Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-2025/2023 14.06.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Natavan Tağı qızının sədrliyi, Quluzadə Sevil Zakir qızının katibliyi, Cavabdeh2 MMC-nin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-yə qarşı “sığorta ödənişinin tutulması” tələbi barədə iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC cavabdehlər "xxxx" MMC-yə və Cavabdeh1 qarşı “sığorta ödənişinin tutulması tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılır ki, "xxxx" ASC-də 18 iyul 2020-ci il tarixli sığorta müqaviləsinə əsasən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığortalanmış “Ravon Nexia” markalı, **-PR-*** dövlət qeydiyyat nişanlı avtomobil sığorta müddətində 06 may 2021-ci il tarixdə Bakı şəhərində baş vermiş yolnəqliyyat hadisəsi nəticəsində X5 tərəfindən idarə olunan “Opel Corsa” markalı 99LY954 dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq onu zədələmişdir. Nəsimi rayonu RPİ-nin qərarı ilə Cavabdeh1 qeyd olunan yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli bilinmişdir. Hadisə baş verərkən Cavabdeh1 avtomobili etibarnamə olmadan idarə etmişdir. Zərərçəkənin avtomobilinin zədələnməsi və xəsarətlə bağlı cəmi 400 manat məbləğində sığorta ödənişi verilmişdir. Belə ki, 400 manat məbləğində olan sığorta ödənişindən ümumi 50 manat Cavabdeh1 tərəfindən Cəmiyyətə ödənilmişdir. Aşağıdakılara əsasən hesab edilir ki, zərərçəkənin avtomobilinin yol-nəqliyyat hadisəsi zamanı zədələnməsi nəticəsində üçüncü şəxsə (sığorta ödənişini alan şəxs – faydalanan şəxs sayılır) ödənilmiş sığorta ödənişinin məbləği cavabdehdən tutularaq iddiaçıya verilməlidir. Göstərilənlərə əsasən Cavabdeh2 MMC və Cavabdeh1 350 manat məbləğində verilmiş sığorta ödənişinin və 30,40 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzinin "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında cavabdeh "xxxx" MMC-nin nümayəndəsi X4 iddia tələbinə etiraz edərək bildirmişdir ki, 10 may 2018-ci il tarixli, MAS-323 saylı “Öhdəliklərin ötürülməsi” müqaviləsinə əsasən Cavabdeh1, xx.xx.2018-ci il tarixli, MAS-323 saylı “Daxili lizinq” müqaviləsi üzrə öhdəlikləri qəbul etmiş və “Ravon Nexia”markalı, **-PR-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh1 müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. Həmçinin, daxili lizinq müqaviləsi imzalandığı andan müqavilənin müddəti sona çatana və ya müqavilə ləğv olunana kimi lizinq obyekti olan avtomobilin müvəqqəti sahiblik və istifadə hüququ lizinq alana tam həcmdə keçir. Göründüyü kimi, "xxxx" ASC-nin cavabdehlər Cavabdeh2 MMC və Cavabdeh1 380.40 manat məbləğin iddiaçıya ödənilməsi tələbinin Cavabdeh2 MMC-dən tutulması hissəsi əsassızdır və iddianın Cavabdeh2 MMC-yə aid hissəsinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, iddiaçı və Cavabdeh1 məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə iddiaçı və Cavabdeh1nın iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə cavabdeh "xxxx" MMC-nin nümayəndəsinin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan Cavabdeh2 MMC ilə X3 arasında bağlanmış xx.xx.2018-ci il tarixli AL-323 saylı daxili lizinq müqaviləsindən görünür ki, lizinq verən lizinq alanın sifariş etdiyi və bu lizinq müqaviləsinin ayrılmaz tərkib hissəsi olan 1 saylı Əlavədə göstərilən əmlakı öz mülkiyyətinə əldə edilməsini və muzdla lizinq alanın müvəqqəti sahibliyinə və istifadəsinə verilməsini öhdəsinə götürmüşdür. Lizinq müqaviləsinin əsas məbləği 13.800 manat təşkil etmişdir. İş materiallarında olan X3 ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2018-ci il tarixli, MAS-323№-li öhdəliklərin ötürülməsi müqaviləsindən görünür ki, Cavabdeh1, xx.xx.2018ci il tarixli “Daxili lizinq” müqaviləsi üzrə öhdəlikləri qəbul etmiş və “Ravon Nexia”markalı, **-PR-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh1 müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. İşin materiallarında olan Cavabdeh2 tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli etibarnamənin surətindən görünür ki, "xxxx" MMC ona məxsus “Ravon Nexia" markalı, **- PR-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etməyi Cavabdeh1 xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək etibar edir. İşin materiallarında olan Bakı şəhəri DYPİ tərəfindən tərtib edilmiş № TP ******* saylı, xx.xx.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın və № İXP ******* saylı, xx.xx.2021-ci il tarixli inzibati xəta haqqında protokolun surətlərindən görünür ki, “Ravon Nexia R3" minik markalı, **-PR-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmiş Cavabdeh1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci və 332.1-ci maddələri ilə təqsirli bilinmişdir. İşin materiallarında olan xx.xx.2020-ci il tarixli İcbari Sığorta Müqaviləsinə dair Məlumatdan görünür ki, **-PR-*** dövlət qeydiyyat nişanlı, Ravon Nexia R3 markalı avtomobil "xxxx" ASC tərəfindən 12 ay müddətinə sığorta olunmuşdur. İş materiallarında olan xx.xx.2021-ci il tarixli X1 dair Aktdan görünür ki, **-LY-*** dövlət qeydiyyat nişanlı, Opel markalı avtomobilə 400 manat məbləğində ziyan dəymişdir. İş materiallarında olan "xxxx" ASC tərəfindən verilən xx.xx.2021-ci il tarixli Ödəniş tapşırığından görünür ki, Bank tərəfindən 400 manat məbləğində pul ödənilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, Cavabdeh2 mülkiyyətində olan, Cavabdeh1 sahibliyində olan və "xxxx" ASC tərəfindən sığortalanmış “Ravon Nexia R3" markalı, **-PR-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Cavabdeh1 yol hərəkəti qaydalarını pozaraq, “Opel Corsa” markalı, **-LY-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, sığorta aktına əsasən sığorta şirkəti tərəfindən sığortalı avtomobilə dəymiş zərər ödənilərək sığorta ödənişi həyata keçirilmiş, həmin ödənişdən cəmi 50 manat Cavabdeh1 tərəfindən sığorta şirkətinə ödənilmiş, hazırda isə sığorta şirkəti sığorta aktına əsasən ödədiyi 350 manat məbləğində pulu subroqasiya qaydasında cavabdehlərdən tutulması barədə iddia ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsində göstərilir ki, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Qeyd olunan Məcəllənin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmçinin, Mülki Məcəllənin 1108.1-ci maddəsinin tələbinə görə ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Habelə, “İcbari Sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.3cü maddəsinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi halında sığortaçının sığortalıya və (və ya) sığorta olunana qarşı subroqasiya hüququ yaranır. Bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. İş materiallarında göründüyü kimi, xx.xx.2021-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi zamanı qəzada təqsirli olduğu üçün Cavabdeh1 inzibati məsuliyyətə cəlb olunmuşdur. “İcbari Sığortalar haqqında” Azərbaycan Respublikası Qanunun 25.2-ci maddəsinə əsasən bu Qanunun 25.1-ci maddəsində nəzərdə tutulmuş hallarda subroqasiya hüququ sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxsə qarşı yaranır. “Daxili Lizinq” müqaviləsinin 3.1-ci bəndinə əsasən bu müqavilənin qüvvədə olduğu bütün müddət ərzində Lizinq obyektinə mülkiyyət hüququ Lizinq verəndə qalır . Lizinq obyektindən müvəqqəti sahiblik və istifadə hüququ lizinq alana tam həcmdə keçir. “Daxili Lizinq" müqaviləsinin 11.2-ci bəndinə əsasən müqavilənin qüvvədə olduğu bütün müddət ərzində lizinq obyektindən istifadə edilməsi zamanı yaranmış üçüncü şəxslərə dəymiş zərərə görə (maddi və mənəvi ziyan, həmçinin səhhətə dəymiş ziyan da daxil olmaqla) məsuliyyəti lizinq alan daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 748-2.2-ci maddəsinə əsasən lizinq müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinə sahiblik və ondan istifadə hüququ lizinq alana tam həcmdə keçir. Həmin Məcəllənin 748.6.4-cü maddəsinə əsasən Lizinq alan, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyənləşdirilən hallarda, lizinq obyektinin istifadəsi prosesində digər şəxslərin həyatına, sağlamlığına və ya əmlakına dəyən ziyan nəticəsində yaranan öhdəliklərin yerinə yetirilməsinə görə öz məsuliyyətini sığortalamalıdır. Həmin Məcəllənin 748-7.1-ci maddəsinə əsasən, lizinq obyekti olan əmlakın zərərin bütün növlərindən qorunması, həmçinin onun məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması, quraşdırılması və ya istifadəsi zamanı buraxılan səhvlərdən və istismarı zamanı yol verilən risklərdən qorunması ilə bağlı məsuliyyəti, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinin faktiki qəbulu anından lizinq alan daşıyır. Göründüyü kimi, yüksək təhlükə mənbəyi sayılan avtomobil Cavabdeh1 hüquqa zidd hərəkətləri nəticəsində həmin mənbənin sahibi olan Cavabdeh2 MMC-nin sahibliyindən çıxmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Məhkəmə iddia tələbinə qeyd olunan maddi hüquq normalarını tətbiq edərək, belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh1 subroqasiya hüququ əsasında 350 (üç yüz əlli) manat məbləğində pul və 30,40 (otuz manat, qırx qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməli, iddia tələbi cavabdeh "xxxx" MMC-yə münasibətdə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh1 subroqasiya hüququ əsasında 350 (üç yüz əlli) manat məbləğində pul və 30,40 (otuz manat, qırx qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia tələbi cavabdeh "Azərmaş” MMC-yə münasibətdə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Natavan Tağıyeva
Məhkəmə qərarları › İş №e-2(006)-2025/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-2025/2023
14.06.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver