Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-1965/2022 02.06.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi, məhkəmə iclasının katibi Namazova Çinarə İmaməddin qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh “Kapital Bank" ASC-yə qarşı “əmək haqqının özündə qalması və s.” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Cavabdeh ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının qanunverciliyinə uyğun olaraq nəzərdə tutulmuş minimum maaşının özündə qalması haqqının tanınması, tutulmalar aparılan maddi vəsaitinin (əmək haqqının) xx.xx.2021-ci il tarixindən etibarən layiqli həyat səviyyəsində yaşamaq hüququnu məhdudlaşdıran hissəsinin ona geri qaytarılması, Cavabdeh ASC tərəfindən ona vurulmuş maddi ziyan və mənəvi zərərin əvəzi olaraq 100.000 manat ödəməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, onun ilə "xxxx" ASC-nin “Mərkəz” filialı arasında 12 oktyabr 2020-ci il tarixdə 48 ay müddətə 5686,07 manat məbləğində kredit müqaviləsi rəsmiləşdirilmişdir. Kredit müqaviləsi bağlanarkən onun kredit ödəmək imkanı bank əməkdaşı tərəfindən araşdırılmış və ona yuxarıda qeyd olunmuş kredit ayrılması "xxxx" ASC tərəfindən məqbul hesab edilmişdir. Kredit götürdüyü ərəfədə onun məhkəmə qaydasında məcburi ödəniş öhdəliyi olmadığı üçün aylıq ödənişləri ödəməkdə çətinlik çəkməmişdir. Lakin məhkəmənin qərarları əsasında aşağıdakı məcburi icra sənədlərinə görə, onun bütün əmək haqqının böyük əksəriyyəti məcburi tutulmalara getmişdir. 1) xx.xx.2020-ci il tarixli, 5837/37 saylı icra sənədinə əsasən, xx.xx.2019-cu il tarixindən yaranmış 1680 manat aliment borcu ödənilənədək əmək haqqından hər ay 70% hissənin tutulmasınının həyata keçirilməsi məqsədi ilə Sumqayıt şəhər İcra İdarəsi iş yerinə icra sənədi göndərmişdir. 2) xx.xx.2021-ci il tarixli, 158933/14E saylı icra sənədinə əsasən 2509,01 (iki min beş yüz doqquz, 01) manat pul, tələbkarın vəkilə görə ödədiyi 150 manat məbləğində pul, 186,13 manat məbləğində icra ödənişinin tutulmasının həyata keçirilməsi üçün əmək haqqından hər ay 50% həcmində tutulmanın həyata keçirilməsi məqsədi ilə Abşeron icra və probasiya şöbəsi iş yerinə icra sənədi göndərmişdir. Bundan əlavə, tələbkarın yeni iddia tələbinə görə bütün gəlirlərinin ¼ hissəsi aliment kimi tutularaq iddiaçının bank hesabına köçürülür (məhkəmə qətnaməsi əlavə olunur). Məhkəmə qərarları və qətnamələri, o cümlədən icra idarələri (şöbələri) tərəfindən əmək haqqından tutulmaların aparılması onun onsuz da çətin həyat şəraitinə olduqca acınacaqlı təsir göstərmiş, onu dərin depressiyaya və əsəb xəstəliyinə düçar etmişdir. Belə ki, yuxarıda qeyd etdiyi məhkəmə qərarları əsasında əmək haqqından məcburi tutulmaların aparılmasından sonra maaş kartında qalan vəsait onun zəruri yaşayış xərclərini ödəməyə kifayət etməmişdir. Amma bununla belə, "xxxx" ASC maaş kartında yerdə qalan cüzi məbləği də tutaraq onu tamamilə məhrumiyyətə və səfalətə düçar etmişdir. Bununla əlaqədar olaraq bir neçə dəfə "xxxx" ASC-yə rəsmi məktub yollamış, müvəqqəti olaraq borc öhdəliyinin dondurulması və məhkəmə ilə müəyyən olunan məcburi tutulmaların aparılmasından sonra kredit öhdəliyini yenidən icra edə biləcəyini nəzərə almaqda zəruri köməklik göstərilməsi üçün (bütün vacib sənədləri qoşma şəklində məktuba əlavə edərək) məsələyə baxılmasını xahiş etmişdir. "xxxx" ASC-nin 28 oktyabr 2021-ci il tarixli sonuncu cavab məktubunda ona hər hansı bir güzəştin tətbiqinin mümkün olmadığı nəzərinə çatdırılmışdır (məktubun surəti əlavə edilir). Nəticədə xx.xx.2021-ci il tarixindən onun əmək haqqının hamısı tutulmalara getmişdir və bu hazırda da davam edir. Beləliklə, o, yaşayış üçün tələb olunan minimum həddən də məhrum olmuşdur. Bu, sivil cəmiyyətdə, demokratik ölkədə onu ölümə məhkum etmək deməkdir. Bütün bunlar, eyni zamanda, onu Azərbaycan Respublikasının Konstitusiyasında nəzərdə tutulmuş insan və vətəndaş hüquq və azadlıqlarından istifadə edə bilməməyinə səbəb olmuşdur və hüquqlarının məhdudlaşdırılması deməkdir. Belə ki, o, qarnını doyurmaq üçün gündəlik zəruri ərzaq mallarını ala bilmir. İşə gəlmək üçün yol pulu tapa bilmir. Yaşamaq və fəaliyyət göstərmək üçün zəruri geyim və avadanlıq ala bilmir. Sağlamlığımı bərpa etmək üçün lazımi tibbi müalicə xərclərini qarşılaya bilmir. Təhsilin və özünün inkişafı ilə bağlı ödənişləri həyata keçirə bilmir. Kommunal ödənişləri ödəyə bilmir. XXİ əsrdə Bakı Slavyan Universitetində müəllim işlədiyinə baxmayaraq susuz, qazsız və qaranlıqda yaşayır. Bütün bunlar onun normal həyat fəaliyyətini tamam iflic etmiş, ona ciddi maddi və mənəvi zərər vurmuşdur. Onun öhdəsində ağır onkoloji xəstə anası da vardır. O həm ona baxmalı, həm də onun zəruri müalicə xərclərini qarşılamalıdır. Məhkəmə iclasında iştirak edən İddiaçı yuxarıda göstərilən məzmunda izahat verərək, iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 185.5-ci maddəsinə əsasən, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: İddia rədd edilməlidir. Sumqayıt şəhəri üzrə icra idarəsi tərəfindən Bakı Slavyan Universitetinə ünvanlanmış xx.xx.2020-ci il tarixli məktubun surətindən görünür ki, İddiaçı Yasamal Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(004)-164/2020 saylı icra sənədi üzrə yaranmış 1680 manat aliment borcu ödənilənədək əmək haqqından hər ay 70% hissəsinin tutulması və borc ödənildikdən sonra, hər ay əmək haqqından 160 manat aliment və xx.xx.2018-ci il təvəllüdlü X2 3 yaşına çatana qədər 50 manat maddi yardımın tutularaq X3 hesabına köçürülməsi xahiş olunmuşdur. Şuşa Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(077)-22/2021 saylı qətnaməsinin surətindən görünür ki, iddia təmin edilmiş, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-164/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə təyin edilən alimentin məbləği dəyişdirilərək xx.xx.2018-ci il təvəllüdlü uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay qazancının (başqa gəlirlərinin) ¼ hissəsi miqdarında alimentin cavabdehdən alınaraq iddiaçıya verilməsi qət edilmişdir. Abşeron rayon icra və probasiya şöbəsi tərəfindən Bakı Slavyan Universitetinə ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubun surətindən görünür ki, Şuşa Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(077)-22/2021 saylı icra sənədi və icra ödənişinin alınması haqqında qərar göndərilərək İddiaçı əmək haqqından hər ay 50% həcmində tutulmanın aparılması tələb olundu. Tutulan məbləğlərdən cəmi 2659,01 manat pul vəsaiti tələbkar X1 qoşmada göstərilən hesabına, 186,13 manat məbləğində icra ödənişi isə Ədliyyə Nazirliyinin göstərilən hesabına köçürülməlidir. Tutulma və məbləğin verilməsi mütəmadi aparılmalıdır. “Kapital Bank" ASC-nin İddiaçı ünvalandığı xx.xx.2021-ci il tarixli məktubun surətindən görünür ki, əvvəlki öhdəliklərin icrasında yaranmış çətinlik nəzərə alınaraq borc restrukturizasiya edilmiş və İddiaçı ilə Bankın “Mərkəzi” filialı arasında xx.xx.2020-ci il tarixdə 48 ay müddətə 5.686,07 manat məbləğində yeni kredit müqaviləsi rəsmiləşdirilmişdir. Müqavilədə tərəflərin hüquqları, öhdəlikləri, öhdəliklərin icra qaydası və digər şərtlər razılaşdırılmış, faiz tətbiqinin dayandırılması, borcun və onun bir hissəsinin bağışlanılması nəzərdə tutulmamışdır. Müqaviləyə əsasən əsas və faiz borcları qədər vəsait borclarının sərancamı olmadan onun istənilən bank hesabından akseptsiz qaydada tutula (silinə) bilər və ya borclar ödənilənədək borcların məbləği həcmində vəsait borclarının istənilən hesabında bloklaşdırıla bilər. İddiaçı “Kapital Bank" ASC-nin “Mərkəzi” filialına ünvaladığı xx.xx.2020-ci il tarixli ərizəsinin surətindən görünür ki, o, gündəlik tələbat məqsədləri üçün 5686.07 (beş min altı yüz səksən altı manat yeddi qəp.) manat məbləğində, 48 ay müddətinə nağd pul krediti verilməsini xahiş etmiş, kreditin qaytarılması və ondan istifadəyə görə faizlərin ödəniş mənbəyini aylıq gəlirlərinin təşkil edəcəyini bildirmişdir. Bağlanacaq kredit müqaviləsinin şərtlərinə əsasən qrafik üzrə aylıq ödəniş məbləğinin (ödənilməli olan əsas borc, hesablanmış faiz və cərimə məbləği) onun kart hesabına köçürülən əmək haqqı və digər vəsaitlərdən akseptsiz qaydada silinməsinə etiraz etmədiyini bildirmişdir. “Kapital Bank" ASC-nin “Mərkəzi” filialı ilə İddiaçı arasında bağlanılmış xx.xx.2020-ci il tarixli, RGTK3188644A102 saylı kredit müqaviləsinin surətindən görünür ki, Bank borclana illik 27% olmaqla 48 ay müddətinə 5.686.07 manat məbləğində kredit verməyi, borcalan isə həmin məbləği faizləri ilə birlikdə Banka geri qaytrmağı öhdəsinə götürmüşdür. Həmin müqavilənin 2.5-ci bəndinə əsasən borcalan bu Müqaviləni imzalamaqla razılığını bildirir ki, bu müqavilə üzrə əsas və faiz borcları, habelə dəbbə pulu ilə bağlı borclar vaxtında ödənilmədiyi halda, borclar Borcalanın sərəncamı olmadan onun istənilən bank hesabından akseptsiz qaydada Kreditor tərəfindən tulula (silinə) bilər və yaxud həmin borclar ödənilənədək Borcalanın “Kapital Bank" ASC-də olan istənilən bank hesabı bloklaşdırıla bilər, habelə kredit, kredit münasibətləri, kredit üzrə borclar haqqında məlumat, kredit dosyesində olan sənədlərin surəti (hesab müqaviləsi, kredit müqaviləsi, ödəniş qrafiki və s.), həmin sənədlərdə qeyd edilmiş məlumatlar Kreditor tərəfindən üçüncü tərəfə (şəxslərə) ötürülə, verilə bilər. İşin mübahisələndirilməyən halları ondan ibarətdir ki, “Kapital Bank" ASC-nin “Mərkəzi” filialı ilə İddiaçı arasında bağlanılmış xx.xx.2020-ci il tarixli, RGTK3188644A102 saylı kredit müqaviləsinə əsasən bank iddiaçıya illik 27% olmaqla 48 ay müddətinə 5.686,07 manat məbləğində kredit verməyi, iddiaçı isə həmin məbləği faizləri ilə birlikdə banka geri qaytrmağı öhdəsinə götürmüşdür. Tərəflərin razılaşdırdıqları şərtlərə əsasən qrafik üzrə gecikmələr olduğu təqdirdə aylıq ödəniş məbləğinin (ödənilməli olan əsas borc, hesablanmış faiz və cərimə borcu) iddiaçının kart hesabına köçürülən əmək haqqı və digər vəsaitlərdən akseptsiz qaydada silinməsi mümkün hesab edilmişdir. Hazırda İddiaçı Cavabdeh ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək əmək haqqından akseptsiz qaydada aparılan tutulmaların dayandırılması, ona vurulmuş maddi və mənəvi zərərin ödənilməsi və s. barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmin Məcəllənin 425-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1 və 443.2-ci maddələrinin tələblərinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Mülki Məcəllənin 448.1-ci və 448.2-ci maddələrinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Məhkəmə baxışında tədqiq olunmuş sübutlar əsasında müəyyən edilmişdir ki, tərəflər kredit müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətlərinə girmişlər. Müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada yerinə yetirməyən iddiaçının cavabdehə olan borcu özünə məxsus əmək haqqı kart hesabından bank tərəfindən akseptsiz qaydada silinmişdir. Həmçinin mülki işin materialları ilə müəyyən edilmişdir ki, cavabdeh pulun akseptsiz qayada silinməsini həyata keçirərkən müqavilənin hər hansı şərtini pozmamış, iddiaçı tərəfindən ona verilmiş “kredit müqaviləsi üzrə yaranmış borcun özünə məxsus istənilən bank hesabından akseptsiz qaydada silinməsi” hüququndan istifadə edərək hərəkət etmişdir. Beləliklə məhkəmə hesab edir ki, hazırki işdə cavabdeh tərəfindən öhdəliyin pozulmasına səbəb ola biləcək qanuna zidd hərəkətə (hərəkətsizliyə) yol verilməsi və beləliklə də onun məsuliyyət daşıması faktını iddiaçının məhkəməyə təqdim etdiyi sübutlara əsasən müəyyən etmək mümkün olmamışdır. Halbuki Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «İddiaçının şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunu özünün «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2004-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır». Məhkəmə eyni zamanda hesab edir ki, cavabdeh tərəfindən hər hansı hüquqa zidd əmələ yol verilmədiyi müəyyən olunduğundan, iddia maddi (əmək haqqının geri qaytarılması və s.) və mənəvi zərərlə bağlı hissədə də təmin oluna bilməz. Çünki pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə o zaman yol verilə bilər ki, iddiaçının müvafiq subyektiv hüququnun cavabdeh tərəfindən pozulması faktı müəyyən edilmiş olsun. Belə ki, Mülki Məcəllənin 21.1 və 21.2-ci maddələrinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Qeyd olunanlara uyğun olaraq məhkəmə hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Nəticə hissəsi: Göstərilənlərə əsasən və MPM-nin 216-220, 358 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh ASC-yə qarşı “pul" tələbinə dair iddiası rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cəmilə Musayeva
Məhkəmə qərarları › İş №e-2(006)-1965/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-1965/2022
02.06.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver