Məhkəmə qərarları › İş №e-2(006)-1950/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-1950/2021

15.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-1950/2021 15.03.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi, məhkəmə iclasının katibi Əliyeva Salatın Müzəffər qızının katibliyi, iddiaçının nümayəndəsi Vəkil iştirakı ilə, iddiaçı Cavabdeh qarşı “borc” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: Kreditor borclu Cavabdeh qarşı məhkəməyə müraciət edərək, ilə Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli 163633-CNS-19653 saylı kredit müqaviləsi üzrə cavabdehdən 3872,04 manat məbləğində əsas borc, 661,33 manat məbləğində faiz borcu, 186,05 manat məbləğində cərimə borcu, ümumilikdə isə 4719,42 manat məbləğində pulun, 20 manat dövlət rüsumunun tutulması barədə məhkəmə əmrinin çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, e-2(006)-2040/2018 saylı əmri ilə b borclu Cavabdeh «Bank VTB (Azərbaycan)» ASC-nin xeyrinə 3872,04 manat məbləğində əsas borc, 661,33 manat məbləğində faiz borcu, 186,05 manat məbləğində cərimə borcu, ümumilikdə isə 4719,42 manat məbləğində pulun, 20 manat dövlət rüsumunun tutulması əmr edilmişdir. Borclu Cavabdeh həmin məhkəmə əmrinin ləğv edilməsi üçün etirazla məhkəməyə müraciət etmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, e-2(006)- 2040/2018 saylı qərardadı ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, e-2(006)-2040/2018 saylı məhkəmə əmrinin ləğv edilməsi, materialların iddia icraatına keçirilməsi qərara alınmışdır. İddiaçının nümayəndəsi iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: İddia qismən təmin edilməlidir. Belə ki, işin məhkəmə tərəfindən müəyyən edilən hallarından görünür ki, tərəflər arasında kredit müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Müqavilə isə öhdəliyin əmələ gəlmə əsaslarından biridir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. xx.xx.2021-ci il tarixli arayışından görünür ki, «Bank VTB (Azərbaycan)» ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 163633-CNS-19653 saylı müqavilə üzrə cavabdehin banka əsas borc üzrə 3822,04 manat, müqavilənin müddəti üçün hesablanmış və tələb olunan faizlər üzrə 661,33 manat, cərimə borcu üzrə 186,05 manat, ümumilikdə isə 4669,42 manat məbləğində borcu qalmışdır. Ödəniş qəbzindən (№544869492) görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 20 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə iş materiallarını araşdıraraq belə qənaətə gəlmişdir ki, xx.xx.2021-ci il tarixli arayışa əsasən onun banka əsas borc üzrə 3872,04 manat, müqavilənin müddəti üçün hesablanmış və tələb olunan faizlər üzrə 661,33 manat, cərimə borcu üzrə 186,05 manat, ümumilikdə isə 4719,42 manat məbləğində borcu yaranmışdır. İddiaçı tərəfindən 20 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Belə ki, cavabdeh müqavilə şərtlərinə əsasən ödənişləri vaxtında həyata keçirməməklə, MM-nin 425.1-ci maddəsinin tələblərini pozaraq, müqavilə üzrə öhdəliyini lazımınca icra etməmişdir. Yəni vicdanlılığın tələb etdiyi tərzdə - şərtləşdirilmiş vaxtda lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməyərək, öhdəliyi vaxtında icra etməmişdir (MM, maddə 442). Halbuki tərəflər müəyyən nəticələrə nail olmaq üçün öhdəlik hüquq münasibətlərinə daxil olurlar və öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (MM, maddə 385.1). Beləliklə, iddiaçı cavabdehdən kredit müqaviləsinin icrasını tələb etmək üzrə subyektiv hüquqa malikdir. Cavabdeh isə müqavilə üzrə üzərinə düşən öhdəliyi icra etməməklə, iddiaçının bu hüququnu pozmuşdur. Belə ki, kredit müqaviləsi üzrə borc verənin krediti verməsi borc alanın aldığı pul vəsaitini borc verənə qaytarmasını şərtləndirir. Cavabdeh öz müqavilə öhdəliyini icra etmədiyindən, MPM-nin 4.1-ci maddəsinə əsasən iddiaçının, qanunla qorunan hüququnun və marağının təmin edilməsi üçün məhkəmə müdafiəsindən istifadə etmək hüququ yaranmışdır. Eyni zamanda məhkəmə, iddia tələbinin dəbbə pulunun ödənilməsi hissəsi ilə əlaqədar hesab edir ki, dəbbə pulunun miqdarı tənasübsüz sürətdə yüksək kimi qiymətləndirilməli və həmin məbləğ 30 manat məbləğinədək azaldılmalıdır. Çünki 3822,04 manat əsas borc məbləğinə münasibətdə 30 manat məbləğində dəbbə pulu daha ədalətlidir. Belə ki, Mülki Məcəllənin 462.1-ci, 462.3-cü və 467-ci maddələrinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, əsas borc üzrə 3822,04 manat, faiz borcu üzrə 661,33 manat, cərimə borcu üzrə 30 manat və dövlət rüsumu kimi ödənilmiş 20 manatın 19 manatı, cəmi 4532,37 manat məbləğində pul Cavabdeh tutularaq ödənilməlidir. İddia digər hissədə rədd edilməlidir. Həmçinin 10 manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilməlidir. Mülki Prosessual Məcllənin (bundan sonra - MPM) 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Əsas borc üzrə 3822,04 manat, faiz borcu üzrə 661,33 manat, cərimə borcu üzrə 30 manat və dövlət rüsumu kimi ödənilmiş 20 manatın 19 manatı, cəmi 4532,37 manat məbləğində pul Cavabdeh tutularaq ödənilsin. 10 manat dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. İddia digər hissədə rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cəmilə Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar