Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(006)-2032/2022 05.03.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Cəfərov İlham Məmməd oğlu, iddiaçı A.S.A oğlunun cavabdeh BBB-na qarşı "kredit müqaviləsi üzrə borcun müəyyən edilməsi" tələbinə dair iddia ərizəsinə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı A.S.A oğlu cavabdeh BBB-na qarşı "kredit müqaviləsi üzrə borcun müəyyən edilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh BBB-nun iddiaçı A.S.A oğluna hesabladığı 13891,77 ABŞ dolları məbləğində kredit borcunun azaldılaraq, qismən 3271,49 ABŞ dolları məbləğində olması faktının təmin edilməsi, banka ödənişin ödəniş günündə manatın dollara olan məzənnəsi ilə hesblanması, yəni 6036,76 ABŞ dolları məbləğində gecikdirilmiş əsas borcun və 2449,68 ABŞ dolları məbləğində gecikdirilmiş faiz borcunun silinməsi, həmçinin, 3361,45 ABŞ dolları məbləğində əsas borcun azaldılaraq 1352,15 ABŞ dolları olması, 13,47 ABŞ dolları məbləğində faiz borcunun artırılaraq 1126,06 ABŞ dolları olması, 2030,41 ABŞ dolları məbləğində cərimə borcunun isə azaldılaraq 793,28 ABŞ dolları olmaqla, iddiaçının cavabdehə cəmi 3271,49 ABŞ dolları məbləğində borcunun olması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsinin yolverilməzliyinə görə qəbulundan imtina olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - Mülki Prosessual Məcəllə) 153.2.1-ci maddəsinin tələbinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyinə əsasən mülki işlər üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Fiziki və hüquqi şəxslər məhz özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəmədə iş o halda başlanır ki, hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etmiş olsun. Bu baxımdan iddia icraatı qaydasında məhkəməyə verilən istənilən iddia tələbi üzrə deyil, elə iddia tələbi üzrə məhkəmə icraatı başlana bilər ki, həmin tələb şəxsin qanunvericilikdən irəli gələn hüquqlarının və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün verilmiş olsun. Mülki Prosessual Məcəllənin 149 və 153-cü maddələri iddianın müvafiq olaraq qəbuledilənliyi və yolverilənliyi şərtlərini müəyyən etməklə yanaşı, Məcəllənin 151.1-ci maddəsi nəzərdə tutur ki, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Hazırkı tələblə iddiaçı onun kredit borc məbləğinin düzgün hesablanmasını məhkəmədən xahiş edir. Göründüyü kimi, iddiaçının iddia tələbi borclunun kredit hüquq münasibətləri üzrə yaranmış kredit borcunun məbləğinin müəyyənləşdirilməsi ilə bağlıdır. Bununla bağlı qeyd edilməlidir ki, qanunvericilikdə nəzərdə tutulmuş hallar istisna olmaqla borclunun kredit hüquq münasibətləri üzrə yaranmış kredit borcunun və ya onun bir hissəsinin silinməsi, borcun azaldılması və ya borc öhdəliyindən tam və qismən azad edilmə, yaxud borcun məbləğinin müəyyən edilməsi kimi tələblər ayrıca iddia tələbi kimi məhkəmədə mülki işin başlanmasına əsas ola bilməz. Çünki kreditor tərəfindən yaranmış borc məbləği borcludan məhkəmə qaydasında tələb edilməyənədək kredit müqaviləsi üzrə kreditor və ya borclu tərəfindən hesablanmış borc məbləği özü-özlüyündə borclunun qanunla qorunan hüquqlarını və mənafelərini pozmur. Bu cür tələblər mahiyyətcə kreditorun borcun qaytarılması barədə gələcəkdə irəli sürəcəyi iddiaya etirazını təşkil etməklə, əsaslı olduğu halda iddianın tam və ya qismən rədd olunması üçün əsas ola bilər. Mülki Prosessual Məcəllənin 2.1-ci maddəsinə əsasən, mülki işlər və və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Mülki Prosessual Məcəllənin 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Mülki Prosessual Məcəllənin 24.1-ci maddəsinə əsasən isə, Azərbaycan Respublikasının məhkəmələri, bu Məcəlləyə və ya digər qanunlara müvafiq olaraq onların müdafiəsi məhkəmədən kənar digər qaydada həyata keçirilmirsə, pozulmuş və mübahisə edilən hüquq və azadlıqları müdafiə və təmin edir. Mülki prosessual hüququn prinsiplərinə əsasən məhkəmə yalnız mübahisə olduqda ədalət mühakiməsini həyata keçirə bilər (ümumi iddia icraatı qaydasında baxılan işlər üzrə) və mübahisə edən tərəflər arasında mübahisə yoxdursa və ya mövcud olmuş mübahisə aradan qaldırılmışsa, belə halda məhkəmə icraatının aparılması yolverilməzdir. Bu baxımdan məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən irəli sürülmüş borcun məbləğinin hesablanmasına dair tələbə müstəqil iddia kimi iddia icraatı qaydasında baxıla bilməz. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən irəli sürülmüş tələblərin müstəqil iddia kimi iddia icraatı qaydasında baxılması qeyri-mümkün olduğundan, iddia ərizəsinin qəbulundan imtina edilməli, iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılmalı və iddiaçıya izah edilməlidir ki, kreditorun borcun qaytarılması barədə gələcəkdə irəli sürəcəyi halda, hazırkı tələb ilə bağlı iddiaya etirazını bildirmək hüququna malikdir. Eyni zamanda, Mülki Prosessual Məcəllənin 114.1.2-ci maddəsinin tələbinə əsasən ərizəni baxılmaq üçün qəbul etməkdən imtina edilərsə, ödənilmiş dövlət rüsumu qaytarılır. Odur ki, iddia ərizəsinin qəbulundan imtina edildiyindən iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 100 manat dövlət rüsumu da ona geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 114.1.2, 153.2.1, 153.3 və 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı A.S.A oğlunun cavabdeh BBB-na qarşı "kredit müqaviləsi üzrə borcun müəyyən edilməsi" tələbinə dair iddia ərizəsinin qəbulundan imtina edilsin və iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılsın. Dövlət büdcəsinə dövlət rüsumu olaraq ödənilmiş 100 (yüz) manat məbləğində pul iddiaçıya geri qaytarılsın. Qərardaddan 10 (on) gün müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim İlham Cəfərov
Məhkəmə qərarları › İş №e-2(006)-2032/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №e-2(006)-2032/2022
05.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver