Məhkəmə qərarları › İş №e-2(006)-2039/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-2039/2022

29.04.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-2039/2022 29.04.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi, İddiaçı, Cavabdeh, Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə İddiaçı Cavabdeh qarşı «alimentin dəyişdirilməsi» tələbinə dair iddiası üzrə mülki işə Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «alimentin dəyişdirilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 12.12.2019-cu il tarixli, 2(006)-5286/2019 saylı qətnaməsi ilə Cavabdeh 01.08.2013-cü il təvəllüdlü X1 və 05.07.2017-ci il təvəllüdlü X6 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün tutulmuş aliment dəyişdirilərək, 01.08.2013-cü il təvəllüdlü X1 və 05.07.2017-ci il təvəllüdlü X6 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün Cavabdeh qazancının və başqa gəlirlərinin 1/3 hissəsi miqdarında alimentin tutularaq İddiaçı verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə 10 noyabr 2012-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar. Birgə nikahdan 01 avqust 2013-cü il təvəllüdlü X4 və 05 iyul 2017-ci il təvəllüdlü X9 adlı uşaqları doğulmuşdur. Nikahları Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 12 dekabr 2019-cu il tarixli, 2(006)-5286/2019 saylı qətnaməsi ilə pozulmuş, 01 avqust 2013-cü il təvəllüdlü X1 və 05 iyul 2017-ci il təvəllüdlü X6 anası, yəni onun yanında saxlanılmaqla 01 avqust 2013-cü il təvəllüdlü X1 və 05 iyul 2017-ci il təvəllüdlü X6 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər uşağa görə ayda 160 manat olmaqla, cəmi 320 manat sabit pul məbləğində alimentin Cavabdeh alınaraq ona verilməsi qət edilmişdir. Bildirmək istəyir ki, Cavabdeh Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Hüquq və daxili nəzarət şöbəsinin Hüquqi ekspertiza sektorunda baş məsləhətçi vəzifəsində çalışır. Cavabdeh ştat cədvəli üzrə aylıq əmək haqqı vergilər və tutulmalar çıxıldıqdan sonra 730,58 (yeddi yüz otuz manat əlli səkkiz qəpik) manat təşkil edir. Qeyd etmək istəyir ki, cavabdehin başqa gəlirləri də vardır ki, yuxarıda göstərilən məbləğdən daha çoxdur. Hesab edir ki, hazırda alimentin tutulması hissəsində qətnamə dəyişdirilməli və cavabdehdən hər ay qazancı və başqa gəlirlərinin üçdə bir hissəsində aliment tutulmalıdır. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddianı qəbul etmədi və məhkəmədən iddianın əsassız olduğunu qeyd edərək, rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə cavabdehin izahatına uyğun izahat verdi və Azərbaycan Respublikası Ailə Məcəlləsinin müvafiq maddəsinə əsasən cavabdehin ailə və ya maddi vəziyyətində hər hansı bir dəyişikliyin baş vermədiyini qeyd edərək, məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə, iddiaçının, cavabdehin və cavabdehin nümayəndəsi və vəkilinin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 12.12.2019-cu il tarixli, 2(006)-5286/2019 saylı qətnaməsi ilə iddianın təmin edilməsi, X5 ilə Cavabdeh arasında Bakı nikah evi (Səadət Sarayı) tərəfindən 10.11.2012-ci il tarixdə nikahın bağlanması haqqında akt qeydləri kitabında 2973 nömrə ilə qeydə alınmış nikahın pozulması, tərəflərin birgə nikahlarından anadan olmuş 01.08.2013-cü il təvəllüdlü X1 və 05.07.2017-ci il təvəllüdlü X6 anaları X2 yanında qalmaları, Cavabdeh 08.08.2019-cu il tarixdən başlayaraq, 01.08.2013-cü il təvəllüdlü X1 və 05.07.2017-ci il təvəllüdlü X6 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 160 manat olmaqla, cəmi 320 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçı X3 ödənilməsi qət edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Tərəflərin əvvəllər rəsmi nikahda olmaları, 2 övladlarının olması, uşaqların iddiaçının yanında qalması və onların yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün cavabdehdən iddiaçının xeyrinə alimentin tutulmasına dair hallar aşkar olmaqla, həmin faktların yenidən mübahisələndirilməsinə və sübut edilməsinə yol verilmir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin 20.11.2021-ci il tarixli, XO-01-11-2021-07646 saylı məktubundan görünür ki, Cavabdeh Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Hüquq və daxili nəzarət şöbəsinin Hüquqi ekspertiza sektorunda baş məsləhətçi vəzifəsində çalışır və ştat cədvəli üzrə aylıq əmək haqqı vergilər və tutulmalar çıxıldıqdan sonra 730,58 manat təşkil edir. “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışdan görünür ki, Cavabdeh Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsində baş məsləhətçi vəzifəsində çalışır və aldığı aylıq əmək haqqı 895 manat təşkil edir. “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışdan görünür ki, İddiaçı Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində baş məsləhətçi vəzifəsində çalışır və aldığı aylıq əmək haqqı 555 manat təşkil edir. Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Ailə Məcəlləsinin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 78.1-ci və 78.2-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Ailə Məcəlləsinin 76.1 və 76.1.2-ci maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda 2 uşağa görə məhkəmə tərəfindən onların valideynlərindən hər ay qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin 1/3 hissəsi miqdarında aliment tutulur. Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli 8-2/2016 saylı Qərarında göstərilmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Yuxarıda qeyd edilən Plenum Qərarının 8.14-cü bəndində qeyd olunmuşdur ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, nə qədər ki, cavabdeh “Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Hüquq və daxili nəzarət şöbəsinin Hüquqi ekspertiza sektorunda baş məsləhətçi vəzifəsində çalışır, ondan sabit pul məbləğində aliment tutulması yolverilməzdir. Belə ki, Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən sabit pul məbləği o zaman tutulur ki, aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən yaxud qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alır. İş materiallarından göründüyü kimi bu halların heç biri mövcud olmadığından, aliment Ailə Məcəlləsinin 76.1.2-ci maddəsində qeyd edilən qaydada tutulmalıdır. Məhkəmə qeyd edir ki, tərəflər arasında nikah pozulan zaman məhkəmənin 12.12.2019-cu il tarixli, 2(006)-5286/2019 saylı qətnaməsi ilə cavabdehdən birgə nikahdan anadan olmuş uşaqların saxlanılması ilə əlaqədar sabit pul məbləğində aliment tutulsa da, cavabdeh hazırda rəsmi şəkildə əmək fəaliyyəti ilə məşğuldur və əmək haqqı alır, maddi vəziyyətində müsbət dəyişiklik baş vermişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, 01.08.2013-cü il təvəllüdlü X1 və 05.07.2017-ci il təvəllüdlü X6 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 12.12.2019-cu il tarixli, 2(006)-5286/2019 saylı qətnaməsi ilə tutulan alimentin miqdarı dəyişdirilərək, Cavabdeh İddiaçı xeyrinə qətnamə qanuni qüvvəyə mindikdən sonra hər ay qazancın (başqa gəlirlərin) 1/3 hissəsi miqdarında aliment tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 01.08.2013-cü il təvəllüdlü X1 və 05.07.2017-ci il təvəllüdlü X6 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 12.12.2019-cu il tarixli, 2(006)-5286/2019 saylı qətnaməsi ilə tutulan alimentin miqdarı dəyişdirilərək, Cavabdeh İddiaçı xeyrinə qətnamə qanuni qüvvəyə mindikdən sonra hər ay qazancın (başqa gəlirlərin) 1/3 hissəsi miqdarında aliment tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar