Məhkəmə qərarları › İş №e-2(006)-1993/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-1993/2023

14.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-1993/2023 14.06.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasov Nail İbad oğlunun sədrliyi, Tağıyev Emil Ağaveys oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə2 iştirakı ilə İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı borc tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" ASC kiçik mübahisələr üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə 1029.77 manat əsas borc, 0.01 manat faiz borcu olmaqla, cəmi 1029.78 manat məbləğində kredit borcunun və ödənilmiş 30.30 manat dövlət rüsumunun, habelə 0.40 manat bank xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə "xxxx" ASC-nin Cavabdeh qarşı borc tələbinə dair kiçik iddia qaydasında ərizəsinə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. İddia tələbi onunla əsaslandırılışdır ki, "xxxx" ASC ilə cavabdeh X4 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, BPM**********50 nömrəli kredit müqaviləsinə əsasən Bank tərəfindən borcluya 36 ay müddətinə, illik 20 faiz dərəcəsi ilə hesablanmaqla 2000 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən borcalan bu Müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. X1 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. 1 saylı Bakı “Asan Xidmət” mərkəzində Notariat ofisi tərəfindən verilən məlumata əsasən mərhum X2 xx.xx.2021-ci il tarixdə vəfat etməsi ilə əlaqədar vərəsələrin dairəsinin müəyyənləşdirilməsi üçün vərəsəlik işi açılmış, xx.xx.2022-ci il tarixdə oğlu Cavabdeh miras əmlakından tam hissədə pay almaqla qanun üzrə vərəsəlik şəhadətnaməsi verilmişdir. Miras əmlakı Azərbaycan Respublikası İcbari Tİbbİ Sığorta üzrə X7 Ərazi Bölmələrinin İdarəetmə X8 X9 Şəxsi tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş 2773 nömrəli məkubuna əsasən mərhum X3 ödənilməmiş pul vəsaiti 1323.44 manat məbləğindən ibarətdir. Miras əmlakı üzrə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə Cavabdeh verilmişdir. Maliyyə arayışına əsasən, X2 Banka ödənilməmiş borcu - 1029.77 manat əsas borc, 0.01 manat faiz borcu olmaqla, cəmi 1029.78 manat borcu qalmışdır. Cavabdeh X2 vərəsəsi kimi müəyyən olunmasına baxmayaraq, "xxxx" ASC qarşısında olan öhdəliyi icra etməmişdir. Mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı tərəf səy göstərsə də, cavabdeh öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdir. Cavabdeh borcun qaytarılması haqqında tərəfimizdən xx.xx.2022-ci il tarixli bildiriş göndərilərək, xəbərdarlıq edilsə də, vəsait Banka geri qaytarılmamışdır. Bundan başqa, hazırki mübahisə üzrə iddia qiyməti 1029.78 manat olduğundan, tərəfimizdən 30.30 manat dövlət rüsumu və 0.40 manat bank xidməti haqqı ödənilmişdir. Daha sonra iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə 929.77 manat əsas borc, 0.01 manat faiz borcu olmaqla, cəmi 1029.78 manat məbləğində kredit borcunun və ödənilmiş 30.30 manat dövlət rüsumunun, habelə 0.40 manat bank xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə2 iddia tələbini müdafiə etməklə iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş, məhkəmənin xx.xx.2023-cü il tarixli iclasında iştirak etməklə, iddia tələbini etiraf etmiş və həmin borcun hissə-hissə ödənilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə, iddiaçının nümayəndəsi dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan "xxxx" ASC ilə X4 arasında bağlanmış xx.xx.2019-cu il tarixli BPM**********50 saylı müqavilənin surətindən görünür ki, həmin müqavilə sonuncuya bank tərəfindən 36 ay müddətinə illik 20 faiz olmaqla 2000 manatın verilməsi haqqında bağlanmışdır. İş materiallarında olan ödəniş cədvəlindən görünür ki, X4 müqavilə əsasında götürdüyü 2000 manat pulu 36 ay müddətinə ayda 74.4 manat, sonuncu ay 70.84 manat olmaqla hissə-hissə qaytarıması barədə iddiaçı qarşısında öhdəlik götürmüşdür. İş materiallarında olan xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, həmin tarixə X2 iddiaçı qarşısında 929.77 manat əsas, 0.01 manat faiz ödənilməmiş öhdəliyi vardır. İş materiallarında olan AZ-İİ 200240 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.2021-ci il tarixdə ölmüşdür. İş materiallarında olan 1 saylı Bakı “ASAN xidmət” ofisi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, X2 vərəsəsi Cavabdehdur. İş materiallarında olan xəbərdarlıq məktubundan görünür ki, iddiaçı tərəfindən Cavabdeh borcun ödənilməsi tələb olunmuş, ödənilməyəcəyi təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. İşin müəyyən edilmiş hallarından görünür ki, "xxxx" ASC ilə X4 arasında 2000 manat pulun 20 % dərəcəsi ilə 36 ay müddətinə sonuncuya verilməsi barədə müqavilə bağlanmış, X4 xx.xx.2021-ci il tarixdə ölmüş, onun iddiaçı qarşısında həmin müqavilə üzrə yerinə yetrilməmiş kredit borcu öhdəliyi yaranmış, onun vərəsəsi kimi Cavabdeh tanınmışdır. Cavabdeh yaranmış kredit borcunun ödənilməsi tələb olunmuş, lakin o, müvafiq qanunvericilikdə nəzərdə tutulduğu qaydada vərəsə kimi kreditor qarşısında öhdəlikləri yerinə yetirməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1306.1-ci maddəsinə əsasən, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Həmin Məcəllənin 1306.2-ci maddəsinə əsasən, əgər miras qoyan vərəsələrə keçmiş borclar üzrə birgə borclu olmuşdursa, vərəsələr birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 1309-cu maddəsinə əsasən, vərəsələr, əgər ölənin borcları onlara məlumdursa, mirasın açılması barədə miras qoyanın kreditorlarına məlumat verməyə borcludurlar. Həmin Məcəllənin 1313-cü maddəsinə əsasən tələblərin ödənilməsi zamanı miras qoyanın kreditorları vərəsənin kreditorları qarşısında üstünlüyə malikdirlər. Qeyd olunan qanunvericliyin tələblərinə əsasən məhkəmə, Cavabdeh kreditor qarşısında öhdəlik götürmüş şəxsin (borclunun) vərəsəsi olmaqla həmin şəxsdən miras qalmış əmlaklara dair tam pay hüququ olduğundan kredit borcunun ondan tutulması barədə tələbi əsaslı və qanuna uyğun hesab edir. Məhkəmə həmçinin qeyd edir ki, məhkəmənin əvvəlki iclasında cavabdeh iddia tələbini etiraf etməklə, onun təmin olunmasına etiraz etməmişdir. İşin müəyyən edilmiş hallarını nəzərə alaraq cavabdehdən 929.77 manat əsas, 0.01 manat faiz borcunun tutulması hissəsində məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olmaqla həmin hissədə tam təmin edilməlidir. İş materiallarında olan qəbzdən görünür ki, iddiaçı tərəfindən 30.30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməklə Cavabdeh 929.77 manat əsas, 0.01 manat faiz borcu, ödənilmiş 30.30 manat dövlət rüsumu və 0.40 manat xidmət haqqı, cəmi 960.48 manat "xxxx" ASC-nin xeyrinə tutulmalıdır. Qeyd olunanlara və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh 929.77 manat əsas, 0.01 manat faiz borcu, ödənilmiş 30.30 manat dövlət rüsumu və 0.40 manat xidmət haqqı, cəmi 960.48 manat "xxxx" ASC-nin xeyrinə tutulsun. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nail Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar