Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-1936/2022 03.06.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, İsmayılova Səbinə İmran qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı "X1" Bakı filialının cavabdehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh1 qarşı "kredit və kredit borcuna görə hesablanmış faizlərin ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:
1. İddiaçı "X1" Bakı filialı cavabdehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh1 qarşı "kredit və kredit borcuna görə hesablanmış faizlərin ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, "X1" Bakı filialı ilə Cavabdeh3 arasında bağlanmış 29 aprel 2021-ci il tarixli, 375 saylı “Güzəşətli kredit müqaviləsi”nə əsasən sonuncuya 19% ödəmək şərti ilə 36 ay müddətinə 10000 AZN məbləğində kredit verilmişdir. Həmin tarixdə verilmiş kreditin qaytarılmasının təminatı kimi "X1" Bakı filialı ilə Cavabdeh2 arasında 522 saylı və Cavabdeh1 arasında 523 saylı zaminlik müqaviləsi imzalanmışdır. Kredit müqaviləsinin 4.1 -ci maddəsinə əsasən «Borcalan» ssuda hesabında qalıq əmələ gəldiyi gündən 1 ay sonradan başlayaraq hər ayın həmin günü Banka ssuda borcu ssuda hesabının qalığına hesablanmış faizlərdə daxil olmaqla 366,56 AZN ödəməli idi. Bu müqavilənin 2.2 - ci bəndinə görə «Borcalan» tərəfindən «Kredit müqaviləsi»nin hər hansı bir şərti pozulduqda «Bank» emiş krediti hesablanmış faizlərlə birlikdə vaxtından əvvəl ödənilməsini tələb etmək hüququ vardır. Müqavilə şərtlərinə uyğun olaraq «Borcalan» 24 fevral 2022-ci il tarixinə «Bank»a kredit borcu üzrə 3665,60 AZN ödəniş yerinə yetirilməli idi. Lakin 24.02.2022-ci il tarixinə kimi «Borcalan» tərəfindən «Banka»a 1410,00 AZN ödəniş həyata keçirilmişdir. "X1" Bakı filialı tərəfindən borcalana kredit müqaviləsi üzrə öhdəliklə yerinə yetirməsi üçün dəfələrlə yazılı və şifahi xəbərdarlıqlar olunmuşdur, lakin borcalan kredit borcunu yerinə yetirməmişdir. Kredit müqaviləsinin 5.1-ci bəndinə əsasən kredit vaxtında ödənilmədikdə gecikdirilmiş hər bir gün üçün, «Borcalan» «Bank»a illik 29% ödəməlidir. 24 fevral 2022-ci il tarixinə cavabdehin «Bank»a olan borcu müqavilə şərtlərinə əsasən hesablamış faizlərlə birlikdə 10108,98 AZN təşkil edir. Bundan 9.362,14 AZN əsas borc və 746,84 AZN faiz borcu təşkil edir. Cavabdehə dəfələrlə şifahi və yazılı müraciət edilərək, kredit müqaviləsi üzrə öhdəliklərinin yerinə yetirilməsi tələb olunsa da, onun ərindən bu öhdəliklərin yerinə yetirilməsi üçün heç bir tədbir göstərilməmişdir. Cavabdeh3 ilə bağlanmış 29 Aprel 2021-ci il tarixli, 375 saylı Kredit müqaviləsinin təminatı olaraq həmin tarixdə Cavabdeh2 arasında 522 saylı və Cavabdeh1 arasında 523 saylı Zaminlik müqaviləsi imzalanmışdır. Göstərilənlərə əsasən, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 9362,14 AZN əsas, 746,84 AZN faiz borcu olmaqla, ümumilikdə 10108,98 AZN məbləğində borcun və ödənilmiş 120,33 AZN dövlət rüsumunun tutularaq "X1" Bakı filialına ödənilməsi haqqında qətnamə çıxarılması xahiş edilmişdir.
a) Məhkəmə icraatı iştirakçılarının izahatları:
3. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə etmiş, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. Əvvəlki məhkəmə iclasında Cavabdeh2 iddia tələbini qəbul etməyərək bildirmişdir ki, borc ona məxsus deyil, bankla kredit müqaviləsi digər cavabdeh, yəni Cavabdeh3 arasında bağlanmışdır. Borc ona aid olduğuna görə iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
5. Sonuncu məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq, cavabdehlər məhkəmə iclasına gəlməmişlər. Cavabdeh3 məhkəməyə teleqram ünvanlayaraq iclasın təxirə salınmasını xahiş etmiş, digər cavabdehlər gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər.
6. Belə olan halda məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
7. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir.
Əsaslandırıcı hissə: a) Mülki işin materialları:
8. Hazırki işin faktiki halları iş materiallarına əlavə edilmiş sənədlərdə əks olunan aşağıdakı hallardan ibarət olmuşdur.
9. Belə ki, iş materiallarında olan "X1" Bakı filialı ilə Cavabdeh3 arasında bağlanmış 29 aprel 2021-ci il tarixli, 375 saylı kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh3 36 ay müddətinə, illik 19% olmaqla, 10000 AZN məbləğində kredit verilmişdir.
10. İş materiallarında olan "X1" Bakı filialı ilə zamin Cavabdeh2 arasında bağlanmış 29 aprel 2021-ci il tarixli, 522 saylı zaminlik müqaviləsindən görünür ki, zamin Cavabdeh2 borclu Cavabdeh3 bank qarşısında 29 aprel 2021-ci il tarixli, 375 saylı kredit müqaviləsi üzrə öz öhdəliyini vaxtında və lazımınca icra etmədikdə öhdəliklərin icrası üçün borclu ilə birgə məsuliyyət daşıması barədə öz üzərinə öhdəliklər götürmüşdür.
11. İş materiallarında olan "X1" Bakı filialı ilə zamin Cavabdeh1 arasında bağlanmış 29 aprel 2021-ci il tarixli, 523 saylı zaminlik müqaviləsindən görünür ki, zamin Cavabdeh1 borclu Cavabdeh3 bank qarşısında 29 aprel 2021-ci il tarixli, 375 saylı kredit müqaviləsi üzrə öz öhdəliyini vaxtında və lazımınca icra etmədikdə öhdəliklərin icrası üçün borclu ilə birgə məsuliyyət daşıması barədə öz üzərinə öhdəliklər götürmüşdür.
12. İş materiallarında olan "X1" Bakı filialı tərəfindən verilmiş 24 fevral 2022-ci il tarixli arayışa əsasən Cavabdeh3 29 aprel 2021-ci il tarixli, 375 saylı kredit müqaviləsinə üzrə 24 fevral 2022-ci il tarixinə 9362,14 AZN məbləğində əsas, 746,84 AZN faiz borcu olmaqla, ümumilikdə 10108,98 AZN məbləğində borcu var.
13. İş materiallarında olan "X1" Bakı filialı tərəfindən cavabdehlərə ünvanlanmış pretenziya məktubundan görünür ki, cavabdehlər bank tərəfindən kredit müqaviləsinə əsasən borcun ödənilməsi ilə bağlı xəbərdar olunmuşlar.
b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:
14. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, "X1" Bakı filialı ilə Cavabdeh3 arasında bağlanmış 29 aprel 2021-ci il tarixli, 375 saylı kredit müqaviləsinə əsasən bank tərəfindən ona 29 aprel 2021-ci il tarixində 36 ay müddətinə, illik 19 faiz dərəcəsi ilə 10000 AZN məbləğində kredit verilmişdir. Zaminlər Cavabdeh2, Cavabdeh1 borclu Cavabdeh3 bank qarşısında kredit müqaviləsi üzrə öz öhdəliyini vaxtında və lazımınca icra etmədikdə öhdəliyin icrası üçün borclu ilə birgə məsuliyyət daşıması barədə öz üzərlərinə öhdəlik götürmüşlər. Hazırda cavabdehlərə xəbərdarlıq edilməsinə baxmayaraq, onlar kredit müqaviləsi üzrə üzərlərinə düşən öhdəlikləri tam icra etməmişlər və nəticədə banka ümumilikdə 10108,98 AZN məbləğində borcu yaranmışdır.
c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:
15. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
16. Eyni Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
17. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur.
18. Qeyd olunan Məcəllənin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
19. Eyni Məcəllənin 449.1-ci maddəsinin tələbinə görə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda, məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər.
20. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.
21. Məhkəmə qeyd edir ki, cavabdehlər kredit müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyindən, bank kredit müqaviləsi üzrə yaranmış həm əsas, həm də faiz borcunun tutulması ilə əlaqədar məhkəmədə iddia qaldırmaqda haqlı olmuşdur.
22. Bundan əlavə, Mülki Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.
23. Qeyd olunan Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.
24. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
25. İş materiallarında olan qəbzdən göründüyü kimi, iddiaçı tərəfindən dövlət büdcəsinə 120,33 AZN (bir yüz iyirmi manat, otuz üç qəpik) məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə hesab edir ki, qeyd olunan məbləğ də cavabdehlərdən tutularaq iddiaçının xeyrinə ödənilməlidir.
26. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh1 müştərək qaydada 9362,14 AZN (doqquz min üç yüz altmış iki manat, on dörd qəpik) əsas, 746,84 AZN (yeddi yüz qırx altı manat, səksən dörd qəpik) faiz borcu olmaqla, ümumilikdə 10108,98 AZN (on min bir yüz səkkiz manat, doxsan səkkiz qəpik) məbləğində borc və 120,33 AZN (bir yüz iyirmi manat, otuz üç qəpik) ödənilmiş dövlət rüsumu alınaraq "X1" Bakı filialına ödənilməlidir.
27. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
28. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
29. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
30. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
31. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
32. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
33. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh1 müştərək qaydada 9362,14 AZN (doqquz min üç yüz altmış iki manat, on dörd qəpik) əsas, 746,84 AZN (yeddi yüz qırx altı manat, səksən dörd qəpik) faiz borcu olmaqla, ümumilikdə 10108,98 AZN (on min bir yüz səkkiz manat, doxsan səkkiz qəpik) məbləğində borc və 120,33 AZN (bir yüz iyirmi manat, otuz üç qəpik) ödənilmiş dövlət rüsumu alınaraq "X1" Bakı filialına ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim: Ramin Xəlilov