Məhkəmə qərarları › İş №e-2(006)-1946/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-1946/2023

19.06.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-1946/2023 19.06.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasov Nail İbad oğlunun sədrliyi, Tağıyev Emil Ağaveys oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı MMC-nin (K@TV1) cavabdeh Əliyeva (Qədirova) Şəbnəm Famin qızına qarşı ziyanın ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı MMC-nin (K@TV1) cavabdeh Əliyeva (Qədirova) Şəbnəm Famin qızına qarşı ziyanın ödənilməsi tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Fanin qızından “K@TV1” əmtəə nişanı ilə fəaliyyət göstərən İddiaçı MMC-nin kabel şəbəkəsinə müvafiq müqavilə bağlamadan qanunsuz olaraq qoşulma nəticəsində 25 manat 50 qəpik məbləğində vurulmuş zərərin, hüquqi xidmətlərin göstərilməsi və qrafik üzrə keçirilən nəzarət baxışı zamanı binaların yoxlanılması üçün 100 manat, iddia ərizəsi verilərkən ödənilmiş 30 manat dövlət rüsumunun və 40 qəpik bank xidməti haqqının, ümumilikdə 155 manat 90 qəpik məbləğində pulun İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “K@TV1” əmtəə nişanı ilə fəaliyyət göstərən İddiaçı Bakı şəhərində kabel şəbəkəsinin qurulması və əhaliyə kabel televiziyası xidmətləri göstərilməsi məqsədi ilə “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq Milli Televiziya və Radio Şurasından 22 avqust 2005-ci il tarixli, TR 057 saylı və 22 avqust 2011-ci il tarixli, TR 066 saylı teleradio yayımı üçün lisenziyalar almışdır. Bu məqsədlə İddiaçı MMC kabel şəbəkəsini qurmaqla kabel televiziyasının yayımlanması üçün müqavilə əsasında yaşayış və qeyri-yaşayış sahələrinə kabel xəttləri çəkir. Lakin, bir çox vətəndaşlar İddiaçı MMC ilə müqavilə bağlamadan qanunsuz olaraq şirkətin kabel şəbəkəsinə qoşulurlar. Bu qanunsuzluqların qarşısının alınması məqsədi ilə İddiaçı MMC ilə “Ədalət-A” hüquq firması arasında xx.xx.2008-ci il, xx.xx.2011-ci il, xx.xx.2014-cü il, xx.xx.2015-ci il, xx.xx.2018-ci il və xx.xx.2019-cu il tarixlərdə hüquqi xidmətlərin göstərilməsinə dair müqavilələr imzalanmışdır. DİN BPQMİ-nin MAPS şöbəsinin arayışına əsasən cavabdeh ünvan 1 ünvanda qeydiyyatdadır. 70 saylı MKİS tərəfindən verilmiş arayışa əsasən ünvan 2 ünvanda yerləşən yaşayış sahəsi cavabdehə məxsus olmuşdur. Belə ki, xx.xx.2007-ci il tarixdə həmin ünvanda yaşayan Əliyev Araz ilə İddiaçı MMC arasında bağlanmış müqaviləyə əsasən mənzil “K@TV1” xidmətlərinin göstərilməsi üçün Kabel Televiziyasının şəbəkəsinə qoşulmuş, son ödəməsini xx.xx.2014cü il tarixinədək etmiş və həmin ünvan xx.xx.2014-cü il tarixində 14 manat 40 qəpik borc ilə olaraq şəbəkədən ayrılmışdır. xx.xx.2014-cü il tarixdə “Ədalət-A” hüquq firmasının və “K@TV1” kabel televiziyasının əməkdaşları Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin mütəxəssisinin iştirakı ilə sözügedən ünvanda kabel şəbəkəsinə baxış keçirən zaman, həmin mənzilin kabel şəbəkəsinə qanunsuz qoşulması faktı aşkar edilmiş, bu barədə 0910 N saylı akt tərtib olunmuş və qanunsuz qoşulmuş kabel şəbəkədən ayrılmışdır. Beləliklə də, yuxarıda qeyd olunmuş qanunsuz qoşulma nəticəsində İddiaçı MMC-yə maddi ziyan vurulmuşdur. Belə ki, kabel televiziyasının xidmətlərindən istifadə üçün aylıq abunə haqqı 31 avqust 2015-ci il tarixədək 9 manat, 01 sentyabr 2015-ci il tarixdən isə 10 manat təşkil edir. Eyni zamanda, qanun pozuntusu vətəndaşın iradəsindən asılı olmayaraq aşkar edilmişdir. Yəni kabel şəbəkəsinə baxış keşirilməsə idi, cavabdeh bu xidmətlərdən qanunsuz olaraq istifadə etməkdə davam edəcəkdi. Sözügedən ünvanın kabel televiziyası şəbəkəsindən ayrıldığı xx.xx.2014-cü il tarixdən qanunsuz qoşulma barədə aktın tərtib olunduğu xx.xx.2014-cü il tarixə qədər olan müddət 85 gün təşkil edir. Bu isə həmin dövrdə hər gün üçün 30 qəpik maddi ziyan hesablamaq şərtilə müvafiq müqavilə bağlamadan kabel şəbəkəsinə qanunsuz olaraq qoşulma nəticəsində iddiaçıya vurulmuş zərər 25 manat 50 qəpik təşkil edir. Bundan əlavə, İddiaçı MMC “Ədalət-A” hüquq firması ilə bağlanmış hüquqi xidmətlərin göstərilməsinə dair müqavilənin 4.1-ci bəndinə əsasən hüquqi xidmətlərin göstərilməsi və qrafik üzrə keçirilən nəzarət baxışı zamanı binaların yoxlanılması üçün 100 manat pul ödəyir. Dəymiş zərərin əvəzinin könüllü ödənilməsi üçün cavabdehə pretenziya məktubu göndərilmiş, lakin bu günədək cavabdeh tərəfindən dəymiş zərərin əvəzi ödənilməmişdir. İddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməklə iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini etiraf etməyərək onun təmin olunmamasını xahiş etdi. İzahatında bildirdi ki, ailə tərkibi 4 nəfərdən ibarətdir. Aktda qeyd olunan oğlanı tanımır, onun 2009-cu il təvəllüdlü oğlu vardır. Akt tərtib edilən zaman isə onun 5 yaşı olmuşdur. İndiyənədək kabel televiziyasına qanunsuz olaraq qoşulmamışdır. Qanunsuz qoşulma olduğu halda belə bununla bağlı onlara öncədən məlumat verilməli idi. Məhkəmə cavabdehin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan İddiaçı MMC tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixdə tərtib edilmiş arayışdan görünür ki, İddiaçı MMC ilə ünvan 3 ünvanda yaşayan Araz Əliyev arasında bağlanmış KATV1 kabel televiziyası xidmətlərinin göstərilməsinə dair müqaviləyə əsasən xx.xx.2007-ci il tarixində bu ünvan KATV1 kabel televiziyasının şəbəkəsinə qoşulmuşdur. xx.xx.2014-cü il tarixinədək isə son ödəməsini etmişdir. xx.xx.2014-cü il tarixində 14 manat 40 qəpik borc ilə şəbəkədən ayrılmışdır. İş materiallarında olan 70 saylı MKİS tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş arayışdan görünür ki, X1 rayonu, M.Cəlal küçəsi, 56 saylı evin, 58 saylı mənzilinin mülkiyyətçisidir. İş materiallarında olan xx.xx.2014-cü il tarixdə tərtib edilmiş İddiaçı MMC-nin “KATV1” kabel şəbəkəsinə qanunsuz qoşulmanın aşkar edilməsi haqqında Akt №0910dan görünür ki, “Ədalət-A” hüquq firmasının əməkdaşı X4, “KATV1” kabel televiziyasının əməkdaşı X2, RİTN-nin mütəxəssisi X14 rayonu, Mir Cəlal küçəsi ev 56, mənzil 58 ünvanda qanunsuz qoşulma aşkar etmişlər. Bununla əlaqədar aktın tərtib olunmasında mənzil sakininin iştirakını təmin etmək məqsədi ilə həmin mənzilin qapısını döyərkən qapını bir oğlan açmaqla onlara baxış keçirilməsinə icazə vermişdir. Baxış zamanı qanunsuz kabelə rast gəlinmişdir. Həmin kabel konnektor vasitəsi ilə qoşulmaqla üzərində söndürmə qeyd nişanı olmuşdur. Kabel qutudan sağ istiqamətdə pəncərədən çıxarılmaqla eyvan vasitəsi ilə mənzilə daxil edilmişdir. Aktın nüsxəsi oğlana təqdim edilsə də, onun qəbulundan imtina edildiyindən qapıya qoyulmuşdur. İş materiallarında olan xx.xx.2023-cü il tarixdə ASAN1 tərəfindən verilmiş yaşayış yeri üzrə qeydiyyat haqqına arayışdan görünür ki, ünvan 5 ünvanda xx.xx.1988-ci il təvəllüdlü X8, xx.xx.2016-cı il təvəllüdlü X12, xx.xx.2009-cu il təvəllüdlü X5, xx.xx.1984-cü il təvəllüdlü Cavabdeh qeydiyyatdadır. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, İddiaçı MMC iddia tələbi kimi müvafiq müqavilə bağlamadan kabel şəbəkəsinə qanunsuz olaraq qoşulma nəticəsində Cavabdeh vurulmuş zərər qismində 25 manat 50 qəpik tələb etsə də, bunun əsası kimi çıxış edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Halbuki, Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmçinin, məhkəmə, iş materiallarına əlavə edilmiş və məhkəmə tərəfindən tədqiq edilmiş xx.xx.2014-cü il tarixli 0910 nömrəli akt, arayış və digər sübutlara ayrı-ayrılıqda və məcmu halda qiymət verərək hesab edir ki, həmin sənədlər, kabel şəbəkəsinə qanunsuz qoşulmanın həyata keçirilməsi və ziyanın həqiqətən də Cavabdeh tərəfindən vurulması barədə hər hansı bir faktı özündə ehtiva etmədiyindən belə sübutlar iddia tələbinin təmini üçün yetərli sayıla bilməz. İddiaçı tələbinin hüquqi əsasını Azərbaycan respublikasının Mülki Məcəlləsinin 1096.1-ci, 1096.2-ci və 1097.1-ci maddələrinin təşkil etməsini göstərmişdir. Qeyd olunan maddələr Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə “Mülki hüquq pozuntuları (deliktlər) anlayışı” və “Mülki hüquq pozuntuları üçün məsuliyyətin əsasları”-nı ehtiva edir. Qeyd olunan əsaslara münasibətdə məhkəmə qeyd edir ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2022-ci il tarixli qərarında göstərilmişdir ki, Mülki Məcəllənin 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Delikt öhdəliyi qanundan əmələ gəlməsi, həm əmlak, həm də şəxsi qeyri-əmlak münasibətləri sahəsində tətbiq edilməsi, zərərçəkənə vurulmuş zərərin əvəzinin tam həcmdə ödənilməsi və s. xüsusiyyətlər ilə səciyyələnir. Mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün aşağıdakı şərtlərin mövcud olması tələb olunur: - törədilmiş əməlin hüquqa zidd olması – ilk növbədə hüquqa zidd bir əməl (hərəkət və ya hərəkətsizlik) olmalı, hüquq qaydasının pozulması halı baş verməlidir; - əməlin təqsirli olaraq törədilməsi – təqsir subyektiv anlayış olmaqla hüquq pozuntusu törədən şəxsin həmin əməli törədərkən iradəsində nöqsanın olmasını ehtiva edir; - törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə zərər vurulması – qanunla qorunan mənafeyə, dəyərə zərər yetirilmiş olmalıdır; - zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin olması – zərər məhz törədilmiş hüquqa zidd əməl nəticəsində əmələ gəlmiş olmalıdır. Məhkəmə təqdim edilmiş sənədlərin təhlili nəticəsində belə qənaətə gəlmək olar ki, qanunsuz qoşulma araşdırılarkən, akt tərtib edilən zaman hüquq pozuntusu törədən şəxs müəyyən edilməmişdir. Belə ki, cavabdeh məhkəmə iclasında verdiyi izahatında bildiməklə, o cümlədən Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi “Yaşayış yeri üzrə qeydiyyat haqqında” ******* №-li arayışını təqdim etməklə onun ailə tərkibinin 4 nəfərdən ibarət olmasını, onlardan birinin oğlu xx.xx.2009-cu il təvəllüdlü X3 olması, digərinin əri X8 olmasını göstərmişdir. Akt-da göstərilən 26 may 2014-cü il tarixdə isə bir oğlanın qapını açması qeyd olunmuşdur. Həmin şəxsin cavabdehin 5 yaşlı uşağının azyaşlı olmasına görə istisna etməklə, əri tərəfindən qapının açılması aktda sübut edilmir. Məhkəmə iddia tələbinin qalan hissəsinə münasibətdə qeyd edir ki, əsas tələb kimi vurulmuş ziyan hissəsində iddia təmin edilmədiyindən, “hüquqi xidmətlərin göstərilməsi və qrafik üzrə keçirilən nəzarət baxışı zamanı binaların yoxlanılması üçün 100 manat cavabdehdən tutulması” tələbinə dair hissədə də iddia tələbi təmin edilməməlidir. Beləliklə, məhkəmə iş üzrə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia ərizəsinin məhkəmə təqdim edilməsi ilə əlaqədar iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumuna münasibətdə məhkəmə hesab edir ki, iddia tələbi rədd edildiyindən ödənilmiş 30 manat dövlət rüsumu və 0.4 manat xidmət haqqı iddiaçıya aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı MMC-nin (K@TV1) cavabdeh Əliyeva (Qədirova) Şəbnəm Famin qızına qarşı ziyanın ödənilməsi tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Nail Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar