Məhkəmə qərarları › İş №e-2(006)-1940/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №e-2(006)-1940/2025

19.03.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(006)-1940/2025 19.03.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, X4 oğlunun katibliyi ilə İddiaçı Cavabdeh ASC-yə qarşı “zərərin ödənilməsi və s.” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. İddiaçı Cavabdeh ASC-yə qarşı “zərərin ödənilməsi və s.” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh ASC tərəfindən İddiaçı məxsus olan əmək haqqı və birbank kartlarından, ********** saylı VÖEN hesabından hər hansı məbləğin tutulmasının qadağan edilməsini, tutulma nəticəsində vurulmuş 6574,08 (altı min beş yüz yetmiş dörd manat) manat zərər və ödənilmiş 85 manat məbləğində dövlət rüsumunun tam olaraq Cavabdeh ASC-dən tutularaq İddiaçı ödənilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı mülkiyyətində olan Cavabdeh ASC-nin məhsulu olan BirBank (BirBank Cashback Plus) kartından müxtəlif məbləğlərdə, əməkhaqqı (VSDC Electron Salary) kartından isə tam məbləğdə və ********** saylı VÖEN hesabından da müxtəlif məbləğlərdə olmaqla 2024-cü ilin fevral ayından etibarən İddiaçı razılığı və bu barədə məhkəmənin müəyyən qərarı olmadan pul vəsaitləri tutulur. Cavabdeh ASC tərəfindən İddiaçı təqdim edilən ödəniş kartı üzrə çıxarışdan göründüyü kimi onun əməkhaqqı hesabından qanunsuz olaraq bugünə qədər 4706,08 (dörd min yeddi yüz altı manat səkkiz qəpik) manat, Birbank kartından 848 (səkkiz yüz qırx səkkiz manat) manat və ********** saylı VÖEN hesabından 1020 (min iyirmi manat) manat məbləğdə ümumilikdə 6574,08 (altı min beş yüz yetmiş dörd manat) manat məbləğ tutulmuşdur. Belə ki, Cavabdeh ASC tərəfindən İddiaçı məxsus olan əməkhaqqı, birbank kartlarından və ********** saylı VÖEN hesabından pul vəsaitlərinin tutulması dayandırılmalıdır və tutulma nəticəsində İddiaçı vurulmuş 6574,08 (altı min beş yüz yetmiş dörd manat) manat məbləğdə zərər tam olaraq ödənilməlidir. Odur ki, Cavabdeh ASC tərəfindən iddiaçının bank hesablarının onda olmasından istifadə edərək məhkəmənin müvafiq qərarı olmadan və İddiaçı razılığı olmadan 6574,08 (altı min beş yüz yetmiş dörd manat) manat məbləğin tutulması iddiaçının mülkiyyət hüququnu tam şəkildə pozulması ilə nəticələnmişdir. İlk olaraq Cavabdeh ASC-yə vurulmuş ziyanın geri qaytarılması ilə bağlı pretenziya məktubu verilmişdir, lakin dəymiş ziyan geri ödənilmədiyindən həmin məbləğin məhkəmə qaydasında tutulması zərurəti yaranmışdır. Belə ki, həmin hüquqların bərpa olunması məqsədilə iddia ərizəsi ilə məhkəməyə müraciət edilir.

a) Məhkəmə prosesi:

3. Məhkəmə hazırlıq iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmələrinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş, İddiaçı vəkilinümayəndəsi “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsilə ərizə təqdim edərək, səhhəti ilə əlaqədar iclasda iştirak edə bilmədiyini qeyd edib, iclasın təxirə salınmasını məhkəmədən xahiş etmiş, cavabdehin nümayəndəsi isə gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

4. Məhkəmə iddiaçının vəkili-nümayəndəsinin ərizəsini nəzərdən keçirib, tərəflərin əvvəlki məhkəmə iclasında verdikləri izahatı mülki işin materialları ilə birgə araşdıraraq hesab edir ki, hazırkı mülki iş aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir.

Əsaslandırıcı hissə: a) Mülki işin materialları:

5. X3 tərəfindən Cavabdeh ASC-yə ünvanlanmış “hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyəti ilə məşğul olan fiziki şəxslər üzrə” adlı xx.xx.2023-cü il tarixli müraciət ərizəsindən görünür ki, VÖEN yerində ********** qeyd edilmiş, müraciət edən 36 ay müddətinə illik 22 % ödəmək şərtilə 25.000 manat məbləğində fərdi mikro kreditin ona verilməsini xahiş etmiş, təminat qrafasında İddiaçı və X1 qeyd edilmişdir.

6. xx.xx.2022-ci il tarixli, **********07122022 saylı bank xidmətlərinin göstərilməsi haqqında ümumi müqaviləyə kreditləşmənin xüsusi şərtlərinə dair KBTK5559553B241 saylı xx.xx.2023-cü il tarixli əlavədən görünür ki, verilmiş kreditin məqsədli təyinatı fərdi mikro kredit olmuş, İddiaçı və X1 isə zamin kimi qeydə alınmış, müqavilənin sonunda borcalanın VÖEN-i qeyd olunmuşdur.

7. xx.xx.2023-cü il tarixli, KBTK559553B241 nömrəli kredit müaviləsinə əlavə ödəniş qrafikinin başlığında Cavabdeh ASC-nin Mikro Biznes Departamenti qeyd edilmişdir.

8. xx.xx.2023-cü il tarixli, ZM-KBTK559553B241 nömrəli zaminlik müqaviləsindən görünür ki, zamin İddiaçı borcalanın (X3) bank qarşısında yaranmış, bu müqavilənin 1.2-ci bəndində göstərilən öhdəliyini tamamilə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür, bank qarşısında borcalanla birgə qaydada məsuliyyət daşıyır. Zaminliklə təmin edilən öhdəlik xx.xx.2022-ci il tarixli, **********07122022 saylı bank xidmətlərinin göstərilməsi haqqında ümumi müqaviləyə kreditləşmənin xüsusi şərtlərinə dair KBTK5559553B241 saylı xx.xx.2023-cü il tarixli əlavə üzrə kreditin qaytarılması və digər borcların ödənilməsidir.

9. İş materiallarına iddiaçıya məxsus əmək haqqı kart, debet kart və VÖEN üzrə hesablardan çıxarışlar, maliyyə arayışı da əlavə edilmişdir.

10. “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən görünür ki, İddiaçı (VÖEN: **********; VÖEN statusu: fəaliyyətini müvəqqəti dayandırmış) xx.xx.2021-ci ildə Azərbaycan Respublikası Vergilər Nazirliyində vergi ödəyicisi kimi qeydiyyata alınmışdır.

b) Məhkəmə tərəfindən müəyyən edilən hallar və məhkəmənin mövqeyi:

11. Beləliklə, məhkəmə araşdırmaları zamanı müəyyən edildi ki, İddiaçı (VÖEN: **********) və Cavabdeh ASC müvafiq qaydada dövlət qeydiyyatına alınmış vergi ödəyiciləridir. Belə ki, iddiaçı fərdi sahibkar statusuna malik olan fiziki şəxs, cavabdeh kommersiya hüquqi şəxsidir. Deməli, hazırki mübahisənin subyektiv tərkibi olan iddiaçı və cavabdeh sahibkarlıq fəaliyyəti subyektləridir.

12. Tərəflər arasında olan hüquq münasibətlərinin xarakteri və mübahisənin predmeti ilə bağlı isə qeyd edilməlidir ki, tərəflərin əvvəlki məhkəmə iclasında verdikləri izahat və iş materiallarında olan sənədlər əsasında müəyyən edilir ki, hazırkı mübahisənin yaranmasına əsas iddiaçı ilə cavabdeh bank arasında bağlanmış zaminlik müqaviləsidir. Belə ki, iddiaçı hazırkı iddia ərizəsi ilə VÖEN üzrə hesabından və digər hesablarından akseptsiz qaydada tutulmanın qanunsuz olmasını mübahisələndirərək, bunun nəticəsində ona vurulmuş zərəri cavabdehdən tələb edir. İş materialları araşdırılarkən müəyyən edilir ki, özü fərdi sahibkar olan iddiaçı həmin zaminlik müqaviləsini məhz digər bir fərdi sahibkarla cavabdeh bank arasında bağlanmış biznes krediti müqaviləsinin təminatı qismində bağlamışdır. İddia ərizəsindən və əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçının VÖEN üzrə hesabından və digər hesablarından aparılan tutulmalar mübahisələndirilir. Belə olan halda tərəflərin subyektiv tərkibini, onlar arasında olan münasibətlərin yaranma əsasının kommersiya münasibətləri olmasını və mübahisənin predmetinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını nəzərə alan məhkəmə hesab edir ki, hazırkı işə Nəsimi Rayon Məhkəməsində deyil, aidiyyəti kommersiya məhkəməsində baxılmalıdır.

c) Tətbiq edilən hüquq və gəlinən nəticə:

13. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 1. Azərbaycan Respublikasının məhkəmələrində mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının qaydası Azərbaycan Respublikasının Konstitusiyası, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanunu, bu Məcəllə, digər qanunlar, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilərlə müəyyən edilir. Maddənin qeyd hissəsinə əsasən bu Məcəllədə kommersiya mübahisələri dedikdə sahibkarlıq fəaliyyətinin keçirilməsi ilə əlaqədar olan mübahisələr başa düşülür. Maddə 24.2. Mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Maddə 26. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Kommersiya məhkəmələri bu Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə (Bankın öhdəliklərinin könüllü restrukturizasiyası haqqında işlər üzrə icraat), habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. Maddə 31.1. Aidiyyət qaydalarının pozulmasına yol verilmir. Maddə 32.3-32.4, 32.7. Hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər. Aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır. Bir məhkəmədən digərinə göndərilən iş onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında məhkəmə aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda iş onu baxmağa qəbul etmiş məhkəmənin əsaslandırılmış qərardadı ilə kassasiya instansiyası məhkəməsinə göndərilir və aidiyyət məsələsi həmin məhkəmə tərəfindən həll edilir.

14. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli, 10 №-li Qərarı: 11-ci bənd. MPM-in 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir; 12-ci bənd. Bu baxımdan məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır. 13-cü bənd. Əsas tələb (yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi mübahisələrə müqavilə münasibətlərindən yaranan tələblər aiddir. İş üzrə ən azı iki qarşı tərəfin sahibkarlıq fəaliyyətinin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdiyi zaman yarana bilən mübahisələrə əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi, habelə deliktdən irəli gələn tələblər aiddir. Tərəflərin bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən meydana gələn mübahisələrə isə kommersiya hüquqi şəxsi ilə bağlı korporativ mübahisələr aiddir. 14-cü bənd. Əşya hüquqi münasibətlərdən və deliktdən irəli gələn mübahisələrdə mütləq şərt kimi mübahisənin hər iki tərəfin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasına diqqət yetirilməlidir. Hər iki tərəfin kommersiya hüquqi şəxs olduğu halda, onların sahibkarlıq fəaliyyətindən kənar fəaliyyətinin olmaması baxımından bu kateqoriya işlərə kommersiya məhkəmələrində baxılması şübhə doğurmasa da, digər subyektlərə münasibətdə mübahisənin hər iki tərəfin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə diqqət yetirilməlidir. Belə ki, tərəflərdən birinin fərdi sahibkar statusuna malik olmasından asılı olmayaraq mübahisə həmin şəxsin sahibklarlıq fəaliyyətindən irəli gəlmirsə, işə aidiyyəti üzrə ümumi məhkəmədə baxılacaqdır. 15-ci bənd. Kommersiya mübahisələrinin subyektlərinin, habelə baxış predmetinin mümkün dairəsi də məhz mübahisə üzrə hüquq münasibətinin xarakterinin sahibkarlıq fəaliyyəti ilə bağlı olmasına dair bu Qərarın 13-cü bəndində əks olunmuş yanaşma baxımından müəyyənləşdirilməlidir. 20-ci bənd. Məhkəmə aidiyyətinin müəyyənləşdirilməsində tərəflərin subyekt tərkibi ilə bağlı meyarın qiymətləndirilməsi baxımından məhkəmələr nəzərə almalıdır ki, mübahisənin xarakteri ilə bağlı müəyyən halların (bu Qərarın 13-cü bəndi) mövcudluğu şərti ilə kommersiya məhkəmələrinin baxış predmetini təşkil edən işlər üzrə tərəflər qismində mülki hüquqi mübahisənin bütün mümkün subyektləri (hüquqi şəxslər, fərdi sahibkarlar, dövlət orqanları, bələdiyyələr, fərdi sahibkar statusuna malik olmayan fiziki şəxslər) iştirak edə bilərlər. 28-ci bənd. Fərdi sahibkar kimi müvafiq vergi orqanında uçota alınmış fiziki şəxsin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada öz fəaliyyətini müvəqqəti dayandırması, yəni həmin şəxsin VÖEN-nin (vergi ödəyicisinin eyniləşdirmə nömrəsinin) aktiv olmaması onu fərdi sahibkar statusu olmayan şəxs kimi qiymətləndirməyə əsas vermir. Fərdi sahibkar kimi müvafiq vergi orqanında uçota alınmış fiziki şəxs yalnız Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 34.7.3-cü maddəsində nəzərdə tutulmuş əsaslar üzrə belə uçotdan çıxarıldığı halda fərdi sahibkar statusunu itirmiş hesab edilir. Həmçinin nəzərə alınmalıdır ki, fiziki şəxsin fərdi sahibkar kimi vergi orqanında uçota alınarkən göstərilən konkret fəaliyyət istiqamət (lər)i ilə deyil, qanunla qadağan edilməyən sahibkarlıq fəaliyyətinin başqa növü ilə məşğul olması işin kommersiya məhkəməsinə aidiyyətini dəyişdirmir.

15. Beləliklə, hazırki iş üzrə həm mübahisənin subyekt tərkibinin (tərəflər), həm onlar arasında olan münasibətlərin, həm də predmetin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması məhkəmə tərəfindən müəyyən edildiyindən məhkəmə hesab edir ki, hazırkı mübahisəyə aidiyyəti kommersiya məhkəməsində baxılmalıdır.

16. Məhkəmə göstərilənlərə əsasən belə qənaətə gəlir ki, İddiaçı Cavabdeh ASC-yə qarşı “zərərin ödənilməsi və s.” tələbinə dair mülki iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir.

Nəticə:

17. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 31- 32 və 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İddiaçı Cavabdeh ASC-yə qarşı “zərərin ödənilməsi və s.” tələbinə dair mülki iş aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) şikayət verilə bilər.

Hakim: Günay Abidova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar