Məhkəmə qərarları › İş №e-2(006)-1985/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-1985/2025

30.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-1985/2025 30.05.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Əfsanə Elbrus qızının sədrliyi, məhkəmə iclasının katibi Sarıyev Hüseyn Əhməd oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, bu iş üzrə Cavabdeh 10.000 manat pulun və məhkəməyə ödənilmiş 120 manat dövlət rüsumunun ondan alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 20 dekabr 2024-cü il tarixli borc müqaviləsi bağladılar və borc müqaviləsinin şərtlərinə əsasən aşağıdakı şərtlərlə razılaşdılar: “Borc verən” İddiaçı “Borc alan” Cavabdeh 10.000 manat dəyərində qızıl-zinət əşyaları verir- bu şərtlə ki, Cavabdeh 2025-ci ilin yanvar ayından başlayaraq 2025-ci ilin noyabr ayının 1-nə qədər hər həftə 250 manat ödəməklə, yəni hər ay 1000 manat məbləğində pulu İddiaçı ödəyəcək. “Borc alan” Cavabdeh öhdəsinə götürür ki, 10.000 manat dəyərində qızıl-zinət əşyaları İddiaçı qəbul edir- bu şərtlə ki, Cavabdeh 2025-ci ilin yanvar ayından başlayaraq 2025-ci ilin noyabr ayının 1-nə qədər hər həftə 250 manat ödəməklə, hər ay 1000 manat məbləğində pulu İddiaçı ödəyəcək. Ümumi məbləğ 14.000 manat təşkil edir. Həmin məbləğdən 4000 manatı ona qaytarmışdır. Yerdə qalan 10.000 manat borcu bu günə qədər qaytarmır və hər dəfə bir bəhanə gətirir. Artıq başa düşdü ki, Cavabdeh ona 10.000 manat borcu qaytarmaqdan yayınır. Odur ki, o da məcburiyyət qarşısında qalaraq məhkəməyə müraciət etməyi qərara aldı. a) Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclaslarında iştirak edən İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsində yazılanlara uyğun izahat verərək onun təmin edilməsini xahiş etdi. Məhkəmə iclaslarının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçısının izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Əsaslandırıcı hissə: a) Mülki işin materialları: Mülki işin materiallarında olan: - xx.xx.2024-cü il tarixli borc müqavilədən görünür ki, borc verən İddiaçı borc alan Cavabdeh 10.000 manat dəyərində qızıl-zinət əşyaları verir, Cavabdeh isə borcu 2025-ci ilin yanvar ayından başlayaraq xx.xx.2025-ci il tarixədək hər həftə 250 manat ödəməklə, yəni hər ay 1000 manat məbləğində pulu qaytarmağı öhdəsinə götürmüşdür. - Sertifikatın aktivləşdirilməsi haqqında xx.xx.2025-ci il tarixli, **********407110 nömrəli bildirişin surətindən görünür ki, şəxsi istifadə ilə bağlı 23379A5FE37CB1AE seriya nömrəli sertifikat xx.xx.2025-ci il tarixdən xx.xx.2028-ci il tarixədək etibarlıdır. -********** nömrəli ödəniş qəbzlərindən görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 120 manat məbləğində dövlət rüsumu ödənilmişdir. b) Məhkəmə tərəfindən müəyyən edilən hallar: Beləliklə, məhkəmə tərəfindən müəyyən olundu ki, İddiaçı ilə Cavabdeh xx.xx.2024-cü il tarixli borc müqaviləsinə əsasən, iddiaçı tərəfindən cavabdehə 10.000 dəyərində qızılzinət əşyaları verilmişdir. Hazırda iddiaçı müqavilə üzrə 10.000 manat məbləğində pulun və məhkəmə xərclərinin cavabdehdən alınaraq ona verilməsini xahiş etmiş, cavabdeh isə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclaslarında iştirak etməmiş, lakin onunla telefon vasitəsi ilə əlaqə saxlayanda borcunu etiraf etmişdir. c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 324.5-ci maddəsinə əsasən, iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 390.1 və 390.5-ci maddələrinə əsasən, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir; 425.1-ci maddəsinə görə, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir; 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 739.1-ci maddəsinə görə, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır; 740.1 və 740.2-ci maddələrinin tələblərinə görə, borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Məhkəmə hesab edir ki, iddiaçı verdiyi pul məbləğinin cavabdehdən geri qaytarılmasını tələb etməkdə haqlıdır. Bundan əlavə əvvəlki məhkəmə iclasında telefon vasitəsi ilə Cavabdeh ilə əlaqə saxlanılmış və cavabdeh 10000 manat borcu olduğunu və borcunu ödəyəcəyini bildirmişdir. Məhkəmə həmçinin iddianın 120 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi əsaslıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, iddia tələbi təmin edildiyindən məhkəmə xərcinə daxil olan dövlət rüsumu cavabdehlərə aid edilməli, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu cavabdehlərdən alınaraq iddiaçıya ödənilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, Cavabdeh 10.000 manat borc pul və ödənilmiş 120 manat dövlət rüsumu, cəmi 10.120 manat (on min yüz iyirmi manat) məbləğində pul İddiaçınun xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Eyni Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh 10.000 manat borc pul və ödənilmiş 120 manat dövlət rüsumu, cəmi 10.120 manat (on min yüz iyirmi manat) məbləğində pul İddiaçı xeyrinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar