Məhkəmə qərarları › İş №e-2(006)-1909/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-1909/2023

15.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-1909/2023 15.05.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi ilə, İddiaçı “X1 Azərbaycan” qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında məhkəmənin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “X1 Azərbaycan” QSC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Tələb onunla əsaslandırılır ki, xx.xx.2013-cü ildə “X1 Azərbaycan” QSC ilə Rəhimli Sultan İsa oğlu arasında bank hesabı, debet kartı, kredit kartı və zaminlik haqqında qarışıq müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinin şərtlərinə görə bank tərəfindən borcalan Rəhimli Sultan İsa oğluna istehlak yönümlü 1200 manat məbləğində kredit limiti ayrılmışdır. “X1 Azərbaycan” QSC müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri tam icra etsə də, borcalan Rəhimli Sultan İsa oğlu kredit müqaviləsinin şərtlərini pozaraq kreditin əsas məbləğini və ona hesablanmış faizlərin ödənilməsini kredit ayrılan vaxtdan mütəmadi olaraq gecikdirmişdir. Borcalana dəfələrlə bu barədə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq öhdəliyi icra etməmiş və bu günədək borcu ödəməmişdir. Cavabdehin kredit müqaviləsinə əsasən banka əsas məbləğ üzrə 226,33 manat, hesablanmış və ödənilməmiş faiz borcu üzrə 0 manat, cərimə borcu üzrə 0 manat, müqavilədə nəzərdə tutulmuş xərclər və komissiyalar üzrə borc 0 manat, bildirişlərin göndərilməsi üzrə poçt xərcləri üzrə 0 manat olmaqla cəmi 226,33 manat borcu vardır. Sənədlərə əsasən Rəhimli Sultan İsa oğlunun xx.xx.2016-cı il tarixində vəfat etməsi banka 2023-cü ildə məlum olmuşdur və vərəsəliyin müəyyən edilməsi ilə bağlı tərəflərindən sorğu verilmiş 14 saylı notariat ofisinin xx.xx.2023-cü il tarixli cavabına əsasən Cavabdeh qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Göstərilənlərə əsasən, Cavabdeh əsas məbləğ üzrə 226,33 manat, hesablanmış və ödənilməmiş faiz borcu üzrə 0 manat, cərimə borcu üzrə 0 manat, müqavilədə nəzərdə tutulmuş xərclər və komissiyalar üzrə borc 0 manat, bildirişlərin göndərilməsi üzrə poçt xərcləri üzrə 0 manat olmaqla cəmi 226,33 manat borcun və dövlət büdcəsinə köçürülmüş 30 manat dövlət rüsumunun “X1 Azərbaycan” QSC-yə ödənilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Məhkəmə iddia tələbinin qiyməti beş min manatdan az olduğuna görə iddia ərizəsinə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Məhkəmə tərəfindən Mülki-Prosessual qanunvericiliyə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilmiş, lakin məhkəməyə hər hansısa bir etiraz daxil olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinin tələblərinə görə, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan “X1 Azərbaycan” QSC ilə borcalan Rəhimli Sultan İsa oğlu arasında bağlanmış xx.xx.2013-cü il tarixli bank hesabı, debet kartı, kredit kartı və zaminlik haqqında qarışıq müqaviləsindən görünür ki, bu müqaviləyə əsasən bank borcalana bu müqavilə ilə müəyyən edilmiş şərtlərlə 1200 manat məbləğində kredit limiti verməyi, borcalan isə kredit üzrə almış olduğu bütün pul məbləğini bu müqavilə ilə müəyyən edilmiş şərtlərlə və müddətlərdə borcverənə qaytarmağı öhdəsinə götürür. İş materiallarında olan xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Rəhimli Sultan İsa oğlu ilə “X1 Azərbaycan” QSC arasında bağlanmış xx.xx.2013-cü il tarixli bank hesabı, debet kartı, kredit kartı və zaminlik haqqında qarışıq müqaviləsinə əsasən cavabdehin “X1 Azərbaycan” QSC-yə əsas məbləğ üzrə 226,33 manat, hesablanmış və ödənilməmiş faiz borcu üzrə 0 manat, cərimə borcu üzrə 0 manat, müqavilədə nəzərdə tutulmuş xərclər və komissiyalar üzrə borc 0 manat, bildirişlərin göndərilməsi üzrə poçt xərcləri üzrə 0 manat olmaqla cəmi 226,33 manat borcu var. İş materiallarında olan “X1 Azərbaycan” QSC-nin Rəhimli Sultan İsa oğluna ünvanladığı bildirişdən görünür ki, Rəhimli Sultan İsa oğluna borcun ödənilməsi ilə bağlı təklif edilmiş, borcun ödənilməyəcəyi təqdirdə məhkəməyə müraciət ediləcəyi ilə bağlı xəbərdarlıq edilmişdir. İş materiallarında olan “X1 Azərbaycan” QSC-nin Cavabdeh ünvanladığı bildirişdən görünür ki, Cavabdeh borcun ödənilməsi ilə bağlı təklif edilmiş, borcun ödənilməyəcəyi təqdirdə məhkəməyə müraciət ediləcəyi ilə bağlı xəbərdarlıq edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri 14 saylı Notariat ofisi tərəfindən Azərbaycan Respublikası Vəkillər Kollegiyasının “Ədalət Vəkil Bürosuna” ünvanladığı sorğuya cavab məktubunun surətindən görünür ki, xx.xx.2016-cı il tarixdə ölmüş Rəhimli Sultan İsa oğlunun vərəsəsi Bakı şəhəri, Nəsimi rayonu, 4 mkr., Tağızadə küçəsi, ev 68, mənzil 30-da qeydiyyatda olan Cavabdeh adına xx.xx.2016-cı il tarixdə 2V-142 reyestr nömrəsi ilə qeydiyyata alınaraq tərəflərindən qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Mirasın əmlakın 16625,03 manat pensiyadan ibarət olduğu qeyd edilmişdir. Məhkəmə tərəfindən tədqiq olunmuş sübutlar əsasında müəyyən edilmişdir ki, iddiaçı “X1 Azərbaycan” QSC ilə cavabdeh Rəhimli Sultan İsa oğlu arasında bağlanmış xx.xx.2013-cü il tarixli bank hesabı, debet kartı, kredit kartı və zaminlik haqqında qarışıq müqaviləsinə əsasən “X1 Azərbaycan” QSC tərəfindən Rəhimli Sultan İsa oğluna 1200 manat məbləğində kredit limiti ayrılmışdır. Cavabdeh həmin məbləğdə krediti qəbul etmiş və kredit müqaviləsi üzrə müəyyən edilmiş müddətlərdə və məbləğlərdə kredit məbləğini qaytarmağı, barədə üzərinə öhdəlik götürmüşdür. Lakin üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada yerinə yetirməmiş, nəticədə iddiaçıya borcu yaranmış və daha sonradan Rəhimli Sultan İsa oğlu vəfat edərək onun varisi hazırki Cavabdeh olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Qeyd olunan Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Eyni Məcəllənin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Qeyd olunan Məcəllənin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Eyni Məcəllənin 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Qeyd olunan Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddiaçı tərəfindən ödənilmiş cəmi 30 (otuz) AZN məhkəmə xərci də cavabdehə aid edilməlidir. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh xx.xx.2013-cü il tarixli bank hesabı, debet kartı, kredit kartı və zaminlik haqqında qarışıq müqaviləsi müqaviləsi üzrə 226,33 AZN (iki yüz iyirmi altı) əsas borc və ödənilmiş 30 AZN (otuz) dövlət rüsumu alınaraq iddiaçı “X1 Azərbaycan” QSC-yə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsində qeyd edilir ki, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 284-5.3-cü maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh xx.xx.2013-cü il tarixli bank hesabı, debet kartı, kredit kartı və zaminlik haqqında qarışıq müqaviləsi üzrə 226,33 AZN (iki yüz iyirmi altı manat, otuz üç qəpik) əsas borc və ödənilmiş 30 AZN (otuz) dövlət rüsumu alınaraq iddiaçı “X1 Azərbaycan” QSC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ramin Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar