Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-1920/2025 18.07.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Həbibə Novruz qızının sədrliyi, məhkəmə iclasının katibi Xalıqova Məstanə Mətləb qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə (Təhsildə Keyfiyyət Təminat Agentliyi və Azərbaycan Hava Yolları QSC-nin Milli Aviasiya Akademiyası mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən şəxslər qismində cəlb edilməklə) qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi: İddiaçı cavabdehlər Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Təhsildə X2rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Maliyyə Nazirliyindən 41000 manatın tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi ərizə verərək Təhsildə Keyfiyyət Təminat Agentliyinin statusunun dəyişdirilərək müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməsini xahiş etmişdir. Təhsildə Keyfiyyət Təminat Agentliyi və Azərbaycan Hava Yolları QSC-nin Milli Aviasiya Akademiyası mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir. İşin iddia ərizəsində qeyd edilən halları: İddiaçı 14 may 2002-ci il tarixində Dövlət Attestasiya Komissiyasının qərarı ilə Moskva Dövlət Sosial Universitetinin sosial pedaqoq müəllim psixoloq ixtisasını bitirərək MBC ******* saylı diplom almışdır. Diplomu 10 iyun 2002-ci ildə almışdır. 30 avqust 2021-ci il tarixində cavabdeh TKTA NA00002499 saylı qərarla onun xarici dövlətlərin ali təhsil ixtisasının tanınması və ekvivalentliyinin (nostrifikasiyasını) müəyyən edilməsi barədə qərar vermişdir. Qərarda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2003-cü il tarixli, 64 saylı "Xarici dövlətlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları"nın 3.6, 3.7 bəndlərinə istinad edərək diplomu tanımağdan imtina etmişlər. Ona görə də o, Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)-2448/2022 saylı qərarı ilə iddia tələbi təmin edilərək Moskva Dövlət Sosial Universiteti tərəfindən ona verilmiş MBC № ******* nömrəli ali təhsil haqqında əldə etdiyi bakalavr diplomu üzrə ixtisasın tanınması və ekvivalentliyinin müəyyən (nostrifıkasiya) olunması öhdəliyi Təhsildə Keyfiyyət Təminatı Agentliyinə həvalə edilmişdir. Həmin qərardan cavabdeh Təhsildə Kəmiyyət Keyfiyyət Agentliyi tərəfindən apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2- 1(103)-1128/2023 saylı qərarı ilə apellyasiya şikayəti təmin edilmiş və Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli,2-1(112)-2448/2022 saylı qərarı ləğv edilmişdir. Həmin qərardan tərəfindən kassasiya şikayəti verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası xx.xx.2023-cü il tarixli, 2-1(102)-2346/2023 saylı qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(103)-1128/2023 saylı qərarı ləğv olunmuşdur və iş baxılması üçün Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası xx.xx.2024-cü il tarixdə 2-1(103)-738/2024 saylı qərarı ilə Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)-2448/2022 saylı qərarını qüvvədə saxlamışdır. Həmin qərardan cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən kassasiya şikayəti verilmiş və Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati Kollegiyası 2-1(102)1702/2024 saylı, xx.xx.2024-cü il tarixli qərara əsasən mənim xeyrinə qərar qəbul etmiş yə qərar qanuni qüvvəyə minmişdir. Bakı İnzibati Məhkəməsi xx.xx.2024-cü il tarixdən 2-1(112)-2448/2022 saylı məktubla cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyinə müraciət edərək qanuni qüvvəyə alınmış qətnamənin icra edilməsini xahiş etməsinə baxmayaraq, Ali Məhkəmənin qərarı 2 aydan sonra icra olunmuşdur. Faktiki olaraq cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyinin hüquqi akta uyğun gəlməyən aktın qəbul edilməsi nəticəsində o, 40 ay diplomunu tanınmayaraq işsiz qalmışdır və bunun nəticəsində 41 x 1000 manat =41000 manat ona zərər dəymişdir. Onu da əlavə edir ki, xx.xx.2003-cü ildən xx.xx.2021-ci ilədək Azərbaycan Respublikası Milli X1 kafedrasında labarant vəzifəsində çalışmışdır. Mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Təhsildə Keyfiyyət Təminat Agentliyinin etirazı: İddiaçı diplomu üzrə aldığı ixtisasın ölkə ərazisində tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi məqsədilə Azərbaycan Respublikası Təhsil Nazirliyinin Akkreditasiya və Nostrifikasiya İdarəsinə müraciət etmişdir. Cavabdeh müraciətə baxaraq tədris dilini bilmə səviyyəsi qənaətbəxş olmadığı üçün iddiaçıya müvafiq sənədin verilməsindən imtina etmişdir. Bildirilir ki, inzibati aktın qəbul edilməsindən sonra ərizəçi xx.xx.2021-ci il tarixində tanınma üzrə inzibati icraatın nəticələrindən məhkəmə qaydasında Bakı İnzibati Məhkəməsinə şikayət etmiş, Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 29 dekabr tarixli 907 nömrəli Fərmanına əsasən, Təhsil Nazirliyinin Akkreditasiya və Nostrifikasiya İdarəsinin əsasında çevrilmə yolu ilə yenidən təşkil edilmiş Təhsil Nazirliyinin tabeliyində publik hüquqi şəxs statusu olan Təhsildə Keyfiyyət Təminatı Agentliyi (bundan sonra- Agentlik) cavabdeh qismində iddia tələbi üzrə məhkəmə icraatına cəlb olunmuşdur. Bakı İnzibati Məhkəməsində baxılan iş ilə bağlı xx.xx.2022-ci il tarixində qərar qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)-2448/2022 nömrəli qərarından, Bakı Apellyasiya məhkəməsinə şikayət məktubu ünvanlanmışdır. Bakı Apellyasiya məhkəməsi tərəfindən xx.xx.2023-ci il tarixli 2- 1(103)-1128/2023 nömrəli qərar qəbul edilmişdir. Qəbul edilmiş qərar ilə bağlı Ali Məhkəməyə tərəflərindən şikayət ünvanlanmışdır. Ali Məhkəmənin xx.xx.2023-cu il tarixli 2-1(102)-2346/2023 qərarı ilə işin yenidən araşdırılması üçün Bakı Apellyasiya məhkəməsinə geri göndərmişdir. Bakı Apellyasiya Məhkəməsində işə yenidən baxılaraq xx.xx.2022-ci il tarixli 2- 1(103)738/2024 nömrəli qərar qəbul edilmişdir. Ali Məhkəmənin xx.xx.2024 cü il tarixli 2-1(102)1702/2024 nömrəli qərarı ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 3 fevral tarixli 34 nömrəli Qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”nın layihəsində yer alan tanınmaya dair tələblər nəzərə alınmaqla məhkəmə qərarı icra olunaraq ərizəçi İddiaçı tanınma haqqında şəhadətnamə təqdim olunmuşdur. “İnzibati İcraat haqqında” Azərbaycan Respublikasının Qanunun 89.1-ci bəndinə əsasən İnzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. Qeyd olunmuş məsələ ilə əlaqəli normaları özündə ehtiva edən Mülki Məcəllənin müvafiq maddələri ilə bağlı “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli Qərarında göstərilmişdir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyriəmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf,ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər)hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur və sözügedən normalarda nəzərdə tutulmuş zərər yalnız real zərər və əldən çıxmış faydadan ibarətdir. Məhkəmə həmçinin qeyd edir ki, mülki qanunvericilikdə şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi həyat sirri və şəxsi toxunulamazlıqla bağlı pozuntuların nəticəsində dəymiş zərərin ödənilməsi nəzərdə tutulsa da digər şəxsi qeyri-əmlak hüquqlarından və qeyri-maddi nemətlərdən istifadə etmək hüquqlarının pozulması nəticəsində vurulmuş zərərin ödənilməsi müəyyən olunmamışdır. Eyni zamanda Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-2076/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarında da qeyd olunmuşdur ki, Mülki Məcəllənin 21 və 23-cü maddələri yalnız real zərərin əvəzinin ödənilməsini nəzərdə tutur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi və Ali Məhkəmənin oxşar hallarla bağlı verdiyi hüquqi təfsir və formalaşmış məhkəmə təcrübəsindən də göründüyü kimi, müvafiq qanunvericiliklə şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi həyat sirri və şəxsi toxunulmamazlıqlardan başqa digər şəxsi qeyri-əmlak hüquqlarından və qeyri-maddi nemətlərdən istifadə etmək hüquqlarının pozulması nəticəsində vurulmuş zərərin ödənilməsi müəyyən olunmamış, bu hallar üzrə də yalnız real zərərin mövcud olduğu hallarda əvəzin ödənilməsini nəzərdə tutur ki, İddiaçı vəziyyətinə nisbətdə onun xarici dövlətdə əldə etdiyi ali təhsilə aid kvalifikasiyanın tanınması icraatının nəticələri ilə bağlı bu hallar müəyyən edilməmişdir. Bununla yanaşı iddiaçının cavabdehin qanunsuz hərəkətinə görə hüququnun pozulması, pozulmuş hüququnun bərpa edilməsi üçün çəkdiyi və çəkməli olduğu xərclər də öz təsdiqini tapmır. Oxşar işlərlə bağlı Ali Məhkəmənin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli 2- 1(102)-2685/2023 saylı ən son qərarının 42 və 43-cü bəndlərində qeyd olunmuşdur ki, iddiaçının tələbi ona vurulmuş maddi və mənəvi zərərin ödənilməsi olsa da, işin müəyyən edilən hallarından görünür ki, işə aşağı instansiya məhkəmələrində baxılarkən iddiaçı ona cavabdehin hərəkət və ya hərəkətsizliyi nəticəsində hər hansı maddi və ya mənəvi ziyan vurulduğunu sübut edə bilməmişdir. Odur ki, cavabdeh tərəfindən iddiaçıya maddi və mənəviziyan vurulması barədə iddiaçının dəlilləri əsaslı sayıla bilməz. Qeyd olunanlara əsasən iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşdə iştirak edən şəxslərin izahatları: Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmənin əvvəlki iclasında üçüncü şəxs Təhsildə Keyfiyyət Təminat Agentliyinin nümayəndəsi X3 etirazın məzmununa uyğun izahat verərək, iddianın rədd edilməsini xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə və mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Təhsildə Keyfiyyət Təminat Agentliyi və Azərbaycan Hava Yolları QSC-nin Milli Aviasiya Akademiyasına məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndələrinin yekun məhkəmə iclasında iştirakı təmin edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin və mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən şəxslərin nümayəndələlərinin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş sənədlər və onlara əsasən təsdiq edilən faktlar: Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)-2448/2022 saylı qərarı ilə iddia tələbi təmin edilərək Moskva Dövlət Sosial Universiteti tərəfindən İddiaçı verilmiş İVS № ******* nömrəli ali təhsil haqqında əldə etdiyi bakalavr diplomu üzrə ixtisasın tanınması və ekvivalentliyinin müəyyən (nostrifikasiya) olunması öhdəliyi Təhsildə Keyfiyyət Təminatı Agentliyinə həvalə edilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası xx.xx.2024-cü il tarixdə 2-1(103)- 738/2024 saylı qərarı ilə cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməsi və Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 2448/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılması qərara alınmışdır. İddiaçı əmək kitabçasına əsasən o, -xx.xx.2003-cü il tarixdə Aviasiya psixofiziologiya və fiziki hazırlıq kafedrasına laborant vəzifəsinə qəbul edilmişdir. -xx.xx.2014-cü il tarixdə «Aeronaviqasiya» kafedrasının laborant vəzifəsinə keçirilmişdir. -xx.xx.2017-ci il tarixdə həmin kafedrada böyük laborant vəzifəsinə keçirilmişdir. -xx.xx.2021-ci il tarixdə əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin «a» bəndinə əsasən (tərəflərdən birinin təşəbbüsü ilə) xitam verilmişdir. "xxxx" QSC-nin Milli Aviasiya Akademiyasının xx.xx.2021-ci il tarixli 108/k nömrəli əmrinə əsasən «Aeronaviqasiya» kafedrasının böyük laborantının əmək müqaviləsinə xx.xx.2021-ci il tarixindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin «a» bəndinə əsasən (tərəflərdən birinin təşəbbüsü ilə) xitam verilməsi əmr edilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 21. Zərərin əvəzinin ödənilməsi 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 1096. Mülki hüquq pozuntuları (deliktlər) anlayışı 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1097. Mülki hüquq pozuntuları üçün məsuliyyətin əsasları 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Maddə 1100. Dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və onların vəzifəli şəxslərinin vurduqları zərər üçün məsuliyyət Dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Məhkəmə, işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Məhkəmə ilk növbədə qeyd edir ki, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. İddiaçı iddia tələbi, dövlət orqanının - Təhsildə Keyfiyyət Təminat Agentliyinin hüquqi akta uyğun olmayan aktın qəbul edilməsi nəticəsində vurulmuş maddi zərərin ödənilməsindən ibarətdir; belə növ iddia tələblərinin həllinin qanuni əsasını isə Mülki Məcəllənin 1097 və 1100-cü maddələri təşkil edir. Məhkəmə qeyd edir ki, iddiaçının tələbi müvafiq maddi hüquq normalarının dispozisiya şərtlərinə uyğun deyildir. Belə ki, zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Sadalanan əsaslar göstərilən delikt öhdəliklərinin yaranması üçün məcburi xarakter daşıyır. Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır. Qeyd edilən dispozisiya şərtlərindən hər hansı birinin olmaması özlüyündə deliktə əsaslanan tələbi əsassız edir. İddiaçı diplomunun tanınmayaraq işsiz qalması nəticəsində ona vurulmuş 41000 manat maddi zərərin əvəzinin ödənilməsini tələb edir. Hazırki işdə İddiaçı Təhsildə Keyfiyyət Təminat Agentliyinin hərəkət və ya hərəkətsizliyində ona birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməl olmasına dair hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Əksinə işdə olan "xxxx" QSC-nin Milli Aviasiya Akademiyasının xx.xx.2021-ci il tarixli 108/k nömrəli əmrindən görünür ki, İddiaçı əmək müqaviləsinə onun öz yazılı ərizəsi əsasında xx.xx.2021-ci il tarixində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin «a» bəndinə əsasən (tərəflərdən birinin təşəbbüsü ilə) xitam verilmişdir. Göründüyü kimi iddiaçının işsiz qalması nəticəsində ona maddi ziyan vurulması ilə dövlət orqanının hərəkəti (hərəkətsizliyi) arasında səbəbli əlaqənin olması müəyyən edilmir ki, bu da Mülki Məcəllənin 1101-ci maddəsinin dispozisiya şərtinin ödənilmədiyi qənaətinə gəlməyə əsas verir. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə (Təhsildə Keyfiyyət Təminat Agentliyi və Azərbaycan Hava Yolları QSC-nin Milli Aviasiya Akademiyası mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən şəxslər qismində cəlb edilməklə) qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddiası təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə (Təhsildə Keyfiyyət Təminat Agentliyi və Azərbaycan Hava Yolları QSC-nin Milli Aviasiya Akademiyası mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən şəxslər qismində cəlb edilməklə) qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Həbibə Miriyeva
Məhkəmə qərarları › İş №e-2(006)-1920/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-1920/2025
18.07.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver