Məhkəmə qərarları › İş №e-2(006)-1846/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-1846/2022

11.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-1846/2022 11.04.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Mirzəyeva Sevinc Ərəstun qızının katibliyi, Cavabdeh iştirakı ilə İddiaçı MMC-nin Cavabdeh qarşı «borcun qaytarılması» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı «borcun qaytarılması tələbi»nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Tələb onunla əsaslandırılır ki, 09.08.2021-ci il tarixli borc müqaviləsinə əsasən Cavabdeh iddiaçıdan 6597,09 manat (altı min beş yüz doxsan yeddi manat doqquz qəpik) pul məbləğini borc kimi almışdır. Müqavilə şərtlərinə əsasən borc məbləği cavabdeh tərəfindən 27 aydan gec olmayaraq, hər ayın 9-u tarixində 250 manat olmaqla tam həcmdə nağd yolla geri qaytarılmalı idi. Lakin, həmin müqavilə üzrə 2021-ci ilin sentyabr ayında 250 manat ödəniş həyata keçirilmiş, həmin ödənişdən sonra cavabdehə edilmiş xəbərdarlıqlara baxmayaraq ödəniş olunmamışdır. 17.01.2022-ci il tarixdə iddiaçı tərəfindən borc müqaviləsinə əsasən ona verilmiş pul vəsaitinin geri alınmasına və borc müqaviləsinə xitam verilməsinə dair xəbərdarlıq məktubu poçt vasitəsilə göndərilmiş, cavabdehə öhdəliklərini icra etməsi üçün 02 fevral 2022-ci il tarixədək müddət verilmişdir. Xəbərdarlıq məktubunun göndərilməsinə baxmayaraq cavabdeh tərəfindən öhdəliklərinə əməl olunmamışdır. Göstərilənlərə əsasən Cavabdeh 6347,09 manat (altı min üç yüz qırx yeddi manat doqquz qəpik) pul məbləğinin və ödənilmiş 83,47 manat (səksən üç manat qırx yeddi qəpik) dövlət rüsumu olmaqla ümumilikdə 6430,56 (altı min üç yüz qırx yeddi manat doqquz qəpik) manat pulun onun xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş iddiaçı məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh maddi imkanı aşağı olması səbəbindən ödənişi həyata keçirə bilmədiyini, bu səbəbdən müqavilə öhdəliklərindən yayındığını, maddi vəziyyətinin yaxşılaşacağı təqdirdə borcunu ödəyəcəyini bildirmişdir. Bundan əlavə, Cavabdeh iddiaçının iştirakı olmadan məhkəmə iclasının keçirilməsini və mülki işə mahiyyəti üzrə baxılaraq qətnamə çıxarılmasını xahiş etmişdir. Belə olan halda məhkəmə, mülki işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə cavahdehin izahatını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan 09 avqust 2021-ci il tarixli borc müqaviləsindən görünür ki, borc verən qismində iddiaçı borc alan qismində cavabdehə 6597,09 manat (altı min beş yüz doxsan yeddi manat doqquz qəpik) pul məbləğini borc qismində vermişdir. Müqavilə öhdəliklərinə görə borc alan qismində cavabdeh tərəfindən 27 aydan gec olmayaraq, hər ayın 9-u tarixində 250 manat olmaqla tam həcmdə nağd yolla geri qaytarılmalı idi. Lakin, həmin müqavilə üzrə 2021-ci ilin sentyabr ayında 250 manat ödəniş həyata keçirilmiş, həmin ödənişdən sonra cavabdehə edilmiş xəbərdarlıqlara baxmayaraq ödəniş olunmamışdır. Göstərilənlər, iş materialları və cavabdehin izahatı ilə öz təsdiqini tapır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740-cı maddəsinə əsasən Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Belə ki, iş materiallarına və cavabdehin məhkəmə prosesi zamanı verdiyi izahata uyğun olaraq da müəyyən edilir ki, İddiaçı MMC oğlu ilə Cavabdeh arasında 09.08.2021-ci il tarixli müqavilə əsasında borc münasibətləri yaranmışdır. Müqavilə öhdəliklərinə görə borc alan qismində cavabdeh tərəfindən 27 aydan gec olmayaraq, hər ayın 9-u tarixində 250 manat olmaqla tam həcmdə nağd yolla geri qaytarılmalı idi. Lakin, həmin müqavilə üzrə 2021-ci ilin sentyabr ayında 250 manat ödəniş həyata keçirilmiş, həmin ödənişdən sonra cavabdehə edilmiş xəbərdarlıqlara baxmayaraq ödəniş olunmamış, qalan yekun məbləğ isə 6347,09 manatdır. 17.01.2022-ci il tarixdə iddiaçı tərəfindən borc müqaviləsinə əsasən ona verilmiş pul vəsaitinin geri alınmasına və borc müqaviləsinə xitam verilməsinə dair xəbərdarlıq məktubu poçt vasitəsilə göndərilmiş, cavabdehə öhdəliklərini icra etməsi üçün 02 fevral 2022-ci il tarixədək müddət qeyd olunmuşdur. Xəbərdarlıq məktubunun göndərilməsinə baxmayaraq cavabdeh tərəfindən öhdəliklərinə əməl olunmamışdır. Beləliklə, məhkəmə mülki qanunvericiliyin yuxarıda qeyd edilən normalarını nəzərə alaraq hesab edir ki, iddia tələbi tam təmin edilməli və Cavabdeh 6347,09 manat (altı min üç yüz qırx yeddi manat doqquz qəpik) pul məbləğinin və iddiaçı tərəfindən ödənilmiş 83,47 manat (səksən üç manat qırx yeddi qəpik) dövlət rüsumu olmaqla ümumilikdə 6430,56 (altı min üç yüz qırx yeddi manat doqquz qəpik) manat pul vəsaiti İddiaçı MMCnin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə hesab edir ki, 6347,09 manat borc məbləği və 83,47 manat dövlət rüsumu olmaqla ümumilikdə, 6430,56 manat məbləğində iddia tələbi tam təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 09 avqust 2021-ci il tarixli borc müqaviləsinə görə 6347,09 manat (altı min üç yüz qırx yeddi manat, doqquz qəpik) pul məbləğinin və iddiaçı tərəfindən ödənilmiş 83,47 manat (səksən üç manat, qırx yeddi qəpik) dövlət rüsumu olmaqla, ümumilikdə 6430,56 (altı min dörd yüz otuz manat, əlli alı qəpik) manat pul vəsaiti tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ramin Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar