Məhkəmə qərarları › İş №e-2(006)-1996/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-1996/2025

08.04.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-1996/2025 08.04.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, X1 oğlunun katibliyi, İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. İddiaçı MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh əsassız varlanması nəticəsində iddiaçıya vurduğu 1273.40 (min iki yüz yetmiş üç manat qırx qəpik) manat məbləğində maddi ziyanın və iddia ərizəsinin məhkəməyə verilməsinə görə 33 (otuz üç) manat məbləğində dövlət rüsumunun birdəfəlik şəkildə cavabdehdən tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı keçmiş işçisi Cavabdeh AS2213 nömrəli əmək müqaviləsi ilə 02 mart 2018-ci ildə Baş xəzinədar vəzifəsi üzrə işə qəbul edilib. Daha sonra 01 avqust 2023-cü il tarixində əmək müqaviləsinə dəyişiklik edilərək Marketdaxili proseslər üzrə mütəxəssis vəzifəsinə qəbul edilib. 27 mart 2024-cü il tarixli, T0699-24 nömrəli Əmrlə Cavabdeh 02 mart 2018-ci il tarixli, AS2213 nömrəli əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” (işçilərin sayı və ya ştatları ixtisar edildikdə) bəndinə əsasən xitam verilib. İddiaçı MMC öz əməkdaşlarına “burada çalışdıqları dövrdə” istifadə etməsi üçün korporativ nömrələr təqdim edir. Həmçinin əməkdaşlar, həmin korporativ nömrə ilə yanaşı ödənişsiz şəkildə “189 Taksi” xidmətindən Şirkət hesabına istifadə etmə imkanı ilə təmin olunurlar. Belə ki, iddiaçı, öz işçilərini onlara verilmiş tapşırıqları iş yerindən kənarda həyata keçirmək zərurəti yarandıqda Şirkət hesabına taksi xidməti ilə təmin edir. Yəni, həmin taksi xidmətindən yalnız Şirkətin işçiləri iş prosesi ilə əlaqədar verilən tapşırıqları həyata keçirmək məqsədilə istifadə edə bilərlər. Bu təminat işçilərə yalnız Şirkətdaxili və vəzifə öhdəliklərindən irəli gələn məsələlərin işçi və işəgötürən üçün daha rahat və sürətli şəkildə həll edilməsi məqsədilə verilib. Bir sözlə bu təminat işçi və işəgötürən arasında bağlanan Əmək müqaviləsinin bağlandığı tarixdən yaranmaqla başlayır, həmin Əmək müqaviləsinin xitam edilməsi ilə sona çatır. Yəni, işçi heç bir halda nə işlədiyi dövrdə, nə də işdən ayrıldıqdan sonra bu təminatı öz şəxsi mənafeyi, özünə aid məsələlərin həlli məqsədilə istifadə edə bilməz. Bu təminat Şirkətin işçiyə nə Əmək müqaviləsinin qüvvədə olduğu dövrdə, nə də Əmək müqaviləsinin xitam olunduğu dövrdən sonra hədiyyəsi deyildir, yalnız Şirkətin işləri ilə əlaqədar marşrutlarda istifadə üçün verilir. Buna baxmayaraq, Cavabdeh işdən ayrıldıqdan sonra Şirkət hesabına sözügedən taksi xidmətlərindən şəxsi məqsədlərlə istifadə etməyi faktı aşkar edilib. Belə ki, "xxxx" Şirkəti tərəfindən İddiaçı MMC-yə hər ayın sonu işçilərin taksi xidmətindən istifadəsi ilə bağlı hesabat göndərilir. Həmin hesabatda işçilər tərəfindən gedilən yerin ünvanı, saatı və ödəniş qeyd edilir. Cavabdehin işdən ayrıldıqdan sonra 6 ay – aprel, may, iyun, iyul, avqust, ayları ərzində sözügedən taksidən öz şəxsi maraqları üçün istifadə etməsi faktı aşkarlanıb. "xxxx" Şirkətinin göndərdiyi hesabatda cavabdehin həmin xidmətdən istifadəsi faktının detalları da göstərilib. Cavabdeh tərəfindən 6 (altı) ay ərzində toplam olaraq 1273.40 (min iki yüz yetmiş üç manat qırx qəpik) manat dəyərində taksi xidmətlərindən istifadə edilməklə Şirkətə maddi ziyan vurulub. İddiaçı tərəfindən cavabdehə həmin ödənişin icra edilməsinə dair 21 oktyabr 2024-cü il tarixli bildiriş məktubu ünvanlanıb. Lakin cavabdeh qeyd edilən məbləğdə gedişlərdən hüququ olmadan istifadə etdiyini təsdiqləsə də müxtəlif səbəblər gətirərək ödəməkdən imtina edib. Cavabdeh ilk başlarda məbləği hissə-hissə qaytarmağı təklif edib. Buradan da məlum olur ki, o, bu məbləği təyinatına uyğun olmayan məqsədlərlə və hüququ olmadığı halda istifadə etdiyindən xəbərdardır. Beləliklə, iddiaçının cavabdehə qarşı müvafiq tələblər üzrə məhkəməyə müraciət etməkdən başqa çıxış yolu qalmayıb.

a) Məhkəmə prosesi:

3. Məhkəmə iclasında İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə iddianı müdafiə etdiyini bildirdi və iddianın təmin olunmasını xahiş etdi.

4. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

5. Əvvəlki məhkəmə iclasında Cavabdeh əvvəllər cavabdeh şirkətdə işlədiyini, daha sonra ixtisar ilə çıxarıldığını, işdən çıxarıldıqdan sonra taksi xidmətindən istifadə etdiyini, lakin müvafiq taksi xidmətlərinin korporativ hesabdan çıxdığını bilmədiyini bildirmişdir. Əlavə etmişdir ki, cavabdehin nümayəndələri bu barədə ona məlumat verdikdə, o, borcu hissə-hissə ödəyə biləcəyini bildirmiş, lakin 150 manat mediasiya xərcini də ondan istədiklərinə görə razılaşmamışdır. Hazırda o borcu qəbul etdiyini, maddi vəziyyəti ilə əlaqədar hissə-hissə ödəyə biləcəyini qeyd etmişdir.

6. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb, cavabdehin xx.xx.2025-ci il tarixli ərizəsini nəzərə alaraq və toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir.

Əsaslandırıcı hissə: a) İş materialları:

7. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış AS2213/2 nömrəli, xx.xx.2019-cu il tarixli əmək müqaviləsindən görünür ki, bu əmək müqaviləsi işəgötürən (iddiaçı) ilə işçi (cavabdeh) arasında bağlanmış xx.xx.2018-ci il tarixli əmək müqaviləsinə yenidən baxılması haqqındadır.

8. İddiaçı MMC-nin xx.xx.2024-cü il tarixli əmrindən görünür ki, xx.xx.2024-cü il tarixdən etibarən Marketdaxili proseslər üzrə mütəxəssis vəzifəsində çalışan Cavabdeh ilə bağlanan əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xitam verilməsi... əmr edilmişdir.

9. Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı xx.xx.2024-cü il tarixli əmək müqaviləsi bildirişindən görünür ki, həmin tarixdə iddiaçı Cavabdeh ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xitam verilmişdir.

10. İddiaçı MMC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2024-cü il tarixli bildirişdən görünür ki, iddiaçıya dəymiş ziyana görə iddiaçının bank hesabına 1273,40 manat məbləğində pul vəsaitinin 5 gün ərzində ödənilməsi xahiş edilmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdar edilmişdir.

11. “BRAVO 90019RB” nömrəli müştərinin taksi xidmətindən istifadə barədə çıxarışlardan görünür ki, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək taksi xidmətindən istifadə edilmişdir.

12. Dövlət rüsumunun ödənilməsi barədə xx.xx.2025-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddia ərizəsinin verilməsinə görə 33 manat məbləğində dövlət rüsumu ödənilmişdir.

b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

13. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, İddiaçı MMC ilə Cavabdeh arasında əmək müqaviləsin əsasında əmək münasibətləri mövcud olmuş və həmin əmək münasibətlərinə iddiaçının xx.xx.2024-cü il tarixli əmri ilə xx.xx.2024-cü il tarixdə xitam verilmişdir.

14. Əmək münasibətləri davam edən dövrdə cavabdehə müəssisədaxili hüquq və vəzifələrini yerinə yetirmək məqsədilə iddiaçı tərəfindən ödənişsiz taksi xidmətindən istifadə etmək üçün şərait yaradılmış və ona korporativ nömrə verilmişdir. Cavabdehə, o cümlədən bütün işçilərə həmin xidmətdən istifadə imkanı yalnız müəssisədaxili hüquq və vəzifələrin həyata keçirilməsi məqsədi ilə yaradılmışdır. Lakin cavabdeh əmək münasibətlərinə xitam verildikdən sonra da həmin taksi xidmətindən istifadə etmiş və bu səbəbdən iddiaçının taksi xidmətini həyata keçirən şirkət qarşısında borcu yaranmışdır. Cavabdeh məhkəmə iclasında həmin taksi xidmətindən istifadə etdiyini etiraf etmiş, borcunu hissə-hissə ödəyəcəyə biləcəyini bildirmişdir. Məhkəmə cavabdehin etirafını qəbul etmişdir. c) Məhkəmənin mövqeyi:

15. Məhkəmə təqdim edilmiş sübutları və cavabdehin etirafını nəzərə alaraq hesab edir ki, iddia Cavabdeh tərəfindən etiraf edildiyi üçün təmin edilməlidir. Yuxarıda qeyd olunduğu kimi cavabdeh iddia tələbini yazılı qaydada etiraf etmişdir. Məhkəmə hesab edir ki, onun iddia tələbini etiraf etməsi qanunazidd deyildir, hər hansı şəxsin hüquq və mənafelərini pozmur, buna görə də cavabdehin iddia tələbini etiraf etməsi məhkəmə tərəfindən qəbul olunur.

16. Məhkəmə əlavə olaraq qeyd edir ki, cavabdeh hüquqi əsas olmadan iddiaçının hesabına əsassız varlanmışdır. Yəni, cavabdeh müvafiq taksi xidmətindən istifadə etmiş, lakin o, xidmətin haqqını heç kimə ödəməmiş və ödənilməyən haqq məbləğinə görə iddiaçının üçüncü şəxslər qarşısında öhdəliyi yaranmışdır. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçıya cavabdehin əsassız varlanması nəticəsində 1273,40 manat məbləğində maddi ziyan dəymişdir. Buna görə də iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur.

17. Belə olan halda məhkəmə hesab edir ki, iddia təmin edilməli, 1.273,40 manat məbləğində pul cavabdehdən alınaraq iddiaçıya verilməlidir. İddia tələbi təmin edildiyi üçün ödənilmiş 33 manat məbləğində dövlət rüsumu da cavabdehdən alınaraq iddiaçıya verilməlidir.

d) Tətbiq edilən hüquq və iş üzrə məhkəmənin gəldiyi nəticə:

18. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 14.2.6. Başqa şəxsə zərər vurulması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarındandır. Maddə 21. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 385.1-ci maddə. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddə. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 425.1-ci maddə. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir; 442-ci maddə. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 1115-ci maddə. Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. 1091-ci maddə. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddə. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1-ci maddə. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. 1096.1-ci maddə. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddə. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 52.2, 52.5. Cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. İddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır; Maddə 76.1-76.2. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Maddə 106.3-106.4. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Məhkəmə faktın etiraf olunmasının işin həqiqi hallarının gizlədilməsi məqsədi ilə və yaxud aldatma, zor, hədə və ya yanılma təsiri nəticəsində baş verməsinə şübhə edirsə, etirafı qəbul etmir. Bu halda həmin faktlar ümumi qaydada sübut olunmalıdır; Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 191.3. Cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır; Maddə 217.3-217.4. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 220.4. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər.

20. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki Prosessual Məcəllə sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Məcəllə, həmçinin, məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur.

21. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 1.273,40 manat məbləğində pul və iş üzrə ödənilmiş 33 manat məbləğində dövlət rüsumunun əvəzi tutularaq İddiaçı MMC-yə ödənilməlidir.

Nəticə:

22. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia təmin edilsin. Cavabdeh 1.273,40 (bir min iki yüz yetmiş üç manat qırx qəpik) manat məbləğində pul və iş üzrə ödənilmiş 33 (otuz üç) manat məbləğində dövlət rüsumunun əvəzi tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmən verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Günay Abidova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar