Məhkəmə qərarları › İş №e-2(006)-2051/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-2051/2024

16.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-2051/2024 16.07.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Əfsanə Elbrus qızının sədrliyi, məhkəmə iclasının katibi Qiyasova Səbinə Ağacan qızının katibliyi ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmı̇ yyətinin Cavabdeh qarşı "kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmı̇ yyəti Cavabdeh qarşı "kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 4,924.37 manat məbləğində əsas bоrc və 611.58 manat faiz borcu оlmaqla, cəmi 5,535.95 (beş min beş yüz otuz beş manat doxsan beş qəpik) manat borcun və 75.36 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə borcalan Cavabdeh arasında bağlanmış 01 fevral 2023 il tariхli, 103797-PC********** nömrəli krеdit xətti müqaviləsinə əsasən borcluya 36 ay müddətinə, illik 24% dərəcəsi ilə kredit xətti ayrılmışdır. Həmin müqavilənin 2.10-cu bəndinə əsasən, kredit xətti aylıq faiz ödənişi 30 gündən artıq gecikdirilərsə kredit xəttinin limiti sıfırlanır, limit sıfırlandığı tarixdən etibarən 10 təqvim günü ərzində qalıq borc məbləği (əsas borc, faizlər və cərimə) kapitallaşdırılaraq avtomatik olaraq bank daxili qaydalar ilə tənzimlənən məhsulunun şərtilə uyğun olaraq növbəti 12 və ya 24 aylıq annuitet (aylıq bərabər) ödənişi forması ilə olan kreditə çevrilir və bu Müqavilənin 1.1-ci bəndində nəzərdə tutulmuş illik faiz dərəcəsi ilə borcalan tərəfindən banka qaytarılır. Odur ki, sonradan bu müqavilənin 2.10-cu bəndində göstərilmiş amil yarandığına görə 16 noyabr 2022 il tarixli kredit xətti müqaviləsi 24 iyul 2023cü il tarixdə avtomatik olaraq kredit müqaviləsinə çevrilmişdir. Müqaviləyə əsasən borcalanın borclu olduğu 5,274.6 manat məbləğində borcu 24 ay müddətinə 24 % dərəcəsi ilə annuitet (aylıq bərabər) qrafikə bölünmüşdür. Borcalan əsas öhdəliyi lazımınca icra etməmiş və krеditin təsdiq оlunmuş hissə-hissə ödəmə qrafikini pоzmuşdur. Cavabdehə dəfələrlə şifahi və yazılı хəbərdarlıq olunsa da, o Banka olan borcunu ödəməmişdir. 28 fevral 2024-cü il tarixinə cavabdehin kredit müqaviləsi üzrə 4,924.37 manat məbləğində əsas bоrc və 611.58 manat faiz borcu оlmaqla, cəmi 5,535.95 (Beş min beş yüz otuz beş manat doxsan beş qəpik) manat məbləğində kredit bоrcu yaranmışdır. İstehlak krеditi müqaviləsinin şərtlərinə əsasən Borcalan müqavilə ilə müəyyən olunmuş şərtlərlə və qaydada kreditin qaytarılmasını, kredit və dəbbə pulu üzrə hesablanmış faizlərin, habelə Bankın xidmət tarifləri və şərtlərindən irəli gələn xidmət haqlarının Banka ödənilməsini öhdəsinə götürür. Eyni zamanda həmin müqaviləyə əsasən ödəniş cədvəlində müəyyən edilən hissə-hissə ödəniş (icra) müddətlərində, habelə kredit müddətində öhdəliklər vaxtında tamamən icra edilmədikdə gecikdirilmiş kredit yaranır. Belə ki, Borcalan krediti vaxtında ödəməmiş və nəticədə gecikdirilmiş kredit yaranmışdır. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmı̇ yyətinin nümayəndəsi Nümayəndə məhkəməyə ərizə təqdim edərək, "xxxx" ASC-nin nümayəndəsinin iştirakı olmadan baxaraq iddia tələbinin tam təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan 01 fevral 2023 il tariхli, 103797-PC********** nömrəli krеdit xətti müqaviləsindən görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh 36 ay müddətinə illik 24.00 % ödənilməsi şərti ilə 5.000 manat məbləğində kredit verilmişdir. Mülki işin materiallarında olan 28 fevral 2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh İddiaçı ASC-yə 01 fevral 2023 il tariхli, 103797-PC********** nömrəli krеdit xətti müqaviləsinə əsasən 28 fevral 2024-cü il il tarixə 4924.37 manat əsas, 611.58 manat faiz olmaqla, cəmi 5535.95 manat borcunun olması qeyd edilmişdir. Mülki işin materiallarında olan İddiaçı ASC-nin Cavabdeh ünvanladığı bildirişdən görünür ki, Cavabdeh Bank qarşısında olan gecikdirilmiş öhdəliyinin dərhal yerinə yetirilməsi tələb olunmuşdur. Pretenziya məktubuna görə Cavabdeh 01 fevral 2023 il tariхli, 103797-PC********** nömrəli krеdit xətti müqaviləsinə əsasən 5274.6 manat əsas, 201.34 manat faiz, cəmi 5475.94 manat borcu vardır. Mülki işin materiallarında olan ödəniş qəbzindən (No:**********) görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 75.36 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Eyni Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Qeyd olunan Məcəllənin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Eyni Məcəllənin 449.1-ci maddəsinin tələbinə görə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda, məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Məhkəmə qeyd edir ki, Cavabdeh kredit müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyindən, bank kredit müqaviləsi üzrə yaranmış borcun tutulması ilə əlaqədar məhkəmədə iddia qaldırmaqda haqlı olmuşdur. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, bank cavabdehdən 01 fevral 2023 il tariхli, 103797-PC********** nömrəli krеdit xətti müqaviləsi üzrə əsas borc üzrə 4924.37 manat tutulmasını xahiş etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü il tarixli qərarındakı hüquqi mövqe (ikitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Mülki Məcəllənin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır). Bu baxımdan məhkəmə hesab edir ki, hazırki mülki iş üzrə 01 fevral 2023 il tariхli, 103797-PC********** nömrəli krеdit xətti müqaviləsinə əsasən borc məbləği cavabdehə ünvanlanmış xx.xx.2023-cü il tarixli pretenziya məktubundan hesablanmalıdır. Bundan əlavə, Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq dövlət rüsumu kimi ödənilmiş 75.36 manatın 69.8 manatı iddiaçı "xxxx" Açıq Səhmdar Cəmı̇ yyətinin xeyrinə tutulmalıdır. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh iddiaçının xeyrinə 4924.37 manat əsas, 201.34 manat faiz, ümumilikdə 5125.71 manat (beş min yüz iyirmi beş bir manat, yetmiş bir qəpik) borc və 69.8 manat ödənilmiş dövlət rüsumu tutulmalı, iddia qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh iddiaçı "xxxx" Açıq Səhmdar Cəmı̇ yyətinin xeyrinə 4924.37 manat əsas, 201.34 manat faiz, ümumilikdə 5125.71 manat (beş min yüz iyirmi beş bir manat, yetmiş bir qəpik) borc və 69.8 manat dövlət rüsumu tutulsun. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar