Məhkəmə qərarları › İş №e-2(006)-1936/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-1936/2025

26.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-1936/2025 26.05.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Həbibə Novruz qızının sədrliyi, məhkəmə iclasının katibi Xalıqova Məstanə Mətləb qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı "xxxx" QSC-nin Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" QSC Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçının tələbi: Vərəsə Cavabdeh əsas məbləğ üzrə borc: 1,613.11 AZN ( min altı yüz on üç manat on bir qəpik) hesablanmış və ödənilməmiş faiz borcu: 179.17AZN (yüz yetmiş doqquz manat on yeddi qəpik) cərimə borcu: 592.72AZN (beş yüz doxsan iki manat yetmiş iki qəpik) müqavilədə nəzərdə tutulmuş xərclər və komissiyalar üzrə borc: 5.10 AZN (beş manat on qəpik) bildirişlərin (pretenziyaların) göndərilməsi üzrə poçt xərcləri: 3.40 AZN (üç manat qırx qəpik) cəmi borc: 2,393.50 AZN (ikimin üç yüz doxsan üç manat əlli qəpik) manat məbləğində kredit borcu və dövlət büdcəsinə köçürülmüş 43.93 AZN məbləğində dövlət rüsumunun "xxxx" QSCnin xeyrinə tutulması (ödənilməsi) barədə qətnamə çıxarılması xahiş olunur. İddia ərizəsində qeyd edilən işin halları: xx.xx.2014-cü il tarixdə "xxxx" QSC və Daşdəmirov Musa Həmid oğlu arasında Bank hesabı, debet kartı, kredit kartı və zaminlik haqqında qarışıq müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinin şərtlərinə görə, Bankın tərəfindən borcalan Daşdəmirov Musa Həmid oğluna istehlak yönümlü 1500 manat məbləğində, 5 (beş) il müddətinə kredit kart limiti (kredit xətti) açılmışdır. “Kart/əlavə kart sahibi” həmin kredit kart limiti (kredit xətti) üzrə istifadə etmiş olduğu vəsaiti (krediti) və ona hesablanmış faizləri, komisyonları və həmçinin nəzərdə tutulmuş digər ödənişləri (bütün borcları) bu müqavilə ilə müəyyən edilmiş şərtlərlə “Bank”a qaytarmağı (ödəməyi) öhdəsinə götürmüşdür. Araşdırma zamanı məlum olmuşdur ki, Daşdəmirov Musa Həmid oğlu xx.xx.2023-cü il tarixində vəfat etmişdir. ünvan 1ünvanlanan vəkil sorğusuna cavab olaraq Banka təqdim edilmiş xx.xx.2024-cü il tarixli, 137/2025 saylı məktubundan müəyyən olunmuşdur ki, vərəsəlik işi açılmış və onun vərəsəsi – oğlu Cavabdehdur. O, mirası qəbul etmiş vərəsədir. Vərəsəyə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Vərəsə Cavabdeh rəhmətə getmiş Daşdəmirov Musa Həmid oğlunun banka olan borcu barədə məlumatlı olmuşdur. Lakin üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Daşdəmirov Musa Həmid oğlunun vərəsəsi Cavabdeh tərəfindən Bank ilə Daşdəmirov Musa Həmid oğlu arasında imzalanmış Qarışıq müqavilə üzrə Bank qarşısında olan öhdəliklərini lazımınca icra edilməmişdir ki, kredit üzrə borc qalmışdır. Müqavilənin 4.20.2-ci bəndinə əsasən “Bank”ın “Kart/əlavə kart sahibi”nin istifadə etmiş olduğu vəsaiti (krediti) və vəsait (kredit) üzrə faizləri, komissiya və digər nəzərdə tutulmuş ödənişləri (haqları) vaxtında, müqavilə ilə müəyyən edilmiş şərtlərlə qaytarılması tələb etmək, tələbləri yerinə yetirilmədikdə kartın fəaliyyətini dayandırmaqla (bloklaşdırmaqla), borcun qaytarılması üçün qanunvericilikdə nəzərdə tutulmuş bütün tədbirləri həyata keçirmək, o cümlədən məhkəməyə müraciət etmək hüququ vardır. Müqavilənin 4.21.3-cü bəndinə əsasən “Kart/əlavə kart sahibi” kredit kartından istifadə nəticəsində yaranmış borcunu(larını) və/və ya borcu üzrə faizləri, komissiya və digər nəzərdə tutulmuş ödənişləri vaxtında və müqavilə ilə müəyyən edilmiş şərtlərlə ödəmək (qaytarmaq). Bu müqavilə üzrə öhdəliklərini lazımınca yerinə yetirmədikdə yaranmış borclarıın geri qaytarılması ilə bağlı “Bank”ın çəkdiyi (çəkməli olduğu) bütün xərclərin əvəzini, habelə əldən çıxmış faydasını “Bank”a ödəmək vəzifəsini daşıyır. «X1 Azərbaycan» QSC müqavilə ilə üzərinə götürdüyü öhdəliklərini tam icra etsə də, borcalanın vərəsəsi Cavabdeh kredit müqaviləsi üzrə tam ödəməyə borclu olduğu halda, müqavilə şərtlərini pozaraq kreditin əsas məbləğini və ona hesablanmış faizlərin ödənilməsini kredit ayrılan vaxtdan mütəmadi olaraq gecikdirmişdir. Borcalana dəfələrlə bu barədə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq, öhdəliyi icra etməmiş və bu günədək borcu ödəməmişdir. Eyni zamanda, bildirilir ki, Daşdəmirov Musa Həmid oğlu tərəfindən kart üzrə sonuncu Məxaric (kartdan istifadə) əməliyyatı xx-xx-2023-cü ildə 190 manat məbləğində (Electronics Azadlıq), Mədaxil əməliyyatı isə xx-xx-2023-cü ildə 200 manat məbləğində olmuşdur. İddia müddətinin tətbiqi barədə ərizənin əsaslandırıldığı hallar: Cavabdeh atası Daşdəmirov Musa Həmid oğlu xx.xx.2023-cü il tarixində vəfat etmiş, oğlu olaraq atasının mirasını qəbul edərək onun vərəsəsi olmuşdur və ona vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Yaxın günlərdə məlum olmuşdur ki, atası mərhum Daşdəmirov Musa Həmid oğlu ilə "xxxx" QSC arasında xx.xx.2014-cü il tarixdə bağlanılmış “Bank hesabı, debet kartı, kredit kartı və zaminlik haqqında qarışıq” müqavilə mövcuddur. Kredit müqaviləsinin şərtlərinə görə, Bank tərəfindən atası Daşdəmirov Musa Həmid oğluna istehlak yönümlü 1500 manat məbləğində, 5 (beş) il müddətinə kredit kart limiti (kredit xətti) açılmışdır. Eyni zamanda ona məlum olmuşdur ki, iddiaçı "xxxx" QSC ona qarşı “borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsində əsas məbləğ üzrə 1,613.11 AZN, hesablanmış və ödənilməmiş faiz borcu üzrə 179.17AZN, cərimə borcu 592.72AZN, müqavilədə nəzərdə tutulmuş xərclər və komissiyalar üzrə borc 5.10 AZN, bildirişlərin (pretenziyaların) göndərilməsi üzrə poçt xərcləri 3.40 Azn olmaqla cəmi 2,393.50 AZN borcu kredit borcunun və dövlət büdcəsinə köçürülmüş 43.93 AZN məbləğində dövlət rüsumunun "xxxx" QSC-nin xeyrinə tutulması (ödənilməsi) barədə qətnamə çıxarılması xahiş edilmişdir. "xxxx" QSC-nin də qeyd etdiyi və müqavilədə göstərildiyi kimi xx.xx.2014-cü il tarixdə 5 (beş) il müddətinə ayrılmış kredit kart limitinin müddəti xx.xx.2019-cu ildə tamam olmasına baxmayaraq onlar arasında kredit xəttinin uzadılmasına dair hər hansı razılaşma mövcud olmamış və "xxxx" QSC tərəfindən kredit xətti üzrə borc xx.xx.2023-cü il tarixə qədər (atası vəfat etdiyi tarixə) atası mərhum Daşdəmirov Musa Həmid oğlundan tələb olunmamışdır (yəni 4 ildən artıq müddət keçməsinə baxmayaraq bank tərəfindən hər hansı hüquqi addımlar atılmamışdır). Hesab edir ki, "xxxx" QSC tərəfindən borcun tələb edilməsi ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş iddia müddəti də ötürülmüşdür. Həmçinin bildirir ki, atası mərhum Daşdəmirov Musa Həmid oğlu ilə "xxxx" QSC arasında xx.xx.2014-cü il tarixdə bağlanılmış müqavilənin də adından göründüyü kimi qarışıq müqavilədir və bu istiqamətdə müvafiq mühasibatlıq ekspertiza təyin edilməsi zəruridir. İddia tələbində göstərilən məbləğlər şişirdilmiş məbləğdir və bu məbləğlə razı deyil. Belə ki, müqavilədə istehlak yönümlü 1500 manat məbləğində, 5 (beş) il müddətinə kredit kart limiti (kredit xətti) açılması qeyd olunsa da, hal hazırda bankın əsas məbləğ üzrə tələbi 1613.11 azn göstərilmişdir. Bununla yanaşı qeyd edilmiş faiz borcu üzrə 179.17 AZN, eləcə də cərimə borcu 592.72 AZN üzrə də hesablamaların düzgün aparılmadığı qənaətindədir. Yuxarıda göstərilənləri nəzərə alaraq iddia müddətinin ötürülməsi məsələsinə baxılmasını xahiş etmişdir. İddia müddətinin tətbiqi barədə ərizəyə etiraz: Cavabdeh ərizə ilə Bakı şəhər Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, iddiaçı “X1 Azərbaycan" QSC-nin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair mülki işə iddia müddəti tətbiq etməklə iddia ərizəsinin rədd olunması ilə bağlı qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh borclunun vərəsəsidir və mübahisələndirilən kredit müqaviləsi üzrə ödənişlər barədə məlumatsız ola bilər. Belə ki, borclu Daşdəmirov Musa Həmid oğlu kart kreditindən aktiv istifadə etmiş və kredit müqaviləsi xx.xx.2019-cu il tarixdən sonra Daşdəmirov Musa Həmid oğlu tərəfindən “X1 Azərbaycan” QSC-nin Çağrı Mərkəzinə telefon vasitəsilə müraciət edərək kartdan istifadə etmək üçün müddətinin uzadılmasını və yeni kartın verilməsini istəmişdir (bununla bağlı səs yazıları məhkəməyə təqdim olunacaqdır). Müştərinin şəxsiyyət məlumatları dəqiqləşdirildikdən sonra onun istəyi əsasında kartın müddəti uzadılmış və ona yeni kart təqdim edilmişdir. Bundan sonra Daşdəmirov Musa Həmid oğlu tərəfindən filiala yaxınlaşaraq əldə etdiyi yeni kart əsasında borcu etiraf etməsini göstərən hərəkətlər etmiş yəni, həmin kartdan istifadə edərək müxtəlif əməliyyatlar həyata keçirmiş, yəni, Daşdəmirov Musa Həmid oğlu tərəfindən kart üzrə sonuncu Məxaric (kartdan istifadə) əməliyyatı - vəfatından 1 gün qabaq yəni, xx.xx.2023-cü ildə 150 manat məbləğində (Electronics Azadlıq), Mədaxil (ödənişi) əməliyyatı isə xx.xx.2023-cü ildə 200 manat məbləğində olmuşdur. Eyni zamanda, cavabdehin məhkəməyə təqdim etdiyi ərizəsində qeyd etdiyi nüanslara münasibətdə bildirilir ki, borcalan Daşdəmirov Musa Həmid oğlu müqavilə şərtlərinə əsasən ona ayrılmış 1500 manat limitdən 113.11 azn məbləğində limiti aşmışdır (limitdən artıq istifadə etmişdir). Bu onunla bağlanılmış müqavilədə də öz əksini tapmışdır, başqa sözlə, kart sahibinə limitdən artıq istifadə etməsinə dair hüquq verilmişdir. Müqaviləsinin 4.2.-ci maddəsinə əsasən İstifadə limiti; “Bank”ın kart hesabı/hesablarına, “Kart/əlavə kart sahibi” olduqda tanıdığı, kart və/və ya kart nömrə və gizli şifrələrindən (PİN kod) istifadə ediləcək xərclər, nağd pul vəsaitin əldə edilməsi (alınması/çıxarılması), faiz, ödəniş, komissiya, bunların vergi (qanunla nəzərdə tutulduğu təqdirdə), fond (qanunla nəzərdə tutulduğu təqdirdə) reallaşdırılması daxil olmaqla aşılmaması lazım olan istifadə limitidir. “Kart sahibi”nin müraciəti və zəruri sənədləri təqdim etməsi və “Bank”ın bu müraciəti uyğun hesab etdiyi təqdirdə ona ayrılmış istifadə limiti artırıla bilər. “Kart/əlavə kart sahibi” istifadə limitini aşmamağı (keçməməyini) qəbul edir və öhdəsinə götürür. Kart/əlavə kart sahibi kart üzrə müəyyən edilmiş istifadə limitinin hər hansı bir şəkildə aşılması hallarında aşılan məbləğin həmin gündən başlayaraq borc (borc balansı) müəyyən edilən limitə düşənə qədər müəyyən olunan nisbətə (miqdarda) limit aşma faizini və limit aşma komissionunu ödəməyi qəbul bəyan və təsdiq edir. Müqavilənin 4.14.-cu maddəsinin qeyd edilən abzaslarına əsasən limit aşma (limitdən artıq istifadə) faizləri - limit aşma (limitdən artıq istifadə) faizi: kart üçün müəyyən edilən limit aşıldığı təqdirdə, həmin gün aşılan (limitdən artıq istifadə edilən) məbləğə limit aşma faizi hesablanmağa başlayır və cəmi borc balansı (borc) təyin edilən (müəyyən edilən) limitə düşənədək faiz hesablanması davam edir. Limit aşma faizi illik 40 % təşkil edir. - Limit aşma (limitdən artıq istifadə) komisyonu: kart üçün müəyyən edilən limit aşıldığı təqdirdə alınacaq sabit bir komissiya haqqıdır. Limit aşma komisyonu aşılan məbləğin 1,5% + 2,5 AZN (iki manat əlli qəpik) kimi olaraq tətbiq edilir. Beləliklə, borclu kredit borcu üzrə mütəmadi ardıcıl ödənişlər (mədaxillər) həyata keçirmişdir. Kart krediti barədə hesabdan çıxarışdan göründüyü kimi, kart üzrə borclu Daşdəmirov Musa Həmid oğlu xx.xx.2014-cü il tarixindən - vəfat etdiyi tarixdən bir günki əvvələdək yəni, xx.xx.2023-cü il tarixinədək kart krediti limitindən kifayət qədər aktiv istifadə etmişdir. Beləliklə də, borclunun kart hesabından çıxarışından da göründüyü kimi, borclu mütəmadi olaraq ardıcıl ödənişlərin həyata keçirilmişdir, borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etmişdir. Belə olan təqdirdə iddia müddətinin axımı kəsilir. Qeyd olunanlardan göründüyü kimi borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdiyindən, iddia müddətinin ötürülmədiyi hesab olunmalıdır. İşdə iştirak edən şəxslərin izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə yuxarıda göstərilən məzmunda izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmənin hazırlıq iclasında iştirak edən Cavabdeh iddia müddətinin tətbiq edilərək iddianın rədd edilməsini xahiş etsə də, məhkəmənin baxış iclaslarına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş sənədlər: xx.xx.2014-cü il tarixdə "xxxx" QSC və Daşdəmirov Musa Həmid oğlu arasında Bank hesabı, debet kartı, kredit kartı və zaminlik haqqında qarışıq müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinin şərtlərinə görə, Bankın tərəfindən borcalan Daşdəmirov Musa Həmid oğluna istehlak yönümlü 1500 manat məbləğində, 5 (beş) il müddətinə kredit kart limiti (kredit xətti) açılmışdır. "xxxx" QSC-nin ödəmə arayışından görünür ki, Daşdəmirov Musa Həmid oğlu tərəfindən son ödəmə 200 manat xx.xx.2023-cü il tarixdə olmuşdur. "xxxx" QSC tərəfindən Daşdəmirov Musa Həmid oğluna ünvanlanan bildirişdən görünür ki, Daşdəmirov Musa Həmid oğluna banka olan 1,613.11 AZN ( min altı yüz on üç manat on bir qəpik ) hesablanmış və ödənilməmiş faiz borcu : 179.17AZN ( yüz yetmiş doqquz manat on yeddi qəpik) cərimə borcu üzrə 26.25 (iyirmi altı manat iyirmi beş qəpik) manat borcunu tam olaraq 5 iş günü müddətinə ödəməklə aralarında bağlanmış kredit müqaviləsinin 5 iş günü müddətində ləğv edilməsi təklif edilmişdir. "xxxx" QSC-nin xx.xx.2025-ci il tarixli maiyyə arayışının surətindən görünür ki, Daşdəmirov Musa Həmid oğlunun banka əsas məbləğ üzrə borc : 1,613.11 AZN ( min altı yüz on üç manat on bir qəpik ) hesablanmış və ödənilməmiş faiz borcu : 179.17AZN ( yüz yetmiş doqquz manat on yeddi qəpik) cərimə borcu : 592.72AZN ( beş yüz doxsan ikimanat yetmiş iki qəpik ) müqavilədə nəzərdə tutulmuş xərclər və komissiyalar üzrə borc : 5.10 AZN (beş manat on qəpik) bildirişlərin (pretenziyaların) göndərilməsi üzrə poçt xərcləri : 3.40 AZN ( üç manat qırx qəpik ) cəmi borc : 2,393.50 AZN ( ikimin üç yüz doxsan üç manat əlli qəpik )manat məbləğində kredit borcu vardır. ünvan 1 ünvanlanan vəkil sorğusuna cavab olaraq Banka təqdim edilmiş xx.xx.2024-cü il tarixli, 137/2025 saylı məktubundan müəyyən olunmuşdur ki, Daşdəmirov Musa Həmid oğlundan miras qalmış əmlaka dair vərəsəlik işi açılmış və onun vərəsəsi – oğlu – Cavabdehdur. O mirası qəbul etmiş vərəsədir. Vərəsəyə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir Bakı şəhəri Nəsimi Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı 401909 saylı ölüm haqqında şəhadətnamənin surətinə əsasən Daşdəmirov Musa Həmid oğlu xx.xx.2024-cü il tarixdə ürəyin aterosklerotik xəstəliyindən vəfat etmişdir. "xxxx" QSC tərəfindən Cavabdeh ünvanlanan bildirişdən görünür ki, Daşdəmirov Musa Həmid oğlunun banka olan borcunu ödəməsi təklif edilmişdir. xx.xx.2025-ci il tarixli **********23 nömrəli mədaxil qəbzinə əsasən, iddiaçı iddianın məhkəmədə qaldırılması üçün 43,93 manat məbləğində dövlət rüsumu və xidmət haqqı ödəmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. 1091 və 1092.1-ci maddələrinə müvafiq olaraq, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. 1306.1-ci maddəsinə əsasən, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. 1306.2-ci maddəsinə əsasən əgər miras qoyan vərəsələrə keçmiş borclar üzrə birgə borclu olmuşdursa, vərəsələr birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Məhkəmə baxışında tədqiq olunmuş sübutlar əsasında müəyyən edilmişdir ki, mərhum Daşdəmirov Musa Həmid oğlu ilə "xxxx" QSC arasında 5 (beş) il müddətinə 1500 manat məbləğində kredit kart limitinin (kredit xəttinin) açılması ilə bağlı xx.xx.2014-cü il tarixdə kredit kartı müqaviləsi bağlanmış və həmin müqavilə üzrə borclu vəfat etdiyindən öhdəlik tam icra edilməmişdir. Mərhumun miras əmlakı vərəsəsi - Cavabdeh tərəfindən qəbul edilmiş və adına vərəsəlik şəhadətnaməsi rəsmiləşdirilmişdir. Belə olan halda, iddiaçı həmin vərəsədən mərhum tərəfindən ödənilməmiş borcun ödənilməsini tələb etmək hüququ əldə etmişdir. Hazırkı iş üzrə mərhum Daşdəmirov Musa Həmid oğlunun iddiaçıdan kredit alması, həmin kredit üzrə öhdəliklərin tam yerinə yetirilməməsi, borcalanın ölməsi və Cavabdeh sonuncunun vərəsəsi olmaqla, öhdəliklərinə görə məsuliyyət daşıması iş üzrə mübahisələndirilmir. Mübahisəli məsələ iddia müddətinin ötürülməsi ilə bağlıdır. Cavabdeh ərizəsində xx.xx.2019-cu il tarixdə müddəti bitmiş kredit xəttinin müddətinin uzadılmasına dair hər hansı razılaşmanın olmamasını bildirməklə, atasının vəfat etdiyi xx.xx.2023-cü il tarixinədək pulun ondan tələb olunmadığını, bununla da iddia müddətinin ötürüldüyünü əsas gətirir. Məhkəmə qeyd edir ki, bank tərəfindən məhkəməyə təqdim edilmiş həm mədaxil, həm də məxaric əməliyyatlarını özündə əks etdirən hesabdan çıxarış məlumatlarından görünür ki, mərhum Daşdəmirov Musa Həmid oğlu kredit xətti müddətinin bitdiyi xx.xx.2019-cu il tarixdən sonra bankın təqdim etdiyi limitdən faydalanaraq müxtəlif tarixlərdə - öldüyü gündən bir gün əvvəlki tarixədək- xx.xx.2023-cü il tarixinədək kartdan aktiv şəkildə istifadə edərək müxtəlif ödənişlər həyata keçirmiş, habelə xx.xx.2023-cü il tarixinədək karta mədaxil həyata keçirmişdir ki, bu da uzatmaya dair yazılı razılaşmanın olmamasına baxmayaraq mərhumun kredit limitindən faydalanaraq əməliyyatlar həyata keçirməklə, müvafiq uzadılmanı bəyənməsi kimi qiymətləndirilməsi qənaətinə gəlməyə əsas verir. Bundan başqa məhkəmə iclasında tədqiq edilmiş, bankın nümayəndəsinin təqdim etdiyi daşıyıcıda əks olunmuş “Daşdəmirov Musa Həmid oğlu ilə bankın əməkdaşı arasında telefon danışığını özündə əks etdirən səs yazıları dinlənilmiş, müvafiq zəngdə mərhum şəxsiyyət vəsiqəsi məlumatlarını, kartın nömrəsini, habelə bankda onun üçün qeyd edilmiş məxfi şifrəni təqdim etməklə 2022-ci ilin yanvar ayında kredit kartının müddətinin bitdiyini bank əməkdaşının nəzərinə çatdırdığı, yeni kart sifariş verərək kredit kartının müddətinin uzadılması barədə danışıqlar apardığı öz əksini tapmışdır. Məhkəmə qeyd edir ki, 2022-ci ilin yanvarından sonrakı uzatma ilə bağlı müvafiq razılığın olması, bundan əvvəlki dövr üzrə də (2019-2022-ci illər üzrə) uzadılmanın həyata keçirildiyini istisna etmir. Mülki qanunvericiliyə müvafiq olaraq, iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır (Mülki Məcəllənin 324.5 və 404.1-ci maddələri). Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında Mülki Məcəllənin məhz bu normalarına əsaslanaraq hesab etmişdir ki, mülki dövriyyə iştirakçılarının sərbəst seçimi olaraq əqd tərəflərin azad və qarşılıqlı iradə ifadəsi nəticəsində əmələ gəlir. Odur ki, əqdin etibarsızlığı ilə bağlı işlərə baxılarkən, yalnız yazılı və formal hallara qiymət verməklə kifayətlənilməməli, tərəflərin iradə ifadəsinin həqiqi məzmunu və hüquqi niyyətləri də müəyyən edilməlidir. Bu növ iddia tələbləri üzrə müqavilənin etibarsızlığı faktı yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motiv, məsələn, müqaviləyə qədərki danışıqlar, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla təsdiq edilə bilər (B.Qasımovun şikayəti üzrə 09 dekabr 2019-cu il və N.Əsədovanın şikayəti üzrə 12 aprel 2021-ci il tarixli qərarlar). “M.Şükürovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 iyul 2022-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 26 aprel 2023-cü il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belə olmuşdur ki: "... tərəf aşağıdakı hallarda müqaviləni mübahisələndirmək hüququna malik deyildir: həmin tərəfin davranışı müqavilə bağlamaq iradəsini təsdiq etdiyini, əqdin etibarlığını faktiki etiraf etdiyini, əqdin şərtlərini qəbul etdiyi və onun mahiyyətilə razılaşdığını nümayiş etdirdiyi halda. Bu, müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsinə dair hərəkətlər, bununla bağlı yazılı sübutlar və s. ilə təsdiqlənə bilər; müqavilə bağlanan zaman tərəf onun mübahisələndirilməsi üçün əsasların olduğunu bildiyi halda. ” Göründüyü kimi, müqavilə tərəfləri arasında münasibətlər davam etmişdir ki, belə olan halda iddia müddətinin ötürülməsindən söhbət gedə bilməz. Odur ki, əsas və əsas və faiz borcunun tutulması hissəsində iddianın təmin edilməsini məhkəmə məqsədəmüvafiq hesab edir. Cavabdeh ərizəsində limitin 1500 manat olduğu halda, əsas borc olaraq 1613.11 manatın tələb edilməsini mübahisələndirir ki, bununla bağlı məhkəmə qeyd edir ki, müqavilənin “İstifadə limiti” adlı 4.2-ci bəndində kart sahibinə limitdən artıq istifadə etməsinə dair hüquq verildiyi müəyyən edilmişdir. Borcalan Daşdəmirov Musa Həmid oğlu müqavilə şərtlərinə əsasən ona ayrılmış 1500 manat limitdən 113.11 manat artıq istifadə etdiyindən bank həmin məbləği onun vərəsəsindən tələb edir. Beləliklə, müəyyən edilmişdir ki, Daşdəmirov Musa Həmid oğlunun özünə məxsus olmayan vəsaitdən (113.11 manat) istifadə etməsi nəticəsində iddiaçı ona məxsus olan pul vəsaitindən məhrum olmuş, mərhum isə həmin məbləğ həddində əsassız varlanmışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, əsassız varlanma zamanı varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalı olduğundan, iddia həmin hissədə təmin edilməli, cavabdehdən 113.11 manat məbləğində pul alınaraq iddiaçı banka verilməlidir. Məhkəmə həmçinin iddia tələbinin cərimənin ödənilməsi barəsində hissəsini də araşdıraraq hesab edir ki, iddia tələbi həmin hissədə qismən əsaslıdır. İşin hallarını nəzərə alınmaqla, məhkəmə cəriməni azaldaraq iddia ərizəsində göstərilən cərimənin 592.72 manat məbləğində deyil, 2 manat məbləğində müəyyən edilməsini ədalətli və məqsədəmüvafiq hesab edir. (MM m.467) Göstərilənləri ümumiləşdirərək məhkəmə belə qənaətə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh 1,613.11 AZN ( min altı yüz on üç manat on bir qəpik ) hesablanmış və ödənilməmiş faiz borcu 179.17AZN ( yüz yetmiş doqquz manat on yeddi qəpik), 2 (iki) manat cərimə, 5.10 manat komissiya, 3.40 manat poçt xərcləri, cəmi 1802,78 (bir min səkkiz yüz iki manat yetmiş səkkiz qəpik) manat məbləğində borc iddiaçı "xxxx" QSC-nin xeyrinə tutulmalıdır. Məhkəmə xərcləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 43,93 manat dövlət rüsumunun 33 manatı cavabdehdən tutularaq iddiaçıya ödənilməli, qalan hissəsi isə iddiaçıya aid edilməlidir. Qeyd olunanlara və Azərbaycan Respublikası MPM-nin 216-220, 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 1,613.11 AZN (min altı yüz on üç manat on bir qəpik ) əsas və 179.17AZN ( yüz yetmiş doqquz manat on yeddi qəpik) faiz borcu, 2 (iki) manat cərimə, 5.10 manat komissiya, 3.40 manat poçt xərcləri, cəmi 1802,78 (bir min səkkiz yüz iki manat yetmiş səkkiz qəpik) manat məbləğində borc və ödənilmiş dövlət rüsumunun 33 (otuz üç) manat hissəsi iddiaçı "xxxx" QSC-nin xeyrinə tutulsun. Qalan hissədə iddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Həbibə Miriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar