Məhkəmə qərarları › İş №e-2(006)-1954/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-1954/2022

10.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Bank əmanəti və bank hesabatı müqavilələri üzrə mübahisələr - Banklarla müştərilər arasında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-1954/2022 10.10.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Natavan Tağı qızının sədrliyi, Quluzadə Sevil Zakir qızının katibliyi, İddiaçıların nümayəndəsi (vəkili) Vəkil və cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçılar İddiaçı1, İddiaçı2 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X2 cavabdeh Əmanətlərin Sığortalanması Fonduna qarşı “əmanət hesabına qoyulmuş pul vəsaitinin sığortalanmış hesab edilməsi və dəymiş maddi ziyanın kompensasiya edilməklə ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçılar İddiaçı1, İddiaçı2 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X3 cavabdeh Əmanətlərin Sığortalanması Fonduna qarşı “əmanət hesabına qoyulmuş pul vəsaitinin sığortalanmış hesab edilməsi və dəymiş maddi ziyanın kompensasiya edilməklə ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, İddiaçı2 ləğv prosesində olan "xxxx" KB-da 200.000 ABŞ dolları əmanət məbləği tam sığortalanmış əmanət hesab edilməklə cavabdeh Əmanətlərin Sığortalanması Fondu tərəfindən 200.000 ABŞ dollarının Azərbaycan manatı ekvivalentində pul məbləği maddi ziyan kimi kompensasiya olaraq İddiaçı2 ödənilməsi, İddiaçı1 ləğv prosesində olan "xxxx" KB-da olan 200.000 ABŞ dolları əmanət məbləği sığortalanmış əmanət hesab edilməklə cavabdeh Əmanətlərin Sığortalanması Fondu tərəfindən 200.000 ABŞ dollarının Azərbaycan manatı ekvivalentində pul məbləği maddi ziyan kimi kompensasiya olaraq İddiaçı1 ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh Ləğv prosesində olan "xxxx" KB ilə İddiaçı2 arsında bağlanmış 24 fevral 2016-cı il tarixli 429 saylı əmanət müqaviləsinə əsasən xx.xx.2017-ci il tarixədək 12 ay müddətinə illik 11 faiz hesabı ilə 200.000 (iki yüz min) ABŞ dolları həcmində əmanət "xxxx" KB ASC-nin ******************** saylı hesabına qəbul edilmişdir. Müqavilənin 2.4-cü bəndinə əsasən əmanət üzrə faizlər hər ay hesablanır və Əmanətçinin Bankdakı ******************** nömrəli hesabına köçürülür. Əmanət hesabına İddiaçı2 tərəfindən qoyulan əmanət qorunan əmanət hesab edilir. Belə ki, 24 fevral 2016-cı il tarixli 429 saylı əmanət müqaviləsinin 5.6-cı maddəsinin “f” bəndinə əsasən cəlb edildiyi günə 12%-dən yuxarı illik faiz dərəcəsi ilə qəbul edilmiş əmanətlər istisna digər əmanətlər qorunan əmanət hesab edilir. (nəzərə alaraq ki, bu əmanət 11 faiz dərəcəsi ilə qəbul edilmişdir) Həmin Müqavilənin 2.9-cu bəndinə əsasən əgər “Əmanətçi” əmanətin qüvvədə olma müddəti bitdikdən sonra öz əmanətini tələb etməmişdirsə, onda bu müqavilə olduğu şərtlərlə eyni müddətə uzadılmış hesab edilir. Bu zaman əmanət üzrə faizlər uzadılma müddətində “Bank”da qüvvədə olan faiz tariflərinə müvafiq olaraq hesablanır və “Əmanətçi”yə bu Müqavilənin 2.3 və 2.4-cü bəndlərində göstərilən qaydada ödənilir. Həmin Müqavilənin 3.4.2-ci bəndinə əsasən “Bank”ın əmanət məbləği müddəti bitdikdən sonra və ya “Əmanətçi”nin yazılı tələbi olduqda onun təqdim etdiyi bank hesabına bu Müqavilənin 2.2-ci bəndində göstərilən müddətdə köçürməklə qaytarmaq (ərizə daxil olduqda ən azı dörddə bir hissəsini dərhal, qalan hissəni isə ən geci 5 (beş) bank günü müddətində qaytarır) və ya bu məbləğ barəsində “Əmanətçi”nin göstərişi ilə digər şəkildə sərəncam vermək vəzifəsi vardır. Həmin Müqavilənin 5.1-ci bəndinə əsasən “Bank” Əmanətlərin Sığortalanması Fondunun 13 avqust 2007-ci il tarixdən iştirakçısı olaraq (29 saylı Şəhadətnamə) Fonda sığorta haqqı ödəyir. Həmin Müqavilənin 5.2-ci bəndinə əsasən ”Bank” tərəfindən “Əmanətçidən bütün müvafiq valyutalarda qəbul edilmiş əmanətlər Fond tərəfindən sığortalanır. 5.3. Sığorta hadisəsi- “Bank”ın məcburi ləğvi və ya müflis elan olunması, “Bank”ın “Əmanətçi” qarşısında əmanət üzrə öhdəliklərinin yerinə yetirilməsinı məhkəmə tərəfindən moratorium tətbiq edilməsi barədə məhkəmə qərarının qüvvəyə minməsi və “bank”ın “Əmanətçi” qarşısında öz öhdəliklərini yerinə yetirə bilməməsi faktının Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən təsdiq edilməsidir. Cavabdehə İddiaçı2 xx.xx.2021-ci il tarixli yazılı müraciətinə cavab olaraq cavabdehin xx.xx.2021-ci il tarixli **********368 saylı cavab məktubundan görünür ki, İddiaçı2 məxsus hər hansı kreditor tələbi aşkar edilməmişdir. Halbuki, xx.xx.2015-ci il tarixli qəbzdən görünür ki, İddiaçı2 tərəfindən bankın kassasına 213.000 ABŞ dolları pul mədaxil edilmiş və əmanət kitabçası olmuşdur. Eləcə də, cavabdeh Ləğv prosesində olan "xxxx" KB ilə İddiaçı1 arasında bağlanmış 2 fevral 2016-cı il tarixli 427 saylı əmanət müqaviləsinə əsasən xx.xx.2017-ci il tarixədək 12 ay müddətinə illik 8 faiz hesabı ilə 200.000 (iki yüz min) ABŞ dolları həcmində əmanət "xxxx" KB ASC-nin ******************** saylı hesabına qəbul edilmişdir. Cavabdehə İddiaçı1 xx.xx.2021-ci il tarixli yazılı müraciətinə cavab olaraq cavabdehin xx.xx.2021-ci il tarixli **********369 saylı cavab məktubundan görünür ki, İddiaçı1 məxsus hər hansı kreditor tələbi aşkar edilməmişdir. Halbuki, ******************** saylı əmanət kitabçasından görünür ki, İddiaçı1 tərəfindən bankın əmanət kassasına 200.000 ABŞ dolları pul mədaxil edilmiş və əmanət kitabçası olmuşdur. Əmanət hesabına İddiaçı1 tərəfindən qoyulan əmanət qorunan əmanət hesab edilir. Əmanətlərin Sığortalanması Fonduna üzv banklarda 02 mart 2016-cı tarixindən etibarən əmanətlərin illik faiz dərəcəsi xarici valyuta üzrə 3 faiz və milli valyuta üzrə 15 faiz olmaqla 3 (üç) il müddətində tam sığortalanmış hesab edilmişdir. İddiaçılarla cavabdeh bank arasındakı müqavilə 12 ay müddətinə bağlanılmış və həmin müqavilənin 2.9-cu bəndinə əsasən müqavilə eyni şərtlərlə eyni müddətə uzadılmış hesab edilmişdir. Ləğv prosesində olan "xxxx" Bankın lisenziyası ləğv edilmiş və ləğv qərarına əsasən "xxxx" Bank Əmanətlərin Sığortalanması Fonduna üzv bank olduğundan əhalinin bankda qorunan əmanətləri Fond tərəfindən ödənilməlidir. Məhkəmə baxış iclasında iştirak edən iddiaçıların nümayəndəsi (vəkili) Vəkil yazılı ərizə təqdim edərək, iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını və iş üzrə iddia tələbinə baxılması nəticəsindən asılı olmayaraq cinayət faktı barədə açıq-aşkar sübut ekspert rəyi olduğu üçün mülki iş materiallarından materialı ayıraraq aidiyyəti üzrə baxılmasının müəyyən edilməsi, eləcə də müvafiq əməllərə qiymət verilməsi və cinayət işinin başlanması üçün Azərbaycan Respublikası Baş Prokurorluğa göndərilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə baxış iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 məhkəməyə yazılı ərizə təqdim edərək izahatında bildirmişdir ki, Əmanətlərin Sığortalanması Haqqında Azərbaycan Respublikasının Qanunu Azərbaycan Respublikasında fəaliyyət göstərən banklarda fiziki şəxslərin əmanətlərinin kollektiv icbari sığortalanması sisteminin yaradılması və fəaliyyəti, o cümlədən əmanətlər üzrə kompensasiya ödənilməsi qaydalarını müəyyən edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin plenumunun xx.xx.2022-ci il tarixli Qərarına əsasən, Əmanətlərin sığortalanması sisteminin yaradılmasının məqsədi banklar və xarici bankların yerli filialları ödəmə qabiliyyətini itirdikdə, fiziki şəxslərdən əmanətə qəbul olunmuş pul vəsaitinin itirilməsi riskinin qarşısını almaq, maliyyə və bank sisteminin sabitliyini və inkişafını təmin etməkdir. Qanunverici bank əmanətlərinin qaytarılmasını təmin etmək məqsədilə sığorta hadisəsi baş verdikdə əmanətlər üzrə kompensasiyanın ödənilməsini nəzərdə tutan “Əmanətlərin Sığortalanması haqqında” 2006-cı il 29 dekabr tarixli Qanun qəbul etmişdir. Bank əmanətçilərinin hüquq və qanuni mənafelərini qorumaq, əhalinin əmanətlərinin bank sisteminə cəlb edilməsini stimullaşdırmaq, ona olan inamı möhkəmləndirmək, fiziki şəxslərin əmanətlərinin icbari sığortası sisteminin fəaliyyətini təmin etmək məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 9 fevral tarixli Fərmanına əsasən Əmanətlərin Sığortalanması Fondu yaradılmışdır. Konstitusiya Məhkəməsi Plenumunun “Əmanətlərin Sığortalanması haqqında” Aərbaycan Respublikası Qanununun 27.3-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə, 29cu maddəsinin İ, İİ və İİİ hissələrdinə, 149-cu maddəsinin İ və İİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair 2017-ci il 6 iyul tarixli Qərarında göstərilmişdir ki, sığorta hadisəsi baş verdikdə Fond tərəfindən hər bir iştirakçı bankda sığortalanmış əmanət üzrə kompensasiyanın ödənilməsi heç də bank əmanətinin qaytarılması və ya Fondun bankın öhdəliyini öz üzərinə götürməsi anlamını verməməlidir. Fond tərəfindən kompensasiya əmanətçinin pul vəsaitini itirməsi riskinin qarşısını almaq məqsədilə yarana biləcək məhdudiyyətlərin əvəzi kimi ödənilir. Beləliklə, Fondun əsas məqsədi qoyulan əmanətlərini sığortalamaqla onlara dəyə biləcək maddi və mənəvi ziyanı ən qısa müddətdə qanunvericiliklə müəyyən edilmiş qaydada kompensasiya etməklə ölkənin maliyyə və bank sisteminin inkişafına dəstək olmaqdır. Qanunun və Plenumun xüsusi qeydlərindən görünür ki, Fond əmanəti şəxsin mülkiyyəti kimi deyil kompensasiya olaraq əmanətçiyə ödəyir. Bundan əvvəl məhkəməyə ünvalanan ərizədə qanunamüvafiq qərarın qəbul edilməsi və məhkəmənin tərəfə tövsiyəsi xahiş edilmişdir. Lakin son məhkəmə iclasında iddiaçı tərəfin vəkilinin mövqeyinə əsasən Fondun kompensasiya olaraq mübahisə predmeti olan məbləği icra etməsi tələbi birmənalı təmin edilməməlidir. Fond tərəfindən kompensasiya ödənişi sığorta ehtiyatları hesabına icra edilir. Həmçinin, tələbə əlavə edilmiş qalıq pul vəsaitinin iddiaçıya ödənilməsi hissəsinə münasibətdə, tələb üzrə ödəniş kompensasiya olaraq deyil növbədən kənar qaydada ödənilmə nəzərdə tutulmalıdır. Belə ki, ƏSH Qanunun 28.4-cü maddəsinə əsasən əmanətçinin müraciətini qeyri-mümkün etmiş halların mövcud olduğunu təsdiq edən sənədlər təqdim edildikdə bu qanunun 28.3-cü maddəsində göstərilən müddət əmanətçinin ərizəsinə əsasən uzadıla bilər. Lakin bundan asılı olmayaraq bütün hallarda əmanətçinin kompensasiya almaq hüququ Fondun kompensasiyaların ödənilməsi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq beş il müddətində saxlanılır. Ləğv prosesində olan “Dekabank’’ ASC Azərbaycan Respublikası 1 Saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2-1(81)- 3617/2016 saylı qərarı ilə məcburi ləğv ediımiş və Əmanətlərin Sığortalanması Fondu xx.xx.2016-cı il tarixdən bankın ləğvedicisi kimi fəaliyyətə başlamışdır. Qanundan görünür ki, kompensasiya olsa belə artıq ümumi 5 il müddət belə ötürülmüşdür. Bu xüsusatlara və qanunvericiliyin nüvafiq müddəalarına əsasən hesab edirlər, iş aidiyyəti üzrə Bakı Apellyasiya Məhkəməsində baxılmalı və tələb banka qarşı olmalıdır. Belə ki, hazırki iddia tələbi üzrə ləğv prosesində olan Bankla müştəri arasında olan münasibətləri tənzimləyir, çünki əmanət bankda sığorta hadisəsi baş verdiyi dövrdə qüvvədə olan qanunvericiliyə əsasən qorunmayan statusda olmuşdur. Ləğv prosesində olan banka qarşı kreditor tələbinə Apellyasiya Məhkəməsində baxıldığından, aidiyyəti üzrə sözügedən məhkəməyə yönəldilməsi tərəfə tövsiyyə olunmalıdır. İddiaçı tərəfin məhkəməyə elektron məhkəmə sistemi vasitəsilə təqdim etdiyi xx.xx.2022-ci il tarixli ərizəsinə mürasibətdə isə bildirmişdir ki, məhkəmə tərəfindən xüsusi qərardad qəbul edilərək cinayət əməlinin olub-olmamasının araşdırılması üçün Baş Prokurorluğa göndərilməsinə etiraz etmir. Qanunun yuxarıda qeyd olunan hallarını nəzərə alaraq iddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdeh Əmanətlərin Sığortalanması Fonduna qarşı “pul” tələbinə dair iddia ərizəsinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdırıb, işdə olan hüquqi sənədləri tədqiq edərək, toplanmış sübutların məcmusuna qiymət verib, belə nəticəyə gəlir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan İddiaçı1 ilə "xxxx" KB ASC arasında bağlanmış 02 fevral 2016-cı il tarixli, 427 №-li Əmanət Müqaviləsinin surətindən görünür ki, bank əmanətçidən daxil olmuş 200.000 ABŞ dolları məbləğində pul vəsaitini ******************** saylı hesaba qəbul edərək əmanət kitabçası verməyi, əmanət məbləğini bu müqavilədə nəzərdə tutulan şərtlərlə və qaydada əmanətçiyə qaytarmağı və onun ümün faizlər ödəməyi öhdəsinə götürmüşdür. Əmanət 12 ay müddətinə, illik 8%-lə qoyulmuşdur. İş materiallarında olan İddiaçı2 ilə "xxxx" KB ASC arasında bağlanmış 24 fevral 2016-cı il tarixli, 429 №-li Əmanət Müqaviləsinin surətindən görünür ki, bank əmanətçidən daxil olmuş 200.000 ABŞ dolları məbləğində pul vəsaitini ******************** saylı hesaba qəbul edərək əmanət kitabçası verməyi, əmanət məbləğini bu müqavilədə nəzərdə tutulan şərtlərlə və qaydada əmanətçiyə qaytarmağı və onun üçün faizlər ödəməyi öhdəsinə götürmüşdür. Əmanət 12 ay müddətinə, illik 11%-lə qoyulmuşdur. İş materiallarında olan xx.xx.2016-cı il tarixli məxaric orderindən görünür ki, İddiaçı1 adından imzalanmaqla "xxxx" KB ASC-dən 200.000 ABŞ məbləğində pul götürülmüşdür. İş materiallarında olan xx.xx.2015-ci il tarixli mədaxil orderindən görünür ki, İddiaçı2 tərəfindən 213.000 ABŞ məbləğində pul "xxxx" KB ASC-yə əmanət olaraq təhvil verilmişdir. İş materiallarında olan xx.xx.2016-cı və xx.xx.2016-cı il tarixli məxaric orderlərindən görünür ki, İddiaçı2 və İddiaçı1 adından imzalanmaqla "xxxx" KB ASC-dən 1.834 ABŞ dolları əmanətə hesablanmış faiz məbləği və həmçinin, 200.000 ABŞ dolları məbləğində əmanət pul götürülmüşdür. İş materiallarında olan xx.xx.2021-ci il tarixdə İddiaçı2 və İddiaçı1 tərəfindən Ləğv prosesində olan "xxxx" KB ASC-yə ünvanlanan məktublardan görünür ki, LPO "xxxx" KB ASC-nin əmanətçilərinə (kreditorlarına) hər hansı məbləğdə vəsaitin, ödənilibödənilməməsi barədə ona müfəssəl məlumat verilməsini, belə vəsaitin verildiyi təqdirdə onun bankda olan 200.000 ABŞ dollarının ödənilməsi üçün aidiyyəti şəxslərə müvafiq tapşırıqlar verilməsini xahiş etmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixdə Bank tərəfindən İddiaçı2 və İddiaçı1 ünvanlanmış cavab məktublarından görünür ki, ləğv prosesində olan "xxxx" KB ASC-də İddiaçı2 və İddiaçı1 məxsus hər hansı kreditor tələbi aşkar edilməmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 4/999 saylı məhkəmə-xətşünaslıq ekspertiza rəyinin nəticə hissəsində qeyd olunur: 1.1. Ekspertizaya təqdim edilmiş, İddiaçı2 adından olan 21 iyul 2016-cı il tarixli xəzinə məxaric orderində “Alanın imzası” qrafasındakı imza- İddiaçı2 tərəfindən icra olunmuşdur. 1.2. Ekspertizaya təqdim edilmiş, İddiaçı2 adından olan 21 iyul 2016-cı il tarixli xəzinə məxaric orderindəki yazılar ilə İddiaçı1 adından olan 21 iyul 2016-cı il tarixli xəzinə məxaric orderindəki yazılar- Eyni şəxs tərəfindən icra olunmuşdur. 1.3. Ekspertizaya təqdim edilmiş, İddiaçı2 adından olan 14 iyul 2016-cı il tarixli xəzinə məxaric orderindəki yazılar ilə İddiaçı1 adından olan 14 iyul 2016-cı il tarixli xəzinə məxaric orderindəki yazılar-eyni şəxs tərəfindən icra olunmuşdur. 2.1. Ekspertizaya təqdim edilmiş, İddiaçı2 adından olan 14 iyul 2016-cı il tarixli xəzinə məxaric orderindəki yazılar və “Alanın imzası” qrafasındakı imza, İddiaçı2 adından olan 21 iyul 2016-cı il tarixli xəzinə məxaric orderindəki yazılar- İddiaçı2 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. 2.2. Ekspertizaya təqdim edilmiş, İddiaçı1 adından olan 14 iyul 2016-cı il tarixli və 21 iyul 2016cı il tarixli xəzinə məxaric orderlərindəki yazılar və “Alanın imzası” qrafalarındakı imzalar- İddiaçı1 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. 2.3.Ekspertizaya təqdim edilmiş, İddiaçı2 adından olan 14 iyul 2016-cı il tarixli və 21 iyul 2016-cı il tarixli xəzinə məxaric orderlərindəki yazılar, İddiaçı1 adından olan 14 iyul 2016-cı il tarixli və 21 iyul 2016-cı il tarixli xəzinə məxaric orderlərindəki yazılar - X3 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. 2.4.Ekspertizaya təqdim edilmiş, İddiaçı2 adından olan 21 iyul 2016-cı il tarixli və İddiaçı1 adından olan 21 iyul 2016-cı il tarixli xəzinə məxaric orderlərindəki yazılar ilə İddiaçı2 adından olan 14 iyul 2016-cı il tarixli və İddiaçı1 adından olan 14 iyul 2016-cı il tarixli xəzinə məxaric orderindəki yazılar- müxtəlif şəxslər tərəfindən icra olunmuşdur. Aparılmış tədqiqatın dəyəri 126 manat təşkil edir Ödəniş qəbzindən (№ 8********) görünür ki, iddiaçılar tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 970 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Beləliklə, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, "xxxx" KB ASC ilə İddiaçı1 və İddiaçı2 arasında 02 fevral 2016-cı və 24 fevral 2016-cı il tarixli 427 və 429 saylı Əmanət müqavilələri bağlanmış və həmin müqavilələrə əsasən bank əmanətçilərdən 200.000 ABŞ dolları, cəmi 400.000 ABŞ dolları məbləğində pul vəsaitini (əmanəti) hesaba qəbul edərək müqavilədə nəzərdə tutulan şərtlərlə və qaydada əmanətçilərə qaytarmağı öhdəsinə götürmüşdür. Əmanətlər 12 ay müddətinə, illik 8 və 11%-lə qoyulmuşdur. xx.xx.2016-cı il tarixdə "xxxx" KB ASC-nin lisenziyası ləğv edilmişdir. İddiaçılar tərəfindən qeyd olunan cəmi 400.000 ABŞ dolları əmanət məbləğinin Əmanətlərin Sığortalanması Fondu tərəfindən ödənilməsi üçün müraciət edilmiş, lakin Əmanətlərin Sığortalanması Fondu xx.xx.2016-cı və xx.xx.2016-cı il tarixli məxaric orderlərini təqdim edərək, 02 fevral və 24 fevral 2016-cı il tarixli, 427 və 429 №-li müqavilələrə əsasən, əmanət məbləğlərinin iddiaçılar tərəfindən məxaric edildiyi bildirilmişdir. İddiaçılar isə öz növbəsində mübahisə predmeti olan əmanət məbləğlərinin onlara ödənilmədiyini bildirmiş, istinad olunan halların mövcud olub-olmamasının müəyyən edilməsi üçün iş üzrə məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 4/999 saylı ekspert rəyinə əsasən, əmanət məbləğlərinin iddiaçılara ödənilməsi ilə bağlı olan məxaric orderlərinin iddiaçılar tərəfindən yox, başqa şəxs tərəfindən icra edildiyi müəyyən edilmişdir. Hazırda iddiaçılar əmanət məbləğinin tam sığortalanmış əmanət hesab edilməklə kompensasiya olaraq onlara ödənilməsini məhkəmədən xahiş edirlər. Cavabdeh isə iddiaçıların kompensasiya almaq üçün müraciət etmək müddətini ötürdüklərini bildirirək iddianın rədd edilməsini məhkmədən xahiş etmişdir. “Əmanətlərin Sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun: 2.1.1-ci maddəsinə əsasən əmanət - hesablanmış faizlər də daxil olmaqla, bankın milli və xarici valyutada qəbul etdiyi və müvafiq qanunvericiliyə və ya müqaviləyə əsasən geri ödəməli olduğu pul vəsaitləridir; 2.1.2-ci maddəsinə əsasən qorunan əmanət - sığorta hadisəsi baş verdikdə Əmanətlərin Sığortalanması Fondu tərəfindən qorunan əmanətçiyə kompensasiya olunan əmanətidir; 25.1.4-cü maddəsinə əsasən əmanətçilərin bu qanuna uyğun olaraq əmanətlər üzrə kompensasiya almaq hüquqları vardır; İddiaçılarla bank arasında əmanət müqavilələri bağlanan zaman qüvvədə olan «Əmanətlərin sığortalanması haqqında» Azərbaycan Respublikasının Qanununun 26.1-ci maddəsinə əsasən Fond tərəfindən hər bir iştirakçı bankda sığortalanmış əmanət üzrə əmanətin 100 faizi həcmində, lakin 30 (otuz) min manatdan çox olmamaq şərtilə kompensasiya ödənilir; 27.1-ci maddəsinə əsasən milli valyutada olan əmanətlər üzrə kompensasiya manatla, xarici valyutada olan əmanətlər üzrə isə əmanətlərin valyutasında ödənilir. Əmanətlər ABŞ dolları və ya Avroda olmadıqda, kompensasiya bu valyutaların biri ilə sığorta hadisəsinin baş verdiyi günə Mərkəzi Bankın müvafiq valyutalar üzrə müəyyən etdiyi rəsmi məzənnələr əsasında hesablanmış çarpaz məzənnə üzrə hesablanır və ödənilir; 28.3. Fond əmanətçilərin ərizələrini kompensasiya ödənişi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq bir il ərzində qəbul edir; 28.4. Əmanətçinin müraciətini qeyri-mümkün etmiş halların mövcud olduğunu təsdiq edən sənədlər təqdim edildikdə bu qanunun 28.3-cü maddəsində göstərilən müddət əmanətçinin ərizəsinə əsasən uzadıla bilər. Lakin bundan asılı olmayaraq bütün hallarda əmanətçinin kompensasiya almaq hüququ Fondun kompensasiyaların ödənilməsi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq beş il müddətində saxlanılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 944.1-ci maddəsinə əsasən, bank əmanəti (depozit) müqaviləsinə görə bir tərəf (bank) başqa tərəfdən (əmanətçidən) və ya başqa tərəf (əmanətçi) üçün daxil olmuş pul məbləğini (əmanəti) qəbul edərək müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada əmanət məbləğini əmanətçiyə qaytarmağı və onun üçün faizlər ödəməyi öhdəsinə götürür; 947.2-ci maddəsinə əsasən, istənilən növ bank əmanəti müqaviləsinə görə bank əmanətçinin ilk tələbi ilə əmanəti məbləğinin ən azı dörddə bir hissəsini dərhal, qalan hissəsini isə ən geci beş bank günü müddətində verməlidir, amma qaytarmanın müqavilədə nəzərdə tutulmuş başqa şərtləri ilə hüquqi şəxslərin qoyduqları əmanətlər istisna təşkil edir; 948.1-ci maddəsinə əsasən, bank əmanətçiyə əmanətin məbləği üçün bank əmanəti müqaviləsi ilə müəyyənləşdirilmiş miqdarda faizlər ödəyir. Müqavilədə ödənilən faizlərin miqdarı haqqında şərtlər olmadıqda bank faizləri bu Məcəllənin 449.1-ci maddəsinə uyğun müəyyənləşdirilən miqdarda ödəməlidir; 949-cu maddəsinə əsasən, bank əmanətinin məbləğinə faizlər bu məbləğin banka daxil olduğu günün ertəsi günündən məbləğin əmanətçiyə qaytarılmasından və ya başqa əsaslarla əmanətçinin hesabından silinməsindən əvvəlki günədək hesablanır. Bu qayda bir günlük depozitlərə tətbiq edilmir. Əgər bank əmanəti müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, bank əmanəti məbləğinə hesablanan faizlər əmanətçiyə hər rüb başa çatdıqdan sonra onun tələbi ilə əmanətin məbləğindən ayrılıqda ödənilir, həmin müddətdə tələb olunmamış faizlər isə üstünə faizlər hesablanan əmanətin məbləğini artırır. Əmanət qaytarıldıqda həmin anadək hesablanmış bütün faizlər ödənilir; 950-ci maddəsinə əsasən, banklar fiziki şəxslərin əmanətlərinin qaytarılmasını icbari sığorta yolu ilə, qanunda nəzərdə tutulan hallarda isə başqa üsullarla təmin etməlidirlər. Bank əmanəti müqaviləsi bağlanarkən bank əmanətin qaytarılmasının necə təmin ediləcəyi barədə əmanətçiyə məlumat verməlidir. Bank əmanətin qaytarılmasının təmin edilməsi üçün bank əmanəti müqaviləsində nəzərdə tutulmuş vəzifələri yerinə yetirmədikdə, habelə əmanətin qaytarılması üçün təminat itirildikdə və ya onun şərtləri pisləşdikdə, əmanətçi bankdan əmanət məbləğini dərhal qaytarmağı, bu Məcəllənin 948.1ci maddəsinə uyğun müəyyənləşdirilmiş miqdarda faizlər ödəməyi və vurulmuş zərərin əvəzini verməyi tələb edə bilər. Məhkəmə qeyd edir ki, ilk olaraq əmanətlərin qorunan olub-olmaması müəyyən edilməlidir. Belə ki, "xxxx" KB ASC ilə İddiaçı1 və İddiaçı2 arasında 02 fevral 2016-cı və 24 fevral 2016-cı il tarixli 427 və 429 saylı Əmanət müqavilələri bağlanan zaman qüvvədə olan «Əmanətlərin sığortalanması haqqında» Azərbaycan Respublikasının Qanununun 26.1-ci maddəsinə əsasən Fond tərəfindən hər bir iştirakçı bankda sığortalanmış əmanət üzrə əmanətin 100 faizi həcmində, lakin 30 (otuz) min manatdan çox olmamaq şərtilə kompensasiya ödənilir. Qanunun qeyd olunan şərti tərəflər arasında bağlanan müqavilələrdədə öz əksini tapmışdır. Beləliklə müəyyən olunur ki, tərəflər arasında bağlanan əmanət müqavilələrinə əsasən İddiaçı1 və İddiaçı2 tərəfindən 02 fevral 2016-cı və 24 fevral 2016-cı il tarixli əmanət müqavilələri ilə banka yerləşdirilmiş əmanətlərin 30 (otuz) min manat hissəsi sığortalanmışdır. Məhkəmə əmanətlərin iddiaçılar tərəfindən məxaric edilməsi ilə bağlı bildirir ki, qeyd olunan məxaric orderlərindəki imzaların iddiaçılara məxsus olmadığı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 4/999 saylı ekspert rəyi ilə sübut olunur. Məhkəmə kompensasiya almaq hüququnun beş il müddətində saxlanılması ilə bağlı qeyd edir ki, iddiaçıların bankdan əmanətlərini məxaric etməməsi hazırkı məhkəmə mübahisəsi ərzində ekspert rəyi ilə təsdiq olunduğundan, göstərilən müddət iddiaçılara aid edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.2-ci maddəsinə əsasən Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır; 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, "xxxx" Bank KB ASC ilə İddiaçı2 arasında bağlanılmış 24 fevral 2016-cı il tarixli 429 saylı Əmanət müqaviləsi üzrə sığortalanmış hissəsi 30.000 (otuz min) manat məbləğində pul vəsaiti cavabdeh Əmanətlərin Sığortalanması Fondu tərəfindən İddiaçı2 ödənilməli, "xxxx" Bank KB ASC ilə İddiaçı1 arasında bağlanılmış 02 fevral 2016-cı il tarixli 427 saylı Əmanət müqaviləsi üzrə sığortalanmış hissəsi 30.000 (otuz min) manat məbləğində pul vəsaiti cavabdeh Əmanətlərin Sığortalanması Fondu tərəfindən İddiaçı1 ödənilməlidir. İddia ərizəsi qalan hissədə təmin edilməməlidir. Dövlət rüsumu olaraq ödənilmiş 970 manat məbləğində pul vəsaiti cavabdeh Əmanətlərin Sığortalanması Fondundan tutularaq iddiaçılara ödənilməlidir. İş üzrə məhkəmə xərci kimi ekspertiza tədqiqatının dəyəri olan 126 manat məbləğində pul vəsaiti cavabdeh Əmanətlərin Sığortalanması Fondundan tutularaq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia tələbi qismən təmin edilsin. "xxxx" Bank KB ASC ilə İddiaçı2 arasında bağlanılmış 24 fevral 2016-cı il tarixli 429 saylı Əmanət müqaviləsi üzrə sığortalanmış hissəsi 30.000 (otuz min) manat məbləğində pul vəsaiti cavabdeh Əmanətlərin Sığortalanması Fondu tərəfindən İddiaçı2 ödənilsin. "xxxx" Bank KB ASC ilə İddiaçı1 arasında bağlanılmış 02 fevral 2016-cı il tarixli 427 saylı Əmanət müqaviləsi üzrə sığortalanmış hissəsi 30.000 (otuz min) manat məbləğində pul vəsaiti cavabdeh Əmanətlərin Sığortalanması Fondu tərəfindən İddiaçı1 ödənilsin. Dövlət rüsumu olaraq ödənilmiş 970 manat məbləğində pul vəsaiti cavabdeh Əmanətlərin Sığortalanması Fondundan tutularaq iddiaçılara ödənilsin. İş üzrə məhkəmə xərci kimi ekspertiza tədqiqatının dəyəri olan 126 manat məbləğində pul vəsaiti cavabdeh Əmanətlərin Sığortalanması Fondundan tutularaq dövlət büdcəsinə ödənilsin. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Natavan Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar