Məhkəmə qərarları › İş №e-2(006)-1922/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-1922/2022

14.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-1922/2022 14.04.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Cəfərov İlham Məmməd oğlu, iddiaçı «****» MMC-nin cavabdeh A.S.A.ya qarşı «borcun tutulması» tələbinə dair iddia ərizəsi ilə bağlı mülki işə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı «****» MMC cavabdeh A.S.A.ya qarşı «borcun tutulması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, «****» MMC ilə cavabdeh A.S.A. qızı arasında bağlanmış 01.07.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, sonuncu, aldığı “Samsung G980” markalı mobil telefona görə 12 ay ödəniş cədvəli üzrə hər ay 135 manat olmaqla cəmi 1620 manat ödəməyi öhdəsinə götürmüşdür. Lakin, cavabdeh müqavilələrin şərtlərini pozaraq, 01.07.2021-ci il tarixli müqavilə üzrə sonuncu dəfə 01.12.2021-ci il tarixdə 100 manat ödəniş etmiş və qalıq qalmış 1220 manat borcu qaytarmamışdır. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, borclu borcu ödəməkdən boyun qaçırır. Nisyə alqı-satqı müqaviləsinin №1 saylı əlavəsinin şərtlərinə uyğun olaraq, gecikdirilən borc məbləğinin 1 (bir) % dərəcəsi ilə (minimum 50 qəpik) gündəlik dəbbə hesablanır və alıcı tərəfindən satıcıya ödənilir. Bildiririk ki, cavabdehin gecikdirdiyi günlərin faktiki cərimə borcu 1830 manat təşkil edir. Cavabdehin müqavilə üzrə hər bir günə görə hesablanmış cərimə məbləğinin miqdarı 1830 manat təşkil etdiyi halda, humanizm prinsipinə əsaslanaraq həmin cərimə məbləğinin 90%-i tərəfimizdən güzəşt edilmişdir və cavabdeh tərəfindən cərimə məbləğinin 10%-i, yəni 183 manat «****» MMC-yə ödənilməlidir. Beləliklə, cavabdeh 23.12.2021-ci il tarixədək «****» MMC-yə olan borcu 1220 manat əsas, 183 manat cərimə, cəmi 1403 manat təşkil etmişdir. Göstərilənlərə əsasən 01.07.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 23.12.2021-ci il tarixinə yaranmış 1220 manat əsas, 183 manat cərimə borcu olmaqla, ümumilikdə 1403 manat borcun və 34,10 manat ödənilmiş dövlət rüsumunun cavabdeh A.S.A. qızından tutularaq «****» MMC-yə ödənilməsi barədə qətnamə çıxarılması məhkəmədən xahiş edilmişdir. Məhkəmə iddia ərizəsinə dair mülki işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – Mülki Prosessual Məcəllə) 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfindən cavabdehə rəsmi qaydada bildiriş göndərilsə də, cavabdeh iddiaya qarşı əsaslandırılmış etirazını məhkəməyə göndərməmişdir. Mülki Prosessual Məcəllənin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Mülki Prosessual Məcəllənin 284-5.2-ci maddəsinin tələblərinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Mülki Prosessual Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan «****» MMC ilə A.S.A. arasında bağlanmış 01.07.2021-ci il tarixli, ********* saylı nisyə alqı-satqı müqaviləsindən və 1 saylı əlavəsindən görünür ki, «****» MMC cavabdeh A.S.A.ya “Samsung G980” markalı mobil telefonu 1620 manata satmış, cavabdeh A.S.A. alınmış əşyanın əvəzində bu müqavilə ilə müəyyənləşdirilmiş pul məbləğini hissə-hissə 12 ay müddətinə, hər ay 135 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. «****» MMC tərəfindən təqdim edilmiş 11.12.2021-ci il tarixli maliyyə arayışdan görünür ki, cavabdeh A.S.A.nun «****» MMC-yə 01.07.2021-ci il tarixli, ********* saylı nisyə alqı-satqı müqaviləsi üzrə 1220 manat əsas, 1830 manat cərimə borcu vardır. «****» MMC tərəfindən A.S.A.ya 11.01.2022-ci il tarixdə ünvanlanmış bildirişdən görünür ki, cavabdehə müqavilə üzrə yaranmış borcun ödənilməsi ilə bağlı xəbərdarlıq edilmişdir. Beləliklə, məhkəmə tərəfindən müəyyən olundu ki, «****» MMC ilə A.S.A. arasında bağlanmış 01.07.2021-ci il tarixli, ********* saylı nisyə alqı-satqı müqaviləsinə əsasən «****» MMC cavabdeh A.S.A.ya “Samsung G980” markalı mobil telefonu satmış, cavabdeh A.S.A. alınmış əşyanın əvəzində bu müqavilə ilə müəyyənləşdirilmiş pul məbləğini hissə-hissə ödəməyi öhdəsinə götürmüş, lakin cavabdeh tərəfindən müqavilə üzrə üzərinə götürdüyü öhdəlik tam icra edilməmiş və nəticədə onun «****» MMC-yə müqavilə üzrə 1220 manat məbləğində əsas borc və 1830 manat məbləğində cərimə borcu yaranmış, iddiaçı tərəfindən cavabdehə güzəşt olunaraq 183 manat cərimə borcu tələb edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra - Mülki Məcəllə) 601.1ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Mülki Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə həmin Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Mülki Məcəllənin 600.2-ci maddəsinə əsasən əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. Mülki Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Mülki Məcəllənin 462.1-ci, 462.3-cü və 467-ci maddələrinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə hesab edir ki, iddiaçı 01.07.2021-ci il tarixli, ********* saylı nisyə alqı-satqı müqaviləsi üzrə cərimə pulunun ödənilməsini tələb etmək hüququna malikdir. Əsas borc və cərimə borcunun nisbəti nəzərə alınmaqla iddia ərizəsində tələb olunan yüksək cərimə pulu azaldılaraq 80 (səksən) manat məbləğində dəbbə pulu müəyyən edilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, 01.07.2021-ci il tarixli, ********* saylı nisyə alqı-satqı müqaviləsi üzrə cavabdeh A.S.A.dan 1220 (bir min iki yüz iyirmi) manat məbləğində əsas borc, 80 (səksən) manat məbləğində cərimə, 34,1 (otuz dörd manat on qəpik) manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 1334,10 (bir min üç yüz otuz dörd manat on qəpik) manat məbləğində pul alınaraq «****» MMC-yə verilməlidir. Şərh olunanlara əsaslanaraq və Mülki Prosessual Məcəllənin 119.1, 216-220, 227, 233, 284-5.3 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. 01.07.2021-ci il tarixli, ********* saylı nisyə alqı-satqı müqaviləsi üzrə cavabdeh A.S.A.dan 1220 (bir min iki yüz iyirmi) manat məbləğində əsas borc, 80 (səksən) manat məbləğində cərimə, 34,1 (otuz dörd manat on qəpik) manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 1334 (bir min üç yüz otuz dörd manat on qəpik) manat məbləğində pul alınaraq «****» MMC-yə verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim İlham Cəfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar