Məhkəmə qərarları › İş №e-2(006)-1919/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-1919/2024

19.08.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-1919/2024 19.08.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Əfsanə Elbrus qızının sədrliyi, Məhkəmə iclasının katibi Qiyasova Səbinə Ağacan qızının katibliyi ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı "dəymiş maddi zərərin ödənilməsi" tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı "dəymiş maddi zərərin ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı vurduğu real zərər kimi 987,23 manat məbləğində vəsaitin ödənilməsi, hesablanmış faiz borcun silinməsi və iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul vəsaitinin Cavabdeh ASC-dən tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul etməyinizi xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ona məxsus Cavabdeh ASC- tərəfindən verilmiş 523915******6874 seriyalı Birbank kredit kartından xx.xx.2023-cü il tarixdə saat 17:39 və 17:49 radələrində iki dəfəyə cəmi 1437,23 manat pul vəsaiti qanunsuz olaraq heç bir məlumat verilmədən, xəbərdarlıq sms bildirişi gəlmədən silinmişdir. Sözügedən plastik kartdan vəsait qanunsuz olaraq silinərkən İddiaçı hər hansı bildiriş, xəbərdarlıq gəlməmişdir. İddiaçıya xx.xx.2023-cü il tarixdə saat 03:38 və 03:39-da ( Tel nöm : +**********07) 3DS sms məlumatı daxil olmuşdur. Gecə vaxtı olduğundan iddiaçı həmin 3DS sms bildiriş məlumatını görməmiş və səhər saatlarında Cavabdeh ASC-dən bildiriş gəldiyini görsə də məlumata daxil olmaq istəyərkən iddiaçının istifadəsində olan Samsung A41 markalı mobil telefon açılmayıb. İddiaçı baş vermiş hadisədən şübhələnərək Cavabdeh ASC-nin “196” qaynar xəttinə zəng etmişdir. Operator cavabında 1437,23 manat pul vəsaitinin iddiaçıya məxsus 523915******6874 seriyalı Birbank kredit kartından yuxarıda qeyd olunan gecə saatlarında silindiyini bildirmişdir. İddiaçı 09 fevral 2023-cü il tarixdə yeni mobil telefon alaraq (+**********07) Azərcell sim-kart nömrəni daxil edib birbank mobil tətbiqini yüklədikdən sonra hesab üzrə qanunsuz aparılan əməliyyatları görmüşdür. Şərh olunan məsələnin araşdırılması barəsində Azərbaycan Respublikası Mərkəzi Bankına və eləcədə Birbank kredit kartının məxsus olduğu Cavabdeh ASC-nə müraciətlər olunmuşdur İddiaçıya məxsus 523915******6874 nömrəli plastik kartdan naməlum şəxs(lər) tərəfindən 07 dekabr 2023-cü il tarixdə 530 (beş yüz otuz) ABŞ dolları (ekvivalenti olaraq 908,95 manat) və 180,20 (bir yüz səksən, iyirmi ) ABŞ dolları (ekvivalenti olaraq 309,04 manat) məbləği pul vəsaiti oğurlanmış, eyni zamanda həmin oğurlanmış vəsaitlərə görə cəmi 219,24 manat ƏDV məbləği tutulmuş və istifadəsində olan Samsung A41 markalı mobil telefon işlək olmayan vəziyyətə düşmüşdür. İddiaçının şikayət ərizəsi əsasında qeyd olunan hadisə Bak Şəhəri Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinin icraatına daxil olmuş və materiallar üzrə araşdırılma aparılır. Cavabdeh ASC tərəfindən təhlükəsizlik qaydalarının təmin edilməməsi səbəbindən İddiaçı məxsus 523915******6874 seriyalı Birbank kredit kartından 1437,23 manat pul vəsaiti qanunsuz silinməklə iddiaçıya maddi ziyan vurulmuşdur. Cavabdeh ASC- tərəfindən iddiaçıya 8 yanvar 2024-cü il tarixli sms bildiriş vasitəsilə sığorta şəhadətnaməsinin ( № : M-PSİ-0015\23) nömrəsi təqdim olunmuşdur. İddiaçıya vurulmuş maddi ziyanın 450 manat hissəsi "xxxx" ASC tərəfindən geri qaytarılmışdır. Hesab edirəm ki, Cavabdeh ASC-tərəfindən İddiaçı 987,23 manat məbləğində vurulmuş ziyan ödənilməli və hesablanmış faiz borcu silinməlidir. İddiaçı tələbin hüquqi əsasları kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra MM) 14.2.6-cı maddəsi, 21.1-ci maddəsi, 445.5-ci, 957.4-cü, 964.1-ci, 1096.1-ci və 1096.2-ci maddələrinə istinad edərək iddianın təmin edilməsini xahiş etmişdir. Daha sonra cavabdeh "xxxx" ASC məhkəməyə mülahizə ünvanlayaraq, iddianın rədd edilməsini xahiş etmişdir. Mülahizə onunla əsaslandırmışdır ki, iddiaçının da qeyd etdiyi kimi əməliyyat onun telefonundan hər-hansı hərəkətsizliklə yox, məhz gecə saatlarında ona məxsus telefonla icra olunmuşdur ki, bununla bağlı da həmin mobil telefona 3DS sms bildirişi gəlmişdir. Həmin məsələ ilə bağlı Nərimanov RPİ-nin 18-ci Polis şöbəsinə müraciə olunmuş və iş yekunlaşmamışdır. Araşdırmanın yekunlaşmadığı halda bankdan həmin pulun həmin əsasla tələb edilməsi əsassızdır. İddiadan məlum olur ki, iddiaçının birbank mobil tətbiqi deyil, mobil telefonu ələ keçirilmiş və bundan sonra qeyd olunan əməliyyatlar onun istifadəsində olan mobil telefon vasitəsilə icra olunmuşdur. Bu halda da bank qeyd olunan əməliyyatlara görə məsuliyyət daşımır. 3DS sms kodu müştərinin əməliyyatı aparacağı hansısa platformanın tələbidir.Yəni həmin kodu Bank yox, köçürmə əməliyyatı aparmış platforma tələb edib və müştərinin mobil telefonu ələ keçirildiyindən həmin mobil telefona (nömrəyə) gələn kod mobil telefon vasitəsilə təsdiqləndikdən sonra pul köçürməsi əməliyyatı icra olunmuşdur ki, bu zaman bank həmin proseslərdən kənarda qalır. Bank yalnız kod təsdiqləndikdən sonra köçürməni icra edir. Bank yalnız birbank tətbiqinin qorunmasını həyata keçirir. Müştərinin isə telefonunun həmin tarixdə nasaz olmasını əsas gətirərək qeyd edə bilərik ki, müştərinin telefonu kiber hücum nəticəsində ələ keçirilmişdir. İddiaçı kart məlumatlarını 3-cü şəxsə verməsi, yaxud paylaşması səbəbindən kart məlumatları əldə olunmuş və başqa platformadan 3DS sms kodu vasitəsilə ona məxsus kartdan pul çıxarılmışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları: Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçının vəkili və nümaayəndəsi iddia tələbinə uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdirlər. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi izahat verərək iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Əsaslandırıcı hissə: a) Məhkəmə tərəfindən müəyyən edilən hallar: Hazırda iddiaçı cavabdeh "xxxx" ASC-dən 987,23 manat pul vəsaitinin, iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul vəsaitinin. İddiaçı hesab edir ki, ona məxsus Cavabdeh ASC- tərəfindən verilmiş 523915******6874 seriyalı Birbank kredit kartından xx.xx.2023-cü il tarixdə saat 17:39 və 17:49 radələrində iki dəfəyə cəmi 1437,23 manat pul vəsaiti qanunsuz olaraq heç bir məlumat verilmədən, xəbərdarlıq sms bildirişi gəlmədən silinmişdir. Sözügedən plastik kartdan vəsait qanunsuz olaraq silinərkən İddiaçı hər hansı bildiriş, xəbərdarlıq gəlməmişdir. İddiaçıya xx.xx.2023-cü il tarixdə saat 03:38 və 03:39-da ( Tel nöm : +**********07) 3DS sms məlumatı daxil olmuşdur. Bu barədə dərhal cavabdehə və polisə müraciət etmişdir. Cavabdeh isə hesab edir ki, cavabdehin nömrəsinə OTP-lərin göndərilməsinə baxmayaraq, müştəri bunu inkar etmiş və məsuliyyəti bankın üzərinə atmışdır. b) Mülki işin materialları: Belə ki, iş materiallarında olan Cavabdeh ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2023cü il tarixli, BRCB3381791B299 saylı “Birbank cashback kredit xətti müqaviləsi”nə əsasən bank tərəfindən müştəriyə Birbank cashback debet kartı verilmişdir. Kapital Bank” ASC ilə İddiaçı arasında bağlanmış kredit xəttinin yenilənməsinə dair xx.xx.2023-cü il tarixli Əlavə razılaşmaya əsasən kredit xəttinin yeni məbləği 1500 manat müəyyən edilmişdir. Həmin müqaviləyə və əlavə Razılaşmanın 2-ci bəndinə əsasən müştəri ona təqdim olunan xüsusi kodun və özünün müəyyən etdiyi kod sözünün kənar şəxslərə açıqlamamağı öhdəsinə götürür və buna görə də məsuliyyət daşıyır. Bank məlumat mübadiləsinin təhlükəsizliyinin təmin edilməsi üçün tədbirlər görəcəkdir. Lakin müştərinin təqsiri ucbatından həmin məlumatların 3-cü şəxslər tərəfindən istifadə edilməsi ilə bağlı müştəriyə dəymiş zərərə (ziyana) görə Bank məsuliyyət daşımır. İş materiallarında olan Cavabdeh ASC-nin xx.xx.2023-cü il tarixli İddiaçı məxsus 523915******6874 saylı hesabdan çıxarışlardan görünür ki, xx.xx.2023-cü il tarixində həmin hesabdan iki dəfəyə 1437.23 manat pul vəsaiti silinmişdir. İş materiallarında olan AR DİN Bakı şəhəri Nərimanov RPİ 18-ci Polis Şöbəsinin xx.xx.2024-cü il tarixli arayışından görünür ki, xx.xx.2023-cü il tarixdə vət. İddiaçı məxsus 523915******6874 saylı “Birbank” kredit kartından ünvan 1 ünvanında yerləşən “Vəkillər Kollegiyası”nda iş otağında olarkən mobil tətbiq vasitəsilə 1437.23 qəpik pulunun naməlum şəxslər tərəfindən oğurlandığını aşkar etmişdir. vət. İddiaçı ərizəsi əsasında toplanmış material hal-hazirda icraatdadır və materiallar üzrə araşdırma aparılır. İş materiallarında olan Cavabdeh ASC-nin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, İddiaçı müraciətinə baxılmışdır. Məlumat üçün bildirilir ki, plastik kart məxfiliyinin qorunması kart istifadəçisinin öhdəliyidir və üçüncü şəxslər tərəfindən bu məlumatlar istifadə edilməklə aparılan əməliyyatlara görə bank məsuliyyət daşımır. Dələduzluq hallarının qarşısının alınması üçün müştərilərin marifləndirilməsi məqsədilə mütəmadi olaraq sosial paylaşımlar edilir. xx.xx.2023-cü il tarixdə vət. İddiaçı məxsus 523915******6874 saylı plastik kartdan 530 USD (908.95 manat) və 180.20 USD (309.04 manat) məbləğində əməliyyatlar icra edilmişdir. Eyni zamanda kart hesabından həmin ödənişlərə görə cəmi 219.24 manat ƏDV məbləği tutulmuşdur. Əməliyyatlar mobil nömrəyə göndərilmiş 3D Secure kodu istifadə edilməklə icra edilmişdir. Bank tərəfindən 3DS kodu göndərilən zaman bu kodun digər şəxslərlə paylaşılmaması üçün məlumat da təqdim edilir. Vətəndaş İddiaçı məsələ ilə bağlı HMO müraciət etmək tövsiyyə olunmuşdur. Hüquq mühafizə orqanlarında qanunvericiliklə müəyyən edilmiş qaydaya əsasən daxil olan sorğuya müvafiq qaydada baxılacaqdır. İş materiallarında olan çıxarışdan görünür ki, müştərinin +**********07 nömrəsinə (müqavilədə qeyd edilən) xx.xx.2023-cü il tarixində, saat 03:47:06-da və 03:38:31-də OTP-lər göndərilmiş və orada qeyd edilmişdir ki, "DİQQƏT! Bu kodu heç kiminlə paylaşmayın. Məxfi saxlayın. İş materiallarında olan AR İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti “Azərbaycan Metrologiya İnstutu” publik hüquqi şəxsin məktubundan görünür ki, Azərbaycan Respublikasında (UTC +4 saat qurşağı) xx.xx.2023cü il tarixində saat 03:38 və 03:47 olarkən, uyğun olaraq X1 Delaware ştatının X2 şəhərində (UTC +5 saat qurşağı) xx.xx.2023-cü il saat 18:38 və 18:47 olmuşdur. Yuxarıda qeyd olunan tarix üçün sözügedən şəhər ilə Azərbaycan Respublikası arasında 9 saatlıq vaxt fərqi olmuşdur. İş materiallarında olan ödəniş qəbzindən (No:**********) görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 30.60 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: Məhkəmə iddiaçı tərəfindən irəli sürülmüş iddia tələbləri ilə əlaqədar aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2.6-cı maddəsi başqa şəxsə zərər vurulmasını mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından, 386.1-ci maddəsi isə zərər vurulmasını öhdəliyin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edir. Həmin Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki qanunvericiliyin yuxarıda sadalanmış müddəalarının mənasından göründüyü kimi mülki hüquq pozuntusu – deliktə görə məsuliyyətin yaranması dispozisiya şərti kimi üç əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır: 1) əməl (hərəkət və ya hərəkətsizlik); 2) həmin əməlin hüquqa və ya qanuna zidd olması və 3) təqsir (qəsd və ya ehtiyatsızlıq). Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-in 81ci maddəsinin tələblərinə uyğun olmalıdır. Öz növbəsində, yazılı sübutlar iddianın və ya ona qarşı verilmiş etirazın əsaslarını təşkil edən halları təsdiq edən sübutetmə vasitələridir. Yazılı sübutlar hər hansı bir nəticəyə gəlmək üçün zəruri olan məlumatları özündə əks etdirir. Bununla əlaqədar qanunverici yazılı sübutların əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edir (Azərbaycan Respublikası MPM-in 89.3-cü maddəsi). Qanunun qeyd olunan tələblərinə uyğun gəlməyən yazılı sübutlar Azərbaycan Respublikası MPM-in 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran hallar kimi qəbul edilə bilməz. «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Məhkəmə qeyd edir ki, iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etməsinə baxmayaraq, tələbinin əsaslı olmasını təsdiq edən və cavabdeh tərəfindən həqiqətən də bankın təhlükəsizlik sisteminin əlverişsiz olduğundan ona zərərin vurulmasını, bankın vaxtında öz öhdəliklərini yerinə yetirmədiyini təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Əksinə cavabdeh "xxxx" ASC-nin nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2023-cü il tarixli əlavə Razılaşmanın 2-ci bəndinə əsasən müştəri ona təqdim olunan xüsusi kodun və özünün müəyyən etdiyi kod sözünün kənar şəxslərə açıqlamamağı öhdəsinə götürür və buna görə də məsuliyyət daşıyır. Bank məlumat mübadiləsinin təhlükəsizliyinin təmin edilməsi üçün tədbirlər görəcəkdir. Lakin müştərinin təqsiri ucbatından həmin məlumatların 3-cü şəxslər tərəfindən istifadə edilməsi ilə bağlı müştəriyə dəymiş zərərə (ziyana) görə Bank məsuliyyət daşımır. Məhkəmə qeyd edir ki, iddiaçı həm iddia ərizəsində, həm də məhkəmə iclası zamanı izahatlarında bank tərəfindən ona heç bir OTP kodu göndərilmədiyini bildirilsə də, mülki iş materiallarına əlavə edilmiş çıxarışdan görünür ki, müştərinin +**********07 nömrəsinə (müqavilədə qeyd edilən) xx.xx.2023-cü il tarixində, saat 03:47:06-da və 03:38:31-də OTP-lər göndərilmiş və orada qeyd edilmişdir ki, "DİQQƏT! Bu kodu heç kiminlə paylaşmayın. Məxfi saxlayın. Həmçinin məhkəmə qeyd edir ki, iddiaçının birbank mobil tətbiqi deyil, mobil telefonu ələ keçirilmiş və bundan sonra qeyd olunan əməliyyatlar onun istifadəsində olan mobil telefon vasitəsilə icra olunmuşdur. Bu halda da bank qeyd olunan əməliyyatlara görə məsuliyyət daşımır. 3DS sms kodu müştərinin əməliyyatı aparacağı hansısa platformanın tələbidir.Yəni həmin kodu Bank yox, köçürmə əməliyyatı aparmış platforma tələb edib və müştərinin mobil telefonu ələ keçirildiyindən həmin mobil telefona (nömrəyə) gələn kod mobil telefon vasitəsilə təsdiqləndikdən sonra pul köçürməsi əməliyyatı icra olunmuşdur ki, bu zaman bank həmin proseslərdən kənarda qalır. Bank yalnız kod təsdiqləndikdən sonra köçürməni icra edir. Bank yalnız birbank tətbiqinin qorunmasını həyata keçirir. İddiaçının nümayəndəsi izahat verərkən qeyd etmişdir ki, OTP kod xx.xx.2023-cü il tarixində, saat 03:47:06-da və 03:38:31-də OTP-lər göndərilmiş, lakin pul vəsait iddiaçının kartından xx.xx.2023-cü il tarixdə saat 17:39 və 17:49 radələrində silinmişdir. Qeyd olunan məsələyə həmçinin bununla bağlı iddiaçı tərəfindən təqdim olunmuş AR İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti “Azərbaycan Metrologiya İnstutu” publik hüquqi şəxsin məktubuna münasibətdə məhkəmə qeyd edir ki, Çıxarışda göstərilən coğrafi ad hələ o demək deyil ki, SMS həmin ünvandan göndərilib. Belə ki, məlum olduğu kimi törədilmiş əməl peşəkar Kibercinayətkarlar tərəfindən törədilmişdir. Onlar üçün isə yer dəyişdirib iz itirmək heç də çətin məsələ deyil. Ola bilər ki, onlar həmin ünvanda (X1 Delaware ştatının X2 şəhərində) qeydiyyatdan keçmiş olsalar da, SMS bildirişi digər ünvandan göndəriblər. Çıxarışda göstərilən saat fərqi də bununla izah olunur. Beləliklə məhkəmə hesab edir ki, əməliyyat zamanı bankın təqsiri müəyyən edilməmiş, iddiaçı məhkəməyə bankın təqsiri barədə sübut təqdim etməmişdir. Yuxarıdakılara əsasən iddiaçının hazırda maddi tələblə cavabdehdən pul tələb etməsi əsassız olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Beləliklə, məhkəmə işin bütün hallarının məcmusuna, hərtərəfli, tam və obyektiv baxaraq, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı "dəymiş maddi zərərin ödənilməsi" tələbinə dair iddiası əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə, həmçinin mülki iş üzrə ödənilmiş dövlət rüsumunun müvafiq olaraq iddiaçının özünə aid edilməsini məqsədəmüvafiq hesab edir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Eyni Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı "dəymiş maddi zərərin ödənilməsi" tələbinə dair iddiası rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar