Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-195/2022 19.04.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, Əliyeva Günay Alim qızının katibliyi ilə İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "kredit borcunun qaytarılması" tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Ləğv prosesində olan İddiaçı ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "kredit borcunun qaytarılması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cəmi 13874,60 (on üç min səkkiz yüz yetmiş dörd manat altmış qəpik) manat – bundan 3603,16 (üç min altı yüz sıfır üç manat on altı qəpik) manat əsas, 4637,38 (dörd min altı yüz otuz yeddi manat otuz səkkiz qəpik) manat faiz, 5245,56 manat cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum Qərarına əsasən hesablanmış 388,50 (üç yüz səksən səkkiz manat əlli qəpik) manat faiz borcu və iş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq, ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış 05 dekabr 2014-cü il tarixli, 4711NF saylı kredit müqaviləsinə əsasən cavabdehə 48 (qırx səkkiz) ay müddətinə, illik 24 (iyirmi dörd) faiz dərəcəsi ilə 5000 (beş min) manat məbləğində şəxsi məqsədlər üçün kredit verilmişdir. Kredit verilərkən bank ilə Cavabdeh1 arasında 05 dekabr 2014-cü il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən zamin durmuş şəxs kredit borcunun vaxtında ödənilməsi üçün Bank qarşısında borcalanla birlikdə cavabdehlik daşıyır. Kredit müqaviləsinin 1-ci bəndinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə Bankın hüququ vardır. Borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə şifahi müraciət olunmasına, habelə NF№ 2641 saylı 28.09.2016-cı il tarixli və NF№2642 saylı 28.09.2016-cı il tarixli bildirişlər göndərilməsinə baxmayaraq, cavabdehlər borcun ödənilməsi üçün heç bir tədbir görməmişlər. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə öhdəlikləri yerinə yetirməmişlər. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından da göründüyü kimi cavabdehlər tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdehlər onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydılar, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi.Cavabdehlərin kredit müqaviləsi üzrə cəmi borcu 13874,60 (on üç min səkkiz yüz yetmiş dörd manat altmış qəpik) manat – bundan 3603,16 (üç min altı yüz sıfır üç manat on altı qəpik) manat əsas, 4637,38 (dörd min altı yüz otuz yeddi manat otuz səkkiz qəpik) manat faiz, 5245,56 (beş min iki yüz qırx beş manat əlli altı qəpik) cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum Qərarına əsasən hesablanmış 388,50 (üç yüz səksən səkkiz manat əlli qəpik) manat faiz borcu təşkil edir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin nümayəndəsi məhkəməyə gəlməmiş, iddiaçının nümayəndəsi “Elektron Məhkəmə İnformasiya Sistemi” vasitəsi ilə ərizə təqdim edərək, məhkəmə iclasında üzrlü səbəbdən iştirak edə bilmədiyini, işə iştirakı olmadan baxılmasını və iddia tələbinə uyğun qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq cavabdehlər Cavabdeh2 və Cavabdeh1 məhkəməyə gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə cavabdehlərin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin ərizəsini nəzərdən keçirib, iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan 05 dekabr 2014-cü il tarixli, 4711NF saylı kredit müqaviləsindən görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh2 48 (qırx səkkiz) ay müddətinə, illik 24 (iyirmi dörd) faiz dərəcəsi ilə 5000 (beş min) manat məbləğində şəxsi məqsədlər üçün kredit verilmişdir. Mülki işin materiallarında olan 05 dekabr 2014-cü il tarixli zaminlik müqaviləsindən görünür ki, bu müqavilə üzrə zamin Cavabdeh1 oğlu 05 dekabr 2014-cü il tarixli, 4711NF saylı kredit müqaviləsi üzrə Cavabdeh2 ilə eyni həcmdə məsuliyyət daşımağı üzərinə götürmüşdür. Mülki işin materiallarında olan 19.02.2021-ci il tarixli arayışdan görünür ki, Cavabdeh2 05 dekabr 2014-cü il tarixli, 4711NF saylı kredit müqaviləsinə əsasən 02.02.2021-ci il tarixinə İddiaçı ASC-yə 3603,16 (üç min altı yüz sıfır üç manat on altı qəpik) manat əsas,4637,38 (dörd min altı yüz otuz yeddi manat otuz səkkiz qəpik) manat faiz, 5245,56 (beş min iki yüz qırx beş manat əlli altı qəpik) cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum Qərarına əsasən hesablanmış 388,50 (üç yüz səksən səkkiz manat əlli qəpik) manat faiz borcu, cəmi 13874,60 (on üç min səkkiz yüz yetmiş dörd manat altmış qəpik) manat borcu mövcuddur. Mülki işin materiallarında olan İddiaçı ASC tərəfindən cavabdehlərə ünvanlanmış bildirişlərdən görünür ki, Cavabdeh2 və Cavabdeh1 kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi ilə bağlı xəbərdarlıq edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-3521/2021 saylı 18.05.2021-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə tapşırılmışdır. Mülki işin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/7312 saylı 01 mart 2022-ci il tarixli ekspert rəyindən müəyyən edilir ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, “Borcalan” Cavabdeh2 tərəfindən 05 dekabr 2014-cü il tarixli, 4711NF saylı kredit müqaviləsinə əsasən İddiaçı ASC-dən alınmış kredit vəsaiti üzrə 05.12.2018-ci il tarixə (müqavilə müddətinin qüvvədə olduğu tarixədək) banka ödənilməli olan borcu aşağıdakı kimi müəyyən olunur, əsas borc üzrə 4936,99 manat, faiz borcu üzrə 4633,95 manat. Ekspert qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin şərh edilməsinə dair” 24.12.2014cü il tarixli Qərarında göstərilir ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirmiş vaxt üçün illik 5 (beş) faiz ödənilməsini tələb etmək hüququna malikdir. Təhqiqat zamanı müəyyən edilmişdir ki, Cavabdeh2 tərəfindən 05.12.2018-ci il tarixdən 02.02.2021-ci il tarixədək (maliyyə arayışında göstərilən tarixədək) olan dövrdə ümumilikdə 1.333,83 manat məbləğində ödəniş aparılmışdır ki, həmin ödəniş əsas borcdan silinir. Belə olan halda Cavabdeh2 ilə İddiaçı ASC arasında bağlanmış 05 dekabr 2014-cü il tarixli, 4711NF saylı kredit müqaviləsi üzrə 05.12.2018-ci il tarixdən 02.02.2021-ci il tarixədək (maliyyə arayışında göstərilən tarixədək) kredit borcu üzrə illik 5 (beş) faiz dərəcəsi ilə hesablanmış faiz borcu nəzərə alınmaqla Cavabdeh2 İddiaçı ASC-yə olan borcu 8.650,77 manat məbləğində müəyyən olunur, o cümlədən: əsas borc üzrə 3603,16 manat, faiz borcu üzrə 4,633,95 manat (ekspertiza tədqiqatının dəyəri 145 manatdır). Məhkəmə baxışı ilə məlum olmuşdur ki, İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış 05 dekabr 2014-cü il tarixli, 4711NF saylı kredit müqaviləsinə əsasən Cavabdeh2 48 ay müddətinə, illik faiz dərəcəsi 24% ödənilmək şərti ilə 5000 (beş min) manat məbləğində kredit verilmişdir. Verilmiş kreditin təminatı olaraq digər borclu Cavabdeh1 ilə bağlanmış 05 dekabr 2014-cü zaminlik müqaviləsinə əsasən zamin Cavabdeh2 bank qarşısında öhdəliklərini tamamilə icra etməsi üzrə məsuliyyəti öz üzərinə götürmüşdür. Bank, kredit müqaviləsi üzrə öhdəliyini icra edərək, 5000 manat məbləğində krediti Cavabdeh2 vermiş və tərəflər arasında ödəniş qrafiki razılaşdırılmışdır. Buna baxmayaraq cavabdehlər borcu qrafik üzrə qaytarmamış və öhdəliyin icrasını gecikdirmişlər. İddiaçı, borcun ödənilməsi, əks halda məhkəməyə müraciət ediləcəyi haqqında cavabdehlərə xəbərdarlıq etmişdir. Qeyd edilənlər işdə olan, 05 dekabr 2014-cü il tarixli, 4711NF saylı kredit müqaviləsi, 05 dekabr 2014-cü zaminlik müqaviləsi, kassa məxaric orderi, ödəniş cədvəli, maliyyə arayışı, ekspert rəyi ilə və digər sənədlərlə təsdiqlənir. Məhkəmə, tələbin hüquqi əsaslarını nəzərdən keçirərək hesab edir ki, iddiaçı Cavabdeh2 münasibətdə əsas və müqavilə müddəti bitdikdən sonra gecikdirilmiş vaxt üçün illik 5 faiz borcunun tam, faiz və cərimə borcunun isə qismən tutulmasını tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ-ci bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Mülki Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Mülki Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır Mülki Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Mülki Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Məhkəmə qeyd edir ki, mülki qanunvericiliyin normaları baxımından Cavabdeh2 hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, cavabdeh kredit müqaviləsi ilə götürdüyü öhdəlikləri vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməyərək, bununla da müqavilələrin şərtlərini pozmuşdur. Buna görə də o, onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşımalı, kredit müqaviləsi üzrə yaranmış borcu iddiaçıya ödəməlidir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, borcun hesablanması ilə bağlı suallara aydınlıq gətirilməsi üçün məhkəmə tərəfindən müvafiq ekspertiza təyin edilmiş və ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmiş və Mərkəz tərəfindən müvafiq rəy verilmişdir. Məhkəmə-mühasibatlıq ekspertizasının ekspert rəyinə əsasən, İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış 05 dekabr 2014-cü il tarixli, 4711NF saylı kredit müqaviləsi üzrə 05.12.2018-ci il tarixə (müqavilə müddətinin qüvvədə olduğu tarixədək) banka ödənilməli olan borcu aşağıdakı kimi müəyyən olunur, əsas borc üzrə 3603,16 manat, faiz borcu üzrə 4633,95 manat. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq iddiaçı cavabdehlərdən gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bundan başqa, məhkəmə hesab edir ki, dəbbə pulunun tutulması hissəsində dəbbə pulunun məbləği azaldılmalıdır. Mülki Məcəllənin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Qanunun mənasına görə dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən və öhdəliyin icrasının təmin edilməsi üsulu kimi öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyinə görə borclunun kreditora cərimə və ya penya formasında ödəməli olduğu pul məbləğidir. Dəbbə pulunun hüquqi təyinatı əsas öhdəliyin müqavilənin şərtlərinə və qanunvericiliyin tələblərinə müvafiq olaraq lazımınca, vaxtında, tam həcmdə ödənilməsini təmin etməkdir. Dəbbə pulu mülki qanunvericiliyin prinsipləri olan mülki hüquq subyektlərinin bərabərliyi və müqavilə azadlığına uyğun, yəni tərəflər arasında sərbəst şəklində bağlanmış müqavilə ilə müəyyənləşdirilir. Bununla yanaşı Mülki Məcəllənin 467-ci maddəsi tərəflər arasında müəyyənləşdirilmiş dəbbə pulunun məhkəmə tərəfindən azaldılmasını nəzərdə tutmuşdur. Həmin normada istənilən dəbbə pulun deyil, yalnız tənasübsüz surətdə yüksək olan dəbbə pulun azaldılması göstərilmişdir. Qeyd olunan maddənin dispozitiv şərtlərinə görə məhkəmə işin hallarını və tənasüb müəyyənləşdirilərkən kreditorun əmlak və bütün əsaslı mənafelərini nəzərə almalıdır. Məhkəmə iddia tələbinin cərimənin ödənilməsi hissəsi ilə əlaqədar qeyd edir ki, 05 dekabr 2014-cü il tarixli, 4711NF saylı kredit müqaviləsi üzrə 5245,56 manat cərimənin miqdarı tənasübsüz sürətdə yüksək kimi qiymətləndirilməli və həmin məbləğ 180 manat məbləğinədək azaldılmalıdır. Mülki Məcəllənin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Bundan əlavə qeyd edilməsi zəruridir ki, Mülki Məcəllənin 477.0.4-cü maddəsinə əsasən zaminliyə zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Məhkəmə İddiaçı ASC ilə Cavabdeh1 oğlu arasında bağlanmış 05 dekabr 2014-cü il tarixli zaminlik müqaviləsinə münasibətdə bildirir ki, bu müqavilənin 3.1-ci bəndində qeyd edilən ““Bu müqavilə “Borclu”nun 1.2-ci bəndində göstərilən müqavilə üzrə “Kreditor” qarşısında öz öhdəliklərini tam həcmdə icra edənədək qüvvədədir” ifadəsi zaminlik müqaviləsinə xitam verilmə müddətinin dəqiq müəyyən edilməsi kimi qəbul edilə bilməz. Belə ki, həmin müddəada öhdəliklərin tam icra olunması anı əvvəlcədən bəlli olmadığından zaminliyin verilməsinin konkret müddəti müəyyən edilməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 367-ci maddəsinə əsasən müddət mülki hüquq və vəzifələrin əmələ gəlməsinin, dəyişdirilməsinin və xitamının bağlı olduğu vaxtdır. Əqdlə müəyyənləşdirilən və ya məhkəmə tərəfindən təyin edilən müddət təqvim tarixi ilə və ya illər, aylar, həftələr, günlər və ya saatlar ilə hesablanan vaxtın bitməsi ilə müəyyənləşdirilir. Müddət həmçinin hökmən baş verməli olan hadisənin göstərilməsi ilə müəyyənləşdirilə bilər. Odur ki, məhkəmə hesab edir ki, hazırki iddia üzrə tərəflər arasında bağlanılmış 05 dekabr 2014-cü il tarixli müqavilə üzrə zaminlik konkret müddət təyin edilmədən verilmişdir. Bu səbəbdən Mülki Məcəlləsinin 477.0.4-cü maddəsinə istinad edərək, zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürməməsinə görə xitam edilir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, tərəflər arasında bağlanmış 05 dekabr 2014-cü il tarixli, 4711NF saylı kredit müqaviləsində tərəflər razılaşdırmışlar ki, borcalan aldığı krediti 48 ay müddətində, yəni 05 dekabr 2018-ci il tarixinə qədər qaytarmalıdır. Bu baxımdan məhkəmə hesab edir ki, iddiaçı təşkilat zaminə qarşı 05 dekabr 2019-cu il tarixədək iddia qaldırmaq hüququna malik olduğu halda, bu hüququndan istifadə etməmiş, əsas öhdəliyin icrası vaxtının çatdığı gündən sonrakı bir il müddətində ona qarşı heç bir tələb irəli sürməmişdir. Bilavasitə qanundan irəli gəldiyi, eləcə də zaminə qarşı tələbinin yaranmasının mühüm şərtlərindən biri kimi çıxış etdiyi üçün qanunla müəyyən edilmiş müddətlər ərzində kreditor tərəfindən zaminə qarşı tələb irəli sürülmədikdə, zaminlik müqaviləsinə xitam verilmiş hesab edilir. Nəzərə almaq lazımdır ki, zaminliyə müddətin keçməsi əsası ilə xitam verilməsinin mümkünlüyünü təsbit edən Mülki Məcəllənin 477.0.4cü maddəsi iddia müddəti deyildir, buna görə də, onun tətbiqi üçün tərəfin ərizəsi verməsi və ya müstəqil olaraq belə tələblə çıxış etməsi tələb olunmur və bu səbəbdən də zamin Cavabdeh1 münasibətdə iddia tələbi təmin edilməməlidir. Məhkəmə işin hallarını, yəni götürülən kreditlərin məbləğini, kreditlərin verilmə tarixini və müqavilələrin bitmə tarixlərini, həmçinin aparılmış ödənişləri nəzərə alır və əsas borc tələbi ilə bağlı bildirir ki, həm iddia tələbində, həm də ekspert rəyində əsas borc məbləğinin eyni, yəni 3603,16 manat olması, ekspert rəyində qeyd edilən 4633,95 manat faiz borcun isə iddiaçı tərəfindən tələb edilən 4637,38 manat əsas borcdan aşağı məbləğ olması müəyyən edilmişdir. Məhkəmə ekspert rəyində qeyd edilən faiz borcun iddiaçı tərəfindən tələb edilən faiz borcdan aşağı məbləğ olmasını nəzərə alıb hesab edir ki, cavabdehdən kredit müqaviləsinə əsasən ekspert rəyi ilə müəyyən edilmiş 4633,95 manat faiz borc tutulmalıdır. Həmçinin 3603,16 manat əsas borca görə hesablanmış 5245,56 manat cərimə (dəbbə pulu) tənasübsüz sürətdə yüksək məbləğdir. Odur ki, tərəflərin əmlak mənafeləri nəzərə alınmaqla, Cavabdeh2 05 dekabr 2014-cü il tarixli, 4711NF saylı kredit müqaviləsi üzrə 180 manat cərimə və müqavilə müddəti bitdikdən sonra gecikdirilmiş vaxt üçün 388,50 manat tutulmalıdır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh2 05 dekabr 2014-cü il tarixli, 4711NF saylı kredit müqaviləsindən irəli gələn öhdəliklərini vaxtında və lazımi qaydada icra etmədiyi üçün 3603,16 manat əsas borc, 4633,95 manat faiz borcu, 180 manat cərimə, müqavilə müddəti bitdikdən sonra gecikdirilmiş vaxt üçün 388,50 manat, cəmi 8805,61 manat pul vəsaiti iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə tutulmalıdır. iddia qalan hissədə təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə bağlı məhkəmə belə qənaətə gəlir ki, Mülki Prosessual Məcəllənin 119-cu maddəsinə əsasən, iş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun 19,20 manat hissəsi Cavabdeh2 alınaraq iddiaçıya ödənilməli, qalan 10,80 manat hissəsi isə iddiaçıya aid edilməlidir. Mülki Prosessual Məcəllənin 115.0.1-ci maddəsinə əsasən ekspertlərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir: Məhkəmə hesab edir ki, Cavabdeh2 iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 145 (yüz qırx beş) manat tutularaq dövlət büdcəsinə köçürülməlidir. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh2 05 dekabr 2014-cü il tarixli, 4711NF saylı kredit müqaviləsi üzrə 3603,16 manat əsas borc, 4633,95 manat faiz borcu, 180 manat cərimə, müqavilə müddəti bitdikdən sonra gecikdirilmiş vaxt üçün 388,50 manat, cəmi 8805,61 manat pul vəsaiti alınaraq iddiaçı ləğv prosesində olan İddiaçı ASC-yə ödənilsin. Ödənilmiş 30 manat dövlət rüsumunun 19,20 manat hissəsi Cavabdeh2 alınaraq iddiaçı ləğv prosesində olan İddiaçı ASC-yə ödənilsin, qalan 10,80 manat hissəsi isə iddiaçı ləğv prosesində olan İddiaçı ASC-yə aid edilsin. İddia qalan hissədə təmin edilməsin. Məhkəmə-mühasibatlıq ekspertiza tədqiqatının dəyəri olan 145 (yüz qırx beş) manat Cavabdeh2 tutularaq dövlət büdcəsinə köçürülsün. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Günay Abidova
Məhkəmə qərarları › İş №e-2(006)-195/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-195/2022
19.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver