Məhkəmə qərarları › İş №e-2(006)-2089/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-2089/2023

08.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-2089/2023 08.06.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Cəfərov Səməd Fəxrəddin oğlunun sədrliyi, məhkəmə iclasının katibi Mikayılova Dilbər Ağaverdi qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı "pul" tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı "pul" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 1586 (bir min beş yüz səksən altı) manat əsas və bu borca hesablanmış 713,7 (yeddi yüz on üç manat yetmiş qəpik) manat məbləğində dəbbə borcu olmaqla, ümumilikdə 2299,7 (iki min iki yüz doxsan doqquz manat yetmiş qəpik) manat məbləğində borcun və məhkəməyə müraciət edilməsi üçün ödənilmiş 43 (qırx üç) manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçıya ödənilməsi barədə qətnamə qət edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 882-ci maddəsinə uyğun olaraq İddiaçı MMC (bundan sonra - İddiaçı) ilə Cavabdeh (bundan sonra – Cavabdeh) arasında 07 sentyabr 2021-ci il tarixdə “Borcun etirafı və ödəniş qaydası haqqında” müqavilə (bundan sonra – müqavilə) bağlanmışdır. Müqaviləyə əsasən Cavabdeh 1636 (bir min altı yüz otuz altı) manat məbləğində borcunun olduğunu etiraf etmiş və həmin məbləği ayda 204.50 (iki yüz dör manat əlli qəpik) manat olmaqla, hissə-hissə İddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh yuxarıda qeyd olunan borc öhdəliyini qismən icra etmişdir. Cavabdeh öhdəliyini tam olaraq icra etmədiyindən müqavilənin 2.4-cü maddəsinin tələbi əsasında 713,7 (yeddi yüz on üç manat yetmiş qəpik) manat məbləğində dəbbə pulu öhdəliyi yaranmışdır. İddia ərizəsinə əlavə edilmiş qalıq borca dair arayışdan müəyyən olunur ki, 04 aprel 2023-cü il tarixinə cavabdehin iddiaçıya 1586 (bir min beş yüz səksən altı) manat əsas borc və bu borca hesablanmış 713,7 (yeddi yüz on üç manat yetmiş qəpik) manat məbləğində dəbbə borcu olmaqla, ümumilikdə 2299,7 (iki min iki yüz doxsan doqquz manat yetmiş qəpik) manat ödənilməmiş borc öhdəliyi vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin385.1.-ci maddəsində göstərilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə2 iddia ərizəsinin təmin edilməsini xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, 07 sentyabr 2021-ci il tarixlə “Borcun etirafı və ödəniş qaydası haqqında” müqaviləyə əsasən Cavabdeh 1636 (bir min altı yüz otuz altı) manat məbləğində borcunun olduğunu etiraf etmiş və həmin məbləği ayda 204.50 (iki yüz dör manat əlli qəpik) manat olmaqla, hissə-hissə İddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh yuxarıda qeyd olunan borc öhdəliyini qismən icra etmişdir. İş materiallarında olan Cavabdeh ilə İddiaçı MMC arasında aparılmış əməliyyatlar üzrə qalıq borca dair Arayışdan görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli “Borcun etirafı və ödəniş qaydası haqqında” müqaviləyə əsasən Cavabdeh İddiaçı MMC-ə 1636 manat məbləğində borc öhdəliyi yaranmışdır. Müqavilə üzrə borcdan keçən dövr üzrə 50 manat ödəniş həyata keçirilmişdir. xx.xx.2023-cü il tarixinə borclu Cavabdeh İddiaçı MMC-yə 1586 manat əsas borc olmaqla, müqavilənin 2.4-cü maddəsinin şərtlərinə əsasən hesablanmış 713,7 manat dəbbə pulu ilə birlikdə ümumilikdə 2299,7 manat məbləğində ödənilməmiş borcu qalmışdır. İş materiallarında olan cavabdehə ünvanlanmış pretenziya məktubundan görünür ki, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər nizama salınması qaydasına riayət etmişdir. Ödəniş qəbzindən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırılması üçün 43 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 328.1-ci maddəsinin tələbinə görə, əgər tərəflər hüquq və vəzifələrin əmələ gəlməsini baş verib-verməyəcəyi məlum olmayan hallardan asılı etmişlərsə, əqd şərtlə bağlanmış sayılır. Həmin Məcəllənin 600.1-ci maddəsinin tələbinə görə, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinin tələbinə görə, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra emədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, 1586 məbləğində əsas borc, 64 manat dəbbə pulu olmaqla cəmi 1650 manat pul və 43 manat dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı MMC-yə ödənilməlidir. İddia qalan hissədə rədd edilməlidir. Belə ki, iddiaçı dəbbə pulunun tutulmasına dair tələb irəli sürərkən, dəbbə pulunun məbləği tənasübsüz surətdə yüksək hesablanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə hesab edir ki, 64 manat məbləğində dəbbə pulunun tutulması ədalətli olmaqla yanaşı, kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri qorunmuş olur. Digər tərəfdən, əsas borcun tutulması ilə yanaşı, qeyd olunan məbləğdə dəbbə pulunun tutulması iddiaçıya dəymiş real zərəri kompensasiya edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 1586 məbləğində əsas borc, 64 manat dəbbə pulu olmaqla cəmi 1650 manat pul və 43 manat dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı MMC-yə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Səməd Cəfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar