Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-184/2024 03.04.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi, İddiaçının nümayəndəsi X3 iştirakı ilə İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin cavabdehlər Cavabdeh2 Məmmədhüseyn oğluna və «X5» ASC-yə qarşı «borc» tələbinə dair iddiası üzrə mülki işə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı LPO İddiaçı ASC cavabdehlər Cavabdeh2 Məmmədhüseyn oğluna və «X5» ASC-yə qarşı «borc» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 12.862,65 manat əsas borc, 14.601,97 manat faiz, 1.196,34 manat cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 57,28 manat faiz olmaqla, cəmi 28.718,24 manat pul vəsaitinin və iş üzrə ödənilmiş 176 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh2 Məmmədhüseyn oğlundan və "xxxx" ASC-dən müştərək qaydada Ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə «X5» ASC arasında Şirkət tərəfindən tikilmiş, tikilməkdə olan və ya gələcəkdə tikiləcək yaşayış binalarındakı mənzillərin maliyyələşdirilməsi üçün Şirkətin inşa etdikləri mənzillərin satışının Bank tərəfindən kreditləşdirilməsi barədə 05 mart 2010-cu il tarixdə birgə fəaliyyət haqqında müqavilə imzalanmışdır. Bundan sonra, Cavabdeh2 Məmmədhüseyn oğlu ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2011-ci il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh2 Məmmədhüseyn oğluna «X5» ASC-dən mənzilin alınması üçün 146 ay müddətinə, illik 12 % ödəmək şərtilə 26.341,44 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinə əsasən, borc alan krediti qəbul etməyi, bu müqavilədə göstərilən müddətdə və qaydada krediti və kredit üzrə hesablanacaq faizləri borcverənə qaytarmağı öhdəsinə götürür. Həmçinin, birgə fəaliyyət haqqında müqavilənin 2.12-ci bəndində qeyd edilmişdir ki, kredit müqaviləsi üzrə borcalan həmin müqavilə üzrə kreditin və onun faizlərinin ödənilməsi dövriliyini ən azı 2 dəfə 5 təqvim günündən çox pozduqda bankın tələbi ilə 20 iş günü müddətində borcalan tərəfindən ödənilməmiş kreditin və hesablanmış faizlərin şirkətin bankda olan hesabından xəbərdarlıq edilmədən silinməsi öhdəliyini «Şirkət» öz üzərinə götürür. Bu halda «Şirkət» borcalanın «Bank» qarşısında icra edilməmiş öhdəliyi (kreditin qalıq məbləği və kreditdən istifadəyə hesablanmış faizlər) üçün zamin kimi çıxış edir (həmin öhdəliyin bank tərəfindən) və tərəflər arasındakı münasibətlərə qüvvədə olan mülki qanunvericiliyin zaminliyə dair müddəaları tətbiq olunur. «Şirkət»in zaminliyi kredit müqaviləsinin qüvvəyə mindiyi tarixdən həmin müqavilə üzrə kreditin qalıq məbləği və kreditdən istifadəyə hesablanmış faizlər «Bank»a ödənilənə qədər qüvvədədir. Həmin müqavilənin 3.1-ci bəndində qeyd edilmişdir ki, bu müqavilənin şərtlərini pozulması və ya yerinə yetirilməməsi nəticəsində tərəflər bir-birinə vurduqları zərərə görə məsuliyyət daşıyırlar. Bank tərəfindən Cavabdeh2 Məmmədhüseyn oğluna borcun ödənilməsi barədə dəfələrlə şifahi müraciətlər olunmasına və xx.xx.2022-ci il tarixli **********404 saylı, həmçinin xx.xx.2023-cü il tarixli **********369 saylı xəbərdarlıq məktubu göndərilmiş, lakin borclu öz üzərinə düşən öhdəliyi icra etməmişdir. Bank tərəfindən xx.xx.2023-cü il tarixli **********426 saylı xəbərdarlıq məktubu "xxxx" ASC-yə göndərilmiş, cavabdehlər banka heç bir cavab verməmiş və kredit borcunun banka qaytarılmasını təmin etməmişlər. Tərəflər arasında bağlanmış müqavilələrin şərtlərinə əsasən bank üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilələr üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Cavabdeh2 Məmmədhüseyn oğlunun xx.xx.2023-cü il tarixə kredit üzrə cəmi borcu 28.718,24 manat təşkil edir. Bu məbləğdən 12.862,65 manat əsas borc, 14.601,97 manat faiz, 1.196,34 manat cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 57,28 manat faiz təşkil edir. Məlum olduğu kimi, Azərbaycan Respublikasının 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 13 aprel 2016-cı il tarixli 2- 1(81)-1541/2016 saylı qərardadı ilə LPO İddiaçı ASC-nin ləğvedicisi ƏSF təyin edilmişdir. İddiaçının nümayəndəsi X4 məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq Cavabdeh2 Məmməd oğlu tərəfindən xx.xx.2024-cü il tarixində kredit borcu üzrə 5000 (beş min) manat ödənişin həyata keçirildiyini bildirərək qətnamə qəbul edilərkən nəzərə alınmasını xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak edən "xxxx" ASC-nin nümayəndəsi tərəfindən məhkəməyə iddia tələbinə etiraz ərizəsi təqdim edilmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Akkord arasında həqiqətən 5 mart 2010-cu il tarixdə birgə fəaliyyət haqqında müqavilə bağlanılmışdır. Bu müqavilənin olması o demək deyil ki, konkret şəxslərə aid zaminlik müqaviləsi olmamalıdır. Tərəflər arasında bağlanılmış 5 mart 2010cu il tarixli birgə fəaliyyət haqqında müqavilənin 2.1 və 2.2 bəndlərində qeyd olunur ki, Akkord ondan mənzil alan alıcılara kredit verilməsi üçün müvafiq sənədlərlə banka müraciət edir və müraciət olunduqdan sonra bank həmin alıcıya öz mülahizəsinə əsasən kredit verə bilər. Göründüyü kimi iddiaçı məhkəməyə Cavabdeh2 Məmməd oğluna kreditin verilməsi barədə Akkord tərəfindən İddiaçı ASC-yə hər hansı müraciətin olmasına dair sübut təqdim etməmişdir. Tərəflər arasında zaminlik müqaviləsi də mövcud deyildir. Həqiqətən 5 mart 2010-cu il tarixli birgə fəaliyyət haqqında müqavilənin tələbinə əsasən akkord ondan mənzil alan, kredit alınması üçün banka göndərdiyi bəzi şəxslərə görə bank qarşısında zamin olmuşdur və tərəflər arasında həmin şəxslərə aid zaminlik müqaviləsi bağlanılmışdır. Əgər iddiaçı 5 mart 2010-cu il tarixdə birgə fəaliyyət haqqında müqaviləni zaminlik müqaviləsi kimi qəbul edirdisə, nə üçün tərəflər arasında bəzi şəxslərə aid zaminlik müqaviləsi bağlanılmışdır? Hesab edilir ki, tərəflər arasında 5 mart 2010-cu il tarixli birgə fəaliyyət haqqında müqavilənin olması o demək deyildir ki, "xxxx" ASC-dən kredit götürən və ondan mənzil alan bütün alıcılara görə bank qarşısında zamindir. Hesab edilir ki, həm tərəflər arasında zaminlik müqaviləsi olmadığı üçün, həm də Akkord tərəfindən Cavabdeh2 Məmməd oğluna kreditin verilməsi barədə banka müraciət edilmədiyi üçün Akkord 5 mart 2010-cu il tarixli birgə fəaliyyət haqqında müqaviləyə əsasən Cavabdeh2 Məmməd oğlunun öhdəliklərinə görə bank qarşısında məsuliyyət daşımır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. MM-in 406.1-ci maddəsinə əsasən müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. MM-in 471-ci maddəsinə əsasən zaminlik müqaviləsi yazılı formada bağlanmalıdır. Yazılı formaya riayət edilməməsi zaminlik müqaviləsinin etibarsızlığına səbəb olur. Beləliklə yuxarıda qeyd olunanlara əsasən hesab edilir ki, İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər "xxxx" ASC-yə və Cavabdeh2 Məmməd oğluna qarşı iddia tələbi "xxxx" ASC-yə aid hissədə əsassız olduğu üçün iddia tələbi həmin hissədə təmin olunmamalıdır. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehlər Cavabdeh2 Məmmədhüseyn oğlu və «X5» ASC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehlər Cavabdeh2 Məmmədhüseyn oğlunun və «X5» ASC-nin nümayəndəsinin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş 05 mart 2010-cu il tarixli müqavilədən görünür ki, İddiaçı ASC ilə «X5» ASC arasında birgə fəaliyyət haqqında müqavilə bağlanmışdır. Müqavilənin 1-ci bəndinə əsasən: (1.1.) Bu müqaviləyə görə tərəflər «Şirkət» tərəfindən tikilmiş, tikilməkdə olan va ya gələcəkdə tikiləcək yaşayış binalarındakı mənzillərin maliyyələşdirilməsi üçün «Şirkət»in inşa etdikləri mənzillərin satışının «Bank» tərəfindən kreditləşdirilməsi yolu ilə həyata keçirilməsi üzrə bu müqavilədə göstərilən şərtlərlə birgə fəaliyyət göstərməyi öhdəsinə götürürlər. (1.2.) Bu müqavilə mənzil satışının həyata keçirilməsi üzrə tərəflərin birgə fəaliyyətinin əsaslarını, onların hüquq və vəzifələrini, habelə mülki-hüquqi məsuliyyətini müəyyən edir. Müqavilənin 2.12-ci bəndinə əsasən kredit müqaviləsi üzrə borcalan həmin müqavilə üzrə kreditin və onun faizlərinin ödənilməsi dövriliyini ən azı 2 dəfə 5 təqvim günündən çox pozduqda bankın tələbi ilə 20 iş günü müddətində borcalan tərəfindən ödənilməmiş kreditin və hesablanmış faizlərin şirkətin bankda olan hesabından xəbərdarlıq edilmədən silinməsi öhdəliyini «Şirkət» öz üzərinə götürür. Bu halda «Şirkət» borcalanın «Bank» qarşısında icra edilməmiş öhdəliyi (kreditin qalıq məbləği və kreditdən istifadəyə hesablanmış faizlər) üçün zamin kimi çıxış edir (həmin öhdəliyin bank tərəfindən) və tərəflər arasındakı münasibətlərə qüvvədə olan mülki qanunvericiliyin zaminliyə dair müddəaları tətbiq olunur. «Şirkət»in zaminliyi kredit müqaviləsinin qüvvəyə mindiyi tarixdən həmin müqavilə üzrə kreditin qalıq məbləği və kreditdən istifadəyə hesablanmış faizlər «Bank»a ödənilənə qədər qüvvədədir. Sonradan tərəflər arasında 17 dekabr 2015-ci il tarixdə yuxarıdakı müqaviləyə 1 saylı Əlavə bağlanmışdır. İş materiallarına əlavə olunmuş, Cavabdeh2 Məmmədhüseyn oğlu ilə İddiaçı ASC arasında bağlanmış 21 fevral 2011-ci il tarixli AK-228 saylı kredit müqaviləsindən görünür ki, borc alan Cavabdeh2 Məmmədhüseyn oğlu «X5» ASC-dən mənzilin alınması üçün kreditor İddiaçı ASC-nin «Proqress» filialından 146 ay müddətinə, illik 12 % ödəmək şərtilə 26.341,44 manat məbləğində kredit almışdır. Cavabdeh müqavilə şərtlərinə əsasən krediti qəbul etməyi, müqavilədə göstərilən müddətdə və qaydada krediti və kredit üzrə hesablanacaq faizləri kreditora qaytarmağı öhdəsinə götürmüşdür. Məhkəməyə təqdim edilmiş 26 may 2023-cü il tarixli **********629 saylı maliyyə arayışında Cavabdeh2 Məmmədhüseyn oğlunun 12.862,65 manat əsas borc, 14.601,97 manat faiz, 1.196,34 manat cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 57,28 manat faiz olmaqla, cəmi 28.718,24 manat borcunun olduğu qeyd edilmişdir. Mülki işə tam, obyektiv və hərtərəfli baxılaraq düzgün hüquqi qiymət verilməsi üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(006)-2976/2023 saylı qərardadı ilə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş, ekspert qarşısında cavablandırılması zəruri olan suallar qoyulmuşdur. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 31 oktyabr 2023-cü il tarixli 9/6582 saylı ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən borc alan Cavabdeh2 Məmmədhüseyn oğlu tərəfindən İddiaçı ASC-dən alınmış kredit vəsaiti üzrə banka ödənilməli olan borcu aşağıdakı kimi müəyyən edilir xx.xx.2023-cü il tarixə (müqavilənin müddəti bitdiyi tarixədək): - əsas borc üzrə – 12.800,25 manat; - faiz üzrə – 15.531,75 manat. Ekspert mövcud qanunvericiliyə istinad edərək qeyd etmişdir ki, Cavabdeh2 Məmmədhüseyn oğlu ilə İddiaçı ASC arasında bağlanmış 21 fevral 2011-ci il tarixli AK-228 saylı kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək kredit borcu üzrə illik 5 % dərəcəsi ilə hesablanmış faiz nəzərə alınmaqla Cavabdeh2 Məmmədhüseyn oğlunun İddiaçı ASC-yə olan borcu aşağıdakı kimi müəyyən olunur – xx.xx.2023-cü il tarixədək: - əsas borc üzrə – 12.800,25 manat; - faiz üzrə – 15.622,42 manat. Aparılmış tədqiqatın dəyəri 145 manat təşkil etmişdir. Məhkəmə qeyd edir ki, yuxarıda qeyd edilən ekspert rəyi veriləndən sonra Cavabdeh2 Məmmədhüseyn oğlu tərəfindən kredit müqaviləsi üzrə 5.000 manat ödəniş edilmişdir və hazırki yekun məhkəmə aktı qəbul ediləndə həmin məbləğ nəzərə alınır. İş materiallarına əlavə olunmuş oxşar mübahisə (iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin cavabdehlər X1 və "xxxx" ASC-yə qarşı borc tələbi və girov predmetinə yönəldilməsi“ tələbi) ilə bağlı Azərbaycan Respublikasının Ali Məhkəməsinin 2(102)- 4123/2022 nömrəli xx.xx.2022-ci il tarixli qərarından görünür ki, tərəflər arasında bağlanmış Birgə fəaliyyət haqqında müqavilənin ilkin müqavilə kimi təfsir edilməsi üçün əsas yoxdur. Belə ki, Mülki Məcəllənin 402.1-ci maddəsinə əsasən ilkin müqaviləyə görə tərəflər həmin müqavilədə nəzərdə tutulmuş şərtlərlə əmlakın verilməsi, işlərin görülməsi və ya xidmətlərin göstərilməsi barədə gələcəkdə müqavilə (əsas müqavilə) bağlamağı öhdəsinə götürürlər. 05 mart 2010-cu il tarixli müqavilədə isə tərəflər gələcəkdə tikinti şirkəti tərəfindən satılacaq hər bir mənzillə bağlı bank tərəfindən veriləcək kreditə görə tərəflər arasında ayrıca zaminlik müqaviləsinin bağlanacağı barədə razılaşma olmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Yuxarıda qeyd olunan kredit müqaviləsindən və birgə fəaliyyət haqqında müqavilədən görünür ki, «X5» ASC kredit müqaviləsi üzrə Cavabdeh2 Məmmədhüseyn oğlu İddiaçı ASC qarşısında götürdüyü öhdəliyini icra etmədikdə və ya lazımınca icra etmədikdə həmin öhdəliyin icra edilməsini öhdəsinə götürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. İş materiallarında olan sənədlərdən göründüyü kimi, Cavabdeh2 Məmmədhüseyn oğlu yuxarıda qeyd olunan kredit müqaviləsi üzrə İddiaçı ASC-dən kredit almış, ayrılmış kredit məbləğinin ödəniş planına əsasən qaytarılmasını təmin etməsinə dair bank qarşısında öhdəlik götürmüş, lakin ödənişləri vaxtı-vaxtında və tam həcmdə yerinə yetirməyərək, öhdəliklərini icra etməmişdir. Xəbərdarlıq məktubundan görünür ki, İddiaçı ASC pretenziya qaydasına riayət edərək, Cavabdeh2 Məmmədhüseyn oğlundan borcu ödəməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə onu və zamini xəbərdar etmişdir. Ödəniş qəbzindən görünür ki, məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 177 manat 40 qəpik məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, 7.800,25 manat (12.800,25 – 5.000 = 7.800,25) əsas borc, 14.601,97 manat faiz, 200 manat cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 57,28 manat faiz olmaqla, cəmi 22.659,50 manat pul vəsaiti və iş üzrə ödənilmiş dövlət rüsumunun 158 manatı cavabdehlər Cavabdeh2 Məmmədhüseyn oğlundan və "xxxx" ASC-dən müştərək qaydada Ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 31 oktyabr 2023-cü il tarixli 9/6582 saylı ekspert rəyinə əsasən əsas borc 12800,25 manat müəyyən edilmişdir. İddia tələbində cavabdehdən tutulmalı olan məbləğ 12862,65 manat göstərilmişdir. Bununla bağlı müvafiq sübut təqdim olunmadığından, məhkəmə 12800,25 manat pulun cavabdehlərdən tutularaq iddiaçıya ödənilməsini qərara almışdr. Məhkəmə Cavabdeh2 Məmmədhüseyn oğlu tərəfindən edilmiş 5000 manat ödənişin əsas borcdan çıxılmalı olması qənaətinə gəlməsini onunla əsaslandırır ki, ödəniş edildikdən sonra iddiaçı tərəfindən iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə verilmədiyindən, bununla da həmin məbləğin hansı borcdan çıxılmalı olması qeyd edilmədiyindən, habelə həmin ödənişin borclu olan Cavabdeh2 Məmmədhüseyn oğlunun əsas borcundan çıxılması onun vəziyyətini yaxşılaşdırdığından məhkəmə hesab edir ki, həmin məbləğin əsas borcdan çıxılması düzgündür. Digər tərəfdən daxil olmuş ekspert rəyinə əsasən cavabdehlərin əsas borcu ilə yanaşı faiz borcunun 15.622,42 manat təşkil etdiyi müəyyən edilmişdir. Lakin iddia tələbində cavabdehlərdən faiz borcu qismində 14.601,97 manat tələb edildiyindən, məhkəmə iddia tələbindən kənara çıxmamaqla, faiz borcunu cavabdehlərdən tələb edilən məbləğdə tutulmasını mümkün hesab edir. Ekspertiza xərci olan 145 manat cavabdehlər Cavabdeh2 Məmmədhüseyn oğlundan və "xxxx" ASC-dən müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesaba ödənilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Belə ki, iddiaçı dəbbə pulunun tutulmasına dair tələb irəli sürərkən, dəbbə pulunun məbləği tənasübsüz surətdə yüksək hesablanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə hesab edir ki, 200 manat məbləğində dəbbə pulunun tutulması ədalətli olmaqla yanaşı, kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri qorunmuş olur. Digər tərəfdən, əsas borcun və faizin tutulması ilə yanaşı, qeyd olunan məbləğdə dəbbə pulunun tutulması iddiaçıya dəymiş real zərəri kompensasiya edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 7.800,25 manat əsas borc, 14.601,97 manat faiz, 200 manat cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 57,28 manat faiz olmaqla, cəmi 22.659,50 manat pul vəsaiti və iş üzrə ödənilmiş dövlət rüsumunun 158 manatı cavabdehlər Cavabdeh2 Məmmədhüseyn oğlundan və "xxxx" ASC-dən müştərək qaydada Ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə tutulsun. Ekspertiza xərci olan 145 manat cavabdehlər Cavabdeh2 Məmmədhüseyn oğlundan və "xxxx" ASC-dən müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesaba ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev
Məhkəmə qərarları › İş №e-2(006)-184/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-184/2024
03.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver