Məhkəmə qərarları › İş №e-2(006)-1829/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №e-2(006)-1829/2022

17.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(006)-1829/2022 17.02.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Abidova Günay Çingiz qızı, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «pul» tələbinə dair iddia ərizəsinə baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, 28 noyabr 2012-ci il və 13 oktyabr 2017-ci il tarixli icarə müqavilələrinə əsasən Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti 40 ünvanında yerləşən 277,3 kv.metr olan qeyri-yaşayış sahəsi icarəyə verənlər (cavabdehlər) Cavabdeh1 və Cavabdeh2 tərəfindən 13 oktyabr 2027-ci il tarixə qədər icarəçi (iddiaçı) Səlimov Arif Qara oğluna icarəyə verilmişdir. Həmin müqavilənin şərtlərinə və aralarında olan razılığa görə qeyri-yaşayış sahəsində icarəçinin oğlu və etibarnamə ilə nümayəndəsi İddiaçı tərəfindən əvvəlcə “Philomena”, sonra isə “White Rabbit” adlı restoran işlədilmiş və hər ay icarə haqqı olaraq 3000-4000 manat pul ödənilmişdir. Məlum “COVİD-19” pandemiyası ilə əlaqədar 2020-ci ilin mart ayından Bakı şəhərində tətbiq edilən məhdudiyyətlərlə bağlı restoran 2021-ci ilin iyun ayına kimi işləməmişdir. Həmin dövrdə icarəyə verənlər (cavabdehlər) Cavabdeh1 və Cavabdeh2 ilə icarəçi (iddiaçı) Səlimov Arif Qara oğlu arasında əldə edilmiş şifahi razılığa əsasən sonuncu 2020-ci ilin mart-aprel aylarından 2021-ci ilin may ayına kimi şəxsi vəsaiti hesabına restoranda təmir işləri aparmış, ümumi razılıq əsasında restoran 2021-ci ilin iyun, iyul və avqust aylarında əvvəlki qaydada işləmiş, sentyabr ayından başlayaraq icarə haqqının 4000 manat ödənilməsi nəzərdə tutulmuşdur. Lakin 27 avqust 2021-ci il tarixdə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 heç bir əsas göstərmədən restoranı bağlayaraq açarları İddiaçı alıb işi dayandırmışlar. Bununla da İddiaçı hüquqları pozulmuş və ona maddi ziyan vurulmuşdur. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Belə ki, qeyd edilən ərizə və ona əlavə edilən sənədlər araşdırılaraq müəyyən edilmişdir ki, ərizə məhkəmə aidiyyəti qaydalarına riayət edilmədən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə verilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – Mülki Prosessual Məcəllənin) 1-ci maddəsində göstərilmişdir ki, Azərbaycan Respublikasının məhkəmələrində mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının qaydası Azərbaycan Respublikasının Konstitusiyası, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanunu, bu Məcəllə, digər qanunlar, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilərlə müəyyən edilir. Maddənin qeyd hissəsinə əsasən bu Məcəllədə kommersiya mübahisələri dedikdə sahibkarlıq fəaliyyətinin keçirilməsi ilə əlaqədar olan mübahisələr başa düşülür. Mülki-Prosessual Məcəllənin 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Mülki Prosessual Məcəllənin 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Mülki-Prosessual Məcəllənin 26.2-cı maddəsinə əsasən kommersiya məhkəmələri bu Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə (Bankın öhdəliklərinin könüllü restrukturizasiyası haqqında işlər üzrə icraat), habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. Mülki işin materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş reyestr nömrəsi **********44-05301-083013 olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışdan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti 40 ünvanında yerləşən 277,3 kv.metr olan qeyri-yaşayış sahəsini (1-ci zirzəmi qatı) 07.03.2012-ci il tarixdə Cavabdeh1 və Cavabdeh2 adına qeydiyyata alınmışdır Mülki işin materiallarında olan 28.11.2012-ci il və 13.10.2017-ci il tarixli icarə müqavilələrindən görünür ki, Cavabdeh1 və Cavabdeh2 mülkiyyətindəki, hazırki iş üzrə mübahisə predmeti olan Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti 40 ünvanında yerləşən 277,3 kv.metr olan qeyri-yaşayış sahəsini (1-ci zirzəmi qatı) Səlimov Arif Qara oğluna icarəyə vermişlər. Elektron məhkəmə informasiya sistemindən görünür ki, vergi uçotuna alınmış vergi ödəyiciləri barədə məlumatın verilməsi sənədinə əsasən hazırki iş üzrə İddiaçı (VÖEN:**********) İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsində qeydiyyata alınmışdır. Elektron məhkəmə informasiya sistemindən görünür ki, vergi uçotuna alınmış vergi ödəyiciləri barədə məlumatın verilməsi sənədinə əsasən hazırki iş üzrə Cavabdeh1 (VÖEN:**********) İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsində qeydiyyata alınmışdır. Elektron məhkəmə informasiya sistemindən görünür ki, vergi uçotuna alınmış vergi ödəyiciləri barədə məlumatın verilməsi sənədinə əsasən hazırki iş üzrə Cavabdeh2 (VÖEN:**********) İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsində qeydiyyata alınmışdır. Məhkəmə tərəfindən müəyyən edildi ki, hazırki iş üzrə tərəflər – İddiaçı (VÖEN:**********), cavabdehlər Cavabdeh1 (VÖEN:**********) və Cavabdeh2 (VÖEN:**********) fərdi sahibkar statusuna malik fiziki şəxslərdir, onlar arasında mübahisənin predmetini – məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi təşkil edir. Göründüyü kimi hazırki iş üzrə həm mübahisənin subyekt tərkibinin (tərəflər), həm də predmetin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması müəyyən edildiyindən, həmin məsələyə aidiyyəti kommersiya məhkəməsində baxılmalıdır. Mülki Prosessual Məcəlləsinin 31.1-ci maddəsinin tələbinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. Bundan başqa iddia ərizəsi və ona əlavə edilmiş sənədlərdən görünür ki, iddia ərizəsi iddiaçının etibarnamə üzrə nümayəndəsi və vəkili kimi qeyd edilmiş Nümayəndə tərəfindən imzalansa da, iddiaçının adından iddia ərizəsinin imzalamaq səlahiyyətinin verilməsi barədə etibarnamə təqdim edilməmişdir. Mülki Prosessual Məcəllənin 73.1-ci maddəsinə əsasən nümayəndənin səlahiyyəti qanuna uyğun olaraq verilmiş və rəsmiləşdirilmiş etibarnamədə əks etdirilməlidir. Mülki Prosessual Məcəllənin 149.1-ci maddəsinə əsasən iddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. O, iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır. Mülki Prosessual Məcəllənin 151.1-ci maddəsinə əsasən ərizə bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Mülki Prosessual Məcəllənin 152.1.3-cü maddəsinin tələbinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri iddiaçıya geri qaytarır. Hesab edirəm ki, işə məhkəmə aidiyyəti üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsində baxılmalı olmadığından, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalı, iddiaçıya qeyd olunan nöqsanları aradan qaldırıldıqdan sonra məhkəmə aidiyyəti üzrə kommersiya məhkəmələrinə müraciət etmək hüququ izah edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «pul» tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçıya izah edilsin ki, aidiyyəti kommersiya məhkəməsinə müraciət etmək hüququ vardır. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Günay Abidova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar