Məhkəmə qərarları › İş №e-2(006)-1818/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-1818/2023

04.05.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-1818/2023 04.05.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Cəfərova Gülhanə Coşqun qızının katibliyi, İddiaçının nümayəndəsi X3, Cavabdeh1 iştirakı ilə, İddiaçı Bakı şəhər İcra Hakimiyyəti "xxxx" X2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-yə qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. İddiaçı Bakı şəhər İcra Hakimiyyəti "xxxx" X5 iddia ərizəsi ilə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixdə Cavabdeh1 etibarnamə olmadan idarə etdiyi mülkiyyət hüququ Cavabdeh2 MMC-yə məxsus “Khazar SD minik” markalı **-PZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bünyadov prospektində (Çermet körpüsündə) yol nəqliyyat hadisəsi törətmiş və nəticədə Bakı şəhər İcra Hakimiyyəti "xxxx" X4 məxsus 1 ədəd H-12 m tipli 2 çıraqlı işıq dirəyi zərərə uğrayaraq sıradan çıxmışdır. Hadisə yerinə gəlmiş Bakı şəhər DYPİ-nin əməkdaşı tərəfindən tərtib edilən xx.xx.2022-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokola və Nərimanov rayon Məhkəməsinin 3(005)-3818/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarına əsasən yol nəqliyyat hadisəsinin baş verməsində təqsirli şəxs, Cavabdeh1 tanınmışdır. Hadisə nəticəsində müəssisəyə dəymiş maddi zərər 1389 manat məbləğində hesablanmışdır. Hadisə baş verən zaman **-PZ-*** dövlət qeydiyyat nişanlı “Khazar SD minik” markalı nəqliyyat vasitəsinin mülki məsuliyyətinin icbari sığortası olmamışdır. İddianı qanuni və əsaslı sayaraq hesab edir ki, xx.xx.2022-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi müəssisəsinə dəymiş 1389 manat məbləğində maddi ziyan cavabdehlərdən tutularaq "xxxx" X4 ödənilməlidir. Cavabdehlər maddi ziyanın ödənilməsi üçün müəssisəyə dəfələrlə dəvət edilsələr də, gəlməməklə ödənişdən imtina etmişlər.

3. Cavabdeh2 MMC məhkəməyə etiraz təqdim edərək, bildirmişdir ki, 16 oktyabr 2021-ci il tarixdə Cavabdeh2 MMC ilə Cavabdeh1 arasında MAS-4522 saylı “Daxili lizinq” müqaviləsi bağlanmış və ikincinin istifadəsinə 2021-ci il buraxılışı, “Khazar SD” markalı, **- PZ-*** dövlət qeydiyyat nişanlı, qara rəngliavtomobil verilmişdir. X6 imzalandığı andan müqavilənin müddəti sona çatana və ya müqavilə ləğv olunana kimi lizinq obyekti olan avtomobilin müvəqqəti sahiblik və istifadə hüququ lizinq alana tam həcmdə keçir. Azərbaycan Respublikası Mülki Məcəllənin 748-2.2-ci maddəsinə əsasən lizinq müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinə sahiblik və ondan istifadə hüququ lizinq alana tanı həcmdə keçir. “Daxili lizinq” müqaviləsinin 2.3-cü bəndinə əsasən lizinq obyektinin qəbulu və istifadəyə verilməsi lizinq verən və lizinq alan tərəfindən imzalanmış təhvil-təslim aktına əsasən həyata keçirilir. Lizinq obyektinin təhvil-təslim aktı imzalandığı andan lizinq obyektinə sahiblik və istifadə hüququ lizinq alana keçir. “Daxili Lizinq” müqaviləsinin 5.2-ci bəndinə əsasən müqavilənin qüvvədə olduğu bütün müddət ərzində lizinq obyektindən istifadə edilməsi zamanı yaranmış üçüncü şəxslərə dəymiş zərərə görə (maddi və mənəvi ziyan, həmçinin səhhətə dəymiş ziyan da daxil olmaqla), həmçinin cinayət və inzibati xətaya görə məsuliyyəti lizinq alan daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i. a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəlləsinin 1108.2-ci maddəsinə əsasən, Yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Həmin Məcəllənin 748.6.4-cü maddəsinə əsasən lizinq alan, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyənləşdirilən hallarda, lizinq obyektinin istifadəsi prosesində digər şəxslərin həyatıma, sağlamlığına və ya əmlakına dəyən ziyan nəticəsində yaranan öhdəliklərin yerinə yetirilməsinə görə öz məsuliyyətini sığortalamalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 154.1-ci maddəsinə əsasən “İşdə iştirak edən şəxs iddiaya qarşı etiraz və mülahizəsini onlara əlavə olunmuş sənədlərlə birlikdə, iqtisadi mübahisələr üzrə isə mülahizənin digər tərəfə göndərilməsi barədə sübutlar işə baxılana kimi ona qarşı izahat verilə bilən müddətdə məhkəməyə təqdim etməyə haqlıdır.” Göstərilənlərə əsasən "xxxx" X1 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-dən 1389 manat məbləğin iddiaçıya ödənilməsi tələbinin Cavabdeh2 MMC-dən tutulması hissəsi əsassızdır və buna görə də iddianın həmin hissədə təmin edilməməsini məhkəmədən xahiş edir.

a) Məhkəmə icraatı iştirakçılarının izahatları:

4. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi izahatında bildirmişdir ki, iddia tələbini müdafiə edir və təmin edilməsini xahiş edir.

5. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 öz izahatında bildirmişdir ki, iddia tələbini qəbul edir, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh əvvəlki məhkəmə iclasında iddia tələbinin tam həcmdə qəbul etdiyinə dair ərizə təqdim etmişdir.

6. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, Cavabdeh2 MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

7. Əvvəlki məhkəmə iclaslarında iştirak edən digər Cavabdeh2 MMC-nin nümayəndəsi X7 öz izahatında iddia tələbini onlara aid hissədə qəbul etməyərək, iddiaya etirazı müdafiə edərək bildirmişdir ki, 16 oktyabr 2021-ci il tarixdə Cavabdeh2 MMC ilə Cavabdeh1 arasında MAS-4522 saylı “Daxili lizinq” müqaviləsi bağlanmış və ikincinin istifadəsinə 2021-ci il buraxılışı, “Khazar SD” markalı, **-PZ-*** dövlət qeydiyyat nişanlı, qara rəngli avtomobil verilmişdir. Həmin müqavilə sona çatana və ya ləğv olunana qədər həmin lizinq predmeti lizinq alanın müvəqqəti sahibliyinə və istifadəsinə keçir. Lizinq obyektini sığorta etdirmək də lizinq alanın üzərinə düşür. Həmçinin bu müddətdə yol verilmiş qəza ilə bağlı da bütün məsuliyyəti lizinq alan daşıyır. Odur ki, iddia tələbinin ona aid hissədə təmin olunmaması barədə xahiş edir.

8. Məhkəmə iddiaçının nümayəndəsinin, cavabdehin nümayəndəsinin izahatını dinləyib, mülki işin materiallarını araşdıraraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir.

Əsaslandırıcı hissə: a) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

9. Cavabdeh1 etibarnamə olmadan idarə etdiyi, mülkiyyət hüququ Cavabdeh2 MMCyə məxsus “Khazar SD” markalı, **-PZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə xx.xx.2022-ci il tarixində Bakı şəhəri, Bakı şəhəri, Nərimanov rayonu, Z.Bünyadov prospektində "xxxx" EŞM-nə məxsus olan işıq dirəyinə çırpılmış, nəticədə iddiaçıya məxsus olan 1 ədəd Qalvaniz elektrostatik toz boyalı H-12 m işıq dirəyini, 2 ədəd 400 W Siteco SQ işıqlandırıcını, 25 metr NYY kabeli yarasız hala salaraq "xxxx" X4 1388,83 manat məbləğində ziyan vurulduğu müəyyən edilmişdir. Hadisə baş verən zaman **-PZ- *** dövlət qeydiyyat nişanlı “Khazar SD minik” markalı nəqliyyat vasitəsinin mülki məsuliyyətinin icbari sığortası olmamışdır. Hazırda iddiaçı cavabdehlərdən müştərək qaydada maddi ziyanın əvəzini tələb edir. Cavabdeh1 iddia tələbini qəbul etmişdir. Digər Cavabdeh2 MMC isə iddianın ona aid hissədə qəbul etmir.

b) Mülki işin materialları:

10. İş materiallarında olan xx.xx.2021-ci il tarixli X6nin surətindən görünür ki, Cavabdeh2 MMC ilə Cavabdeh1 arasında MAS-4522 saylı X6 bağlanmış və Cavabdeh1 istifadəsinə 2021-ci il buraxılışlı, “Khazar SD” markalı, **-PZ-*** dövlət qeydiyyat nişanlı qara rəngli avtomobil verilmişdir.

11. İş materiallarında olan xx.xx.2022-ci il tarixli etibarnamənin surətindən görünür ki, Cavabdeh1 “Khazar SD” markalı, **-PZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini Cavabdeh2 MMC ilə aralarında bağlanmış xx.xx.2021-ci il tarixli, MAS-4522 saylı X6 əsasında idarə edir.

12. İş materiallarında olan Bakı şəhəri Baş Polis İdarəsi DYPİ tərəfindən tərtib edilən İXP seriyalı, ******* nömrəli, xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında protokolun surətindən görünür ki, Cavabdeh1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir.

13. İş materialları olan Bakı şəhər Nərimanov rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 3(005)-3818/2022 saylı Qərarından görünür ki, Cavabdeh1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinmiş və barəsində 400 manat məbləğində inzibati cərimə növündə tənbeh tətbiq edilmişdir.

14. İş materiallarında olan "xxxx" ASC-nin iş icraçısı Z.Həsənov, mühəndis A.İsayev, "xxxx" EŞM-nin baş mühəndisi T.Məmmədov, baş mühasib S.Böyük-zadə, Texniki İstismar Xidmətinin rəisi K.Zeynalov və Nərimanov rayon TİXS-nin rəisi E.Əjdərov tərəfindən tərtib edilmiş xx.xx.2015-ci il tarixli aktın təsdiq edilmiş surətindən görünür ki, Ziya Bünyadov prospektinin (8,8 km.) işıqlandırma sistemini (11 adda materialların miqdarı və məbləği, o cümlədən 568 ədəd 160 km/saat küləyə davamlı, qalvaniz, elektrostatik toz boyalı H-12 m dayaqların, hər birinin qiyməti 640 manat, 2 ədəd işıqlandırıcı 400 W Siteco SQ 200 - 904 manat, 25 metr Kabel NYY-nin 17,50 manat göstərməklə) əvəzsiz olaraq "xxxx" ESM-nin balansına təhvil vermişdir.

c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:

15. Məhkəmə iddianın hüquqi əsaslılığı ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

16. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

17. Eyni Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

18. Həmçinin, Mülki Məcəllənin 1097.1-ci maddəsində göstərilir ki, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir.

19. Mülki Məcəllənin 1099.1-ci maddəsinə əsasən hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir.

20. Mülki Məcəllənin 1099.2-ci maddəsinə əsasən isə bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun.

21. Həmin Məcəllənin 1108.1-ci maddəsinin tələbinə görə ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər.

22. Məhkəmə qeyd olunanlara qiymət verərək, habelə qüsur aktını əsas götürərək, belə nəticəyə gəlir ki, iddia tələbi maddi ziyanın ödənilməsi hissəsində qismən təmin edilməli və Cavabdeh1 dəymiş maddi ziyanın əvəzi kimi 1388,83 (bir min üç yüz səksən səkkiz manat, səksən üç qəpik) manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, iddiaçı tərəfindən ona vurulmuş maddi zərərin olmasını təsdiq edən sübutu məhkəməyə təqdim etsə də qeyd olunan qüsur aktında yekun olaraq 1388,83 manatın hesablanmasında yalnışlığa yol verilmişdir. Zədələnmış əşyanın dəyərini 640 manat hesablamış, köhnəlmə əmsalı tətbiq edilməklə (10,5 %) 575,68 manat işıqlandırıcı 400 W Siteco SQ 200 - 452 manat hesablamış, köhnəlmə tətbiq edilməklə 813,15 manat, 25 metr Kabel NYY – 17,50 manat hesablamış, köhnəlmə əmsalı tətbiq edilməklə 15,70 manat olmaqla 1388,83 manat müəyyən edilmişdir. Lakin iddiaçının 1388,83 manatdan 1389 manata keçməsi müəyyən edilə bilməmişdir.

23. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

24. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

25. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Kovnensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§68).

26. Məhkəmə iddia tələbinin dəymiş zərərin eyni zamanda digər Cavabdeh2 MMCdən də müştərək qaydada tutulması üzrə qeyd edir ki, həmin hissədə tələb təmin edilməməlidir.

27. Lizinq müqaviləsinə əsasən lizinq predmeti lizinq alanın müvəqqəti sahibliyinə və istifadəsinə qanuni əsaslarla keçdiyi üçün bu müddətdə yol verilmiş qəza ilə bağlı da bütün məsuliyyəti lizinq alan yəni Cavabdeh1 daşıyır. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi Cavabdeh2 MMC-yə münasibətdə təmin edilməməlidir.

28. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh1 vurulmuş ziyana görə 1388,83 (bir min üç yüz səksən səkkiz manat, səksən üç qəpik) manat məbləğində pul alınaraq iddiaçı "xxxx" X4 ödənilməli, iddia tələbi qalan hissədə və Cavabdeh2 MMC-yə münasibətdə təmin edilməməlidir.

29. Azərbaycan Respublikası MPM-nin 119.2-ci madəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır.

30. «Dövlət rüsumu haqqında» AR Qanunun 9.1.14-cü maddəsinə əsasən məhkəmələrə verilən iddia ərizələri və bütün növ şikayətlər üzrə - büdcə təşkilatları, bələdiyyələr dövlət rüsumu ödəməkdən azad olunurlar.

31. "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikası Qanununun 8.1.2 maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında dövlət rüsumu ödənilir.

32. Məhkəmə qeyd edir ki, iddiaçı qaldırılan tələblə bağlı məhkəməyə müraciət etmək üçün dövlət rüsumunun ödəməkdən azad olduğu üçün və iddia tələbi qismən təmin olunduğu üçün, cavabdehdən dövlət nəfinə dövlət rüsumunun əvəzi kimi 33,90 (otuz üç manat doxsan qəpik) manat (1388,83:100x1%=13,90. 30+13,90=33,90 AZN) məbləğində pul tutulmalıdır.

33. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır.

34. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh1 vurulmuş maddi ziyana görə 1388,83 (bir min üç yüz səksən səkkiz manat, səksən üç qəpik) AZN məbləğində borc alınaraq "xxxx" X4 ödənilsin. Cavabdeh1 33,90 (otuz üç manat doxsan qəpik) AZN məbləğində dövlət rüsumu tutularaq Dövlət Büdcəsinə keçirilsin. İddia tələbi qalan hissədə və Cavabdeh2 MMC-yə münasibətdə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim: Ramin Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar