Məhkəmə qərarları › İş №e-2(006)-2010/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-2010/2025

06.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-2010/2025 06.03.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Şəmmədova Şəhla Eynur qızının katibliyi, Cavabdehın nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 12 ay ərzində ödədiyi 3556,44 manat və iddia qaldırılan günə ümumi borc olaraq 7978,49 manat, 11534,93 manat pul vəsaiti və ödənilmiş 124,6 manat dövlət rüsumunun Cavabdeh onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, "xxxx" ASC ilə bağladığı xx.xx.2023-cü il tarixli 103801-971712/2 saylı kredit müqaviləsinə əsasən, bankdan 48 ay müddətinə, illik 18,5% ödəmək və xx.xx.2027-ci ilədək tam qaytarmaq şərtilə 10 000 manat məbləğində kredit istehlak məqsədi üçün kredit alıb. Sözügedən kreditləri həmin dövrdə Vüsal Xasıyevin istəyi ilə götürmüşdür və həmin məbləğlərin hamısını cavabdehə vermişdir. Aylıq ödənişləri, yəni 296,37 manat olmaqla hər ay özü ödəmişdir. Bütün bu sadaladıqlarını cavabdehin özü və anası tərəfindən “Whatsapp” tətbiqi vasitəsi ilə ona ünvanlanan yazışmalar və səs yazıları təsdiq edir. Həmin səs yazılarında da qeyd edildiyi kimi həmin məbləğ hazırki iş üzrə cavabdehin müəyyən məbləğdə borclarının bağlanması və yerdə qalan məbləğə, yəni təxminən 7000 manat gələcəkdə qurulacaq ailənin istifadəsi üçün alınmış avtomobilə ilkin ödəniş edilməsindən ibarətdir. Avtomobil 1 saylı “Asan Xidmət”in binasında yerləşən “İdeal Kredit” BOKT-da rəsmiləşdirilmiş və ilkin ödəniş onun tərəfindən verilərək “Hyundai Accent” markalı avtomobil alınmışdır. Nəzərə çatdırır ki, qeyd edilən avtomobil lizinq vasitəsi ilə alınıb və müvafiq sübutlar həmin şirkətdən əldə edilə bilər. Həmin avtomobil hal-hazırda cavabdehin istifadəsindədir. Hal-hazırda 296,37 manatdan 12 ay ödəniş etmişdir (12 ay x 296,37 manat=356,44 manat) və bu günə qalıq ümumi borc 7978,49 manat təşkil edir. İddiaçı məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasında iştirak edə bilməyəcəyini və işə onun iştirakı olmadan baxmağı xahiş etmişdir. Məhkəmə qeyd olunan ərizəni nəzərə alıb, mülki işə iddiaçı tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdehin nümayəndəsi X2 məhkəmə iclasında izahat verərək bildirdi ki, iddia tələbini qəbul etmədiyini və məhkəmədən iddianın rədd olunmasına dair yekun məhkəmə aktının çıxarılmasını xahiş etdi. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, İddiaçı ilə "xxxx" ASC arasında 24 iyul 2023-cü il tarixdə 103797-PC********** saylı kredit xətti müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən iddiaçıya 36 ay müddətinə illik 24 % ödənilməsi şərti ilə 1200 manat məbləğində kredit xətti ayrılmışdır. Eləcə də, İddiaçı ilə "xxxx" ASC arasında 24 iyul 2023-cü il tarixdə 103801-971712/2 saylı kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən iddiaçıya 48 ay müddətinə illik 18,5% ödənilməsi şərti ilə 10000 manat məbləğində kredit verilmişdir. Ödəniş sənədlərindən görünür ki, iddia qaldırılan günə iddiaçı tərəfindən hər ay 296,37 manat olmaq şərti ilə 12 ay ödəniş yerinə yetirilmişdir. Ödənilməmiş kredit məbləği cəmi 3556,44 manat təşkil edir. Kredit müqaviləsi üzrə ödənilməli məbləğ 7978,49 manat təşkil edir. xx.xx.2024-cü il tarixli MŞB/18/2024-00826 saylı ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayışdan görünür ki, tərəflər arasında nikahın pozulması və əmlak tələbinə dair mübahisə olduğundan, iddiaçı mediasiya təşkilatına müraciət etmişdir. İddiaçı bundan sonra nikahın pozulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e- 2(006)-4417/2024 saylı qətnaməsi əsasında tərəflər arasında 05 dekabr 2023-cü il tarixdə 1 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsində 2299 saylı akt qeydi ilə bağlanmış nikah pozulmuşdur. Məhkəməyə təqdim edilmiş, “Whatsapp” tətbiqi vasitəsilə aparılan danışıq və yazışmalarla təsdiq olunur ki, iddiaçının götürdüyü kredit məbləği cavabdehə verilmiş, cavabdeh həmin vəsaiti öz adına avtomobil əldə edilməsinə yönəltmişdir. Məhkəmə vurğulayır ki, hazırki mübahisənin həll edilməsinə Ailə Məcəlləsinin deyil, Mülki Məcəllənin əsassız varlanma ilə bağlı maddi hüquq normaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. - 14.2-ci maddəsinə əsasən əsassız varlanma mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri qismində çıxış edir. - 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. - 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. - 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. “N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 aprel 2021-ci il tarixli Qərarında formalaşmış mövqe ondan ibarət olmuşdur ki, mülki prosessual hüquq doktrinasında qanunsuz sübut anlayışının iki halı fərqləndirilir. Bunlardan biri sübutların qanuna zidd əməllər nəticəsində əldə olunması, digəri isə əldə olunan sübutların qanuna zidd şəkildə istifadə olunması halıdır. Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsində qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmədiyi müəyyən olunmuşdur. Qanunu pozmaqla əldə edilmiş sübut anlayışı mülki hüquq subyektlərinin şəxsi toxunulmazlıq hüququnun pozulması nəticəsində əldə edilmiş sübut mənasını daşıyır. İnsanın səs, görüntü və s. kimi şəxsiyyəti ilə bağlı olan dəyərlərinin onun iradəsi xaricində istifadə olunmasının yolverilməzliyi prinsipi insan şəxsiyyətinin toxunulmazlığını və ona olan hörməti təmin etmək məqsədi daşıyır. Qərarın da davamında qeyd edilmişdir ki, şəxs tərəfindən əqdin qarşı tərəfinin bildirdiyi iradə ifadələrini əks etdirən danışıqların həmin münasibət barəsində yaranan hüquqi mübahisənin həllində istifadə olunması öz-özlüyündə şəxsi toxunulmazlıq hüququna qəsd kimi qiymətləndirilə bilməz. Belə ki, həmin danışıq və yazışmalar əqdin tərəfləri üçün sirr deyildir və mahiyyət etibarı ilə aralarındakı hüquqi münasibətlə bağlı birbirlərinə yazılı mətn halında çatdırdıqları iradə ifadələrindən və bildirişlərindən fərqlənmir. Bu baxımdan başqa şəxslə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsi ilə nəzərdə tutulan hallara aid edilə bilməz. Yuxarıda sadalananlardan, eləcə də tərəflər arasında «WhatsApp» tətbiqi üzərindən aparılmış danışıqlardan göründüyü kimi, kredit tərəflər nikaha daxil olmamışdan öncə iddiaçı tərəfindən alınmış, gələcəkdə ailə quracağı şəxs olan cavabdehə vermiş və cavabdeh həmin pul vəsaitini minik avtomobilinin alınmasına yönəltmişdir. Yəni bununla da müəyyən olunur ki, cavabdehin təkidi ilə iddiaçı tərəfindən götürülmüş kredit məbləği həmin dövrdə tərəflərin nikahda olmadığı, gələcəkdə qurulacaq ailənin ümumi təsərrüfat nəticəsində yaranan xərcləri üçün deyil, bilavasitə cavabdehin özünün şəxsi istifadəsi üçün götürülmüş məbləğdir. Göründüyü kimi cavabdeh iddiaçının pul vəsaiti hesabına əsassız varlanmışdır və iddia tələbi əsaslıdır və təmin edilməlidir. Ödəniş tapşırığından görünür ki, məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 124,6 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, 11534,93 manat pul vəsaiti və ödənilmiş 124,6 manat dövlət rüsumu Cavabdeh İddiaçı xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 11534,93 manat pul vəsaiti və ödənilmiş 124,6 manat dövlət rüsumu Cavabdeh İddiaçı xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar