Məhkəmə qərarları › İş №e-2(006)-1841/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-1841/2022

04.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-1841/2022 04.04.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı «borcun tutulması tələbi»nə dair iddia ərizəsi üzrə mülki işə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı «borcun tutulması tələbi»nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 16.08.2019-cu il tarixli, GTGK0985879A111 saylı kredit müqaviləsinə əsasən ona 48 ay müddətinə illik 27,84% dərəcəsi ilə 2000 AZN məbləğində kredit verilmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 16.08.2019-cu il tarixli, BRED0985880A111 saylı kredit xətti müqaviləsinə əsasən ona 58 ay müddətinə illik 25% dərəcəsi ilə 300 AZN məbləğində kredit verilmişdir. Kredit müqaviləsinə əsasən, cavabdeh müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmk barədə öhdəlik götürsə də, bu öhdəliyi lazımi qaydada yerinə yetirməmiş və banka olan borcunu tam qaytarmamışdır. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Nəticədə cavabdehin 04.02.2022-ci il tarixinə İddiaçı Açıq Səhmdar Cəmiyyətinə 16.08.2019-cu il tarixli, GTGK0985879A111 saylı kredit müqaviləsinə əsasən 1442,82 AZN əsas, 321,11 AZN faiz, cəmi 1763,93 AZN borcu, 16.08.2019-cu il tarixli, BRED0985880A111 saylı kredit xətti müqaviləsinə əsasən 142,72 AZN əsas, 30,35 AZN faiz borcu, cərimə 173,07 AZN borcu yaranmışdır. Bank tərəfindən dəfələrlə şifahi xəbərdarlıq olunmasına və rəsmi bildirişin göndərilməsinə baxmayaraq (pretenziya qaydasında həll olunma) borcun qaytarılması təmin edilməmişdir. Göstərilənlərə əsasən Cavabdeh İddiaçı ASC-nin xeyrinə 16.08.2019-cu il tarixli, GTGK0985879A111 saylı kredit müqaviləsinə əsasən 1442,82 AZN əsas, 321,11 AZN faiz, cəmi 1763,93 AZN məbləğində borcun, 16.08.2019-cu il tarixli, BRED0985880A111 saylı kredit xətti müqaviləsinə əsasən 142,72 AZN əsas, 30,35 AZN faiz borcu, cərimə 173,07 AZN borcun və ödənilmiş 39,37 AZN dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iddia tələbinin qiyməti beş min manatdan az olduğuna görə iddia ərizəsinə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Məhkəmə tərəfindən mülki prosessual qanunvericiliyə əsasən cavabdehin ünvanına rəsmi qaydada bildiriş göndərilmiş, 22 fevral 2022-ci il tarixində bildirişə imza edilməklə qəbul edilsədə, lakin sonradan məhkəməyə hər hansı bir etiraz daxil olmamışdır. Eyni Məcəllənin 284-5.2-ci maddəsinin tələblərinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 16.08.2019cu il tarixli, GTGK0985879A111 saylı kredit müqaviləsinə əsasən İddiaçı ASC tərəfindən Cavabdeh illik 27,84 % faizlə, 48 ay müddətinə 2000 AZN kredit verilmişdir. İş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 16.08.2019cu il tarixli, BRED0985880A111 saylı kredit kartına dair müqaviləyə əsasən İddiaçı ASC tərəfindən Cavabdeh illik 58 ay müddətinə illik 25 faizlə 300 AZN kredit xətti açılmışdır. İş materiallarında olan İddiaçı ASC tərəfindən verilmiş 14.02.2022-ci il tarixinə olan maliyyə arayışından görünür ki, Cavabdeh 04.02.2022-ci tarixinə 16.08.2019-cu il tarixli, GTGK0985879A111 saylı kredit müqaviləsi üzrə 1442,82 AZN əsas, 321,11 AZN faiz, cəmi 1763,93 AZN məbləğində borcu, 16.08.2019-cu il tarixli, BRED0985880A111 saylı kredit xətti müqaviləsinə əsasən 142,72 AZN əsas, 30,35 AZN faiz, cəmi 173,07 AZN borcu vardır. İş materiallarında olan İddiaçı ASC tərəfindən cavabdehə ünvanlanmış 25.09.2021ci il tarixli bildirişdən görünür ki, cavabdehə müqavilələr üzrə yaranmış borcun ödənilməsi ilə bağlı xəbərdarlıq edilmişdir. Məhkəmə tərəfindən tədqiq olunmuş sübutlar əsasında müəyyən edilmişdir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 16.08.2019-cu il tarixli, GTGK0985879A111 saylı kredit müqaviləsinə əsasən cavabdehə 48 ay müddətinə illik 27,84% dərəcəsi ilə 2000 manat məbləğində kredit ayırmış, 16.08.2019-cu il tarixli, BRED0985880A111 saylı kredit xətti müqaviləsinə əsasən isə 58 ay müddətinə illik 25 % dərəcəsi ilə 300 manat məbləğində kredit xətti ayırmış, borc alan isə həmin kreditlərdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onları faizi ilə birlikdə borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. Göründüyü kimi, iddiaçı müqavilələr üzrə üzərinə düşən öhdəliyini icra etsə də, cavabdeh ödəməli olduğu kredit məbləğlərini banka ödəməkdən yayınmış və nəticədə onun 04 fevral 2020-ci il tarixinə İddiaçı Açıq Səhmdar Cəmiyyətinə 16.08.2019-cu il tarixli, GTGK0985879A111 saylı kredit müqaviləsinə əsasən 1442,82 AZN əsas, 321,11 AZN faiz, ümumilikdə 1763,93 AZN, 16.08.2019-cu il tarixli, BRED0985880A111 saylı kredit xətti müqaviləsinə əsasən 142,72 AZN əsas, 30,35 AZN faiz borcu, ümumilikdə 173,07 AZN məbləğində borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Qeyd edilən Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Qeyd olunan Məcəllənin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Eyni Məcəllənin 449.1-ci maddəsinin tələbinə görə özgənin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda, məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Həmin Məcəllənin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddiaçı tərəfindən ödənilmiş cəmi 39,37 AZN (otuz doqquz manat, otuz yeddi qəpik) məhkəmə xərci də cavabdehə aid edilməlidir. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 16.08.2019-cu il tarixli, GTGK0985879A111 saylı kredit müqaviləsinə əsasən 1442,82 AZN (bir min dörd yüz qırx iki manat, səksən iki qəpik) əsas, 321,11 AZN (üç yüz iyirmi bir manat, on bir qəpik) faiz; 16.08.2019-cu il tarixli, BRED0985880A111 saylı kredit xətti müqaviləsinə əsasən isə 142,72 AZN (bir yüz qırx iki manat, yetmiş iki qəpik) əsas, 30,35 AZN (otuz manat, otuz beş qəpik) faiz borcu, ümumilikdə 1937 AZN (bir min doqquz yüz otuz yeddi manat) məbləğində borc və 39,37 AZN (otuz doqquz manat, otuz yeddi qəpik) ödənilmiş dövlət rüsumu alınaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsində qeyd edilir ki, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 284-5.3-cü maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 16.08.2019-cu il tarixli, GTGK0985879A111 saylı kredit müqaviləsinə əsasən 1442,82 AZN (bir min dörd yüz qırx iki manat, səksən iki qəpik) əsas, 321,11 AZN (üç yüz iyirmi bir manat, on bir qəpik) faiz; 16.08.2019-cu il tarixli, BRED0985880A111 saylı kredit xətti müqaviləsinə əsasən isə 142,72 AZN (bir yüz qırx iki manat, yetmiş iki qəpik) əsas, 30,35 AZN (otuz manat, otuz beş qəpik) faiz borcu, ümumilikdə 1937 AZN (bir min doqquz yüz otuz yeddi manat) məbləğində borc və 39,37 AZN (otuz doqquz manat, otuz yeddi qəpik) ödənilmiş dövlət rüsumu alınaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Ramin Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar