Məhkəmə qərarları › İş №e-2(006)-1991/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-1991/2024

20.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-1991/2024 20.06.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, Quluzadə Sevil Zakir qızının katibliyi, İddiaçı Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi X7, Cavabdeh nümayəndəsi X3 iştirakları ilə, İddiaçı Əmlak Məsələləri Dövlət Xidmətinin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Əmlak Məsələləri Dövlət Xidməti Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən icarə haqqı üzrə yaranmış 7410 (yeddi min dörd yüz on) manat məbləğində borc vəsaitinin Əmlak Məsələləri Dövlət Xidmətinin (VÖEN: **********) xeyrinə tutularaq Azərbaycan Respublikası X13 İdarəsindəki AZ53NABZ******************** saylı hesabına (kod: 501004, AZ74NABZ********************, VÖEN **********, S.W.İ.F.T. bik NABZAZ 2C) köçürülməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə Cavabdeharasında ünvan 1 ünvanında yerləşən 123.5 kv.m. torpaq sahəsinin icarəyə verilməsi barədə xx.xx.2022-ci il tarixli, 3508 nömrəli icarə müqaviləsi bağlanmışdır. Həmin müqavilənin şərtlərinə əsasən cavabdeh öz üzərinə icarə haqqının vaxtında və tam həcmdə ödənilməsi vəzifəsini götürsə də, müqavilənin şərtlərinə əməl olunmamış, cavabdeh tərəfindən ötən müddət ərzində icarə obyektindən istifadə edilməsinə baxmayaraq, icarə haqqı ödənilməmiş və bununla da “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinin tələbləri pozulmuşdur. İcarə müqavilə ləğv edilmədiyindən və hal-hazırda qüvvədə olmaqla icarəçinin həmin müqavilə üzrə dövlət büdcəsinə ödənilməli olan 7410 (yeddi min dörd yüz on) manat məbləğində icarə haqqı borcu mövcuddur. Bununla əlaqədar olaraq, Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən cavabdehə “dövlət büdcəsinə yaranmış icarə haqqı borcunun ödənilməsi tələbi barədə” xx.xx.2023-cü il tarixli, 3-21-3/2-15571/2023 nömrəli xəbərdarlıq məktubu ilə müraciət edilsə də, sonuncu məktubu qəbul etməkdən imtina etmiş və bu barədə akt tərtib edilmişdir. Dövlət əmlakının icarəsinə görə icarə haqlarının vaxtlı-vaxtında dövlət büdcəsinə ödənilməsi Azərbaycan Respublikasının iqtisadi mənafeyi baxımından mühüm əhəmiyyət kəsb edir. İddiaçı Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi X8 “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsilə iddia tələbinin həcminin artırılması barədə ərizələrlə məhkəməyə müraciət edərək, cavabdehdən xx.xx.2022-ci il tarixli 3508 nömrəli icarə müqaviləsi üzrə dövlət büdcəsinə xx.xx.2024-cü il tarixə 10806.25 (on min səkkiz yüz altı manat iyirmi beş qəpik) manat məbləğində vəsaitin Əmlak Məsələləri Dövlət Xidmətinin (VÖEN **********) Azərbaycan Respublikası X13 İdarəsindəki AZ53NABZ******************** saylı hesabına (kod: 501004, AZ74NABZ********************, VÖEN **********, S.W.İ.F.T. bik NABZAZ 2C) köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi X14 iddianı müdafiə edib, təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi X9 iddia tələbinə münasibətdə bildirdi ki, iddiaçı ilə aralarında icarə müqaviləsi olmasını mübahisələndirmirlər. Lakin məhkəmə qərarı ilə əmlak üzərinə həbs qoyulmuş, həmin qərardan verilən şikayət isə qeyri-mümkün hesab edilmişdir. Qeyri-yaşayış binasının üzərində həbs olduğundan, onlar sahəni icarəyə verə bilmirlər, belə olan halda da gəlir əldə etmədiklərinə görə iddiaçıya müqavilə üzrə icarə haqqını ödəyə bilmirlər. Ödənişləri də ona görə etmirlər ki, müqaviləni ləğv etsinlər, lakin bununla bağlı iddiaçıya pretenziya ilə müraciət etməmişlər. Qeyd etdiklərinə əsasən, iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan: Sumqayıt şəhəri prokuroru, İİİ dərəcəli dövlət ədliyyə müşaviri Müqəddəs Sultanovun xx.xx.2022-ci il tarixli qərarından görünür ki, X4 müraciəti əsasında toplanmış ilkin yoxlama əsasında fakta görə Azərbaycan Respublikası CM-nin 314.1 və 320.1-ci maddələri ilə cinayət işinin başlanması qərara alınmışdır. X20 (satıcı) ilə Cavabdeh (alıcı) arasında bağlanmış daşınmaz əmlakın xx.xx.2022ci il tarixli AN-İ seriyalı, ******* nömrəli alqı-satqı müqaviləsindən görünür ki, satıcı ünvan 1 ünvanında yerləşən 65.3 kv.m qeyri-yaşayış binasını 150000 (yüz əlli min) manata alıcıya satmışdır. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 65.3 kv.m olan qeyri-yaşayış binası (reyestr nömrəsi: **********04-06301) xx.xx.2022-ci il tarixdə tam mülkiyyət hüququ üzrə Cavabdeh adına qeydiyyata alınmışdır (qeydiyyat nömrəsi: **********). Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (icarəyəverən) ilə Cavabdeh (icarəçi) arasında bağlanmış “özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahəsinin icarəyə verilməsi haqqında” xx.xx.2022-ci il tarixli 3508 nömrəli müqavilədən görünür ki, icarəyəverən tərəfindən icarəyə verilən ünvan 1 ünvanındakı qeyri-yaşayış binasının yerləşdiyi 123.5 kv.m torpaq sahəsi icarəçi tərəfindən icarə şərtləri əsasında müvəqqəti istifadəyə qəbul edilir. İcarə haqqını vaxtında və tam həcmdə ödəmək icarəçinin vəzifələrindəndir. Torpaq sahəsinin aylıq icarə haqqı 617.5 manat olmaqla, illik 7410,0 manat təşkil edir. İcarə haqqı üzrə aylıq ödəmə hər ayın 10-dan gec olmayaraq Əmlak Məsələləri Dövlət Xidmətinin (VÖEN **********) Azərbaycan Respublikası X13 İdarəsindəki AZ53NABZ******************** saylı hesabına (kod: 501004, AZ74NABZ********************, VÖEN **********, S.W.İ.F.T. bik NABZAZ 2C) ödənilməlidir. Müqavilə ilə icarə müddəti xx.xx.2022-ci il tarixdən xx.xx.2024-cü il tarixədək müəyyən edilir. xx.xx.2022-ci il tarixli qəbzdən görünür ki, Cavabdeh tərəfindən Əmlak Məsələləri Dövlət Xidmətinin hesabına “özəlləşdirilən dövlət müəssisə və obyektlərinin altındakı torpaqların icarəyə verilməsindən icarə haqqı” təyinatı üzrə 864.50 manat pul köçürülmüşdür. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 5(001)-2916/2022 nömrəli, xx.xx.2022ci il tarixli qərarından görünür ki, ********* nömrəli cinayət işi üzrə ünvan 1 ünvanında yerləşən 65.3 kv.m qeyri-yaşayış binası və başqa əmlaklar üzərinə həbsin qoyulması, əmlakın üzərinə həbs qoyulması haqqında qərarın cinayət işinin mahiyyəti üzrə həll olunanadək qüvvədə olması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-742/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3582/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iddiaçı X12 cavabdehlər X15, X5, Cavabdeh, X10, Bakı şəhəri 51 saylı Notariat Ofisinin Xüsusi X2, Bakı şəhəri 53 saylı Notariat Ofisinin Xüsusi X1, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı “pul, alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydlərin ləğv edilməsi və s. tələbinə dair” iddiasının rədd edilməsi qət edilmişdir. Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq idarəsinin mühüm işlər üzrə müstəntiqi, İ dərəcəli hüquqşünas Asiman Hacıyevin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, istintaqın hal-hazırki mərhələsində təqsirləndirilən şəxs qismində cəlb edilməli olan şəxs müəyyən edilmədiyindən, Azərbaycan Respublikası CPM-nin 53.1.1-ci maddəsinə əsasən ********* nömrəli cinayət işinin icraatının dayandırılması qərara alınmışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən Cavabdeh ünvanlanmış “dövlət büdcəsinə yaranmış icarə haqqı borcunun ödənilməsi tələbi barədə” xx.xx.2023-cü il tarixli, 3-21-3/2-15571/2023 nömrəli bildirişdən görünür ki, ona müqavilə üzrə yaranmış 7410 manat məbləğində icarə haqqı borcunun 7 (yeddi) iş günü müddətində ödənilməsi, əks halda məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. Rixard Zorge küçəsi, 5C ünvanında İcra hakimiyyətinin sərəncamındakı torpağa dair Cavabdeh ilə bağlanmış 3508 nömrəli müqavilə üzrə şəxsi hesab vərəqlərindən görünür ki, cəmi 864,50 manat məbləğində icarə haqqı ödənilib, xx.xx.2023-cü il tarixə olan borc 7.410 manat, xx.xx.2024-cü il tarixinə isə 10.806,25 manat təşkil etmişdir. Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, ********* nömrəli cinayət işi üzrə icraat Azərbaycan Respublikası CPM-nin 53.1.1-ci maddəsinə əsasən xx.xx.2023-cü il tarixli qərarla dayandırılmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 5(001)-2916/2022 nömrəli, xx.xx.2024cü il tarixli məktubundan görünür ki, məhkəmənin 5(001)-2916/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarından verilmiş apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsi tərəfindən təmin edilməmiş və qərar dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 6(001)-79/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, ********* nömrəli cinayət işi üzrə ünvan 1 ünvanında yerləşən 65.3 kv.m qeyri-yaşayış binası və digər əmlaklar üzərinə qoyulmuş həbsin götürülməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin 6(103)-204/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 6(001)-79/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsi qərara alınmış, şikayətin icraata qəbul edilməsindən imtina edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 6(103)-241/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, şikayətin baxışdan çıxarılaraq geri qaytarılmasına dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, ünvan 1 ünvanında yerləşən torpaq sahəsi dövlətin, üzərindəki qeyri-yaşayış sahəsi isə xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsi əsasında xx.xx.2022-ci il tarixdən Cavabdeh mülkiyyətindədir. xx.xx.2022-ci il tarixdə iddiaçı Əmlak Məsələləri Dövlət Xidməti ilə cavabdeh arasında özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilə bağlanaraq, həmin torpaq sahəsi xx.xx.2024-cü il tarixədək aylıq 617,5 manat (illik 7.410) icarə haqqı ödəməsi şərtilə cavabdehə müvəqqəti istifadəyə verilmiş, icarə haqqının hər ayın 10-dək ödənilməsi razılaşdırılmışdır. Cavabdeh tərəfindən həmin müqavilə üzrə yalnız bir dəfə xx.xx.2022-ci il tarixdə iddiaçıya məxsus hesaba 864.50 manat məbləğində pul ödənilmiş, müqavilənin qüvvədə olduğu bütün bu müddət ərzində isə başqa heç bir ödəniş edilməmişdir. İş materialları ilə müəyyən olunur ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə cavabdehə məxsus qeyri-yaşayış sahəsinin üzərinə ********* nömrəli cinayət işi üzrə həbs qoyulmuş, həmin qərarın cinayət işinin mahiyyəti üzrə həll olunanadək qüvvədə olacağı göstərilmişdir. xx.xx.2023-cü il tarixli qərarla həmin cinayət işinin icraatı dayandırılmışdır. xx.xx.2023-cü il tarixdə iddiaçı tərəfindən cavabdehə müqavilə üzrə yaranmış icarə haqqı borcunun ödənilməsi ilə bağlı xəbərdarlıq edilsə də, cavabdeh yaranmış borcu ödəməmişdir. Hazırda iddiaçı aralarında qüvvədə olan icarə müqaviləsi üzrə xx.xx.2024-cü il tarixə yaranmış 10.806,25 manat məbləğində icarə haqqı borcunun cavabdehdən tutulmasını; cavabdeh isə müqavilənin olmasını mübahisələndirməsə də, qeyri-yaşayış binasının üzərində həbs olduğundan, ondan istifadə edə bilmədiklərinə görə iddiaçıya müqavilə üzrə icarə haqqını ödəmədiklərini, əsl niyyətlərinin müqaviləni ləğv etmək olmasını, lakin bununla bağlı iddiaçıya pretenziya ilə müraciət etmədiklərini bildirərək, iddianın təmin edilməməsini məhkəmədən xahiş edirlər. İddia tələbinin və etirazın əsasları ilə bağlı məhkəmə qeyd etməyi zəruri sayır ki, iddianın əsaslı, etirazın isə əsassız olması iş materialları ilə öz təsdiqini tapır. Belə ki, tərəflər arasında xx.xx.2022-ci il tarixdən torpaq icarəsi müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətlərinin yaranması, iddiaçının cavabdehə məxsus qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsini aylıq 864,50 manat icarə haqqı müqabilində cavabdehin müddətli (xx.xx.2024-cü il tarixədək) istifadəsinə verməsi, cavabdehin isə müqavilə üzrə cəmi 1 dəfə - xx.xx.2022-ci il tarixdə 864,50 manat məbləğində icarə haqqı ödəməsi, bundan sonra isə müqavilə üzrə öhdəliklərini tam və vaxtında yerinə yetirməməsi və nəticədə iddiaçıya xx.xx.2024-cü il tarixədək 10.806,25 manat məbləğində borcunun yaranması iş üzrə müəyyən edilmiş mübahisəsiz hallardır. Müqavilənin qanunla nəzərdə tutulmuş qaydada ləğv edilməməsinə, yəni qüvvədə olmasına baxmayaraq, iddiaçının xəbərdarlıq etdiyi halda belə, cavabdehin həmin müqavilədən irəli gələn vəzifəsini yerinə yetirməməsi mülki qanunvericiliyin normaları baxımından öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilir. Belə ki, cavabdeh qeyri-yaşayış sahəsi üzərində həbs olmasına istinad edərək, həmin sahədən istifadə edə bilmədiyini və buna görə torpağın icarə haqqını ödəmədiyini, bununla da, müqaviləni ləğv etmək niyyətində olduğunu bildirsə də, onun bu dəlilləri məhkəmə tərəfindən ona görə əsassız hesab edilir ki, bu hallar cavabdehin qanundan və müqavilədən irəli gələn vəzifəsinin icra edilməməsini haqlı çıxarmır. Hazırda icraatı dayandırılmış cinayət işi üzrə cavabdehin özünə məxsus olan qeyri-yaşayış sahəsinin üzərində həbs olması mübahisəsiz olsa da, cavabdeh bu əsasdan çıxış edərək müqaviləni ləğv etmək niyyətində olduğunu öhdəliyin icrasından boyun qaçırmaq kimi qeyri-qanuni yollarla deyil, qanunla nəzərdə tutulmuş tədbirləri həyata keçirməklə (məsələn, iddiaçıya pretenziya göndərməklə) göstərə bilərdi. Lakin cavabdeh tərəfin özünün izahatı ilə müəyyən edilir ki, o, müqavilənin ləğv edilməsi ilə bağlı qarşı tərəfə heç bir pretenziya ünvanlamamışdır. Belə olan halda məhkəmə hesab edir ki, müqavilənin qüvvədə olması öz təsdiqini tapdığından, tərəflər də öz növbəsində müqavilə üzrə öhdəliklərini icra etməlidirlər. Göstərilənlərə əsasən, məhkəmə belə nəticəyə gəlir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa, rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 421-ci maddəsinə əsasən, müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. 425.1-ci maddəsinə müvafiq olaraq, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 700-cü maddəsinə görə, icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. İcarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. Əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununun: 13-cü maddəsinə görə, torpaq icarəsinin müddətləri tərəflərin razılığı ilə müəyyən edilir və onlar qanunvericiliklə müəyyən edilmiş qaydada bağlanan müqavilədə təsbit olunurlar. 14-cü maddəsinə əsasən, ... icarə haqqı tərəflərin razılığı ilə pul, natura və ya qarışıq formalarda müəyyən edilə bilər. Qanunla müəyyən edilmiş hallar istisna olmaqla, dövlət mülkiyyətində olan torpaqların icarə haqları Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülür. Dövlət mülkiyyətində olan torpaqların icarəyə verilməsindən daxilolmalara nəzarət müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. 15-ci maddəsinə görə, torpaq icarəsi müqaviləsinin dəyişdirilməsi, uzadılması, vaxtından əvvəl ləğv edilməsi və xitamı Azərbaycan Respublikasının qanunvericiliyində və müqavilədə nəzərdə tutulmuş hallarda və qaydada həyata keçirilir... 23-cü maddəsinə əsasən, torpaq sahəsindən istifadəyə görə icarə haqqını, digər tədiyələri vaxtında ödəmək icarəçinin vəzifəsidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-76.2-ci maddəsinə görə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə qeyd edir ki, sübut edilməli hallar dedikdə, mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki Prosessual Məcəllə sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Məcəllə, həmçinin, məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Bu baxımdan iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Göstərilənləri ümumiləşdirərək məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilməli, Cavabdeh 10.806,25 manat məbləğində pul alınaraq iddiaçı Əmlak Məsələləri Dövlət Xidmətinin Azərbaycan Respublikası X13 İdarəsindəki AZ53NABZ******************** saylı hesabına köçürülməlidir. Məhkəmə xərcləri ilə əlaqədar qeyd edilməlidir ki, məhkəmə xərclərinin bölüşdürülməsi ilə bağlı məsələ prosessual qanunvericiliklə tənzimləndiyindən, bu barədə qərar qəbul edərkən məhkəmə iddia ərizəsində belə tələbin olub-olmamasından asılı deyildir. Beləliklə, Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə və “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.3-cü maddəsinə əsasən məhkəmə hesab edir ki, iddia təmin edildiyindən, Cavabdeh 122,42 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun: 8.1.3-cü maddəsinə görə, qiymətləndirilən iddia ərizəsi üzrə iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi məbləğində dövlət rüsumu tutulur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə, hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 10.806,25 (on min səkkiz yüz altı manat iyirmi beş qəpik) manat məbləğində pul alınaraq iddiaçı Əmlak Məsələləri Dövlət Xidmətinin (VÖEN **********) Azərbaycan Respublikası X13 İdarəsindəki AZ53NABZ******************** saylı hesabına (kod: 501004, AZ74NABZ********************, VÖEN **********, S.W.İ.F.T. bik NABZAZ 2C) köçürülsün. Cavabdeh 122,42 (bir yüz iyirmi iki manat qırx iki qəpik) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Günay Abidova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar