablaşma hesablarından akseptsiz qaydada silsin (debetə yazsın). Bu halda yazılı bildirişin göndərilməsini poçt qəbzi təsdiqləyəcəkdir. Məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən iddiaçının hesablaşma hesabından 1409.9 manatın akseptsiz qaydada silinməsi zamanı İddiaçı bildiriş göndərilməsi barədə hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Odur ki, iddia tələbi bu hissədə əsaslı hesab edilməklə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 417.1-ci maddəsinə əsasən müqavilənin standart şərtləri əvvəlcədən ifadə edilmiş, dəfələrlə istifadə üçün nəzərdə tutulan elə şərtlərdir ki, bunları bir tərəf (təklif edən) digər tərəfə təqdim edir və əvvəlcədən müəyyənləşdirilmiş normalardan fərqlənən və bu normaları tamamlayan qaydalar onların vasitəsilə müəyyənləşdirilir. Həmin Məcəllənin 417.3-cü maddəsinə əsasənt tərəflərin bilavasitə razılaşdırdıqları şərtlərə standart şərtlərə nisbətən üstünlük verilir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iddia tələbinin ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən alınaraq İddiaçı ödənilməsi barədə hissəsinə dair qeyd edir ki, iddia tələbi həmçinin 1409.9 manatın tutulmasına dair olduğundan, qiymətləndirilən iddia tələblərinə aid edilməklə 34.1 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməli, ödənilmiş dövlət rüsumunun qalan 65.9 manatı İddiaçı aid edilməlidir. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi ödənilməlidir. Beləliklə, iddia tələbi qismən təmin edilməli, cavabdeh "xxxx" ASC-dən 1409.9 manat və dövlət rüsumuna görə ödənilmiş 34.1 manat tutularaq İddiaçı xeyrinə ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh "xxxx" ASC-dən 1409.9 manat və dövlət rüsumuna görə ödənilmiş 34.1 manat tutularaq İddiaçı xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumunun qalan 65.9 manatı İddiaçı aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nail Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar