Məhkəmə qərarları › İş №e-2(006)-1845/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-1845/2022

30.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-1845/2022 30.03.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, Əliyeva Günay Alim qızının katibliyi ilə, İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X1 iştirakı ilə, İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı “kredit məbləğinin geri qaytarılması və ipoteka predmetinə tutmanın yönəldilməsi” tələbinə dair mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı “kredit məbləğinin geri qaytarılması və ipoteka predmetinə tutmanın yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cəmi 4771,01 ABŞ dolları, bundan 2435,00 ABŞ dolları əsas, 348,09 ABŞ dolları faiz, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum Qərarına əsasən hesablanmış 1987,98 ABŞ dolları faiz və iş üzrə ödənilmiş 102 manat dövlət rüsumunun tutulması, tutmanın ipoteka predmeti «VAZ-21099» minik markalı (Tip: sedan, Buraxılış ili – 2004, Ban – 3689956) ** MK *** dövlət nömrə nişanlı avtomobilə yönəldilməsi, həmin avtomobilin açıq hərracda satılması və satışından əldə edilən pul vəsaitinin kredit borcunun tam ödənilməsinə kifayət etmədiyi halda, qalan borc məbləğinin Cavabdeh tutularaq, ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 16 aprel 2004-cü il tarixli 422AK saylı kredit müqaviləsinə əsasən «VAZ-21099» minik markalı (Tip: sedan, Buraxılış ili – 2004, Ban – 3689956) ** MK *** dövlət nömrə nişanlı avtomobilin alınması məqsədilə Cavabdeh 18 ay müddətinə, illik faiz dərəcəsi 25% ödənilmək şərti ilə 4870 (dörd min səkkiz yüz yetmiş) ABŞ dolları məbləğində kredit verilmişdir. Verilmiş kreditin təminatı olaraq Cavabdeh mülkiyyətində olan «VAZ-21099» minik markalı (Tip: sedan, Buraxılış ili – 2004, Ban – 3689956) ** MK *** dövlət nömrə nişanlı avtomobil 16 aprel 2004-cü il tarixli ipoteka müqaviləsinə əsasən ipoteka ilə yüklü edilmişdir. Lakin Cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri lazımınca icra etməmiş, dəfələrlə bank tərəfindən şifahi müraciət olunmasına, habelə yazılı xəbərdarlıq edilməsinə baxmayaraq heç bir nəticəsi olmamış, bank qarşısında öhdəliklərini lazımınca yerinə yetirmədiyinə görə borclunun 13.01.2022-ci il tarixinə 16 aprel 2004-cü il tarixli 422AK saylı kredit müqaviləsi üzrə cəmi 4771,01 ABŞ dolları, bundan 2435,00 ABŞ dolları əsas, 348,09 ABŞ dolları faiz, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum Qərarına əsasən hesablanmış 1987,98 ABŞ dolları faiz borcu yaranmışdır. Məhkəmə iclasında iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X2 iddianı müdafiə edib, təmin edilməsini xahiş etdi. Əvvəlki məhkəmə iclasında Cavabdeh iddia tələbinin əsassız olduğunu bildirirərək, iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə bildirişi almasına baxmayaraq Cavabdeh məhkəməyə gəlməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib və cavabdehin ərizəsini nəzərdən keçirib, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. Mülki işin materiallarında olan 16 aprel 2004-cü il tarixli 422AK saylı kredit müqaviləsindən görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh 18 ay müddətinə, illik faiz dərəcəsi 25% ödənilmək şərti ilə 4870 (dörd min səkkiz yüz yetmiş) ABŞ dolları məbləğində kredit verilmişdir. Mülki işin materiallarında olan 16 aprel 2004-cü il tarixli ipoteka müqaviləsindən görünür ki, kredit müqaviləsi üzrə öhdəliyin icrasının təminatı kimi ipoteka qoyan Cavabdeh «VAZ-21099» minik markalı (Tip: sedan, Buraxılış ili – 2004, Ban – 3689956) ** MK *** dövlət nömrə nişanlı avtomobili ipoteka saxlayan İddiaçı ASC-nin xeyrinə yüklü etməyi və ipoteka verilməsi xərclərini çəkməyi üzərinə götürmüşdür. Mülki işin materiallarında olan bildirişlərdən görünür ki, borclu Cavabdeh 16 aprel 2004-cü il tarixli 422AK saylı kredit müqaviləsi üzrə öhdəliklərin icrası edilməməsi səbəbindən ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən xəbərdar edilmişdir. Mülki işin materiallarında olan 19.01.2022-ci il tarixli **********096 saylı arayışdan görünür ki, Cavabdeh 16 aprel 2004-cü il tarixli 422AK saylı kredit müqaviləsi üzrə ləğv prosesində olan İddiaçı ASC-yə 13.01.2022-ci il tarixinə 2435,00 ABŞ dolları əsas, 348,09 ABŞ dolları faiz, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum Qərarına əsasən hesablanmış 1987,98 ABŞ dolları faiz, cəmi 4771,01 ABŞ dolları məbləğində borcu vardır. Məhkəmə cavabdehin iddia müddətinin keçməsinə istinadən iddianın rədd edilməsi tələbi ilə əlaqədar aşağıdakıları qeyd etməyi zəruri sayır. İlk növbədə qeyd edilməlidir ki, Cavabdeh yazılı ərizə ilə müraciət edərək, iddia müddətinin tətbiq olunmasını və buna görə də iddiaçı tərəfindən verilmiş iddianın rədd olunmasını məhkəmədən xahiş etmişdir. Belə olan təqdirdə məhkəmə hesab edir ki, əvvəlcə mübahisələndirilən kredit müqaviləsi üzrə tərəflər arasında öhdəlik münasibətlərinin olub-olmaması və iddia müddətinin tətbiqi məsələsinə hüquqi qiymət verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəlləsinin) 372.1 və 372.2-ci maddələrinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır və müqavilə tələbləri üzrə iddia müddəti 3 (üç) il müəyyən edilir. Mülki Məcəllənin 375.2-ci maddəsinə görə isə məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. İddia müddəti ilə bağlı «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi 27 dekabr 2001-ci il tarixli Qərarında qeyd etmişdir ki, «İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə ilə maliyyə intizamının nizamlanmasına kömək edir, ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır». Analoji mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «R.Salamovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 03.04.2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və Qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 30.10.2007-ci il tarixli Qərarında da təkrarlayaraq, Məhkəmə göstərmişdir ki, iddia müddətləri mübahisələrin həlli baxımından mülki qanunvericiliyin mühüm əhəmiyyət daşıyan institutlarından biridir. Konstitusiya Məhkəməsinin Plenumu bir çox qərarlarında bu institutun əhəmiyyətinə toxunaraq qeyd etmişdir ki, mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir. İddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Avropa Məhkəməsinin prinsipial hüquqi mövqeyi ondan ibarətdir ki, qanun, qanunverici normaların kifayət qədər dəqiq ifadə olunmasını, bu və ya digər hərəkətin hansı nəticələrə səbəb olacağını görməyə imkan verməsini tələb edən müəyyən olunmuş standarta cavab verməlidir (Avropa Məhkəməsinin Deryus Litvaya qarşı iş üzrə 31 iyul 2000-ci il tarixli qərarı və həmin Məhkəmənin Böyük Palatasının Baranovski və Braniovski Polşaya qarşı işlər üzrə 28 mart 2000-ci və 22 iyul 2004-cü il tarixli qərarları). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair» 03 iyun 2013-cü il tarixli Qərarına əsasən kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Mülki işin materiallarında olan 16.04.2004-cü il tarixdən 03.04.2011-ci il tarixə olan dövrü əhatə edən hesab çıxarışından aydın olur ki, Cavabdeh tərəfindən İddiaçı ASC-yə sonuncu dəfə 20.01.2006-cı il tarixdə 696,17 ABŞ dolları məbləğində (638,39 AZN ekvivalentində) ödəniş edilmişdir. Mülki işin materiallarında olan 16.04.2004-cü il tarixdən 06.09.2021-ci il tarixə olan dövrü əhatə edən hesab çıxarışından aydın olur ki, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 28 fevral 2019-cu il tarixli 551 nömrəli Fərmanına əsasən 4139,50 manat məbləğində kompensassiya ödənilmişdir. Mülki Məcəllənin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Mülki Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 527.1-ci maddəsinin tələbinə görə, öhdəliyə icra, depozitə qoyma, qarşılıqlı əvəzləşdirmə, borcu bağışlama, müddətin keçməsi nəticəsində və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər əsaslar üzrə tamamilə və ya qismən xitam verilir. Mülki Məcəllənin 550-ci maddəsinin tələbinə görə tələbə, yəni digər şəxsdən hərəkətin edilməsini və ya edilməməsini tələb etmək hüququna müddətin keçməsinə görə xitam verilə bilər. Mülki Məcəllənin 551.1-ci maddəsinin tələbinə görə əgər bu Məcəllə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, bütün tələblər on il (adi müddət) keçdikdən sonra qüvvəsini itirir. Mülki Məcəllənin 552.1-ci maddəsinə əsasən öhdəliklərin xitamı üçün müddətin axımı tələbin icra müddətinin çatması ilə başlanır. Müddət hesablanarkən müddətin başlandığı gün nəzərə alınmır. Öhdəliyin məzmunu hərəkətsizlikdirsə, müddət bu öhdəliyin yerinə yetirilmədiyi andan başlanır. Mülki Məcəlləsinin 368-ci maddəsi ilə qanunverici öhdəliklərin xitamı üçün müddətin axımının başlanmasını tələbin icra müddətinin çatması ilə əlaqələndirir. Mülki işin materiallarından göründüyü kimi 16 aprel 2004-cü il tarixli kredit müqaviləsi üzrə öhdəliklərin icrası müddətinin sonu 16 oktyabr 2005-ci il tarixi kimi müəyyən edilmişdir. İcra müddətinin keçməsindən artıq 10 ildən artıq müddət ötdüyündən iddiaçı həmin öhdəliklər üzrə borcun tələb edilməsində haqlı deyildir. Mülki Məcəllənin 554.1-ci maddəsinə əsasən müddət keçdikdən sonra mükəlləfiyyətli şəxsin öhdəliyin icrasından imtina etmək hüququ vardır. Mülki Məcəllənin 554.3-cü maddəsinə əsasən əsas tələblə birlikdə ondan asılı olan əlavə öhdəliklərin icrasına dair tələb də müddətin keçməsinə görə qüvvəsini itirir. Məhkəmə yuxarıda qeyd olunanları nəzərə alaraq hesab edir ki, hazırki öhdəlik hüquq münasibətlərindən irəli gələn tələblərin qüvvədə olması müddəti Mülki Məcəllənin 551.1-ci maddəsinə əsasən, 10 il müddət nəzərdə tutulduğundan, hazırki iddia tələbi ilə bağlı müddətin keçməsi kimi müəyyən edilməlidir və baxılan iş üzrə həmin müddətin keçməsi halı aşkardır. Mülki işin materiallarından görünür ki, iddiaçı tərəfindən təqdim edilən 16.04.2004-cü il tarixli ipoteka müqaviləsi notarial qaydada bağlanmamışdır. Məhkəmə qeyd edir ki, mülki qanunvericiliyin məzmununa görə əqd mülki hüquq münasibətlərinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş, birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdin etibarlı olması üçün qanunda nəzərdə tutulmuş formaya riayət edilməsi zəruridir. Əqdin etibarsızlığı dedikdə mülki qanunvericilikdə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanan və məzmununda nəzərdə tutulmuş mülki hüquq münasibətləri yaratmayan, yalnız özünün etibarsızlığı ilə bağlı nəticələrə səbəb olan əqd anlaşılır. Məhkəmə, həmçinin qeyd edir ki, Mülki Məcəllənin ümumi yanaşmasına görə əqdin etibarsız hesab olunması üçün aşağıdakı ünsürlərdən heç olmasa biri qüsurlu olmalıdır: subyekt tərkibinə görə; məzmununa görə; formasına görə; iradə və iradə ifadəsinə görə. Qeyd edildiyi kimi iddiaçı tərəfindən ipoteka müqaviləsi formasına görə qüsurlu olduğundan həmin əqd etibarsızdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2 aprel 2021-ci il tarixli Qərarında qeyd edilmişdir ki, mübahisəyə səbəb olan məsələlərdən biri də hakimin işə baxarkən əqdin etibarsızlığını təsbit etdiyi halda, tələbdən asılı olmayaraq öz xidməti vəzifəsinə uyğun olaraq bu halı nəzərə almaq səlahiyyətinin olub-olmaması ilə bağlıdır. Arzu olunan hüquqi nəticəni yaradan iradə ifadəsi olaraq əqd, o cümlədən onun ən geniş istifadə edilən növü olan müqavilələr bazar iqtisadiyyatı şəraitində iqtisadi dövriyyənin axımlılığını təmin edən ən başlıca hüquqi vasitədir. Əqdin arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun etibarlı olması, yəni qanunvericilikdə göstərilən məcburi (imperativ) normaların tələblərinə uyğun olması lazımdır. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Müqavilənin qanunvericilikdə müəyyən edilmiş qayda və şərtlərə uyğun bağlanması tələb olunur (Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel tarixli Qərar). Mülki Məcəllənin əqdlərin etibarsızlığı anlayışı və onun nəticələrini müəyyən edən 337.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Qeyd edilən maddədə etibarsızlıq hallarının iki növü göstərilmişdir. Bunlar mübahisə edilən əqdlər və əhəmiyyətsiz əqdlərdir. Mülki Məcəllənin 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Mülki Məcəllənin 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Göründüyü kimi, qanunda əqdin əhəmiyyətsizliyi hallarında etibarsızlıqla bağlı nəticələrin tətbiqi üçün məhkəmə qərarına ehtiyac olmadığı ifadə edilmişdir. Qanunvericiliyin imperativ göstərişlərinə zidd olan və etibarsız hesab edilməsi üçün hər hansı əlavə qayda və şərt nəzərdə tutulmayan əqdlər əhəmiyyətsizdir. Beləliklə, əhəmiyyətsiz əqd mübahisələndirilmədən, məhkəmə qərarından, müddətlərdən və s. şərtlərdən asılı olmadan bağlandığı andan etibarən özlüyündə etibarsız olan, yəni arzu olunan hüquqi nəticəni yaratmaq qabiliyyətinə malik olmayan əqddir. Bəzən qanunvericilikdə məcburi qanun normalarına zidd olaraq bağlanan əqdlərin etibarsız hesab olunması üçün məhkəmə qərarı tələb olunur. Müraciətdə qaldırılan məsələlərdən biri də məhkəmə araşdırması zamanı əqdin etibarsızlığının məhkəmə tərəfindən müəyyən edilməsi hallarında məhkəmələrin bunu irəli sürülən tələbdən asılı olmayaraq öz xidməti vəzifəsinə görə nəzərə almalı olub-olmaması ilə bağlıdır. Bununla bağlı Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. Beləliklə, Konstitusiya Məhkəməsinin Plenumu vurğulayır ki, hər hansı əqdə istinad edilərək iddia verildiyi təqdirdə, həmin iddianın necə əsaslandırılmasından asılı olmayaraq məhkəmənin ilk vəzifəsi həmin əqdin etibarlılığını müəyyən etməkdir. Belə olan halda məhkəmə hesab edir ki, təqdim edilən ipoteka müqaviləsi formasına görə qüsurlu olduğuna görə, həmin müqavilə etibarsızdır. Mülki Məcəllənin 337-ci maddəsinə uyğun olaraq, əqdlərlə bağlı mübahisələrə baxılarkən tərəflərin bu barədə tələb irəli sürməsindən asılı olmayaraq əqdlərin etibarsızlığı (mübahisə edilən əqdlər istisna olmaqla) aşkar edilərsə, məhkəmələr bunu nəzərə almalıdır. Beləliklə məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda qiymət verərək hesab edir ki, ləğv prosesində olan İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 16 aprel 2004-cü il tarixli 422AK saylı kredit müqaviləsi üzrə öhdəliyin icrasına dair tələb etmə müddətini və iddia müddətini ötürdüyündən, 16 aprel 2004-cü il tarixli ipoteka müqaviləsi etibarsız hesab edildiyindən Cavabdeh cəmi 4771,01 ABŞ dolları, bundan 2435,00 ABŞ dolları əsas, 348,09 ABŞ dolları faiz, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum Qərarına əsasən hesablanmış 1987,98 ABŞ dolları faiz və iş üzrə ödənilmiş 102 manat dövlət rüsumunun tutulması, tutmanın ipoteka predmeti «VAZ-21099» minik markalı (Tip: sedan, Buraxılış ili – 2004, Ban – 3689956) ** MK *** dövlət nömrə nişanlı avtomobilə yönəldilməsi, həmin avtomobilin açıq hərracda satılması və satışından əldə edilən pul vəsaitinin kredit borcunun tam ödənilməsinə kifayət etmədiyi halda, qalan borc məbləğinin Cavabdeh tutularaq, ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna ödənilməsi barədə iddia tələbi təmin edilməməlidir. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Müki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Müki Prosessual Məcəllənin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mülki Prosessual Məcəllənin 124.2-ci maddəsinə əsasən,iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Hazırki iş üzrə iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən ərizənin verilməsinə görə 102 (bir yüz iki) manat məbləğində dövlət rüsumu ödənilmişdir. İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun iddia ərizəsi təmin edilmədiyindən, ödədiyi 102 (bir yüz iki) manat məbləğində dövlət rüsumu onun özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı “kredit məbləğinin geri qaytarılması və ipoteka predmetinə tutumanın yönəldilməsi” tələbinə dair iddia ərizəsi təmin edilməsin. İddia ərizəsinin verilməsinə görə 102 (bir yüz iki) manat məbləğində dövlət rüsumu iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Günay Abidova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar