Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-2047/2022 17.05.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi, məhkəmə iclasının katibi Namazova Çinarə İmaməddin qızının katibliyi, iddiaçının vəkili və nümayəndəsi Vəkil, cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdehlər LPO "xxxx" ASC, Əmanətlərin Sığortalanması Fondu və "xxxx" MMC-yə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı cavabdehlər LPO "xxxx" ASC, Əmanətlərin Sığortalanması Fondu və "xxxx" MMC-yə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ilə Cavabdeh2 ASC arasında bağlanmış 03.08.2004-cü il tarixli kredit müqaviləsindən yaranan tələblər üzrə müddətin keçmiş hesab edilməsi, həmin müqavilədən yaranan öhdəliklərə xitam verilməsi, müqavilənin ləğv edilməsi və İddiaçı həmin müqavilə üzrə borcunun olmaması barədə LPO Cavabdeh2 ASC-nin əməliyyat sistemində qeydin aparılması və bu barədə Cavabdeh1 MMC-yə məlumat göndərilməsinin LPO Cavabdeh2 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh1 MMC-yə müraciət edən zaman ona məlum olmuşdur ki, 03 avqust 2004-cü il tarixdə illik 30 faiz olmaqla 18 ay müddətinə ödəmək şərti ilə Cavabdeh2 ASC ilə aralarında 19000 ABŞ dolları məbləğində kredit müqaviləsi imzalanması göstərilmişdir. O, borclu olaraq bank qarşısında olan öhdəliklərini hələ 2006-cı ildə tam yerinə yetirərək, banka olan borcunu tam bağlamışdır. Ancaq hazırki kreditin həmin kredit müqaviləsi olması ona məlum deyildir. Lakin buna baxmayaraq, 2021-ci ildə birinə kredit sifarişi ilə bağlı müraciət etdiyində ona məlum olmuşdur ki, guya yuxarıda qeyd etdiyi kredit müqaviləsi üzrə onun əsas borcu üzrə sıfır manat, faiz borcu üzrə isə 4301,70 ABŞ dolları gecikməklə borcu qalıb. Bundan sonra o, “ASAN xidmət” mərkəzinə müraciət edərək, Cavabdeh1 MMC-dən bank tarixçəsi haqqında çıxarış almışdır. Məlum olmuşdur ki, guya ki, onun borclu qalması bu sənəddə öz əksini tapıb. Bu barədə, yəni borcunun olmaması barədə əməliyyat sistemində müvafiq düzəlişin edilməsini bankın ləğvedicisi olan Əmanətlərin Sığortalanması Fondundan xahiş və tələb etmişdir. Lakin dəfələrlə müraciət etməsinə baxmayaraq, heç bir müsbət nəticə hasil olmamışdır. Bu baxımdan hazırkı iddia ilə məhkəməyə müraciət etməkdən başqa yol tapa bilməmişdir. Məhz bu qanunsuzluğa görə, borclu olmadığı halda kredit bürosundan çıxarışda aktiv öhdəliyinin olduğu qeyd olunur ki, bu hal onun hüquqlarının məhdudlaşdırılmasına gətirib çıxarıb. Çünki kredit üçün müraciət etdiyi banklar da məhz bu əsasa görə ona kredit verməkdən imtina edirlər. Hesab edir ki, cavabdehlər tutduqları mövqedən istifadə edərək, onun hüquqlarının məhdudlaşdırılması yolverilməzdir. Eyni zamanda bildirir ki, kredit müqaviləsinin bitdiyi gündən 10 ildən artıq zaman keçsə də, bank tərəfindən ona qarşı tələb irəli sürülməmişdir. Digər tərəfdən, sıfır manat əsas borca faizin necə hesablandığı anlaşılmaz və absurddur. Daha sonra iddiaçının vəkili və nümayəndəsi Vəkil iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək İddiaçı 03.08.2004-cü il tarixli kredit müqaviləsi üzrə borcun olmaması barədə məlumatın "xxxx" MMC-yə verilməsi vəzifəsinin LPO "xxxx" ASC-nin üzərinə qoyulmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi Vəkil yuxarıda qeyd olunan məzmunda izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh LPO "xxxx" ASC-nin nümayəndəsi X2 iddianın rədd edilməsini xahiş etmişdir. Digər cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmişlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 185.5-ci maddəsinə əsasən, işə cavabdehlərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: İddia LPO "xxxx" ASC-yə münasibətdə təmin edilməli, Əmanətlərin Sığortalanması Fonduna və "xxxx" MMC-yə münasibətdə isə rədd edilməlidir. Cavabdeh1 MMC-dən 01.02.2021-ci il tarixli Çıxarışdakı “Borcalan aktiv öhdəlikləri” qrafasından görünür ki, İddiaçı 02.08.2004-cü il tarixli kredit müqaviləsi üzrə LPO "xxxx" ASC-yə kreditin faiz məbləği üzrə 4.301,70 ABŞ dolları məbləğində borcu vardır. LPO "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən İddiaçı ünvanlanmış 30.09.2021-ci il tarixli məktubdan görünür ki, LPO "xxxx" ASC ilə bağlanılmış 03.08.2004-cü il tarixli, 593/A saylı kredit müqaviləsinə əsasən borcalana 18 ay müddətinə, illik 30% olmaq şərti ilə 19.000 (on doqquz min) ABŞ dolları məbləğində kredit verilmişdir. LPO "xxxx" ASC-nin arxivində 03.08.2004-cü il tarixli, 593/A saylı kreditə aid sənədlər aşkar olunmamış, kredit və kredit faizi üzrə hesabdan çıxarışları 2006-cı ildən etibarən əldə etmək mümkündür. Bank əməliyyat sistemində olan məlumatlara əsasən 24.09.2021-ci il tarixə İddiaçı bank qarşısında 4301,70 (dörd min üç yüz bir dollar yetmiş sent) ABŞ dolları məbləğində borc öhdəliyi mövcuddur. Beləliklə, iş materiallarında olan Cavabdeh1 MMC tərəfindən iddiaçının adına tərtib edilmiş 01.02.2021-ci il tarixli çıxarışa əsasən onun 02.08.2004-cü il tarixdə "xxxx" ASCdən götürdüyü kredit borcunu bu günə kimi qaytarmaması, müqavilə üzrə kreditin faiz məbləğinin 4.301,70 ABŞ dolları məbləğində olması müəyyən edilmişdir. Hazırda iddiaçı qeyd olunan tarixdə kredit verilməsi ilə bağlı nəinki "xxxx" ASC-yə, ümumiyyətlə heç bir banka müraciət etmədiyini və kredit götürmədiyini bildirərək, onun Cavabdeh1 MMC-nin kredit bürosundan çıxarışda qeyd olunmuş 4.301,70 ABŞ dolları borcunun olmamasının müəyyən olunması və borclu olmamağı barədə qeydin aparılmasının LPO "xxxx" ASC-nin öhdəsinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş edir. Hazırki iddia tələbi ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Bu maddənin məzmunundan göründüyü kimi borc müqaviləsi real müqavilədir, əşya bir şəxsdən digərinə verildiyi halda bağlanmış hesab olunur, tərəflərin hüquq və vəzifələri əşyaların verilməsi anına qədər yarana bilməz. Yəni real müqavilənin əsasını real hərəkət - əşyanın verilməsi, təşkil edir. İş materiallarından isə göründüyü kimi cavabdeh tərəfindən 02.08.2004-cü il (03.08.2004-cü il) tarixdə "xxxx" ASC ilə iddiaçı arasında kredit müqaviləsinin bağlandığını, həmin kredit müqaviləsi üzrə pulun verildiyini təsdiq edən hər hansı sübut (kreditin götürülməsi ilə bağlı müraciət, kredit müqaviləsi, kassa məxaric orderi və sair) məhkəmənin təklif etməsinə baxmayaraq təqdim edilməmişir. Beləliklə 02.08.2004-cü il (03.08.2004-cü il) tarixli kredit müqaviləsinin mövcud olmasını təsdiq edən hər hansı sübut cavabdeh tərəfindən təqdim edilmədiyindən məhkəmə tərəflər arasında müqavilədən irəli gələn öhdəlik hüquq münasibətlərinin yaranmadığı və bununla da iddiaçının mübahisəli müqavilə üzrə cavabdeh qarşısında öhdəliklərin olmasını təsdiq edən "xxxx" MMC-dəki borcun olması barədə qeydin əsassız olduğu nəticəsinə gəlməklə hesab edir ki, həmin məlumat silinməlidir. Belə ki, LPO "xxxx" ASC "xxxx" MMC-yə iddiaçının borcunun olmaması barədə məlumatı verməməklə onun hüquqlarını pozmuşdur. Cavabdeh1na (Büro) məlumatların təqdim edilməsi və Bürodan məlumatların əldə edilməsi” Qaydalarının 2.1, 4.1 və 4.2-ci bəndlərinə əsasən Büroya borc haqqında məlumatları məlumat təchizatçıları təqdim edirlər. Məlumat təchizatçıları Büroya təqdim edilən məlumatların dəqiqliyini təmin etməlidir. Büroda olan məlumatlara hər hansı düzəliş yalnız məlumat təchizatçılarının təqdim etdikləri məlumat və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarına əsasən aparılır. “İnformasiya əldə etmək haqqında” Qanunun 2.4-cü maddəsinə əsasən fiziki şəxslərin özləri barəsindəki sənədləşdirilmiş informasiya ilə maneəsiz tanış olmaq, onu əldə etmək, bu informasiyada dəqiqləşdirmələr aparılmasını tələb etmək, informasiyadan kimlərin və hansı məqsədlə istifadə etdiyini öyrənmək hüququ vardır. Həmin Qanunun 10.4.8-ci maddəsinin tələblərinə görə informasiya sahibi həqiqətə uyğun olmayan, natamam və ya qeyri-dəqiq informasiya verməməli, şübhə yarandığı hallarda informasiyanın düzgünlüyünü və mötəbərliyini yoxlamalıdır. Beləliklə qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, LPO "xxxx" ASC kredit məlumatlarının təchizatçısı kimi İddiaçı 02.08.2004-cü il (03.08.2004-cü il) tarixli kredit müqaviləsinə əsasən yaranmış borcunun silinməsini təmin etməli və bu barədə məlumatı "xxxx" MMC-yə verməlidir. Qeyd edilməlidir ki, mülki prosessual qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunu özünün «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın 28.12.2004-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır». Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Həmin Məcəllənin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Məhkəmə iddiaçının cavabdehlər Əmanətlərin Sığortalanması Fonduna və Cavabdeh1 MMC-yə qarşı olan iddia tələbləri ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Cavabdeh1na (Büro) məlumatların təqdim edilməsi və Bürodan məlumatların əldə edilməsi” Qaydalarının 2.1, 4.1 və 4.2-ci bəndlərinə əsasən Büroya borc haqqında məlumatları məlumat təchizatçıları təqdim edirlər. Məlumat təchizatçıları Büroya təqdim edilən məlumatların dəqiqliyini təmin etməlidir. Büroda olan məlumatlara hər hansı düzəliş yalnız məlumat təchizatçılarının təqdim etdikləri məlumat və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarına əsasən aparılır. Göründüyü kimi, Büroya borc haqqında məlumatları təqdim etmək vəzifəsi məlumat təchizatçılarına aid edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, qeyd edilən funksiya və vəzifələr məlumat daşıyıcısı olanlara aid edildiyindən, bu işdə məlumat daşıyıcısı isə LPO "xxxx" ASC olduğundan, Əmanətlərin Sığortalanması Fondunun və Cavabdeh1 MMC-nin isə hazırki iddia üzrə cavabdehlik daşıdığı müəyyən edilmədiyindən, irəli sürülən iddia bu cavabdehlərə qarşı təmin edilə bilməz. Məhkəmə Əmanətlərin Sığortalanması Fonduna münasibətdə həmçinin xatırladır ki, məhkəmə araşdırmasının predmeti olan iddia ərizəsi ləğv prosesində olan bankın bilavasitə bank fəaliyyəti ilə bağlıdır və hazırda Bankın ləğv prosesində olması onun kreditor tələbi olmayan bu cür iddia tələbləri üzrə birbaşa məsuliyyət daşıması istisna edilmir. Belə ki, Mülki Məcəllənin 60.2 və 60.3-cü maddələrinə uyğun olaraq, ləğvetmə prosesi ərzində hüquqi şəxsin hüquq qabiliyyəti tam həcmdə saxlanılır. Hüquqi şəxsin ləğv edilməsi haqqında qərar qəbul etmiş hüquqi şəxsin iştirakçıları və ya nizamnamə ilə buna vəkil edilmiş orqanı ləğv barədə qərar qəbul edildiyi tarixdən etibarən yalnız ləğvetmə prosesi çərçivəsində fəaliyyət göstərir. Ləğv edilən hüquqi şəxsin adından məhkəmədə ləğvetmə komissiyası (təsviyəçi, ləğvedici) çıxış edir. Belə olan halda məhkəmə hesab edir ki, hazırki iddia cavabdehlər Əmanətlərin Sığortalanması Fonduna və Cavabdeh1 MMC-yə münasibətdə, əsl olmayan cavabdehə qarşı qaldırıldığından, rədd edilməlidir. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia LPO "xxxx" ASC-yə münasibətdə təmin edilsin. İddiaçı LPO "xxxx" ASC-yə 03.08.2004-cü il (02.08.2004-cü il) tarixli kredit müqaviləsi üzrə borcunun olmaması barədə məlumatın "xxxx" MMC-yə verilməsi vəzifəsi LPO "xxxx" ASC-yə həvalə edilsin. İddia Əmanətlərin Sığortalanması Fonduna və "xxxx" MMC-yə münasibətdə rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cəmilə Musayeva
Məhkəmə qərarları › İş №e-2(006)-2047/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-2047/2022
17.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver