Məhkəmə qərarları › İş №e-2(006)-1889/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-1889/2024

08.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-1889/2024 08.04.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi ilə İddiaçı "X1 Kredit Təşkilatı" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “pul tələbi”nə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "X1 Kredit Təşkilatı" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı tələb onunla əsaslandırılmışdır ki, borclu Cavabdeh bank olmayan kredit təşkilatı (bundan sonra BOKT) "xxxx" ASC-yə kreditin ayrılması ilə əlaqədar müraciət etmişdir. Borclunun müraciətinə müvafiq olaraq onunla "xxxx" ASC (bundan sonra təşkilat) arasında xx.xx.2022-ci il tarixli, BO0016179-2022 nömrəli Kredit müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 2.1 və 2.2-ci bəndlərinə əsasən, borcluya 36 ay müddətinə, illik 42% (qırx iki) olmaqla 2300 AZN (iki min üç yüz) manat məbləğində kredit verilmişdir. Kredit öhdəliyinin aylıq ödənişləri zamanı gecikmələr yaranmışdır. Kredit müqaviləsinin bağlandığı müddətdən, yəni xx.xx.2022-ci il tarixindən bugünə qədər cavabdeh götürdüyü 2300 AZN (iki min üç yüz) manat məbləğində əsas borcdan 1869,11 AZN (bir min səkkiz yüz altmış doqquz manat, on bir qəpik) məbləğində ödəniş etmiş, eləcə də müqavilənin 2.1-ci bəndinə əsasən hesablanmış faiz borcundan 536,98 AZN (beş yüz otuz altı manat, doxsan səkkiz qəpik) ödəniş etmiş və müqavilənin 7.2-ci bəndinə əsasən hesablanmış cərimə borcundan 54,91 AZN (əlli dörd manat, doxsan bir qəpik) ödəniş etmişdir. Beləliklə, hal-hazırda borclunun ödənilməmiş 430,89 AZN (dörd yüz otuz manat, səksən doqquz qəpik) məbləğində əsas borcu, 146,79 AZN (bir yüz qırx altı manat, yetmiş doqquz qəpik) faiz borcu, cəmi 577,68 AZN (beş yüz yetmiş yeddi manat, altmış səkkiz qəpik) məbləğində borcu qalmışdır. Təşkilatla borclu arasında bağlanmış xx.xx.2022-ci il tarixli, BO0016179-2022 nömrəli çərçivə kredit müqaviləsinin 5.7.3 bəndinə əsasən kredit xətti üzrə əsas borcun qaytarılması və/və ya faizlərin ödənilməsi 30 gündən artıq müddətə gecikdirildikdə “Kreditorun” vaxtından əvvəl tələb etmə hüququ yaranır. Göstərilənlərə əsasən borclu ilə "xxxx" ASC arasında bağlanmış xx.xx.2022-ci il tarixli, BO0016179-2022 nömrəli Kredit müqaviləsinə əsasən Cavabdeh ödənilməmiş 430,89 AZN (dörd yüz otuz manat, səksən doqquz qəpik) məbləğində əsas borcu, 146,79 AZN (bir yüz qırxaltı manat, yetmiş doqquz qəpik) faiz borcu, cəmi 577,68 AZN (beş yüz yetmiş yeddi manat, altmış səkkiz qəpik) məbləğində pulun və ödənilməmiş 30 (otuz) manat dövlət rüsumunun alınaraq iddiaçı "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə çıxarılması məhkəmədən xahiş edilmişdir. Məhkəmə iddia tələbinin qiyməti beş min manatdan az olduğuna görə iddia ərizəsinə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Məhkəmə tərəfindən Mülki-Prosessual qanunvericiliyə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilmiş, lakin bildiriş ünvana çatdırılmadan məhkəməyə geri qaytarılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinin tələblərinə görə, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Mülki işin materiallarında olan "X1 Kredit Təşkilatı" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, BO0016179-2022 saylı çərçivə və girov müqaviləsinə və həmin müqaviləyə 1 nömrəli Əlavəyə əsasən borc verən tərəfindən borc alana 36 ay müddətinə (hər ay 114.20 manat, sonuncu ay isə 117.55 manat ödənilməsi şərtilə), illik 42% dərəcəsi ilə 2300 manat məbləğində kredit verilmişdir. Mülki işin materiallarında olan "X1 Kredit Təşkilatı" ASC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Cavabdeh hal-hazırda təşkilata ödənilməmiş 430.89 manat məbləğində əsas borcu, 146.79 manat məbləğində faiz borcu, cəmi 577.68 manat məbləğində borcu qalmışdır. Mülki işin materiallarında olan "X1 Kredit Təşkilatı" ASC tərəfindən ünvanlanmış xx.xx.2023-cü il tarixli pretenziya məktubundan görünür ki, cavabdeh borcunun olması barədə qabaqcadan xəbərdar edilmişdir. Məhkəmə tərəfindən tədqiq olunmuş sübutlar əsasında müəyyən edilmişdir ki, "X1 Kredit Təşkilatı" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, BO0016179-2022 saylı çərçivə və girov müqaviləsinə əsasən cavabdehə 36 ay müddətinə illik 42% ödəmək şərtilə 2300 AZN (iki min üç yüz manat) məbləğində kredit verilmiş, borc alan isə həmin məbləği bu müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada qaytarmağı və kreditə hesablanmçış faizləri borc verənə ödəməyi, borc verənin xidmət haqlarını ödəməyi öhdəsinə götürmüşdür. Göründüyü kimi iddiaçı müqavilə üzrə üzərinə düşən öhdəliyini icra etsə də, cavabdeh ödəməli olduğu kredit məbləğini banka ödəməkdən yayınmış və nəticədə onun maliyyə arayışına əsasən xx.xx.2024-cü il tarixinə 430.89 AZN məbləğində əsas borcu, 146.79 AZN məbləğində faiz borcu, cəmi 577.68 AZN məbləğində borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Qeyd edilən Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Qeyd olunan Məcəllənin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Eyni Məcəllənin 449.1-ci maddəsinin tələbinə görə özgənin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda, məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Həmin Məcəllənin 739-cu maddəsinə (köhnə redaksiyada) əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh xx.xx.2022-ci il tarixli, BO0016179-2022 saylı kredit müqaviləsinə əsasən 430.89 AZN (dörd yüz otuz manat, səksən doqquz qəpik) məbləğində əsas borcu, 146.79 AZN (yüz qırx altı manat, yetmiş doqquz qəpik) məbləğində faiz borcu, cəmi 577.68 AZN (beş yüz yetmiş yeddi manat, altmış səkkiz qəpik) məbləğində borc alınaraq iddiaçı "X1 Kredit Təşkilatı" ASC-yə ödənilməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddia tələbi təmin edildiyindən iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 30 AZN (otuz manat) Cavabdeh tutularaq "X1 Kredit Təşkilatı" ASC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsində qeyd edilir ki, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 284-5.3-cü maddələrini rəhbər tutaraq, QƏTETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh xx.xx.2022-ci il tarixli, BO0016179-2022 saylı kredit müqaviləsinə əsasən 430.89 AZN (dörd yüz otuz manat, səksən doqquz qəpik) məbləğində əsas borcu, 146.79 AZN (yüz qırx altı manat, yetmiş doqquz qəpik) məbləğində faiz borcu, cəmi 577.68 AZN (beş yüz yetmiş yeddi manat, altmış səkkiz qəpik) məbləğində borc və ödənilmiş 30 AZN (otuz manat) məbləğində dövlət rüsumu alınaraq iddiaçı «X1 Kredit Təşkilatı» Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar