Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-1983/2024 15.04.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, X1 oğlunun katibliyi ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 11.657,01 manat əsas, 868,27 manat faiz, cəmi 12.525,28 manat məbləğində vəsaitin və ödənilmiş 127,58 manat dövlət rüsumunun tutulması barədə barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli RGTK4085061B104 saylı kredit müqaviləsinə əsasən ona 59 ay, illik 18 faiz dərəcəsi ilə 11.657,01 AZN kredit verilmişdir. Kredit müqaviləsinə əsasən cavabdeh müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi lazımi qaydada yerinə yetirməmiş və banka olan borcunu tam qaytarmamışdır. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. İddiaçının tələbini əsaslandırdığı sənədlər tərəflər arasında bağlanmış kredit müqaviləsi, kredit borcuna dair maliyyə arayışı və kassa məxaric qəbzidir. Nəticədə cavabdehin xx.xx.2024-cü il tarixə İddiaçı ASC-yə 11.657,01 AZN əsas; 868,27 AZN faiz; cəmi 12.525,28 AZN borcu yaranmışdır. Bank tərəfindən dəfələrlə şifahi xəbərdarlıq olunmasına və rəsmi bildirişin göndərilməsinə baxmayaraq (pretenziya qaydasında həll olunma), borcun qaytarılması təmin edilməmişdir. Cavabdeh ərizə təqdim edərək, iddia tələbini tam şəkildə qəbul etdiyini, banka həqiqətən borcunun olduğunu bildirmiş, iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş, İddiaçı ASC-nin nümayəndəsi “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsilə ərizə təqdim edərək, iddia ərizəsinin tam əsaslı və qanuni olmasını, iddia ərizəsində qeyd edilənləri nəzərə alaraq, mülki işə iddiaçı tərəfin bütün məhkəmə iclaslarında iştirakı olmadan baxılmasını, iddianın tam təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmiş, cavabdeh isə səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizələri nəzərdən keçirib, iş materiallarını araşdıraraq və toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan: İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli RGTK4085061B104 saylı kredit müqaviləsindən görünür ki, kreditor bu müqavilənin şərtlərinə uyğun olaraq borcalana gündəlik tələbat məqsədilə 59 ay müddətinə, illik 18 % ödənilməsi şərtilə 11.657,01 AZN məbləğində kreditin verilməsini, borcalan isə aldığı krediti və kredit üzrə hesablanacaq faizləri bu Müqavilədə göstərilən müddətdə və qaydada kreditora qaytarmağı öhdəsinə götürmüşdür. xx.xx.2023-cü il tarixli kassa məxaric orderindən görünür ki, Cavabdeh “gündəlik tələbat məqsədilə verilən kredit” təyinatı üzrə 11.657,01 AZN məbləğində pulu İddiaçı ASC-dən almışdır. xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixli RGTK4085061B104 saylı kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixinə banka 11657,01 manat əsas; 868,27 manat faiz; cəmi 12525,28 manat borcu yaranmışdır. xx.xx.2024-cü il tarixli bildirişdən görünür ki, Cavabdeh İddiaçı ASC tərəfindən xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə tam borcun 3 təqvim günü müddətində ödənilməsi ilə bağlı xəbərdar edilmişdir. xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, iddia ərizəsinin məhkəməyə verilməsinə görə iddiaçı tərəfindən 127,58 manat məbləğində rüsum ödənilmişdir. Beləliklə, məhkəmə müəyyən etdi ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə 59 ay müddətinə illik 18 faiz ödənilməsi şərtilə 11.657,01 manat məbləğində kredit verilmiş, lakin cavabdeh aylıq ödənişləri ödəməmişdir. İddiaçı tərəfindən cavabdehə xəbərdarlıq olunsa da, cavabdeh aylıq ödənişləri ödəməyərək, müqavilə şərtlərini əhəmiyyətli dərəcədə pozmuşdur. Hazırda iddiaçı aralarında olan müqavilə üzrə yaranmış cəmi 12.525,28 manat məbləğində borcun cavabdehdən tutulmasını xahiş edir, cavabdeh isə iddiaçıya həmin məbləğdə borcunun olmasını etiraf edərək, iddianın təmin edilməsinə etiraz etmir. Məhkəmə iddia tələbi ilə əlaqədar qeyd edir ki, tərəflər arasında kredit müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətlərinin yaranması, iddiaçının öz öhdəliyini yerinə yetirərək cavabdehə kredit verməsi, cavabdehin isə kredit məbləğindən istifadə edərək pulu vaxtında geri qaytarmaması, bununla da iddiaçıya borcunun yaranması işdə olan mötəbər sübutlarla və cavabdehin etirafı ilə öz təsdiqini taparaq hazırki işin mübahisəsiz halını təşkil edir. Mülki qanunvericiliyin normaları baxımından cavabdehin hərəkətləri öhdəliyin pozulması kimi qiymətləndirilir. Məhkəmə cavabdehin etirafını tədqiq edərək hesab edir ki, onun iddianı tam etiraf etməsində qanunazidd heç bir hal yoxdur, iddianın cavabdeh tərəfindən etiraf edilməsi üçüncü şəxslərin maraqlarına və mənafelərinə toxunmur. Buna görə də məhkəmə cavabdehin etirafını qəbul edir və iddia tələbi əsaslı olduğundan hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 448.1-ci maddəsinə əsasən, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 739.1-739.2-ci maddəsinə müvafiq olaraq, borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. 740.1-740.2-ci maddələrinə görə, qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcverən borcalandan müqavilədə nəzərdə tutulmuş qaydada və məbləğdə faiz almaq hüququna malikdir. Bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcun verilməsinə görə faizin və (və ya) digər haqqın məbləği və ya hesablanma qaydası tərəflərin razılaşması ilə müəyyən edilir. 742.5, 742.5.2-ci maddəsinə əsasən, qanunda və ya borc müqaviləsi ilə borcalanın xeyrinə ayrı qayda nəzərdə tutulmayıbsa, borcverən borcun hissə-hissə qaytarılmasını və (və ya) faizlərin və (və ya) haqların hissə-hissə ödənilməsini nəzərdə tutan borc müqaviləsi üzrə vaxtı çatmış borcun (faizlər və (və ya) haqlar daxil olmaqla) 90 (doxsan) gün və ya daha çox müddətə gecikdirilməsi, yaxud borcun (faizlər və (və ya) haqlar daxil olmaqla) ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması (90 (doxsan) gündən az olmamaqla) halında müəyyən müddətə verilmiş borcun (o cümlədən borcun vaxtından əvvəl tələb edildiyi günədək borcla bağlı borcverənə ödənilməli olan faiz və (və ya) digər ödənişlərin) vaxtından əvvəl qaytarılmasını tələb edə bilər. 743.1-ci maddəsinə müvafiq olaraq, kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. 746.1-ci maddəsinə əsasən, istehlak krediti müqaviləsinə görə borcverən sahibkarlıq və ya peşə fəaliyyəti ilə bağlı olmayan məqsədlər üçün fiziki şəxs olan borcalana (bundan sonra – istehlakçı) pul vəsaitini borc verməyi, istehlakçı isə aldığı borcu faizlər və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə müqavilə ilə müəyyən edilmiş qaydada və müddətdə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 52.2, 52.5-ci maddələrinə görə, cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. İddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır; 106.3-106.4-cü maddələrinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Məhkəmə faktın etiraf olunmasının işin həqiqi hallarının gizlədilməsi məqsədi ilə və yaxud aldatma, zor, hədə və ya yanılma təsiri nəticəsində baş verməsinə şübhə edirsə, etirafı qəbul etmir. Bu halda həmin faktlar ümumi qaydada sübut olunmalıdır; 191.3.-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır; 220.4-cü maddəsində göstərilmişdir ki, cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Beləliklə, məhkəmə mülki və mülki prosessual qanunvericiliyin yuxarıda qeyd edilən normalarını nəzərə alaraq belə qənaətə gəlir ki, iddia təmin edilməli, Cavabdeh 12.525,28 (on iki min beş yüz iyirmi beş manat iyirmi səkkiz qəpik) manat məbləğində pul alınaraq İddiaçı ASC-yə ödənilməlidir. Məhkəmə xərcləri ilə bağlı məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edildiyindən, 127,58 manat ödənilmiş dövlət rüsumunun əvəzi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin: 119.1-ci maddəsinin tələblərinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh 11.657,01 (on bir min altı yüz əlli yeddi manat bir qəpik) manat əsas, 868,27 (səkkiz yüz altmış səkkiz manat iyirmi yeddi qəpik) manat faiz borcu olmaqla, cəmi 12.525,28 (on iki min beş yüz iyirmi beş manat iyirmi səkkiz qəpik) manat məbləğində pul alınaraq İddiaçı ASC-yə verilsin. Ödənilmiş 127,58 (bir yüz iyirmi yeddi manat əlli səkkiz qəpik) manat dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Günay Abidova
Məhkəmə qərarları › İş №e-2(006)-1983/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-1983/2024
15.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver