Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-1817/2022 06.10.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə İddiaçı Cavabdeh qarşı «dəymiş ziyanın ödənilməsi» tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «dəymiş ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən İddiaçı İB-yə vurulmuş 3672 manat məbləğində zərər, iddiaçı tərəfindən ödənilmiş 59,72 manat məbləğində dövlət rüsumu və pozulmuş hüquqlarının bərpası üçün hüquq şirkətinə ödədiyi 300 manat olmaqla, ümumilikdə 4.031,72 manat məbləğində pulun cavabdehdən məcburi qaydada tutularaq İddiaçı İB-nın Azərbaycan Beynəlxalq Bankı Azəriqaz şöbəsi üzrə (Kod 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT İBAZAZ2X, Azəriqaz İB, VÖEN**********, İBAN: AZ50İBAZ********************) bank hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı ilə Cavabdeh arasında 03 may 2018-ci il tarixində AK-1/30366 nömrəli «Qazpaylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alğı-satqısı Müqavilə»si imzalanmış və həmin Müqavilə əsasında İddiaçı abonent Cavabdeh ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evini təbii qazla təchiz etmişdir. Qeyd olunan ünvana İddiaçı Bakı X3 Departamenti tərəfindən **********08630 saylı abonent kodu verilmiş, ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində isə qaz sayğacı quraşdırılmışdır. Cavabdeh qeyd müqavilənin 2.3.2-ci yarımbəndinin (Müqavilənin və «X1»nın tələblərinə əməl etmək) və «X2»nın 6.5-ci bəndinin (Qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma) tələblərini pozaraq, istifadəsinə verilmiş qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır. İddiaçı əməkdaşları tərəfindən birliyin balans və istismarında olan küçə qaz xətlərinə, habelə cavabdehin fərdi yaşayış evinə çəkilmiş təbii qaz xətti üzərində quraşdırılmış qaz sayğaclarına müxtəlif vaxtlarda baxış keçirilərkən, cavabdeh tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, başqa sözlə, qeyri-qanuni şəkildə təbii qazı talaması faktı aşkar olunmuş, həmin faktlar yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Həmçinin qeyd olunan faktlarla bağlı birliyin əməkdaşları tərəfindən «Təbii X1nın pozulması haqqında» müvafiq aktlar tərtib edilmişdir. Belə ki, cavabdehin təqsirli hərkətləri nəticəsində birliyin səlahiyyətli əməkdaşları tərəfindən aşağıdaki həcmdə təbii qazın talanması faktı müəyyən edilmiş və buna uyğun olaraq zərərin məbləği hesablanmışdır, xx/xx/2018-ci il tarixli ******* №-li akt əsasında 18360 kub metr qazın talanması faktı və buna uyğun olaraq 3672 manat ziyanın vurulması olmaqla, cəmi 3672 manat məbləğində İddiaçınə maddi zərərin dəydiyi müəyyən olunmuşdur. Tərəflər arasında imzalanmış, «Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alğı-satqısı barədə müqavilə»nin 2.3.4-cü yarımbəndinə əsasən istehlakçı (iş üzrə cavabdeh) təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində qaz paylayıcısına dəymiş zərərin əvəzini ödəməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilən «X1»nın 6.5-ci bəndinə əsasən qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilişini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 6.2-ci bəndinə əsasən bilərəkdən (qəsdən) və ya səhlənkarlıq nəticəsində qaz qurğularına ziyan vuran və ya qurğu sahibindən icazəsiz digər qurğudan qaz alan istənilən şəxs, qaz qurğusu sahibinə dəymiş ziyana görə məsuliyyət daşıyır. Dəymiş zərər Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (SOCAR) kollegial idarəetmə orqanı olan Şurasının xx.xx.2011-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiqlənmiş «İstehlakçılar tərəfindən təbii X1nın pozulması hallarında qanunsuz istifadə olunmuş qazın dəyərinin bərpasının hesablanması Qaydaları»na əsasən müəyyən edilmişdir. Həmin Qaydalara əsasən, istehlakçılar tərəfindən X1nın pozuntusuna yol verilməsi aşkar edildikdə, qazın verilməsi qeyd-şərtsiz dayandırılır və təbii qazın alğı-satqısı müqaviləsində göstərilən qaz cihazları üçün nəzərdə tutulan normativ hesabata müvafiq olaraq, axırıncı texniki baxış müddətindən sonrakı dövr üçün və ya iddia müddəti ərzində (3 il) qaz sərfinə bərabər qanunsuz istifadə olunmuş qazın dəyəri hesablanaraq istehlakçı tərəfindən təchizatçının hesablaşma-hesabına ödənilir. Azərbaycan Respublikası Prezidentinin «Əhalinin və iqtisadiyyatın enerjidaşıyıcıları ilə təminatının yaxşılaşdırılması tədbirləri haqqında» xx.xx.2000-ci il tarixli 356 nömrəli Fərmanın 9-cu bəndində qeyd olunur ki, İddiaçı İB təbii qaz üzrə ödənişlərin tam yerinə yetirilməsi üçün şəhər (rayon) icra hakimiyyəti orqanları ilə birlikdə təxirəsalınmaz tədbirlər həyata keçirsinlər, enerjidaşıyıcıların istifadəsi zamanı israfçılıq və oğurluq hallarının qarşısını qətiyyətlə alsınlar, enerjidaşıyıcılarından müəyyən olunmuş normalardan və limitlərdən artıq istifadə edilməsinə yol verməsinlər. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddianı müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında iddianı qəbul etmədi və izahatında bildirdi ki, iş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında 03 may 2018-ci il tarixdə AK-1/30366 nömrəli «Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alğı-satqısı müqavilə»sindəki istehlakçıya aid imzanın Cavabdeh aid deyildir. İddia ərizəsində qeyd edilir ki, cavabdehin fərdi yaşayış evinə çəkilmiş təbii qaz xətti üzərində quraşdırılmış qaz sayğaclarına müxtəlif vaxtlarda baxış keçirilərkən, cavabdeh tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, başqa sözlə qeyri-qanuni şəkildə təbii qazı talaması faktı aşkar olunmuş, həmin faktlar yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Tamamilə əsassız tələbdir. Cavabdeh heç vaxt qaz xəttinə müdaxilə etməmişdir. Sual olunur, niyə həmin faktlar aşkar olunarkən cavabdeh hadisə yerinə cəlb edilməmiş, müdaxilə olunmuş qaz sayğacının fotoşəkilləri çəkilməmiş, baxış cavabdehin iştirakı olmadan keçirilmişdir. Əgər iş materiallarında fotoşəkillər olsa belə, bu ona əsas vermir ki həmin sayğac cavabdehin mənzilinə aiddir. Təbii X1nın pozulması haqqında aktda qeyd edilir ki, sayğacın hesablama mexanizminin qoruyucu örtüyünün alt hissəsi çatlayıb. Əgər bu fakt olsa belə bu ona əsas vermirki, həmin müdaxilə cavabdeh tərəfindən edilib. Sayğaca üçüncü şəxslər tərəfindən müdaxilə oluna bilər, çünki, adətən sayğaclar fərdi evin çöl tərəfində quraşdırılır. Aktı tərtib etmiş və imza etmiş şəxslər məhkəmə iclasına dəvət edilməli, cavabdehin akt tərtib edilərkən hadisə yerinə çağırılıb-çağırılmaması və aktı imza etməkdən imtina etməsinə aydınlıq gətirilməlidir. İtirilmiş qazın bərpası üçün hesablanmış məbləğ də şişirdilmişdir, hesablamanın nəticəsi şübhəlidir. İddiaçı SOCAR İddiaçı ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evinin həqiqətən cavabdehə məxsus olmasını, sayğaca müdaxilənin həqiqətən cavabdeh tərəfindən edilməsini, itirilmiş qazın bərpası üçün hesablanmış məbləğin real olmasını sübut etməlidir. Bundan əlavə, pozulmuş hüquqlarının bərpası üçün hüquq şirkətinə ödənilmiş 300 manat tələb edilsə də, iddia ərizəsinə əlavə edilmiş sənədlərin siyahısında ödənilmiş məbləğə dair qəbzin surəti əlavə edilməmişdir. Bundan başqa, iddiaçı tərəfindən qanunla müəyyən olunmuş iddia müddəti ötürülmüşdür. Bu səbəbdən, iddia əsassız olduğundan, habelə iddia müddəti keçdiyindən, hazırki iddia tələbinə iddia müddəti tətbiq edilərək, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə tərəflərin nümayəndələrinin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, iddiaçı tərəfindən iddia tələbinin əsası kimi istinad etdiyi hallara dair mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. İş materiallarına əlavə edilmiş, iddiaçı tərəfindən iddia tələbinin əsası kimi istinad etdiyi 29 iyun 2018-ci il tarixli ******* saylı aktdan görünür ki, aktda İddiaçı 29/1710-00395 saylı rəyinə istinad edilməklə, sayğacın hesablama mexanizminin qoruyucu örtüyünün alt hissədən çatlaması qeyd olunmaqla, dəymiş ziyanın hesablanması barədə göstəriş verilmişdir. Göründüyü kimi, qeyd olunan akt şahidlər və abonent cəlb edilmədən tərtib edilmiş, akt abonent və şahidlər tərəfindən imzalanmamışdır. Təqdim olunmuş digər sənədlərdən görünür ki, 29 aprel 2018-ci il tarixdə qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında ******* saylı akta əsasən cavabdehin yaşadığı ünvana verilən təbii qazın həcmini hesablayan sayğac çıxarılaraq, yenisi ilə əvəz edilmişdir. Aktda qeyd olunmuşdur ki, sayğacın zavod plomblarında müdaxilə ehtimalı var. Qeyd olunan bu aktda isə sayğacın və plombun toxunulmazlığına cavabdeh şəxs kimi Cavabdeh göstərilmişdir. Halbuki, sayğac Cavabdehliyi sərhəddində (evin həyətində, evin içində) deyil, evin çölündə quraşdırılmışdır. İddiaçı tərəf iddia ərizəsində cavabdeh tərəfindən sayğaca müdaxilə edilməsini; istifadəsinə verilmiş qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamasını; İddiaçı əməkdaşları tərəfindən birliyin balans və istismarında olan küçə qaz xətlərinə, habelə cavabdehin fərdi yaşayış evinə çəkilmiş təbii qaz xətti üzərində quraşdırılmış qaz sayğaclarına müxtəlif vaxtlarda baxış keçirilərkən, cavabdeh tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsini bildirsə də, yuxarıda qeyd olunan hallara dair sübutları (sayğacdan kənar qoşulmanı açıqaşkar əks etdirən foto, video, audiovizual materialları) məhkəməyə təqdim etməmişdir. «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci bəndinin tələbinə əsasən dövlət istehlakçılara öz hüquqları və onların müdafiəsi haqqında zəruri məlumat almaq üçün şərait yaradır. Həmin Qanunun 17-ci maddəsinin tələbinə əsasən ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq olunmuş “X1”nın 4.8 və 4.9-cu bəndlərinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, istinad olunan maddənin mənasından göründüyü kimi sübutetmə vəzifəsi ifadəsi mülki prosessual hüquq üçün xarakterik olan mənada işlədilir. Ona görə də burada sanksiya ilə təmin olunan lazımi davranış qaydasından yox, tərəflərin və digər maraqlı şəxslərin öz mövqeyini təsdiq etmək üçün fəaliyyət göstərməli olduqlarını bildirən dispozitiv xarakterli tələbdən gedir. Qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər. Avropa İnsan Hüquqları Məhkəməsi «Mahmudov Rusiya Federasiyasına» qarşı 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Eyni zamanda «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir (§93). Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, İddiaçı Cavabdeh qarşı «dəymiş ziyanın ödənilməsi» tələbinə dair iddiası rədd edilməlidir. Məhkəmə cavabdeh tərəfindən iddia müddətinin tətbiq edilməsi barədə təqdim olunmuş ərizəyə münasibət bildirərək qeyd edir ki, hazırkı iş üzrə iddia əsassız olsa da, iddia müddəti ötürülməmişdir. Belə ki, tələb dəymiş ziyanın ödənilməsi ilə bağlıdır. Bundan başqa Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı «dəymiş ziyanın ödənilməsi» tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev
Məhkəmə qərarları › İş №e-2(006)-1817/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-1817/2022
06.10.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver