Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-2031/2023 28.07.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasov Nail İbad oğlunun sədrliyi, Tağıyev Emil Ağaveys oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil3, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı qeyri-yaşayış sahəsinin istifadəsinə cavabdehlər tərəfindən törədilən maneələrin aradan qaldırılması tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən binanın birinci mərtəbəsindəki onun qanuni sahibliyində olan 53 kv metr qeyri-yaşayış sahəsinin istifadəsinə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tərəfindən törədilən maneələrin aradan qaldırılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, onun 85 yaşı vardır və Azərbaycan Dövlət İqtisad Universitetinin 50 il stajı olan professorudur. ünvan 2 ünvanında binanın birinci mərtəbəsində yerləşən 53 kv metr qeyri-yaşayış sahəsi 25 ildir ki, onun qanuni istifadəsindədir. Sözü gedən qeyri-yaşayış sahəsinin alt-hissəsi də ona xüsusi mülkiyyət hüquq ilə məxsusdur. Buna baxmayaraq, cabadehlər Cavabdeh1 Kəbi oğlu və Cavabdeh2 ona məxsus olan qeyri-yaşayış sahəsinə gələrək hər dəfə müxtəlif qanunsuzluqlara və özbaşınalıqlara yol verir, onu nalayiq sözlərlə təhqir edir və hədə qorxular gələrək 25 ildən artıqdır ki, onun qanuni saibliyində və istifadəsində olan qeyriyaşayış sahəsinə daxil olmağa maneəçiliklər törədirlər. O, dəfələrlə cavabdehləri xəbərdar etsə də bunun nəticəsi olmamış cavabdehlər "get kimə istəyirsən şikayət elə onsuz da heç nə əldə etməyəcəksən" bildirmişlər. Qeyd etmişdir ki, Cavabdeh2 daha əvvələr ona həmin qeyri-yaşayış sahəsini boşaltmağa dair iddia irəli sürsə də onun iddia tələbi təmin edilməmişdir. Azərbycan Respublikasının Ali Məhkəməsinin 12 fevral 2015-ci il tarixli 2(102)- 406/2015 saylı qərarına əsasən iddiaçı Cavabdeh2 kassasiya şikayəti təmin edilməmiş və Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 10 oktyabr 2014-cii il tarixli, 2(103)-6036/2014 saylı qətnaməsi dəyişdirilmədən saxlanmaqla İddiaçı Cavabdeh2 İddiaçı qarşı "qeyri-yaşayış sahəsinin boşaldılması tələbinə dair" iddia ərizəsi rədd edilmişdir. Həmin qanuni qüvvəsini almış məhkəmə aktları ilə sözü gedən ünvan 1 ünvanındakı binanın birinci mərtəbəsindəki ümumi sahəsi 53 kv metr olan qeyri-yaşayış sahəsinin onun sahibliyində olması təsdiq olunmuşdur və bu məsələnin mübahisəsiz halıdır. Həmçinin Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 07 sentyabr 2017-ci il tarixli qərardadı ilə iddiaçı Cavabdeh2 cavabdeh İddiaçı qarşı 53.1 kv.m ölçüdə olan sahənin boşaldılması və dəymiş maddi ziyanın tutulmasına dair tələbi üzrə icraata xitam verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 16 yanvar 2018-ci tarixli qərarı ilə iddiaçı Cavabdeh2 kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 07 sentyabr 2017-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Beləliklə cavabdeh X2 qeyri-yaşayış sahəsinə aid olan bütün prosessual hüquqlarına və iştirakına xitam verilmişdir. Buna baxmayaraq, Cavabdeh2 və onların binaya ümumiyətlə aid olmayan və hal hazırda binada qanunsuz söküntü, tikinti və dağıntı işləri apardığına görə inzibati məsuliyyətə də cəlb edilmiş digər Cavabdeh1 Kəbi oğlu ona məxsus olan obyektə gələrək ona qarşı qanunsuz hərəkətlərə yol vermiş, o cümlədən onum təhqir etmək mübahisələrə yol verərək hədə qorxular gələməklə onun öz obyektinə daxil olmaqda maneəçiliklər yaratmaqda davam etmişdir. Bu hal dəfələrlə davam etmiş, sonuncu dəfə bir müddət əvvəl yenədə obyektə gələrək həmin hərkətləri təkrarlamış və onu obyektə daxil olaraq, onunla mübahisələr etmişdir. Halbuki, ona qarşı hər hansı qanuni əsası yoxdur. Sözü gedən qeyri-yaşayış sahəsi 25 ildir ki, onun qanuni istifadəsindədir. Bu qanuni qüvvəyə minmiş məhkəmə akları ilə təsdiq olunur və hazırda bütün qonşular da təsdiq edə bilər. Buna baxmayaraq, cavabdehlər Cavabdeh1 Kəbi oğlu və X5 qeyd olunanlara məhəl qoymayaraq, qanunsuzluğa və özbaşınalığa davam edirlər. Cavbdehlər öz hərəkətlərini onunla əsasladırırlar ki, sözü gedən qeyri-yaşayış sahəsini onlara təhvil verməlidir ki çox ciddi qanun pozuntusudur. Əlavə olaraq, bildirmək istəmişdir ki, sözü gedən bina X20 tərəfindən inşa edilmişdir, kooperativin 40 faiz təsisçi payı ona məxsusdur və sözü gedən 53 kv metr qeyri-yaşayış sahəsi ona kooperativ tərəfindən 1997-ci ildə verilmişdir və bu günədək qanuni istifadəsindədir. Nəsimi rayon icra Hakimiyyəti tərəfindən Əmlak Məsələləri Dövlət Komitəsinə ünvanlanmış xx.xx.2011 tarixli Q-21 saylı məktubuna əsasən 17 saylı MKİS-in xx.xx.2011-ci il tarixli aktına əsasən həqiqətən də sözü gedən ünvan 4 ünvanında yerləşən 100,2 kv.m olan sahənin İddiaçı istifadəsində olması təsdiq olunmuşdur. D.Əliyeva küçəsi 241 saylı 5 mərtəbəli binada yerləşən ona məxsus 100,2 kv.m. qeyriyaşayış sahəsinin İddiaçı tərəfindən icarəyə götürülməsinə və özəlləşdirilməsinə etiraz edilmədiyi, həmçinin Azərbaycan Respublikasi Prezidentinin 629 saylı xx.xx.1997-ci il tarixli sərəncamına əsasən qeyri-yaşayış sahələrinin icarəyə verilməsi və özəlləşdirilməsi Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə həvalə edildiyi bildirilmişdir. Əlavə olunmuş DƏDRX-nin MA seriyalı ******* saylı Çıxarışına əsasən ümumi sahəsi 102 kv metrdən, 46.9 kv.m sahəsi olan zirzəmi adına özəlləşdirilməklə üzərində hüquqlar dövlət qeydiyyatına alınmışdır. Sahəsi 55 kv metr sahəsi olan mübahisəli qeyri-yaşayış sahəsi özəlləşdirmə mərhələsindədir. Azərbaycan Respublikasının Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentinin X11 Dövlət Qeydiyyatı İdarəsi tərəfindən İddiaçı ünvanlanmış 17 may 2016-cı il tarixli **********52670 saylı məktubun surətindən görünür ki, "AY-ULDUZ" Mənzil Kooperativinin qeydiyyat qovluğuna əsasən reyestr məlumatları aşağıdakılardır: qurumun adı "AY-ULDUZ" Mənzil Kooperativi; qeydiyyata alındığı tarix xx.xx.2006; əvvəlki dövlət qeydiyyat №-si 0106- P202-45192; dövlət qeydiyyat №-si (VÖEN) **********; təşkilati-hüquqi forması Kooperativ; hüquqi ünvanı Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi, ev 241, mənzil 60; qanuni təmsilçi İddiaçıdur; təsisçilər və nizamnamə kapitalında mayaların miqdarı - X12 - 20%, İddiaçı - 20%, X14 - 20%, X21-20% və X15 - 20%-dir. Həmçinin bildirmişdir ki, "AY- ULDUZ" Mənzil Kooperativinin beş nəfər təsisçilərindən onun həyat yoldaşı X14 vəfat etdiyindən Nizamaməyə əsasən təsisçi X7 da payı ona keçmişdir. Göründüyü kimi cavabadehlər X4 və Cavabdeh1 ona qarşı qanuni sahibliyində olan ünvan 1 saylı binanın birinci mərtəbəsində yerləşən 53 kv metr qeyri- yaşayış sahəsindən istifadəsinə olan maneəçiliklərin törədilməsi qanunsuz və qəbul edilməzdir. Bu barədə onlara dəfələrlə bildirsəm də nəticəsi olmamışdır. Odur ki, məsələnin məhkəmə yolu ilə həlli zərurəti yaranmışdır. Cavabdeh1 etirazla məhkəməyə müraciət edərək, iddianın rədd edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslnadırılmışdır ki, iddiaçının iddia ərizəsində qeyd etdiyi məsələlər həqiqəti əks etdirmir. Belə ki, mübahisə predmeti olan əmlak- Bakə şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsi, 241 ünvanında yerləşən binanın birinci mərtəbəsindəki 53 kv.metr qeyri-yaşayış sahəsinin İddiaçı məxsus olması qeydi öz əksini tapsa da, bundan öncə məhkəmələr tərəfindən çıxarılmış və qanuni qüvvəsini almış yekun aktlar mübahisəli əmlakın iddiaçıya məxsus olmamasını təsdiq etmişdir. ünvan 6 ünvanında yerləşən binanın birinci mərtəbəsindəki 53 kv.metr qeyri-yaşayış sahəsi “Ay-Ulduz” MK-a məxsusdur. Qeyd edilməlidir ki, İddiaçı bundan öncə də mübahisəli əmlaka dair başqa bir tələblə məhkəməyə müraciət etsə də, onun həmin əmlak üzərində hər hansı bir hüququnun olmaması, məhz bu əsasla da subyektiv hüququnun olmaması səbəbindən iddia tələbi təmin edilməmişdir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının qəbul etdiyi yekun aktda bütün bu faktlar öz əksini tapmışdır. Buna baxmayaraq, İddiaçı yenidən əsassız bir tələblə məhkəməyə müraciət etmiş, heç bir hüququnun olmadığı əmlaka dair onlara qarşı tələblə çıxış etmişdir. İddiaçının bundan öncə də əsassız tələblə onlara qarşı məhkəməyə müraciət etməsi ədalət mühakiməsini yanıltmaqdan başqa bir şey deyildir. ünvan 6 ünvanında yerləşən binanın birinci mərtəbəsindəki 53 kv.metr qeyri-yaşayış sahəsi kooperativə məxsus olmaqla bina sakinləri üçün nəzərdə tutulmuşdur. Həmin sahə bina sakinlərinin maddi vəsaiti hesabına təmir edilmiş, xeyir-şər üçün ərsəyə gətirilmişdir. Buna baxmayaraq, iddiaçı bir neçə dəfə sözü gedən əmlaka qarşı qanunsuz əməllərə yol vermiş, qeyri-yaşayış sahəsinin qapılarını sındıraraq özbaşına həmin sahəyə daxil olmuşdur. Bundan sonra Nəsimi rayon İcra şöbəsinin icra məmurları tərəfindən akt tərtib edilərək onun əməllərinin qarşısı alınmışdır. Mülki iş üzrə iş materiallarından da aydın olduğu kimi iddiaçı iddia tələbinin əsasını təşkil edən hər hansı bir sübut məhkəməyə təqdim edə bilməmiş, yalnızca şifahi mülahizələr əsasında iddia tələbi ilə çıxış etmişdir. Belə ki, iddiaçının irəli sürdüyü tələblər əsaslı və həqiqətə uyğun olmadığından ümumiyyətlə sübuta yetirilə bilməz. Odur ki, İddiaçı tərəfindən irəli sürülmüş iddia tələbi tamamilə əsassızdır və qanun çərçivəsində yol verilməzdir. Şəxsin məhkəməyə müraciət etməsi üçün ilk öncə subyektiv hüququ olmalıdır. Mübahisəli əmlak isə koorperativin mülkiyyəti olduğu və iddiaçının həmin kooperativin sədri vəzifəsindən azad edildiyi üçün onun əmlaka dair hər hansı bir hüququ mövcud deyildir. Belə ki, mülki qanunvericiliyin tələbinə müvafiq olaraq kooperativə məxsus əmlakın idarə edilməsi, ona dair sərəncam verilməsi kooperativə məxsus olmaqla, yalnızca onun adından səlahiyyətli şəxslər tərəfindən həyata keçirilə bilər. İddiaçı isə kooperativin keçmiş sədri olduğundan onun belə bir hüququ ümumiyyətlə mövcud deyildir. Cavabdeh2 etirazla məhkəməyə müraciət edərək, iddianın rədd edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslnadırılmışdır ki, İddiaçı iş üzrə iddia qaldırmaq hüququ yoxdur. Çünki, ünvan 7 ünvanında yerləşən “Ay-Ulduz” Mənzil Kooperativinin xx.xx.2011-ci il tarixdən kooperativin sədri vəzifəsində o, yəni Cavabdeh2dır. Uzun illərdir həmin kooperativin 1-ci mərtəbəsində yerləşən “Ay-Ulduz” MK-ya məxsus 53,01 faktiki 55,01 kvm.qeyri-yaşayış sahəsi kooperativə məxsusdur və qonşular tərəfindən xeyir-şər yeri kimi istifadə edilir. Dəfələrlə İddiaçı binanın sakinlərini maneçilik törədərək həmin qeyriyaşayış sahəsini ələ keçirməyə çalışsa da, qonşular buna imkan verməyiblər. Çünki vaxtı ilə Quluzadə kooperativin sədri olmasından istifadə edərək, həmin xeyir-şər yerini öz şəxsi mənafeyi üçün istifadə etmək istəmiş, hətta bir müddət oranı kafeyə çevirərək, həyətdə çox böyük mübahisələr yaratmışdır və orada öz şəxsi gəlirləri üçün qanunsuz istifadə etmişdir. Dəfələrlə iş məhkəmə predmetinə çevrilmiş və bütün məhkəmə prosesləri bina sakinlərinin xeyri ilə nəticələnmişdir. Onu da qeyd etmək istəmişdir ki, bütün məhkəmə mübahisələri Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına qədər baxılaraq sübuta yetirilmişdir ki, D.Əliyeva küçəsi 241 saylı binanın sakinlərinə məxsusdur, kooperativə məxsus xeyir-şər evi kimi nəzərdə tutulmuş qeyriyaşayış sahəsi İddiaçı heç bir aidiyyətı yoxdur, yəni həmin sahə sakinlərə, kooperativin üzvlərinə məxsusdur. xx.xx.2016-cı il tarixdə həmin yeri aktlaşdıraraq İddiaçı təhvil almışlar. Həmin aktı İddiaçı öz imzası ilə təsdiq etmişdir. Sakinlərin vəsaiti hesabına həmin qeyri-yaşayış sahəsində abadlıq işləri aparılıb, Ulu Öndərin güşəsi yaradılmışdır. Lakin bütün bunlara baxmayaraq İddiaçı tərəfindən qapılar sındırılmış, o, özbaşına həmin sahəyə daxil olmuşdur. Nəsimi rayon İcra və Probasiya Şöbəsinin icra məmurları, 22-ci Polis Bölməsinin əməkdaşları, FNH-nin Nəsimi rayon DYMN-nin inspektoru, hal şahidləri və d. tərəfindən xx.xx.2019-cu il tarixdə akt tərtib olunaraq, İddiaçı qanunsuz hərəkətlərinə son qoyulsa da, İddiaçı yenidən həmin sahəyə qanunsuz daxil olmuş, Nəsimi rayon İcra Şöbəsinin icra məmurları və digər dövlət orqanları işçiləri tərəfindən İddiaçı hərəkətlərinə son qoyularaq xx.xx.2023-cü il tarixli aktla həmin qeyri-yaşayış sahəsi boşaldılmışdır. Yenidən İddiaçı qanunsuz hərəkətlərinə son qoyulsa da, İddiaçı yenidən sakitliyi pozaraq məhkəməyə müraciət edərək onun və Cavabdeh1 barəsində həqiqətə uyğun olmayan əsassız iddia qaldırmışdır. İddiaçı iddiasının heç bir əsası yoxdur və həmin iddianı qaldırması üçün səlahiyyəti də yoxdur. Məhkəmədə iddiaçının nümayəndəsi və vəkili Vəkil3 iddia tələbini müdafiə edərək təmin edilməsini xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Məhkəmədə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddia tələbini etiraf etməyərək onun təmin olunmamasını xahiş etdilər. Məhkəmə iş materiallarını araşdıraraq, işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli qətnaməsinin surətindən görünür ki, Cavabdeh2 cavabdeh İddiaçı qarşı qeyriyaşayış sahəsinin boşaldılması və dəyən zərərin ödənilməsi tələbinə dair iddiası təmin edilməmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli qətnaməsinin surətindən görünür ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2014cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2015-ci il tarixli qərarının surətindən görünür ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Hüquqi şəxslərin dövlət qeydiyyatı üzrə bölgə şöbəsi tərəfindən xx.xx.2006-cı il tarixdə verilmiş X1 Reyestrindən çıxarışın surətindən görünür ki, “Ay-Ulduz” Mənzil Kooperativinin təsisçiləri İddiaçı-40 manat, X9 -40 manat, X16-40 manat, X17-40 manat, X21-40 manat kapitalında paylara sahibdirlər. Həmin çıxarışda həmçinin ümumi yığıncağın xx.xx.2006-cı il tarixli qərarına əsasən İddiaçı kooperativin sədri seçilməsi göstərilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin Hüquqi şəxlərin Dövlət Qeydiyyatı İdarəsi tərəfindən xx.xx.2018ci il tarixdə təqdim edilmiş məlumatdan görünür ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(102)-5644/2016 saylı qərarına əsasən “Ay-Ulduz” Mənzil Kooperativinin sədri xx.xx.2011-ci il tarixdən Cavabdeh2dır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş məktubun surətindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsi ünvanda yerləşən 55.1 kv.m qeyri-yaşayış sahəsinin özəlləşdirilməsi ilə xx.xx.2018-ci il tarixdə keçirilmiş hərracın qalibi İddiaçı olsa da, hərracın qalibi alqı-satqı müqaviləsini bağlamaqdan imtina etmişdir. Bu səbəbdən komitənin xx.xx.2019-cu il tarixli sərəncamı ilə hərracın nəticələri ləğv eidlmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(103)- 4215/2018 saylı qətnaməsinin surətindən görünür ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi qismən, ilk iddianın rədd edilməsi hissəsində qismən ləğv edilməklə iddiaçılar X10, X6 və başqalarının cavabdeh İddiaçı qarşı vurulmuş ziyanın ödənilməsi və sair tələbləri barədə ilk iddia təmin edilməmiş, Bakı şəhəri, D.Əliyeva küçəsi, 241 saylı binada yerləşən 53.1 kv.m ölçüdə olan qeyri-yaşayış sahəsinin boşladılması qət edilməklə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarının surətindən görünür ki, iddiaçı X8 cavabdehlər X3 və qeyrilərinə qarşı kooperativin ləğv edilməsi və ümumi yığıncağın protokollarının etibarsız hesab edilməsi tələbinə dair iddiaçı Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnməsi ilə rədd edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə həmin qətnamə dəyişdirilmədən saxlanılmış, sonuncu isə Ali Məhkəmənin xx.xx.2019cu il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli 8(103)- 438/2020 saylı qərdadının sürətindən görünür ki borclu İddiaçı tərəfindən verilmiş "icra məmurunun hərəkətlərinin qanunsuz hesab edilməsi və 21 avqust 2019-cu il tarixli aktın ləğv edilməsi taləbinə dair" ərizəsi üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəmməsinin 8(006)- 3/2020 saylı işi üzrə xx.xx.2020-ci il tarixli qərarından borclu İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkməsinin 8(006)-3/2020 saylı iş üzrə xx.xx.2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4215/2018 saylı xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən D.Əliyeva küçəsi, 241 saylı binada 53,1 kv.m. ölçüdə olan qeyri-yaşayış sahəsinin Nəsimi rayon icra və probasiya şöbəsinin icra məmurunun xx.xx.2019-cu il tarixli qərarı ilə boşaldıması qərara alınmışdır. Nəsimi rayon icra və probasiya şöbəsinin icra məmurunun xx.xx.2023-cü il tarixli icra sənədi icra edilərək akt tərtib edilmiş, qeyri-yaşayış sahəsi borclu İddiaçı tərəfindən boşaldılmışdır. İş materiallarında olan məhkəmənin sorğusu əsasında Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixdə təqdim edilmiş məktubdan görünür ki, ünvan 6 ünvanda yerləşən binanın birinci mərtəbəsində olan 53 kv.m qeyri-yaşayış sahəsinin qeydiyyata alınmasına dair məlumat aşkar olunmamışdır. Beləliklə, qüvvəyə minmiş məhkəmə qərarları ilə iddiaçının göstərdiyi qeyriyaşayış sahəsinə mülkiyyət (sahiblik, istifadə və sərəncam) hüquqlarının olmaması müəyyən edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 2-ci bəndinə görə mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Həmin maddənin 4-cü bəndinə əsasən, heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.1-ci və 146.2-ci maddəsinə əsasən, daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 1 nömrəli protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını, yalnız bundan sonra cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu müəyyən edildikdən sonra, həmin hüququn pozulmasının məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edibetməməsi məsələləri araşdırılmalıdır. Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd olunan məsələ ilə bağlı ifadə olunmuş hüquqi mövqelərə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Göstərilən qanunvericilik aktları normalarına əsasən məhkəmə hesab edir ki, iddiaçının ünvan 1 ünvanında yerləşən 53 kv metr qeyri-yaşayış sahəsinə dair hazırda qanunla nəzərdə tutulmuş qaydada hər hansı hüququ olmadığı üçün, sözügedən iddia tələbini irəli sürməyə imkan verən subyektiv hüququn sahibi kimi qəbul edilməməklə iddia tələbi təmin edilməməlidr. Həmçinin, qeyd edilməlidir ki, belə halda hazırki tələbin araşdırılması, hüququ olmayan şəxsin iddiasına qiymət verilməsi mənasına gəlməklə məhkəmə müdafiəsi hüququnun ümumi prinsiplərinə zidd olardı. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, qeyd edilənlərə əsasən İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı qeyri-yaşayış sahəsinin istifadəsinə cavabdehlər tərəfindən törədilən maneələrin aradan qaldırılması barədə tələbi təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı qeyri-yaşayış sahəsinin istifadəsinə cavabdehlər tərəfindən törədilən maneələrin aradan qaldırılması tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Nail Abbasov
Məhkəmə qərarları › İş №e-2(006)-2031/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-2031/2023
28.07.2023 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver